525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

 

Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazaxda dünyaya gəlib. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakıya, Bakıxanov qəsəbəsinə köçüb. Təhsilə 271 №li məktəbdə başlayan Murad 8 il bu məktəbdə əla qiymətlərlə oxuduqdan sonra, 2011-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edib və burada yüksək nəticə göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi Liseyinə seçilib.

M.Nağıyev Kulelidə də özünü doğruldub, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona "matematik dehası" (riyaziyyat dahisi) adı verilib. O, burada mülki dərslərlə yanaşı, həm də hərb elminin sirlərini öyrənib, uşaq yaşlarından silahlarla tanış olub, müxtəlif yerlərdə yay toplanışlarında və təlimlərdə iştirak edib. Daha sonra 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olub. 1-ci kursu burada başa vursa da, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra (bütün hərbi məktəblər bağlandığı üçün) o, digər azərbaycanlı kurs yoldaşları ilə birlikdə vətənə geri qayıdıb və H.Əliyev adına Ali Hərbi Məktəbdə (AAHM) təhsilinə davam edib. 2020-ci ildə buradan məzun olub və bununla da, o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnib.

M.Nağıyev 2020-ci ildə Bakı yaxınlığında yerləşən N saylı hərbi hissəyə təyinat alıb və leytenant rütbəsilə tank taborunda tağım komandiri, tank komandiri kimi xidmətə edib.

27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanıb, Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak edib. Komandirləri və rütbəcə yüksək yoldaşları gənc zabiti döyüşə girməməyə razı salmağa çalışsalar da, o, "Mən zabitəm, öz tankımda özüm gedəcəyəm!" - deyərək, döyüşə ön sıralarda atılıb. Murad tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərib, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv edib, düşmən texnikasını qənimət götürüb.

O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Silahdaşlarının dediyinə görə, M.Nağıyev həmin gün də israr etmişdi ki, bu gün kolonda bizim tank birinci gedəcək.

Onun şəhid olduğu yer 8 gündən sonra tam nəzarətə götürülə bilib və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilib. Oktyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub. Şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

O, uşaq yaşlarından incəsənətə maraq göstərib, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənib, həmçinin, həm türkcə, həm də Azərbaycan dilində şeirlər yazıb.

***

 

Quliyev Əvdil Qardaşxan oğlu 1972-ci ilin 31 iyulunda Beyləqanın Təzəkənd kəndində doğulub. O, 1980-ci ildə Təzəkənd orta məktəbinin 1-ci sinfinə başlayıb, məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakültəsinə qəbul olub. O, institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə Beyləqan hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi həqiqi hərbi xidmətə başlayıb. Ordumuzun yeni-yeni formalaşdığı dönəmlərdə xidmətinin müəyyən dövrünü düşmənlə üzbəüz postda keçirən leytenant Quliyev 2000-ci ildə baş leytenant rütbəsi ilə xidmətini başa vurub. Kəndlərinə qayıtdıqdan sonra müəyyən müddət burda təssərrüfatla məşğul olur, iki dəfə Dövlət Sərhəd Xidmətinə işlə bağlı müraciət etsə də, işi alınmır. Təxminən 2 ilə yaxın Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edib.

2020-ci ilin iyul hadisələrindən sonra könüllü müraciəti cavabsız qalsa da, oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən çağırılıb Ağcabədidə yerləşən "N" saylı hərbi hissəyə aparılır, oradan könüllü cəbhəyə yollanır. Döyüşdə olduğu zaman hərdənbir ailəsi ilə əlaqə saxlayıb irəliyə getdiklərini, hər şeyin yaxşı olacağını deyirmiş. Danışıqlarından birində isə "Mən burdayam, narahat olmayın, uşaqlardan muğayat olun, qələbə bizimlədir" - demişdi. Əvdil müəllimin döyüş yoldaşlarının sözlərinə görə, Qubadlıda düşmənin mühasirəsinə düşüblər, həmin vaxtı "əmi" deyə müraciət etdikləri Əvdilin köməkliyi ilə mühasirədən itkisiz çıxıblar.

Ümumilikdə isə o, oktyabrın 2-dən noyabrın 6-na kimi Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı bütün çətinliklərə baxmayaraq, yaralanan əsgərlərini döyüş meydanından çıxarıb və onları sanitar maşınlarına çatdıraraq həyatlarını xilas edib. O, heç zaman imkan verməzdi ki, əsgərlərdən kimsə mənfur düşmənə əsir düşsün.

Əsgərlərinin əmisi baş leytenant Ə.Quliyev noyabrın 6-da Şuşakənd istiqamətində növbəti döyüş əməliyyatını həyata keçirərkən şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə qəhrəmancasına şəhadətə yüksəlib.

Şəhidimizin atası Quliyev Qardaşxan, oğlunun şəhadətindən 20 gün sonra, dekabrın 2-də ömrünün son dəqiqələrində Əvdilin şəkilini sinəsinə sıxaraq dünyasını dəyişir.

Baş leytenant Ə.Quliyev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəli olan şəhidimizin Vətənə əmanət 2 qız, 1 oğul övladı qalıb. Böyük qızı Tamara Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin 3-cü kursunda, kiçik qızı Nərmin Gəncə Dövlət Universitetinin Texnologiya fakültəsində, oğlu Ülvi isə orta məktəbin 7-ci sinfində təhsil alır.

***

 

Mehdiyev Samir Vaqif oğlu 8 noyabr 1993-cü ildə Bakının Zirə qəsəbəsində anadan olub. 241 saylı tam orta məktəbi bitirib. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan hərbi paradda xüsusi medalla təltif olunub.

Azərbaycan Ordusunun giziri olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüşlərdə şücaətlə iştirak edib. Xüsusi təyinatlı gizirimiz öz doğulduğu gün - noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Şəhidlik xəbəri ailəsinə noyabrın 10-da verilib. Yaxınları deyir ki, Samir iplə, bıçaqla, əlbəyaxa döyüşməyi yaxşı bacarırdı. Heç kim üzbəüz ona qalib gələ bilməzdi. O, boynundan açılan atəş nəticəsində şəhid edilib.

Samir anasına "mən şəhid olsam, evə gələnləri gülər üzlə qarşılayarsan" - deyirmiş. Anası Mahirə xanım yeganə oğlu Samirin doğum gününə və iki gün sonra qələbə münasibətiylə hazırladığı tortları evə başsağlığına gələnlərə paylayıb, Samirin arzuladığı kimi. Babası Kamal kişi Samirin yoxluğuna dözə bilməyib, dünyasını dəyişib.

***

 

Hacıyev Toğrul Rüfət oğlu 17 fevral 1997-ci ildə Füzulidə doğulub. 2003-cü ildə Zəngilan rayon 18 saylı məktəbdə 1-ci sinifə başlayıb. 2005-ci ildən musiqi təhsili almağa başlayıb və bu təhsilini L.M.Rastropoviçlər adına musiqi məktəbində davam etdirib. 2009-cu ildə Binəqədi rayon Sulutəpə qəsəbəsi 313 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Məktəbin bütün tədbirlərində fəal iştirak edib və musiqi yarışlarında laureat adını qazanıb, həmçinin, bir sıra fəxri fərman və diplomlarla təltif olunub. Toğrul 2013-cü ildə Türkiyədə keçirilən festivala qatılaraq ölkəmizi layiqincə təmsil edib. 2014-cü ildə orta təhsilini bitirib, həmin il Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinin Tar şöbəsinə qəbul olur. 2018-ci ildə ixtisasını magistr pilləsində davam etdirdi. Tələbəlik illərində bir sıra uğurlu solo konsertlərlə çıxış edib və fəxri fərmanlarla təltif olunub. 2020-ci ildə ali təhsilini bitirən Toğrul həmin ilin aprelində hərbi xidmətə yollanıb və Qusarda xidmət edib.

27 sentyabr - Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O, cəsarətlə döyüşdüyündən silah yoldaşları tərəfindən "Canavar" ləqəbiylə tanınırdı. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun atası Hacıyev Rüfət də Birinci Qarabağ müharibəsində iştirak etmiş qazidir.

***

 

Rəhimov Elnur Məmmədkərim oğlu 25 iyul 2000-ci ildə Qəbələnin Mıxlıqovaq kəndində doğulub. Orta təhsilini 2006-2017-ci illərdə F.Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində alıb. 2018-ci ilin 26 iyulunda hərbi xidmətə yollanıb. 2020-ci ilin yanvarında hərbi xidməti başa vurub. Elnur hələ məktəb vaxtlarından vətənini, torpağını sevdiyi üçün hərbçi kimi işləməyə qərar verdiyindən yenidən hərbiyə qayıtmaq üçün müraciət edib. 2020-ci ilin yay aylarında xidmət kursunu müvəffəqiyyətlə başa vurub sentyabrda yenidən hərbi xidmətə qayıdaraq Beyləqanda Müdafiə Nazirliyinin Xüsusi Təyinatlılarında MAXE kəşfiyyatçı əsgər kimi xidmətə başlayıb. Vətən müharibəsində Füzuli, Xocavənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Elnur 1 noyabrda Şuşa istiqamətində şəhid olub. Dekabrın 1-də Mıxlıqovaq kənd məzarlığında dəfn olunub. O, şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Cəlilov Tural Callad oğlu 10 aprel 1996-cı ildə Qəbələnin Yeni Dızaxlı kəndində doğulub. Orta təhsilini A.Rəhimov adına kənd orta məktəbində alıb. 2014-cü ildə hərbi xidmətə yollanıb, xidmətini Tərtərdə yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurub. Vətən sevgisiylə yaşayan Tural 2020-ci il iyul ayında baş verən döyüşlər zamanı Həqiqi hərbi xidmətə çağırış üzrə dövlət komitəsinə yaxınlaşaraq adını könüllü yazdırıb. 21 sentyabrda başlanan təlimlərə qatılıb, 27 sentyabrda başlanan Vətən müharibəsində böyük şücaət göstərib. 2020-ci il oktyabrın 7-si Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və kənd qəbiristanlığında dəfn edilib. Şəhadətindən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

***

 

Səfərçinov Xeyirbəy Cəlil oğlu 5 oktyabr 1993-cü ildə Qəbələnin Yeni Dızaxlı kəndində doğulub. A.Rəhimov adına tam orta məktəbini bitirib. 2011-2013-cüillərdə Daşkəsəndə yerləşən Milli Ordunun "N" saylı hərbi hissəsində manqa komandiri kimi həqiqi hərbi xidmət keçib. 21 sentyabr 2020-ci ildə hərbi təlimlərə çağırılıb. 27 sentyabrda başlayan vətən müharibəsində döyüşlərə Tərtər bölgəsindən qatılıb, Suqovuşanın və Talış kəndlərinin azad olunmasında böyük şücaət göstərib. O, 22 oktyabrda ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub və 24 oktyabrda doğma kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

 

Qəbələ Yeni Dızaxlı kəndinin növbəti şəhidi Əmiraslanov Ümman Namiq oğlu 1996-cı il dekabrın 21-i anadan olub. Orta təhsilini Qəbələnin Yemişanlı kəndində alıb. 2015-ci il həqiqi hərbi xidmətə yollanıb, xidmətini Sumqayıtda yerləşən "N" saylı hərbi hissənin çevik dəstə bölüyündə başa vurub. 2020-ci il iyul döyüşləri zamanı könüllü yazılıb. 21 sentyabrda hərbi təlimlərə qatılıb, 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak edib, yüksək şücaət göstərib. 2020-ci il oktyabrın 2-si Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 3-ü Qəbələ Mıxlıqovaq kənd qəbiristanlığında dəfn edilib.

***

 

Cəfərov Zaur Hüseyn oğlu 1980-ci il martın 4-də ziyalı ailəsində doğulub. 1993-cü il aprelin əvvəlləri Kəlbəcərin işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qaxa, sonra isə Bakıya köçüb. Hələ 13 yaşındaykən Ata yurdu, Ana Vətəni Kəlbəcərin işğalı, köçkünlük həyatının çətinlikləri, 9 qohumunun Birinci Qarabağ müharibəsində şəhid olması, 49 qohumuna ermənilər tərəfindən mühasirəyə alınaraq 113 gün boyu ağır günlər yaşadılması, onlardan 18-nin ermənilərə dirəniş göstərərkən qətlə yetirilməsi, digər 9 nəfərinin qarlı yollarda şəhid olması, 19 nəfərin isə girov götürülməsi elə uşaq vaxtlarından Zaurda düşmənə nifrəti və hərbiyə marağı artırmışdı. Beləliklə, orta təhsilini uğurla başa vuran Zaur Ali Hərbi Məktəbə daxil olur. Hərbi təhsilini 2001-ci ildə leytenant rütbəsi ilə bitirir. 11-22 sentyabr 2000-ci ildə Rumıniya və Türkiyəyə kurs və təlimlərə göndərilib. Xidmətinin böyük bir hissəsi Naxçıvan dağlarında - Əlahiddə Ümumqoşun Ordu Korpusunda keçib.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunub.

O, hərbi xidmətini davam etdirmək üçün 2014-cü il sentyabrda imtahan verərək magistratura səviyyəsi üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış elmi şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə "Hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "Hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilir. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsinə yüksəlir və xidmətini Birinci Ordu Korpusunda davam etdirir. Nümunəvi xidmətinə görə qısa müddət ərzində diviziya komandiri vəzifəsindən hərbi hissənin qərargah rəisi vəzifəsinə qədər yüksəlir. Komandir yoldaşları onu "Ağır artilleriyanın atası" adlandırırdı. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı ilə təltif olunur.

Polkovnik-leytenant Cəfərov 2016-ci il Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşlərində öz əsgərləri ilə birgə səngərdə düşmən həmlələrinə qarşı mübarizə aparıb. 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilir.

Z.Cəfərov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində öz briqadası ilə çiyin-çiyinə vuruşurdu. Dostları Polad Həşimov və İlqar Mirzəyevin, bibisi oğlu Yalçın Mustafayevin qisasını almaq üçün dəridən-qabıqdan çıxırdı. Bir gün döyüşlərin şiddətli vaxtında xəbər alır ki, qardaşının tələbəsi Ələkbər Ələsgərov şəhid olub. Polkovnik-leytenantımız 22 yaşlı şəhid Ələkbər Ələsgərovun xatirəsini əbədiləşdirmək üçün ağır döyüşlərin getdiyi bir vaxtda düşmən tankını hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhidin adını həkk elətdirir və təsəlli üçün şəklini çəkib şəhidin ailəsinə göndərir, Ələkbərin qanının yerdə qalmadığını bildirir. Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. II Fəxri Xiyabanda, cəbhə dostları general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarının yanında torpağa tapşırılıb.

Şəhadətindən sonra "Suqovuşanın azad olunmasına görə" medalı və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Ailəli idi. Vətənə əmanət 2 qız, bir oğul övladı var.

***

 

Xəlilov Namiq İlyas oğlu 15 iyun 1992-ci ildə Şirvanda doğulub. 2010-cu ildən orduda XTQ giziri olaraq xidmət edirdi. 10 illik xidməti dövründə Türkiyə və Gürcüstanda kurslarda iştirak edib. Həmçinin, Türkiyədə keçirilən "EFES-2018" Çoxmillətli Ortaq Xüsusi Təyinatlı Qüvvələr yığma komandasının tərkibində uğurla iştirak edib. Xidmətdəki nailiyyətlərinə görə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. 2016-cı il Aprel döyüşlərində Talışkənd uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il Vətən müharibəsində Murov yüksəkliyi, Kəlbəcər, Füzuli döyüşlərində ön sıralarda olub, oktyabrın 16-da Füzuli uğrunda döyüşlərdə şəhid olub. Oktyabrın 17-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Ömrünü hərbə həsr edən Namiq ali təhsil almasa da, öz üzərində çox çalışarmış. O, rus, ingilis, qismən erməni dillərini də bilib. 4 illik ailəli olan Namiqin Həsən adlı 3 yaşlı oğlu, Ayla adlı 1 yaşlı qızı Vətənə əmanət qalıb. Müharibəyə gedəndə ailəsinə sadəcə təlimlər olduğunu bildirib. Sentyabrın 28-i səhər 6-da evə zəng edib, müharibədə olduğunu deyib, qorxmamağı tapşırıb. Həyat yoldaşı deyib ki, 2020-ci il iyul hadisələrindən sonra bir söhbətlərində Namiq ona "görərsən, mən şəhid olandan sonra alınacaq Qarabağ, biz alacağıq" - deyib. Ailəsiylə son dəfə oktyabrın 11-i danışıb, hər şeyin yaxşı olacağını, sağ-salamat qayıdıb, dekabrda qızı Ayanın 1 yaşını keçirəcəyini söz verib.

Şəhadətindən sonra "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Şücaətə görə" medalları ilə təltif olunub.

***

 

Bu şəhidimizin üzünü çoxumuz görməsək də, o məğrur səsini hamımız eşitmişik. Söhbət Xudafərin və Zəngilanın azad olunma xəbərini Ali Baş Komandan İlham Əliyevə məruzə edən, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissə komandiri, polkovnik Əliyev Anar Vaqif oğlundan gedir. Ona polkovnik rütbəsi Zəngilanın azad olunduğu gün verilib.

O, 1980-ci il avqustun 28-i Kəlbəcərin Boyaqlı kəndində doğulub. Tərtərin Həsənqaya kəndində qeydiyyatdadır. Valideynləri Bəyimsarov kəndində yaşayırlar.

Uzun illər kəşfiyyatçı kimi fəaliyyət göstərib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı zabiti olub. Ana tərəfdən şəmkirlidir və qohumu deyir ki, "heç vaxt xidmətdən danışmayan biri idi. Hələ onun XTQ olduğunu Şəhid olandan sonra bildik..."

Zəngilanın azad olunması zamanı yaralı olub Anar. Yarasının müalicəsi üçün geri qayıdılması istənsə də, geri qayıtmayıb. Oktyabrın 21-i Xocavənd uğrunda döyüşlərdə isə canından çox sevdiyi Vətəni üçün şəhidlik zirvəsinə ucaldı. Şəhadətindən sonra "Vətən müharibəsi qəhrəmanı" Polkovnik Anar Əliyevdən Nigar və Əli adında iki azyaşlı övladı bizə əmanət qaldı.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri şəhadətə qovuşduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

[email protected]

 





18.02.2021    çap et  çap et