525.Az

“Şeirimizin bayraqdarı” adlı vəsait təqdim edildi


 

“Şeirimizin bayraqdarı” adlı vəsait təqdim edildi<b style="color:red"></b>

Vəsait  Səməd Vurğunun 115 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub. Səməd Vurğun xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın bizə yaxın olan ən böyük körpüsüdür. Şairin irsi çox zəngin və rəngarəngdir. Səməd Vurğun görkəmli şair, istedadlı dramaturq, alovlu publisist, tənqidçi və nəzəriyyəçi, tərcüməçi, sülh uğrunda mübariz, mətin, dövlət xadimi kimi tanınmışdır.

525.az-a verilən məlumata görə, vəsaitdə şairin üç yüzdən yuxarı ictimai-siyasi məzmunlu şeir, iyirmi altı poema, beş mənzum dram, iki yüzə yaxın məqalə, oçerkləri haqqında ətraflı məlumat verilib. Şairin  yaradıcılığında vətən və xalq əsas aparıcı motivdir.

 

Vəsaitin I hissəsində şairin zəhmət adamlarının əməyini, hünərini ustalıqla qiymətləndirdiyi “Buxtada”, “Bir səhər” , “Muğan” poeması , “Muğanın yeni dövranı” , “Mingəçevir işıqları” və başqa əsərləri haqqında ətraflı məlumat təqdim edilir.

Həmçinin, şairin tərcümələrindən dahi Nizaminin “Leyli və Məcnun” dastanı, rus şairi A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanı, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, M.Qorkinin “Qız və ölüm” poemasının təhlili də yer almışdır. Vəsaitin II hissəsində şairin “Vaqif”, “Aygün”, “Bəsti”, “Aybəniz”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” kimi qiymətli dram əsərlərinin  müzakirəsi verilmişdir.  Vəsaitin III hissəsində şairin uşaqlar üçün qələmə aldığı “Sənət”, “Bahar şərqisi”, “İki körpə”, “Sünbül”, “Tarla nəğməsi”, “Uşaq bağçası”, “Deyin, gülün, övladlarım”, “Ayın əfsanəsi”, “Vətəninə məftun olacaqdır” şeirləri əsasında hazırlanacaq ədəbi-bədii gecənin ssenarisi istifadəçilərə təqdim edilir. Vəsaitin sonunda mövzuya uyğun ədəbiyyat siyahısı təqdim edilir.

 

 





18.02.2021    çap et  çap et