525.Az

Milli varlığımızın müqəddəs nişanəsi - Ana Dilimiz


 

Milli varlığımızın müqəddəs nişanəsi - <b style="color:red">Ana Dilimiz</b>

Dil açanda ilk dəfə "ana" söyləyirik biz,
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

Yazıya unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin "Ana dili" şeirindən bir nümunə ilə başlamağım təsadüfi deyil. Axı 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Odur ki, öz doğma, mehriban dilimizdən danışmaq istədim.
Biz xoşbəxt millətik ki, öz Ana dilimizdə yazıb-oxuyuruq. Tariximizdə elə çətin zamanlar olub ki, bizi öz dilimizə həsrət qoyublar. Özgə dillər başa çıxarılıb. Amma yurdumuzun vətənpərvər ziyalıları həmişə mübariz olublar. Onlar xalqımıza qarşı bu ədalətsizliyə boyun əyməyiblər.

Azərbaycan bərəkətli torpaqları, təbii sərvətləri, mədəniyyət nümunələri ilə həmişə başqa ölkələrin marağına səbəb olub. Yadlar bu zəngin torpaqlara sahib olmağa çalışıblar. Ona görə də yurdumuz dəfələrlə düşmən hücumlarına məruz qalıb. Amma çox vaxt da, igid oğullarımız onları gəldiklərinə peşman ediblər. Təəssüf ki, bu, həmişə mümkün olmayıb. Ədalətsiz müqavilələrlə yurdumuzu parçalayanlar onun dilinə də əl uzadıblar. Dilimiz sıxışdırılıb, bizi özgələşdirməyə çalışıblar. Torpaqlarımız uğrunda savaşan igidlərimiz kimi, dilimizin, mənəviyyatımızın keşiyində də, bu yurdun layiqli övladları dayanıb  həmişə...

Dil millətin yaranışı və inkişafı ilə meydana gəlir. Buna uyğun olaraq, elmi rəylərə görə, Azərbaycan dilinin inkişafı III-VII əsrlərdə başlayıb, XI əsrdə dilimiz Qafqazda və qonşu ölkələrdə geniş yayılıb, XII-ci əsrdə ədəbi dil kimi tam formalaşıb. Səfəvilər dövlətində saray və ordu dili kimi dövlətin ilk rəsmi dili Azərbaycan dili olub.

Əski dövrün Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə seçilir. Zaman-zaman Azərbaycan dili "türki", "türk dili", "Azərbaycan türkcəsi", "tatar dili", "Qafqaz tatarlarının dili" kimi adlandırılıb.
1929-1939-cu illərdə latın qrafikalı əlifbamız olub. Sonra bu kiril əlifbası ilə əvəz edilib. 1991-ci ildən Azərbaycan yenidən latın qrafikalı əlifbaya keçib.

Ana dilinin müasir anlamda dövlət dili kimi işlənməsini vacib edən ilk qəti rəsmi sənəd Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsilə bağlıdır. Qeyd edək ki, o vaxt dilimiz "Türk dili" adlanırdı. AXC 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib.

Image result for ana dili 

Öz möhtəşəm quruculuq işləri ilə müasir Azərbaycanın memarı adını qazanmış Ümummilli lider Heydər Əliyev dilimizə, mədəniyyətimizə xüsusi qayğı göstərib. Onun 2001-ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi naminə verdiyi Fərman da bu qayğının nümunəsidir. 2004-cü ildə Naxçıvan şəhərində dilimizin şərəfinə "Ana dili" adlı abidə ucaldılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da, dövlətimizin, onun ali rəhbərliyinin Ana dilimizə olan həssas, qayğıkeş münasibətini əks etdirir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş siyasəti və güclü ordumuzun sayəsində ötən il erməni quldurlarından azad edildi. Bu, böyük bir Zəfərdir! Doğma Ana dilində ölkə rəhbərinin söylədiyi "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" kimi əzəmətli şüarlar bütün dünyaya səs saldı. Öz haqqı uğrunda savaşıb Zəfər qazanmış bir millət kimi dünya bizi öz dilimiz və əməlimizlə daha parlaq şəkildə tanıdı...

Allaha şükürlər olsun ki, bu gün Vətənimizin əsas atributları olan üçrəngli Bayrağımız, səkkizguşəli Gerbimiz, qəlbə toxunan Himnimiz və özümüzə məxsus gözəl, rəvan və mehriban Dilimiz var.

Ana Dilim - bal kimi,
Danışmaqdan doymuram.
Mən onu neçə dilin
İçində qoruyuram.

Anamın laylasıyla
Mən boy atıb böyüdüm.
Onun şirin diliylə
Fərəhlənib öyündüm.

Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.
Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.

Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı,
Həm də Ana Dilimi!

 





18.02.2021    çap et  çap et