525.Az

"Dialoq yolundakı süni tıxac aradan qaldırılıb" - Əlisahib Hüseynov


 

"SİYASİ PARTİYALARLA HAKİMİYYƏT ARASINDA DİALOQUN FORMALAŞMASI ARTIQ DÖNMƏZ PROSESƏ ÇEVRİLİB"

"Dialoq yolundakı süni tıxac aradan qaldırılıb" - <b style="color:red">Əlisahib Hüseynov</b>

"Siyasi dialoq" rubrikasının budəfəki qonağı Milli Həmrəylik Partiyasının sədri, birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynovdur.

- Təxminən bir ildir, ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunveriçilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq  siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz bu bu prosesi necə qiymətləndirirsiniz?

- Kifayət qədər aktual məsələyə toxundunuz. Mən iqtidarla siyasi partiyalar arasında başlayan dialoq prosesinin gedişindən və nəticələrindən tam razıyam. Çoxdan idi ki, sözdə deyil, əməldə belə bir dinamik, çoxşaxəli prosesin başladılmasını gözləyirdik. Sözün düzünü deməliyik, son vaxtlara qədər ölkədə real iqtidar-müxalifət dialoqundan danışmaq sadəcə mümkün deyildi. Çünki bu sahəyə məsul olan yüksək çinli məmurlar ölkə siyasətində dialoq mühitini formalaşdırmaq əvəzinə, əksinə, dialoqa doğru aparan bütün yolları, körpüləri yandırmaqla və dialoq prosesinin sadəcə görüntüsünü yaratmaqla məşğul idilər. Onlar dialoqun özünü yox, ilğımını formalaşdırırdılar. Ancaq Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunveriçilik hakimiyyəti ilə iş şöbəsi yaradıldıqdan sonra siyasi mühit və mənzərə kökündən dəyişdi. Dialoq yolundakı süni tıxac aradan qaldırıldı, iqtidarla siyasi partiyaların dialoqu üçün münbit zəmin yarandı. Artıq siyasi partiyalara münasibətdə yeni baxış və format ortaya qoyulub. Prezident İlham Əliyevin yeni yaradılan şöbənin - Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Ədalət Vəliyev kimi təcrübəli və səriştəli bir şəxsi təyin etməsi bu sahəyə böyük bir canlanma və yeni ab-hava gətirdi. Beləliklə, 2019-cu ilin sonları - 2020-ci ilin əvvəllərindən etibarən ölkədəki siyasi partiyalara münasibət kardinal şəkildə dəyişməyə başladı. Biz sözdə yox, aşkarda əmin olduq ki, Ədalət Vəliyev öz sələflərindən fərqli olaraq "dialoq oyunu" oynamağa gəlməyib. O, cənab Prezidentin elan etdiyi yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində əzmkarlıq göstərməyə, real addımlar atmağa başlayıb.

İndi siyasi mühitimizdə sağlam münasibətlərin dəstəklənməsi və dialoq mühitinin təşviqi məqsədilə Azərbaycan iqtidarı davamlı olaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin ölkənin yeni siyasi konfiqurasiyasının formalaşması siyasətində sağlam siyasi dialoq prinsipi həlledici yer tutur. Məhz bunun nəticəsidir ki, bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti sözügedən dialoq prosesinin fəal iştirakçılarıdır. Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafının əsas zəmanətçisi bilavasitə Prezident İlham Əliyevin özüdür. Dialoq amili cənab Prezidentin dövlətçilik siyasətinin əsas prioritetlərindən biridir. Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında YAP və iqtidaryönümlü partiyalarla yanaşı, müxalifət partiyaları da yaxından iştirak edirlər. Bu isə bilavasitə dialoq və demokratik münasibətlərin göstəricisidir. Bu proseslərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi moderatorluq və yönləndiricilik missiyasını çox mükəmməl şəkildə yerinə yetirir.

- Ötən müdddət ərzində dialoq çərçivəsində atılan addımları necə qiymətləndirirsiniz? Sizcə, zaman baxımından, əldə edilən nəticələri adekvat hesab etmək olar?

- Bəli, zaman baxımından, əldə edilən nəticələri adekvat hesab etmək olar. Mən bunu tam əminliklə deyirəm. Bu gün siyasi partiyalarla hakimiyyət arasında dialoqun formalaşması artıq dönməz prosesə çevrilib. Bu, çox təqdirəlayiqdir və Azərbaycanın uğurlu inkişafı, beynəlxalq münasibətlər sistemindəki yeri və rolunun möhkəmləndirilməsi üçün olduqca mühüm addımdır. Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təzahürüdür. Hər bir görüş siyasi dialoqun daha da möhkəmləndirilməsinə dəstəkdir. Artıq siyasi partiyalar ümummilli məsələləri öz köşələrinə çəkilmiş qapalı siyasi qurumlar kimi yox, hakimiyyətlə birlikdə müzakirə edir və  ortaya vahid mövqe qoymağı bacarırlar.

Onu da xüsusi qeyd etməliyik ki, bu gün iqtidar siyasi spektrin bütün təmsilçilərinə, bütün siyasi partiyalara, o cümlədən, müxalifətə də dialoq təklifi ilə müraciət edir. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində iqtidar və müxalifət partiyaları bütün siyasi əkslikləri kənara qoyaraq bir araya gəlməyi, vahid mövqedən çıxış etməyi bacardı. Bu mənada, 43 siyasi partiyanın birgə bəyanatı ölkəmizin ən yeni tarixində həqiqətən də bir ilk oldu. Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbənin uğurlu koordinasiyası nəticəsində siyasi partiyalar ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağımızın işğaldan azad edilməsi naminə ölkə başçısının, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşdilər, milli vəhdət nümayiş etdirdilər. Sualınıza konkret olaraq cavab verəsi olsaq, bəli, tam əminliklə deyə bilərik ki, bu qədər qısa bir zamanda əldə edilən nəticələri adekvat hesab etmək olar. Hesab edirəm ki, təkcə mən yox, əksər partiya sədrləri də bu fikirdədirlər.

- Sizin rəhbərlik etdiyiniz partiya bu dialoq çərçivəsində hansı təklifləri irəli sürüb və onlara münasibət necə olub?

- Rəhbərlik etdiyim Milli Həmrəylik Partiyası (MHP) dövlət başçısının yeni siyasi konfiqurasiya xəttini və dialoq kursunu birmənalı surətdə dəstəkləyir. Biz öz təkliflərimizi Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə yazılı surətdə təqdim etmişik. Sırf siyasi dialoq çərçivəsində təkliflərə gəldikdə isə, biz ilk növbədə iqtidaryönümlü partiyaların Məşvərət Məclisinin fəaliyyətinin yenidən bərpa edilməsi təklifi ilə çıxış etmişik. Bu gün belə bir dialoq formatına və əməkdaşlıq platformasına həqiqətən də ciddi ehtiyac var. Ölkənin siyasi gündəmini mütəmadi izləyənlər sözügedən Məşvərət Məclisinin bir zamanlar siyasi proseslərdə fəal rol oynadığını yəqin ki, yaxşı xatırlayırlar. Biz eyni zamanda, siyasi partiyaların ayda bir dəfə toplaşıb ölkənin ictimai-siyasi proseslərini birlikdə dəyərləndirməsini də təklif etmişik. Hər iki təklifimiz Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən müsbət qarşılanıb.

- İki partiya dialoqda iştirak etmir - AXCP və Müsavat. Onların mövqelərini necə dəyərləndirirsiniz? İrəli sürdükləri səbəblər nə dərəcədə əsaslıdır?

- Qeyd etdiyiniz bu iki partiya və bir də ki, antimilli şura dialoqda iştirakdan imtina etməklə özlərini nəinki yeni siyasi konfiqurasiyanın içində yer almaqdan, həm də bütövlükdə cəmiyyətdən təcrid etmiş oldular. Bu gün sözügedən siyasi subyektlərin cəmiyyətdə heç bir sosial dayağı yoxdur. Onlar özlərini real sosial bazadan məhrum ediblər və marginallaşıblar. Müxalifətin bu radikal qanadı və "beşinci kolon"un təmsilçiləri indi də ictimai rəyi yanıltmaq üçün sosial şəbəkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Onlar qələbəmizə kölgə salmağa çalışır, cürbəcür təxribatçı hərəkətlərə əl atırlar. Vətən müharibəsi dövründə ölkənin əksər siyasi partiyalarının birgə bəyanatına qoşulmayan bu qüvvələrin xain siması ortadadır. Özlərini ölkənin yeni siyasi sistemindən qərəzli şəkildə təcrid edən bu qüvvələr günün birində ümumiyyətlə, siyasət meydanını tərk edəcəklər. Biz onların irəli sürdükləri səbəbləri, arqumentləri tamamilə əsassız hesab edirik.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, onların iştirakçılığının artmasına  necə təsir göstərib?

- Qeyd etdiyiniz siyasi islahatlar və dialoq prosesi ölkə başçısının siyasi iradəsi ilə başlayıb. Ötən ilin əvvəlindən başlayaraq ölkəmizin siyasi inkişafında yeni bir mərhələnin başlanğıcı qoyulub, yeni düzənin təməli atılıb. Bu yeni düzənin əsas özəlliyi ondan ibarətdir ki, inqilabi islahatlar və yeniləşmə prosesi Prezidentin öz təşəbbüsü və iradəsi ilə başlayıb. Yəni bu prosesin hərəkətverici qüvvəsi də, baş ideoloqu da ölkənin birinci şəxsinin özüdür. Son bir il ərzində ölkənin siyasi vitrinində və siyasi partiyalarda böyük bir canlanma hiss olunmaqdadır. Partiyalar Prezidentin siyasi təşəbbüslərinə adekvat reaksiya verir və getdikcə cəmiyyətin həyatına daha fəal surətdə inteqrasiya olunurlar.

Partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına əyani misal kimi 2020-ci ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiyanın nəticələrini göstərə bilərik. Belə ki, seçkidən sonra ölkəmizdə siyasi qüvvələr arasında yeni münasibətlərin formalaşması üçün əlverişli zəmin yarandı. Müxalifətdən olan deputatların parlamentin rəhbərliyində, o cümlədən, komitə rəhbərləri səviyyəsində təmsil olunması müxalif partiyaların ölkənin siyasi proseslərində və qanunvericilik təşəbbüslərində iştirakçılıq imkanlarını artırdı. İndi partiyalar cəmiyyət üçün, ölkə üçün öz əhəmiyyətliliyini hiss etməyə başlayıblar. Partiyalar dövlətin və millətin gələcəyi üçün iqtidarla birgə məsuliyyət daşıdıqlarını aydın dərk edirlər. Bir sözlə, indi əksər partiyalar siyasi klub kimi fəaliyyət göstərməkdən qurtulub, klassik partiya anlayışına uyğun qaydalar əsasında yenidən təşkilatlanmağa və əsl siyasi partiya kimi fəaliyyət göstərməyə qərar verirlər. Bu, olduqca müsbət tendensiyadır.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz?

- Hesab edirəm ki, dialoq prosesinin dərinləşdirilməsi kursu bundan sonra da davam etdiriləcək. Çünki Azərbaycan dövlətinin qarşıda duran qlobal hədəflərin icrası üçün cəmiyyətdə konsensus və siyasi qüvvələr arasında münasibətlərdə dialoq ortamının mövcudluğu vacibdir. Təcrübə onu göstərir ki, böyük hədəflərə ölkə daxilində anlaşma, uzlaşma, konsensuns, həmrəylik olmadan çatmaq mümkün deyil.  44 günlük müharibəni Qələbə ilə bitirməyimiz də buna əyani misaldır. Postmüharibə dövründə, hərbi fazadan dinc mərhələyə keçid anında firqə maraqlarını Vətən maraqlarından önə çıxarmaq olmaz. Odur ki, iqtidar-müxalifət dialoqu bu mərhələdə mühümdən də mühümdür və bu məqamı bütün siyasi qüvvələr diqqət mərkəzində saxlamalıdır. Əlbəttə, bütün bunları bir göz qırpımında yoluna qoymaq mümkün deyil. Bunun üçün müəyyən qədər zaman tələb olunur. Zatən siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi onsuz da ötən bir il ərzində partiyaların inkişafını əngəlləyən süni baryerlərin aradan qaldırılması istiqamətində bizim təsəvvür edə biləcəyimizdən də daha artıq dərəcədə mühüm işlər görüb. Digər məsələlər də zamanla çözüləcək. Mən buna əminəm.

PƏRVANƏ

 





19.02.2021    çap et  çap et