525.Az

"Ordubad folklor mühitinin regional xüsusiyyətləri" haqqında qeydlər


 

"Ordubad folklor mühitinin regional xüsusiyyətləri" haqqında qeydlər <b style="color:red"></b>

Bu günlərdə Naxçıvanda "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyində nəşr olunan "Ordubad folklor mühitin regional xüsusiyyətləri" AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın uzun illər apardığı elmi tədqiqatların yekun hesabatı kimi də qiymətləndirilə bilər.

Əsər haqqında danışmazdan əvvəl müəllif barəsində bir neçə söz deməyi özümə borc bilirəm. Aytən Cəfərova alim ailəsində böyüyüb. Onun atası filologiya elmləri doktoru, professor Cəfər Cəfərov məşhur türkoloq alim kimi türkologiya elminin bir çox qaranlıq tərəflərinə işıq tutub. Məhz atasının elmə olan marağı, tədqiqatçılıq ehtirası Aytən xanıma da sirayət edib. Bunun nəticəsində də Bakı Dövlət Universitetinin filologiya fakültəsindən məzun olduqdan sonra da təhsil pillələrində biliyini yetəri qədər artırıb. Dil-ədəbiyyat sevgisi onu xalq yaddaşına enməyə, şifahi xalq ədəbiyyatına üz tutmağa həvəsləndirib. Beləliklə də, Aytən Cəfərova AMEA Folklor İnstitutuna üz tutub. Burada 10 ildən çox fəaliyyət göstərdiyi dövrdə doktoranturaya daxil olaraq elmi rəhbəri, millət vəkili, filologiya elmləri doktoru Əziz Ələkbərlinin tövsiyəsi ilə "Ordubad folklor mühiti" mövzusunda araşdırmalara başlayıb. 2016-cı ildə elmi işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Hazırda elmlər doktorluğu hazırlığı üzrə elmi iş üzərində işləyən Aytən xanım fəlsəfə doktorluğu dissertasiyasının üzərində bir daha ciddi şəkildə işləyərək elmi auditoriyaya və geniş oxucu kütləsinə təqdim edib.

Kitabın elmi redaktoru və ön söz müəllifi Əziz Ələkbərli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, professor Məhərrəm Qasımlı, dosentlər Rza Xəlilov və Elxan Məmmədovdur.

Ulu öndər Heydər Əliyevin "Ordubad Azərbaycanın incisidir" sitatı ilə başlayan monoqrafiyanı müəllif özünün elm yoluna işıq tutan atasının əziz xatirəsinə ithaf edib. Kitaba ön söz yazmış Əziz Ələkbərlinin seçdiyi sərlövhə də monoqrafiyanın dəyəri haqqında həqiqi mənada əsl fikir formalaşdırır: "Ordubad folklor mühitinə dair mükəmməl elmi-tədqiqat işi". Doğrudan da, Aytən Cəfərovanın araşdırmalarının nəticəsi kimi ortaya qoyduğu sanballı elmi-tədqiqat işində biz Ordubad regionunun tarixi, etnoqrafiyası, coğrafi özəllikləri ilə yanaşı, onun təsərrüfat və məişət həyatı haqqında da dolğun informasiya əldə edə bilirik.

Giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyanın əvvəlində müəllif tədqiqatının mahiyyətinin əsaslandıraraq yazır ki, "folklor milli sərvət, milli özünəməxsusluq kimi müəyyən bir mühitdə formalaşır. Azərbaycanın ayrı-ayrı bölgələrində folklor nümunələrinin rəngarəng forma və məzmunda təzahür etməsi etnik mədəniyyətin fərqliliyində deyil, tam əksinə, bu mədəniyyətin daşıyıcısı olan etnosun milli-mənəvi bütövlüyündən xəbər verir". Azərbaycan folklorunun ayrı-ayrı bölgələrdən toplanması, sistemləşdirilməsi, nəşri və tədqiqi böyük əhəmiyyət kəsb etməklə yanaşı, milli sərvətimizin zənginliyinin də bir sübutudur. Bu zənginliyi yaradan müxtəlif mühitlərin varlığıdır və onun öyrənilməsi bir sıra problemlərin, o cümlədən, tarixi-coğrafi, tayfa-məşğuliyyət, təsir - əks-təsir və sair tədqiqinə də kömək edəcəkdir. Göstərilən bu amillər Ordubad folklorunun da janr təsnifatının aparılmasında, nəşrində və tədqiqində təzahür edir. O baxımdan, şifahi ədəbiyyatımızda öz zənginliyi, müxtəlifliyi və özünəməxsusluğu ilə seçilən Ordubad folklor mühitinin öyrənilməsi də son dərəcə vacibdir". Məhz bu əhəmiyyəti və vacibliyi nəzərə alan Aytən Cəfərova Ordubad bölgəsinin hər bir yaşayış məntəqəsində, şəhər, qəsəbə və kəndlərində folklor ekspedisiyalarında olmuş, dəfələrlə əksəriyyəti yaşlılar olmaqla bir çox Ordubad sakinləri ilə söhbətlər etmiş, bölgənin folklor layının ən toxunulmamış qatlarına qədər enərək həm toplayıcılıq funksiyasını yerinə yetirmiş, həm də tədqiqatçılıq bacarığını ortaya qoymuşdur.

Hələ nəşr olunmazdan əvvəl həm bir həmkar kimi, həm də aidiyyəti şöbənin müdiri kimi monoqrafiyanı diqqətlə oxumuşdum. Kitab halında bir daha oxuduğumu etiraf etməliyəm. Müəllif "Ordubad folklor mühitinin tarixi-regional  özünəməxsusluğu" adlandırdığı birinci fəsildə həm "Bölgənin tarixi-etnoqrafik və coğrafi özəlliyi"nə, həm də "Təsərrüfat və məişət həyatı regional özünəməxsusluğun əsas qaynağı kimi" əhəmiyyətinə diqqət çəkib. 

İkinci Fəsil "Arxaik folklor janrları" adlanır. Təpədən-dırnağa folklorçu olan Aytən Cəfərova bu fəsildə də iki yarımbaşlıqda araşdırmalarını ümumiləşdirib. İstər "Mifoloji inanclar və obrazlarla bağlı əski təsəvvürlər", istərsə də "Ordubad folklor mühitində arxaik folklor janrlarının xüsusiyyətləri" yarımbaşlıqları altında bölgə folklorunun ilkin janr xarakteristikası dərindən təhlil edilərək elmi nəticələrə gəlinmişdir.

"Mərasim folkloru: mövsüm və mərasim ritualları" adlı üçüncü fəsildə biz adından da göründüyü kimi, mərasim mahiyyətli folklor mühitinin araşdırılması problemi ilə tanış oluruq. Üç yarımbaşlıqda təqdim olunan bu hissədə "Mövsüm mərasimləri: mifoloji kökləri və arealdaxili özəlliyi", "Məişət mərasimlərinin regional özünəməxsusluğu" və "Dini mərasim, bayram və rituallar" araşdırılmışdır. Burada Ordubad bölgəsinin həm şəhər, həm də ayrı-ayrı kəndlərində qarşılaşdığımız və Azərbaycanın digər regionlarında olmayan "Yeddiləvin", "Xan bəzəmə", "Çardaq" mərasimləri ilə, həmçinin, "Çillə", "Susəpən", "Orucun on beşi", "İmbili-Mərcan" kimi mərasimlərin keçirilmə vaxtı və şəkli ilə əhatəli şəkildə tanış ola bilirik.

Monoqrafiyanın dördüncü fəsli birbaşa folklor janrları ilə bağlıdır. "Epik və lirik folklor örnəkləri" adlanan fəsildə "Epik növün janr rəngarəngliyi", "Lirik növün janrları", "Aşıq yaradıcılığı" tədqiqata cəlb olunub. Burada da görürük ki, bölgədə hər hansı bir janrın digərlərinə nisbətdə az ya çox olması söhbət mövzusu deyil. Bütün janrlar Ordubadda öz çəkisi ilə seçilirlər. Təbii olaraq monoqrafiyanın ən böyük və ağırlıq təşkil edən hissəsi də məhz sonuncu fəsildir. Burada biz verilmiş nümunələrdəki istər toponimlərin, istər məkan adlarının, istərsə də dialekt özəlliklərinin sayəsində nümunənin birbaşa Ordubada aidliyi haqqında dolğun təəssürata sahibi oluruq. Tədqiqatın ən dəyərli cəhəti həm də ondan ibarətdir ki, müəllif fikirlərinin bölgə ilə bağlı aparılmış, yaxud yazılmış elmi məqalə və monoqrafiyalara istinadla daha da yetkin şəkildə təqdim edə bilir. Bundan əlavə, Aytən Cəfərovanın özünün topladığı materiallara müraciət edərək şəxsi folklor arxivindən gətirdiyi nümunələr onun əsl folklorşünas bacarığını nümayiş etdirə bilməsində böyük rol oynamışdır.

Yuxarıda qeyd etdiklərimizi əhatəli şəkildə müəllifin ümumiləşdirmələri əsasında təqdim olunan Nəticə bölməsində daha aydın şəkildə görmək mümkündür. Belə ki, Aytən Cəfərovanın da qeyd etdiyi kimi, "Ordubad folklor materiallarının araşdırılması janrların semantikası və funksiyasının mühitin özünəməxsus xüsusiyyətlərinə bağlı olduğunu üzə çıxartdı. Həm toplama, həm də toplanan mətnlər üzərində aparılan işdən də göründüyü kimi, bölgədə hər bir folklor janrının özünəməxsus semantikası onun icra edilmə funksiyası ilə paralelik yaradır. Bir sözlə, mətnin söylənməsi bölgə insanının adət-ənənəsi, məişəti və nəhayət, estetik zövqü ilə sıx bağlıdır". 

Ümumilikdə Azərbaycan, rus, türk dillərində olan həmçinin, internet resurslarından istifadə edilməklə 200-ə yaxın ədəbiyyata müraciət edən müəllif sonda, sözün əsl mənasında, Ordubad folklor mühiti ilə bağlı mükəmməl bir tədqiqat işi ortaya qoymağa nail olmuşdur. İlk növbədə, Folklorşünaslıq elmi üçün sanballı mənbə rolunu oynayan, həmçinin, Naxçıvanşünaslıq üçün əhəmiyyətli əsər olma özəlliklərinə sahib "Ordubad folklor mühitinin regional xüsusiyyətləri" monoqrafiyası folkorşünaslar, regionşünaslar, bu sahə ilə məşğul olan tədqiqatçılar, həmçinin, geniş oxucu kütləsi üçün maraqlı bir əsərdir.

Müəllifi ilk və yeni monoqrafiyasının nəşri münasibəti ilə təbrik edir, ona bundan sonrakı elmi fəaliyyətində bol-bol uğurlar arzulayırıq. İnanırıq ki, Naxçıvan Muxtar Respublikasının digər regionlarının folklor mühitinin öyrənilməsi istiqamətində də Aytən xanımın monoqrafiyası nümunə olacaq və gələcəkdə Naxçıvan folklor mühitinin ümumiləşmiş şəkildə tədqiqinə öz töhfəsini verəcək.

 





18.02.2021    çap et  çap et