525.Az

Tanıyaq və tanıdaq: Nəriman Sepehrvənd


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Nəriman Sepehrvənd</b>

Tanıyaq və tanıdaq!
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Image result for esmira fuad 525

Esmira FUAD
Filologiya elmləri doktoru

***

Nəriman SEPEHRVƏND

1984-cü ilin martında Təbriz şəhərində anadan olub. Orta məktəbi Təbrizin Səmpad mədrəsəsində oxuyub. 2002-ci ildə Urmiyə Həkimlik Bilim yurdunda Tibb bölümünü qazanıb və Urmiyə şəhərinə daşınıb. Universiteti bitirdikdən sonra, bir neçə il İranın dəyişik bölgələrində həkim kimi çalışıb. Hazırda Kanadanın Edminton şəhərində doktoranturada oxuyur. Son illərdə şairin tibb sahəsində yazdığı məqalə və kitablarından əlavə, şeirləri və ictimai məsələlərə həsr olunmuş məqalələri də ədəbi dərgi və ilgili kitablarda yayımlanıb. Nəriman Sepehrvəndin "Ülkər" nəşriyyatında çap etdirdiyi "Mən adında bir yoldan ötən" adlı şeir toplusu türkcə və farsca şeirlərinin bir payını (2006-2013) ehtiva edir. "Verəcəyəm Günəşə bir daha salam" kitabı İranın adlım (ünlü) şairi Füruğ Fərruxzadın seçilmiş şeirlərinin Azərbaycan türkcəsinə çevrisindən ibarətdir. Bunlardan başqa, bir neçə şeiri də "Ülkər" yayım evinin nəşr elədiyi "Urmiyə Şeir Antologiyası"nda yayımlanıb.

Yalqız

İşıqlar partlayışıyla
Şəhər qımıldayır...
Bu köşədəysə yalqız bir kişi,
Dünyalardan uzaq bir insan...
- Bir kimsəsiz, heç kimsə!.. -
Çünki o, Doğum gününü qutlamayan,
Mutlu Valentinlərə inanmayan,
Analar gününün kökünü sorqulayan,
Bayram görüşmərəriniysə umursamayan
Biri idi...
O, bir intellektual idi,
Və... Kimsəsiz biri idi...

Körpü

Oturmuşam maşında, gözlərim bağlı...
Yatmışam,
Xəyal kimi şeylər görürəm ancaq,
Uzaq illərdən beynimdə qalmış
Boyalı anılar...
Gəmilər, maşın sürüləri
Plyajlarda gözlərin ovuşdurub
ağlayan çılpaq uşaqlar,
Sızlayan gözlər üstünə
sürtülən bostan xiyarları

Araba körpüdən keçir,
Kim inanardı?!
Mən göl üstündə,
gözlərimi bağlamışam...

Bir səs gəldi!
Qabaq səndəldə oturan misafir
Şüşəni üstə çəkir.
Yox! Yox!
Dənizin şəpəsi üz-gözünə səpilməyibdir!
Elə bil o da yatmaq istəyir...
Şofer günaha batıb,
Yaman deyir!
Görəsən, mən də gözlərimi bağladığım üçün,
Susduğum üçün,
Onun qədər günaha batmışam?!

Hökm

Genə də uçuqlamışam,
Yarım
Yaxında gələr bəlkə də.
Qutsal üzüntümü görüb,
Sonunda məni sevər bəlkə də...

Əlimdə gitar,
miz üstündə bric kartları
hökm edirəm
Keçiniz!

"Keçiniz"im çox,
Heç əlində kartı az ikən,
Hökm edən hakim görmüsünüzmü?!

Başarıdan dodağımda bir gülümsəmə,
Əlimdə olan kartları düşünən dostlarım
Necə davranmalarından şübhələnməkdə...
Qəfil! Qorxunc bir tərpəniş,
Titrəyir hər yer...
Qonşumuz qopuzuna əl atıb bəlkə də...

Eşiyə çıxdım,
Hay-küylə dolu küçəmizdə
Qonşumuzun qızı
Torpaqla bəzənir.
Serçələr uçur,
İtlər hürür,
Adamlar qaçır,
Yer titrəyir...

Bir qəmli orkestra mahnısı,
Qonşumuz
Qopuzuna əl atıb bəlkə də!
Bu mahnının notları
Qandır, ətdir Və candır...
Notları qəmdir, kədərdir
Və şivəndir...

Süzülür göz yaşlarım,
Üzülür qəlbim.
Yox, nə ağlamağı?!
Bir an torpaq girdi gözümə...

Heç kimsə məni
yeri qazmaqdan tutanmaz,
Məni boşuna axtarmaqdan
qurtarammaz!
Qaradağda dəprəm deyil,
Aşıq hərarətlə çalır,
Titrədir hər yeri...

Bir ay sonra, çadırımızda
Əlimdə sınıq gitar,
Hökm edirəm "qopuz!"
Nədir?!

Heçmi əlində çoxlu kartla
Hökm edən hakim
Görməmisiniz?!

 





19.02.2021    çap et  çap et