525.Az

COVİD-19-un yayılmasında rol oynayan qüvvələr...


 

COVİD-19-un yayılmasında rol oynayan qüvvələr... <b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Şahbaz Xuduoğlu, naşir:

- Görəsən, bizdə poçt sistemi nə vaxt qaydasına düşəcək?

Əmlak Komitəsinə fevralın 2-də xəbərnamə ilə məktub göndərmişəm. Yalnız bu gün poçtdan zəng edib deyirlər ki, məktub ünvana çatdı.

Bakıdan Bakıya niyə belə uzun yol getməlidir? Rayonlara kitab göndəririk, elə bil, dünyanın o başına gedir, bir ay sonra yazırlar ki, kitabı aldıq. Özü də pis gündə. Elə bil kitablar çöl yolu ilə palçığa bata-bata gedirmiş.

Bizdən dəfələrlə böyük olan ölkələrdə məktub bir-iki günə ünvana çatır. Bu, niyə belədir? Belə ölüvay sistemlə hara getmək olar?

Müşfiq Şükürov, filosof:

- Kimdir cahil?

Qədim insan elektrik nəydi bilməzdi, bilgisayar, smartfon nədir bilməzdi. Amma...

Qədim insanın alətləri yay idi, ox idi, nizə idi. Onları itirsəydi, əl atıb yenisini bir neçə saata düzəldəcək və yaşamını davam edəcəkdi.

Müasir insan isə əlindəki smartfon qırılanda yenisini düzəldə bilməz. O, heç bilmir smartfon necə yaradılır. Kimlərsə bilir. Nəhəng cəmiyyət elm neyron sistemində kimlərsə smartfonun bir hissəsi haqda məlumata malikdir, digərləri başqa parçası haqda. Nəticədə konkret insan heç nə bilmir və həyat qarşısında köməksizdir. Cəmiyyətin biliyi var (sistem olaraq), konkret insan isə qədim insandan daha cahil və daha köməksizdir. 

Xaqani Səfəroğlu, jurnalist:

-1960-cı illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə şöbəsinin rəhbəri sabiq Sovet komsomolçusu Ruzi Nəzər olub.

Maraqlı və macəra dolu həyatı var.

SSRİ vətəndaşı olmuş Nəzər Özbəkistanda doğulub. Sovet ordusunda xidmət edib. Müharibə vaxtı ordudan qaçaraq faşistlərə tərəf keçib. Türküstan legionunun zabiti olub.

Müharibədən sonra əsir götürülüb. Son etap günü ABŞ nəzarətində olan Qərbi Almaniyaya keçə bilib. Orada kommunizmə qarşı mübarizə hərəkatına qoşulub.

Orta Asiya millətçilərinin arasına yeridilmiş Sovet kəşfiyyatçısını ifşa edib. Bundan sonra MKİ-nin diqqətini çəkib. Qurumun məxfi agenti və daha sonra zabiti olub.

1959-71-ci illərdə ABŞ-ın Türkiyədəki səfirliyində 11 il işləyib.

NATO-nun SSRİ əleyhinə yaratdığı "Qladio" hərəkatının Türkiyə təşkilatı olan "Kontrgerilla"nın yaradıcılarındandır. "Kontrgerilla" Türkiyədə marksistlərə, solçulara və SSRİ-yə rəğbət bəsləyən fəallara qarşı silahlı mübarizə aparan məxfi təşkilat olub.

1950-80-ci illərdə fəaliyyət göstərib.

Ruzi Nəzər bu qrupların hazırlanmasında, təlim-məşqlərinin və psixoloji müharibənin metodlarının öyrədilməsində mühüm rol oynayıb.

Ruzi Nəzər 1979-cu ildə İran inqilabı zamanı Tehranda olub. Girov götürülmüş ABŞ səfirliyinin əməkdaşlarının xilas edilməsi üçün tərtib olunan planın hazırlığında iştirak edib. Xalça alverçisi olan əfqan taciri adı ilə gələn Nəzər bütün vəziyyətlə bağlı məruzə hazırlayır. Bu hesabat girovları azadlığı üçün hazırlanan "Arqo" əməliyyatının uğurlu keçirilməsinə kömək edib.

SSRİ-nin Əfqanıstanda müdaxiləsi zamanı Nəzər bu ölkəyə gəlib. Burada Orta Asiyadan olan Sovet əsgərlərinin ələ alınması işini təşkil edib.

Qayıdandan sonra ABŞ hökumətinə yazdığı məruzədə israrla əfqan radikal islamçılarına dəstək verməməyə çağırıb.

1992-ci ildə vətəni Özbəkistanı ziyarət edib. Qəhrəman kimi qarşılanıb. 2015-ci ildə Tükiyədə 98 yaşında vəfat edib.

Film kimi həyatdır... 

Rövşanə Ağasəfqızı, jurnalist:

- Qara Qarayev metrosu yaxınlığında dəhşətli tıxac var. Düz iki saatdır maşını söndürüb oturmuşam, avtobus dayanacaqlarına baxıram. İlahi, adam adamın belində, avtobusa doluşmaq üçün bir-birinin başına çıxır - nə pandemiya, nə korona, nə maska. Zirək olub avtobusa keçən bəxtəvərdir. Soyuqda camaat neyləsin, nə qədər gözləsinlər? Qapıdan sallanmağa da razıdır ki, evinə çatsın...

Maşını da söndürmüşdüm, soyuq oldu. Özlüyümdə guya benzin boşuna yanmasın deyə, bahalaşandan qənaət edirəm...

Fazil Mustafa, deputat:

- Müşahidələrim onu göstərir ki, hansısa qüvvələr məqsədyönlü şəkildə, yaxud da bilmədən COVİD-19-un yayılmasında rol oynayırlar. Bu qüvvələr kimlərdir, doğrusu, bilmirəm, ancaq əlamətlərini söyləmək mümkündür.

1. Metronu aylardır bağlı saxlayanlar. Təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. Adamlar iş yerlərinə getmək üçün hamısı şəxsi minik avtomobilinə sahib deyillər. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara. Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa da, yenə də tələbatı ödəmək mümkün deyil. Yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib. İndi guya ayrıca avtobus üçün zolaqlar ağardılsa da, bu da digər avtomobillərin sıxlığına rəvac vermiş olur. Demək ki, avtobusun içindəki sıxlıqda, dayanacaqlarda saatlarla gözləməli olan vətəndaşların sıxlığında virusun yayılması üçün tam münbit şərait mövcud olur. Demək ki, bu şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metro olduğuna görə onun açılması məqsədəuyğun sayılmır.

2. Hər gün minlərlə insanın alış-veriş etdiyi və az qala, ağız-ağıza qaldığı supermarketlərdə, iri ticarət müəssisələrində, kafelərdə, restoranlarda tünlük içində virusa yoluxmaq riski daha böyükdür. Lakin heç bir ciddi yoluxma riski olmayan idman zallarında, fitnes salonlarında qapalı rejim hələ də saxlanmaqdadır. Kimlərsə insanların immuniteti gücləndirmək yolu ilə sağlamlığını qorumasını istəmir və inadla bu yerləri bağlı saxlayır.

3. Türkiyədə və başqa müsəlman ölkələrində camilər, məscidlər fərdi ibadətə açıqdır. Əlbəttə, Cümə namazı kimi kollektiv ibadətə imkan verilməsi xeyli riskli olduğuna görə, buna icazənin məqsədəuyğun olmadığını məsuliyyətli insanlarımız qəbul edirlər. Ancaq fərdi qaydada inanclı insanların ibadətinə bu cür məhdudiyyətin qoyulmasının məntiqi izahını tapmaq mümkün deyildir.

4. Toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi də müəmmalı bir yanaşmadır. Hər gün Bakının istənilən Makdonals, Mado və s. kimi iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki kəllə oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, adamlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, buyurub restoran və ya şadlıq evi sahibini cəzalandırın. Hər şeyin total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil ki?

5. Vaksinasiyanın zəruriliyi ilə bağlı inandırma prosesi laqeydləşdirmə prosesinə çevrilib və insanlarda hansısa kütləvi həssaslığı sezmək mümkün olmur. Sanki vaksinlərin də geniş şəkildə vurulmasını kimlərsə istəmir və xəstəliklə bağlı qeyri-müəyyənliyin qalmasına daha çox maraqlıdırlar. Kütləvi media quruluşlarında bu məsələ ətrafında mütəxəssislər arasında aydınladıcı müzakirələrin aparılmaması da sanki yuxarıdakı məqsədə xidmət edir.

6. Məlumat alırıq ki, mart ayında yeni dalğanın gəlməsi mümkündür. O halda vətəndaşa daha ehtiyatlı davranmaq, təhlükəyə qarşı hazırlıqlı olmaq üçün inandırıcı informasiyaları çatdırmaq lazım. Bu barədə susmaq da virusun yeni dalğasına hazırlıqsız yaxalanmamıza rəvac verən hərəkətsizlik aktı kimi anlaşıla bilər.

7. Bu iradların ardını vətəndaşlar günlük yaşadıqları sıxıntılara görə yeni bəndlər üzrə özləri davam etdirə bilərlər...

Elxan Şahinoğlu, politoloq:

- Türkiyə bölgədə təsir gücünü artırır. Türkiyənin kosmik proqramı bu siyasətin tərkib hissəsidir. Bu cür layihələr Türkiyənin İslam və Türk dünyasında çəkiciliyini artırır. Şübhə etmirəm ki, Türkiyə ABŞ, Rusiya, Fransa və ya İsrail kimi nüvə dövləti olmağı da qarşısına məqsəd qoyub. Azərbaycanın Türkiyənin böyük projelərinə şərik olması vacibdir. Misal üçün, Türkiyə kosmik proqramında Azərbaycanla əməkdaşlıq edəcəyini artıq indidən açıqlayıb. Və ya Türkiyədə bir neçə il sonra atom elektrik stansiyası istifadəyə verildikdən sonra biz də bu haqda ciddi düşünməliyik. Başqa sözlə, Türkiyə-Azərbaycan konfederasiyası elan edilmədən və bu haqda uzun-uzadı danışmadan da müxtəlif birgə layihələri sürətlə reallaşdırmaq mümkündür.

Firuz Mustafa, filosof:

- Savad yox, mütaliə yox, düşüncə yox, müşahidə yox, qabiliyyət yox, amma qamarlamaq istəyi çox və intəhasız... Hər gecə yuxuda əlçatmaz mükafatlar görür. Bəlkə də, düz edir. Axı arzunun dövlət sərhədi və ya gömrük yoxlaması yoxdur ki...

Günel Mövlud, yazıçı:

- Azyaşlı uşağa ailənin hicab bağlaması ilə azyaşlını ərə verilməsi arasında elə də ciddi bir fərq yoxdur. Birində uşağa ər, birində din seçirsən. Özü də elə bir yaşda ki, uşağın nə həyat, nə seçim, nə evlilik, nə din barədə dolğun məlumatı yoxdur və heç olmalı da deyil, çünki o yaşda onun işi təhsil almaq, oynamaq, uşaqlığını yaşamaq olmalıdır.

Norveç kimi ölkələrdə, uşaqların özünə din seçə bilmək yaşı 14-15-dir. Bu yaşa qədər uşaq heç bir dinə bağlı hesab edilmir və məntiqi olaraq da, heç bir atributikadan isitfadə etmir. Əgər uşaq ailədə hər hansı bir dini atributikanı (xaç, hicab, əmmamə) məcbur edilərsə, o valideynin axırı yaxşı olmayacaq.

Və heç bir müsəlman ailə, "qızıma məktəbdə hicab taxmağa qoymurlar, mən də qoymuram onu məktəbə getsin" deyə bir şey edə bilməz. Məktəbdən yayındırılan uşağı o valideyndən bir həftənin içində gəlib alarlar, ağlı gələr başına.

Bəs Azərbaycan kimi ölkələrdə, məktəbə hicabla gələn azyaşlının başından hicab açılmalıdırmı? Açılmalıdır, amma məsələ başqa cürdür. Bizim məktəblərdə azyaşlı qızların başından hicab açan müəllim, direktor bunu o uşağa canı yanır deyə etmir, bir əmması çıxar, kürsüsü laxlayar deyə edir.

Azyaşlının başından hicabı açmaq azdır. Azyaşlıya o hicabı taxmağa məcbur edən valideyn nəzarətə alınmalıdır. Hicaba icazə verilməyən məktəblərə qızlarını buraxmayan valideynlərdən o qızlar alınmalıdır. Müəllim də, direktor da ikicə gün məktəbə gəlməyən qızlar barəsində lazımi orqanlara xəbər verməlidirlər, çünki azyaşlını təhsildən yayındırmaq qanunsuz əməldir.

Hicablı qızın məktəbdə görünməsinə yol verməmək, təhlükəni dəf etmək deyil, təhlükəni iqnor etməkdir, görməzdən gəlməkdir. Çünki  9-10 yaşda qızların başına hicab örtən valideynlərdir təhlükə, o qızların hicabı deyil. O yaşda qızların başına hicab örtən valideyn həm o qız üçün, həm də bütün digər uşaqlar üçün təhlükədir, çünki o yaşda qızın saçının kimisə ehtiraslandırdığını düşünən adam sağlam təfəkkürdə ola bilməz, uşaq tərbiyə edə bilməz.

Hicab yox, hicaba məcburiyyət nəzarətə götürülməli, mübarizə aparılmalıdır.

 





19.02.2021    çap et  çap et