525.Az

"Gil Kitab"ın son varağı - Esse


 

"Gil Kitab"ın son varağı - <b style="color:red">Esse </b>

"Daha bu quyudan su çəkmirlər.
Nə üçün?
Çünki quyunun içi skeletlərlə
doludur".
Viktor Hüqo

Tarixi mənbələrdə Assuriyanın paytaxtı Nünəva şəhərində 20 min gil kitabdan ibarət bir kitabxananın olduğundan və yandırıldığından söhbət açılır.

Allah ilk insanı gildən (torpaqdan) xəlq etmişdir. Onda belə çıxır ki, İnsan özü də Allahın yazdığı ilk gil kitabdır!

Bəli, dünyanın ilk eposu İnsan sözüdür, İnsan özüdür. Hələ oxunub qurtarmaq bilmir. Hər dəfə hansısa səhifəsinin "itdiyi", yandırıldığı məlum olur. Və eposun oxunuşu yarımçıq qalır. Dünya yeni bir möcüzə gözləyir bəlkə? Bu eposun tam variantının (nüxsəsinin) hardansa tapılacağı zənn edilir?!

Oljas Süleymanovun "Gil Kitab"ı həmin kitabın tapılmış nüxsələrindən biridir...

***

Ərzurumun gədiyinə qar yağmışdı... Bu qar Xan Kərəmi öz yolundan qaytarmaq istədi, qaytarammadı. O, bir tərsa qızının (Əslinin) dalınca getdikcə getdi, yandıqca yandı.

...2700 il bundan əvvəl Assuriyanı diz çökdürən və orada 28 il hökmranlıq edən Oğuz soylu Xan İşpakay özü də axır ki, diz çökdürüldü.

Kimə?!

Dini dinindən, dili dilindən ayrı bir tərsa gözəlinə, bir ismətsizə, fahişəyə - Şamxata!

Guya ki, ömründə görmədiyi bir dünya gözəlinə rast gəlmişdi.

...Şeyx Sənan gürcü qızı Xumarın yolunda öz dinindən dönüb donuza gedəndə də əslində, nə tərsa qızı vardı, nə də otaracağı donuz... nə də o, özü Gürcüstan ölkəsindəydi.

O da çoxdandı, lap çoxdandı, əsrlərlə öncədən Ərzurumun gədiyindəydi!?.

***

Xan İşpakay bir ölkənin şərəfini bir ismətsizin ayaqları altına atmışdı.

Ərəbistan çöllərindən Şeyx Sənan "Gürcü qızı Xumar!" - deyə yola çıxmışdı Məcnun kimi nəzir-niyazla tapılmış Kərəm 17 ildən sonra övlad tapmış ata-anasının gözlərini həmişəlik olaraq yolda qoymuşdu.

Yolda iki aşiq görünürdü.

Şeyx Sənan və Xan Kərəmdi.

Biri dinini (Quranı) atmışdı, o biri atasını...

Yolda bir kəhər də kişnəyirdi.

İşpakay xanın sahibsiz qalmış atıydı.

Sahibi bir fahişə ilə yatmaq üçün  tanrısını atmışdı...

Qarlı gədiklərdən yan ötmək istəyirdilər.

Ötə bilmədilər!

Dünya özü Ərzurumun gədiyiydi.

Ərzurumun gədiyinə qar yağırdı...

***

Viktor Hüqo düz deyirmiş: "Taleləri gülən ən yüksək simalar çox vaxt ağla zidd olan hərəkət edirlər".

Horatsi də vaxtı ilə Roma respublikasının yıxılmasına əsas səbəb olan şeyin nəfs olduğunu açıqlayanda doğru qənaətə gəlmişdi: "Onu (Roma respublikasını) Sezarın, Antoninin və Oktavianın qılıncı yıxmadı, bu dağıntı mənəvi pozğunluğun başlanması, qədim təmizliyin, saflığın, hünərin itirilməsi nəticəsində baş verdi.

Doğrudan da, insan nəfslə mübarizədə azmı unudub zaman-zaman! Gil kitabda hər şey bu məqamla daha çox bağlıdır. Müəllif əvəlldə də, axırda da diqqəti bu istiqamətə yönəldir.

***

...İşpakay yatağa düşəndə  Şamxata (bir pozğuna) olan sevgisi ucundan düşsə də, ölümü başqa səbəblə əlaqədardı.

O, qoyub gəldiyi Oğuz ellərinin, Oğuz çöllərinin həsrətiylə can verirdi. Yovşandan ötrü ölürdü (Ona kimliyini, kökünü, türklüyünü xatırladan rəmzi bitkidən ötrü). Təəssüf ki, bunu heç kim bilmədi.

Viktor Hüqo bu cür məqamları belə qiymətləndirirdi: "Vay o adamın halına ki, ancaq bədəni, şəkli, surəti sevmişdir. Ölüm bunları onun əlindən alacaqdır. Çalışın ruhu sevin!"

***

Tarix boyu tarixçilərin və filosofların ən mühüm vəzifələrindən biri "çətin oxunan müqəddəs kitabı"oxumaqdan, "Ayın görünməyən tərəfi"ni görməkdən, yəni insanı fiziki cəhətdən deyil, pisixi və mənəvi (ruhi) cəhətdən də hərtərəfli öyrənməkdən ibarət olmuşdur.

Fransız ekzistensialisti Albert Kamü yazır ki, mən özümü bir damcı da filosof hesab etmirəm. Məni maraqlandıran yeganə məsələ hər şeydən əvvəl özümü necə aparmağı bilməkdən ibarətdir.

Müdrik və maraqlı bir fikirdir. Bu baxımdan yanaşılsa, Assuriyanı düz çökdürüb 28 il orada hökmranlıq etmiş İşpakay xan öz hökmranlığını yürütməyi bacarsa da, özünü aparmağı bacarmamışdı.

"Böyük bir imperiyanı diz çökdürən hakimin ağlı "Ehtirasların ədalətli hakimi ola bilmədi" (Helvetsi).

...Məbəd fahişəsi Şamxatın qulluğunda onun məşuqu olan bir kölə vardı, adı Pars idi. Oğuzlar şəhərə hücum çəkəndə qorxusundan həmin Pars özünü öldürdü. Qadınsa... "Sevimli məzarı torpaqla doldurdu". Bu zaman (məşuqun məzarı üstə!) Xan İşpakay onu gördü. Qadınmı görməmişdi? Gözəlmi qəhətdi?! Xəbəri yoxdu: sınağa çəkilmişdi!

...Şamxat ismətsiz olsa da, İşpakaya dərhal təslim olmadı.

"Xana dedi:
- Sənə muraz vermək istərəm,
amma bu, bizə yasaqdır.
Mən tanrım Şamaşa bağlıyam!
Sən özgə dinlisən...
Mənim bir şərtim var, əzəmətli xan,
Sındır kitabını, at ayağıma!
...Dünyanı tutmusan, fəth eylə məni!"

İşpakay uçurum önündəydi.

Bir yandan onu fahişə çağırırdı, o biri tərəfdən

"İşpakay, oyan,
Səni nəyə döndərdi azar,
Nəfsinə qul olma! - deyirdi Tenqri?"

Tenqri belə dediyi halda görün, İşpakay neylədi? "Tanrı nəyimə lazım!" - dedi

"Tfu! Lənət olsun! - dedi Tenqri, bulud altından".

Şpaka it deməkmiş. Əcdadı it (şpaka) olan Xan özgə nə cür olmalıydı ki?

Şamxat İşpakayı öz Tenqrisindən etməklə kifayətlənmir. Təzə bir hiyləyə, fitnəyə, tora əl atır. Öz Tenqrisindən keçən İşpakaya bu dəfə deyir ki:

"Mənim ağuşuma gələndə tək gəl,
Əlinə kətmən al,
qılıncını qınına qoy".

Bununla da kifayətlənmir.

"Qadın dedi!
- Sən Pars ol.
Sən onun adını özünə götür, bax, onda sənin olaram..."

İşpakay beləcə hər şeyə razı oldu.

Aldandıqca aldandı, şirnikdikcə şirnikdi. Tanrıdan səda gəldi:

" - Qılıncın bir kətmən olubdur, - dedin,
Tanrı yox, it məni doğubdur - dedin.
Utanır ulu Çöl..."

Bir sözlə, İşpakay səhv dalınca səhvə yol verdi. "Papağını, Tanrısını və həyatını itirdi".

Nə oldu sənə, İşpakay Xan?!

Niyə ayağa düşdün?

Sənin ki, ayağına döşənərdilər!?

Niyə düşdü papağın başından?!

Sənin ki, atına diz çökdürdüyün çarlar, hökmdarlar öz papağının içində yulaf yedirdərdilər?!

Bir də ki, kimin nə işi vardı sənlə? Əgər ayağına düşdüyün ismətsizə uyub doğma yurdu - Ulu Çölü unutmasaydın! Qılıncını atıb, Pars kimi, əlinə kətmən götürməsəydin!

Kimi, nəyi unutsan da, atsan da, Yovşanı unutmayaydın gərək!

Axı səni o böyütmüşdü.

Özünü unudaydın yurdu unudunca!

***

Bütün dünyanın qadınları qurban olardı sənə İşpakay xan!

Bir ismətsizin şərtlərinə baş əyməsəydin!

Böyük hökmdarların təntənəylə keçdikləri "İştar" ("Məhəbbət ilahəsi") darvazasından bundan ötrümü keçirdin?!

***

Oljas Süleymanov özünün məşhur "Az i Ya" kitabında maraqlı bir misal çəkib.

"Tükünü tökmə, tülənən Qızılquş köməksiz olur. O, nə göylərdə uça bilir, nə düşmənlərilə vuruşa bilir. Tükünü tökən dövründə o, büsbütün acizləşir".

Əsl kişinin, yaxud ərin, igidin bir ismətsizə (Şamxat kimisinə) uyması, onun qoynuna girmək üçün ona məxsus rəzil xarakterli şərtləri qəbul etməsi, yəni Tenqirisini, dinini, adını dəyişməsi - Pars olması da Qızılquşun tülənməsi kimi bir şey deyilmi?!

Qılınc əldə yox, papaq başda.

Ad da, Tanrı da özgəninki!

Bunun nəyinə Xan deyəsən daha?!

***

Mən səni ittiham etmirəm, İşpakay! Amma hər halda, Sənin tərəfində də deyiləm.

Mən məğlub olmuş ürəyin, şərəfin, papağın, qılıncın, gözünü yolda qoyduğun yurdun, çöldə qoyduğun Çölün (illah da Yovşanın!) tərəfindəyəm!

Tenqirinin - Tanrımızın tərəfindəyəm!

Mən bir anlıq doğan şəhvət hissinin yox, dərdini aldığım dərdin tərəfindəyəm.

Mən 23 yaşında belə bir əsər (faciə) yazmış Oljasın tərəfindəyəm!

***

...2700 il bundan əvvəl İşpakay şərqdə ("qırğız çölündə") çoban idi.

Xan olmuşdu. Assuriyaya qədər yol keçmişdi. Şamxat adında bir pozğuna "Qadınım" demişdi.

... 700 ildən sonra İşpakay adlı bir çoban oğuz çöllərində qoyun otarırdı.

Ruh gəlib ondan arvadı Şamxat haqqında nələrsə soruşurdu.

Çoban öz qadınını çox sevdiyini deyirdi. Amma bir zootexnikə onu qısqandığını da gizlətmirdi. Bu, nəydi belə?! Fahişə Şamxatın ruhu hələ yaşayırdımı, nəydi?!

İşpakay, Xan idi.

Şamxat adlı bir pozğuna vurulmuşdu. "Xan, bizə əvvəlki tək başçılıq eylə!" - dedi Oğuz elləri.

Xan eşitmədi.

"Qayıt, yanımıza gəl", - söylədi ulu çöllər, yovşanlı təpələr.

Xan yenə eşitmədi. Çünki fikri-zikri hələ də bir ismətsizin yanındaydı...

*** 

2700 ildən sonra İşpakay özünə gəlmişdi, özünə qayıtmışdı, öz evinə, öz eşiyinə dönmüşdü. Və dediyim kimi, indi yenə də çoban idi, öz qadını Şamxatı çox sevdiyini deməkdən zövq alırdı.

Heç bir kəsdə gözü yox idi.

Öz qadınını sevirdi, ona paltar alırdı, onu qısqanırdı (Şamxat həmin vaxt bir zootexniklə gizlicə gözləşirdi).

Şamxat dəyişməmişdi.

Şamxat həmin Şamxat idi.

İşpakaysa tam dəyişmişdi.

O, daha Xan deyildi.

Çobandı! Bir daha Xan olmaq istəməzdi.

O, indi daha güclüydü!

İndi, nədən desən, keçməyə hazırdı.

Hətta arvadı Şamxatdan da!

Ancaq yalvarsan da, bir daha Tanrısından (Tenqridən) keçməzdi.

Ayağındakı çarıqdan, əlindəki çomaqdan keçməzdi! İllah da Yovşandan, Eldən, Çöldən!

Çünki indi başındakı Xan papağı deyildi! Çoban papağıydı!

Ən azı, o papaqdan utanardı!

Çünki o papaq Tanrı yolunda qurban kəsdiyi qoçun dərisindəndi. O dəridən papaq tikdirməyə ehtiyac olmamışdı, əlinə götürən kimi dönüb papaq olmuşdu.

Öz Tanrısı göndərmişdi!

Öz Ruhu tikmişdi!

Xan İşpakayın ayaqları altda Assuriya kimi bir imperiya diz çökmüşdü.

Çoban İşpakayın ayaqları altda Ruh!

P.S "Meyxanaya oxşayan dünyanın əsl "şəklini" görmək istəyirsinizmi?

"Buyurun, baxın", - deyirdi Viktor Hüqo:

"Orda ya qorxulu skelet gəzir,
Asmışdır özünü ya da bir aşiq?!"

 





19.02.2021    çap et  çap et