525.Az

Azərbaycanda İslam - keçmişdən bu günə


 

Azərbaycanda İslam - <b style="color:red">keçmişdən bu günə</b>

Azərbaycanda bugünədək müxtəlif dinlər, inanclar yayılsa da, heç birinin ömrü İslam qədər uzun olmamışdır. Tarixə nəzər salsaq, görərik ki, İslamdan öncə bu torpaqlarda yayılmış Xristianlıq tarixi Azərbaycan ərazilərinin yalnız şimal hissəsini, daha dəqiq desək, Albaniya ərazisini əhatə etmişdir. Xristianlıqdan əvvəl meydana çıxan Atəşpərəstlik isə Azərbaycanın cənubunda - Atropatena ərazisində yayılmışdır.

Bu baxımdan deyə bilərik ki, İslam Azərbaycanda son 14 əsrdə aparıcı mövqeyini qoruyub saxlayan ümumxalq dinidir. Ona görə də, bu dinin Azərbaycanda yayılmasının və ümumxalq dininə çevrilməsinin tarixini bilmək, onu gələcək nəsillərə ötürmək milli-mənəvi dəyərlərimizin yaşadılması üçün olduqca əhəmiyyətlidir.

Təəssüf ki, bəzən İslamın xalqımıza qılınc gücü ilə - zorla qəbul etdirildiyini iddia edənlər də olur. Halbuki bu cür cəfəng iddiaların nə elmi, nə də tarixi əsası vardır. Çünki azərbaycanlılar nə zorla öz dinini dəyişən xalq, nə də İslam bu zorakılığa haqq qazandıran dindir. Digər tərəfdən, tarixi mənbələrdəki faktlar da təsdiqləyir ki, İslam dininin Azərbaycanda yayıldığı dövrdə xalqın narazılığını əks etdirən etirazlar və qiyamlar bu dinə qarşı yox, ərəblərin işğalçılıq siyasətinə qarşı yönəlmişdi. Həm də onu nəzərə almaq lazımdır ki, əgər İslam qılınc gücünə qəbul etdirilsəydi, onun Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Əksinə, tarix göstərir ki, İslam dininin türk xalqları, o cümlədən, Azərbaycan xalqı arasında yayılması böyük tarixi əhəmiyyətə malik hadisə olub. Türk xalqları bu dini qəbul etməklə həm daha əhatəli və zəngin sivilizasiyanın əsasını qoyub, həm də bu sivilizasiyanın formalaşmasında, inkişafında, zənginləşməsində və qorunmasında mühüm rol oynayıblar.

Azərbaycanın İslam dini ilə tanışlığı erkən İslam fütuhatları dövrünə təsadüf edir. O, Hicaz bölgəsində yayıldıqdan sonra Ərəbistan yarımadası hüdudlarından kənara çıxmağa başlamışdı. Çünki Məhəmməd peyğəmbərin (s) vəfatından sonra xilafət ordusu geniş ərazilər fəth edərək İslam dininin hər yerdə yayılmasını müqəddəs vəzifə kimi görürdü. Fəthlərin ilkin dövründə yerli əhali ilə ərəblər arasında münasibətlər əsasən yürüşlər prosesində bağlanılmış müqavilələrlə tənzimlənirdi. Ərəbistanda və başqa fəth edilən yerlərdə olduğu kimi, Azərbaycanda da yalnız bütpərəstlər təqib olunurdu. Digər əhaliyə isə əvvəlki etiqad və adətlərinə əməl etməyə icazə verilmişdi. "Kitab əhli", yəni müqəddəs dini kitabları olan yəhudilər və xristianlar, o cümlədən, ilk vaxtlar atəşpərəstlər əvvəlki etiqadlarında qalır, əvəzində can vergisi - cizyə verir, bununla da, müsəlmanların himayəsi altına keçir, canlarının və mallarının təhlükəsizliyini təmin edirdilər. Azərbaycanda (cənubunda) isə o dövrdə əsas din atəşpərəstlik idi. Təbii ki, atəşpərəstlər "kitab əhli" hesab edilmirdilər. Lakin ilk müqavilələrin şərtlərinə uyğun olaraq, onlara da aman verilir və müəyyən güzəştlər edilirdi. Albaniya dövründə də bu torpaqlarda Xristianlıqla yanaşı, bütpərəstlik mövcud idi. Ərəblərin bütpərəstlərə qarşı sərt mövqe tutması bəzən zor tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da İslamın bütpərəstliyə münasibətindən qaynaqlanırdı. Görünür, məhz bu məqamdan çıxış edərək bəziləri İslamın Azərbaycanda zor gücü ilə yayıldığını deyirlər. Ancaq təbii ki, bu fikirlə razılaşmaq olmaz. Tarixi mənbələrdə də göstərilir ki, Azərbaycanda İslamın təşəkkül tapması tədricən gedib. Belə ki, bu proses VII əsrin ortalarından başlayıb X əsrin ikinci yarısınadək davam edib. X əsrin ortalarına qədər Şimali və Cənubi Azərbaycanın xristian əhalisi ilə yanaşı, ölkənin aran və dağ yerlərinin atəşpərəst və bütpərəst əhalisi də əvvəlki etiqadlarında qalmışdılar. Hətta, XII əsrin 30-40-cı illərində Azərbaycanın bir sıra şəhər və kəndlərini gəzmiş əndəlüslü Əbu Həmid əl-Qərnati Dərbənd yaxınlığındakı dağ kəndlərində "İslamı qəbul etməmiş, hətta cizyə də verməyən", dəfn mərasimlərinə görə atəşpərəst olduqları görünən adamlara rast gəlmişdi. Belə olan təqdirdə İslamın Azərbaycanda məcburi şəkildə qəbul etdirilməsindən necə danışmaq olar?

Ümumiyyətlə, İslamın Azərbaycanda yayılması və təşəkkülü bir neçə mərhələyə bölünür. Birinci mərhələ VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər  - İslam fütuhatı dövrü - davam edir və 705-ci ildə Alban dövlətinin süqutu, dolayısı ilə Alban Kilsəsinin öz müstəqilliyini itirməsi ilə başa çatır. Akademik Z.Bünyadov yazır ki, bu mərhələnin sonunda İslam Azərbaycanda hakim dinə çevrilmişdi və onu qeyd-şərtsiz qəbul edənlər yüksək mənsəb sahibləri idilər. Onu qəbul edənlər arasında tacir və sənətkarlar da çoxluq təşkil edirdilər, çünki müsəlman olduqları təqdirdə onlara müəyyən güzəştlər olunurdu.

İkinci mərhələ VIII əsrin əvvəllərindən X əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Bu dövrdə İslama mənsubluq şüuru güclənmişdi, ancaq etnik köklərlə bağlılıq qalırdı. Azərbaycanın sərhəd məntəqələrində İslam təsəvvüfü təşəkkül tapmağa başlamışdı.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə Azərbaycanda mötədil şiəlik yayılmağa başlamış və Dərbəndə qədər gedib çıxmışdı. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblərə çevrilmişdi. Eyni zamanda, sufilik getdikcə güclənməkdə idi. Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahın məhz həmin dövrdə inşa olunması bunun göstəricisidir.

Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlı olan dördüncü mərhələdə sünnilik bölgədə güclənmiş, şiəliyin mövqeləri zəifləmiş, şafei məzhəbi aparıcı məzhəbə çevrilmişdi.

Beşinci mərhələ monqol yürüşləri dövrünü (XIII əsrin birinci yarısı - XV əsrin ikinci yarısı) əhatə edir. Bu dövrdə hürufilik güclənməyə başlamışdı. Onun banisi Fəzlullah Nəimi, həmçinin, Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri idilər. Sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi də həmin dövrün çox məşhur adamlarındandı.

Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolağı olan əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlandırılırdılar. Çaldıran döyüşündən sonra Azərbaycanda sünni hənəfi məzhəbinin ardıcılları artmağa başladı.

Azərbaycanda islamlaşmanın növbəti mərhələsi ölkənin Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrü əhatə edir. Bu mərhələdə əsas diqqət çəkən məqam hökumətin müsəlman din xadimlərini özünə tabe etmək məqsədilə Xristianlıqdakı Kilsə strukturu tipli İslam dini qurumu yaratmaq siyasəti yürütməsidir. Bu istiqamətdə aparılan işlər 1872-ci il aprelin 5-də Dövlət şurasının təqdimatı ilə rus Çarı tərəfindən "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi ilə nəticələndi. Beləliklə, Cənubi Qafqazda 2 müsəlman inzibati qurumu - müftinin başçılığı ilə Sünni Ruhani İdarəsi (Müftilik) və şeyxülislamın sədrliyi altında Şiə Ruhani İdarəsi (Şeyxülislamlıq) yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə də (1918-1920-ci illər) Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən idarə olunurdu. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra şeyxülislamlıq təsisatı ləğv edildi, müsəlman din xadimləri təqiblərə məruz qoyuldu, məscidlərin əksəriyyəti qapadıldı. Ancaq 1943-cü ildə faşizmə qarşı mübarizədə dinin imkanlarından istifadə etmək istəyən SSRİ Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılmasına qərar verdi. Zaqafqaziya müsəlmanlarının I qurultayı 1944-cü il mayın 25-28-də Bakıda keçirildi və həmin il Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəzə çevrildi.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra digər sahələrdə olduğu kimi, din sahəsində də unudulmuş ənənələr sürətli bərpa olunmağa başladı. Sovet dövründə İslamdan tədricən uzaqlaşırdırılan xalqımız müstəqilliyin bərpasından sonra sürətlə özünün milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dininə qayıtmağa başladı. O başqa məsələdir ki, ilk illərdə bu istiqamətdə ifratçılığa yol verilmişdi. Əsas olan o idi ki, Sovet imperiyasının "din əleyhinə təbliğat maşını"nın 70 illik fəaliyyəti istənilən nəticəni vermədi və Azərbaycan xalqı İslama daxili bağlılığını bu çətin, məşəqqətli sınaqlarda qorumağı bacardı. Xüsusilə, Ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlandı, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər gördü, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirdi. Ümummilli lider İslam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə vurğulamışdır. Ulu öndər Təzəpir məscidində dindarlarla görüşlərinin birində İslamın tərəqqipərvər və dünyəvi əhəmiyyətindən danışaraq deyirdi: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısının özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məmləkətini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır".

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir. Ölkəmizdə dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında xalqımızın genetik kodunun və bu kodu formalaşdıran elementlərdən olan İslam dininin misilsiz rol oynadığını vurğulayan dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir: "Biz öz dinimizə bağlıyıq, dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik".

Azərbaycanda İslam dəyərlərinin qorunması və təbliğindən danışarkən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyevin gördüyü işləri xüsusi vurğulamaq lazımdır. Fondun dəstəyi ilə bugünədək çox sayda İslam abidəsi təmir və bərpa olunub, yenidən qurulub və dindarların istifadəsinə verilib.

Tam əminliklə deyə bilərik ki, İslam təkcə Şərq ilə Qərbin deyil, həm də bütün dinlərin qovşağı sayılan Azərbaycanda bu gün ən parlaq dövrünü yaşayır. Əgər SSRİ dövründə respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda bu say 2200-ə çatıb. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə" kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə "İmamzadə" kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfələrindəndir. İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir. İlk diplomatik missiyalarının məhz müsəlman ölkələrində fəaliyyətə başlaması, İslam Əməkdaşlıq Təşkilatı  və ICESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilməsi ölkəmizin İslam dünyasındakı əhəmiyyətli çəkiyə sahib olduğunun ən bariz nümunəsidir.

Qeyd edildiyi kimi, ölkəmiz şiə və sünnilərin tarix boyu birgə yaşadığı nadir ölkələrdən biridir. Burada bu məzhəblərin ardıcılları bir-biri ilə sıx şəkildə qaynayıb qarışıb, ictimai həyatımızın istisnasız, bütün sahələrində birlik və bərabərlik nümayiş etdirirlər. Çünki Azərbaycan cəmiyyətinin düşüncəsinə görə, sünni ilə şiə arasında rəy müxtəlifliyindən başqa fərq yoxdur, hər ikisi bir Allaha ibadət edir, üzlərini bir qibləyə tutur, bir Kitaba inanır. Şiə və sünnilərin dini təsisatlarının ayrı-ayrılıqda deyil, mərkəzləşmiş dini qurum olaraq Qafqaz Müsəlmanları İdarəsinin çətiri altında birləşmələri, əl-ələ verib birgə fəaliyyət göstərmələri buna gözəl nümunədir. Bu baxımdan tam yəqinliklə demək olar ki, respublikamızda sosial sahədə məzhəb baxımından problem yoxdur. Lakin bir faktı da unutmamalıyıq ki, tarixən mehriban və səmimi münasibətdə yaşayan Azərbaycan müsəlmanlarının formalaşdırdığı bu ab-hava müəyyən dairələri narahat etməkdə, onların məkrli planlarının həyata keçməsinə mane olmaqdadır. Sovetlər birliyinin süqutu ilə ölkəmizdə fəaliyyətə başlamış bir sıra xarici dairələrin emissarları var gücləri ilə burada məzhəblərarası münasibətləri gərginləşdirmək, şiələrlə sünniləri bir-birinə qarşı qoymaq istiqamətində iş aparmaqdadırlar. Vaxtilə bu yöndə qarşıdurmaya yol açan müxtəlif kitab və broşürlər ölkəmizdə böyük tirajlarla Azərbaycan dilində hazırlanıb çap etdirilir və əhali arasında yayılırdı. Hətta iş o yerə gəlib çatmışdı ki, qızışdırıcı məqalələr kütləvi informasiya vasitələrində, qəzet səhifələrində də yer alırdı. Doğrudur, dövlətimizin bu istiqamətdəki səyləri artıq öz bəhrəsini verməkdədir. Ancaq bu, bizi qətiyyən arxayınlaşdıra bilməz. Həm dinimizə, həm də milli birliyimizə qarşı yönəldilmiş bütün bu kimi hallar sünnili-şiəli bütün sağlam düşüncəli Azərbaycan dindarlarının daim diqqət mərkəzində olmalıdır.

 





18.02.2021    çap et  çap et