525.Az

"İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirməyə çalışırıq" - Aqil Şirinov


 

"İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirməyə çalışırıq" - <b style="color:red">Aqil Şirinov</b>

Ali təhsil sistemində özünəməxsus yeri olan, dini fəaliyyət sahəsində mühüm hadisələrdən biri sayılan Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 3 il ötür.

İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkənin ali təhsilində özünəməxsus yer tutub. İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı və bununla da ölkədə ali dini təhsil yeni mərhələyə qədəm qoydu. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi də İnstitutun tərkibinə daxil edildi və beləcə, güclü bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası qoyulmuş oldu: "Din mənəvi dəyərdir. Ölkə başçısının sərəncamına müvafiq olaraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keçirilməsi, dini-mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından hər cür alqışa və təqdirəlayiq olub, ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Dünya universitetlərinin əksəriyyətində ilahiyyatla bağlı fakültələr mövcuddur. Bu, dini müxtəlif yönlərdən öyrənməyə, tədqiq etməyə xidmət edir. Din də mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca bir təhsil müəssisəsinə ehtiyac vardı. Bundan irəli gələrək Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin göstərişi ilə 3 il bundan öncə yaradıldı. Bu, təhsilimizdə böyük bir boşluğu doldurdu. İnstitutda həm savadlı dinşünaslar, həm də islamşünaslar yetişir. Gələcəkdə digər dinlərlə əlaqədar mütəxəssislər hazırlamağı düşünürük. Azərbaycan ilahiyyatçı kadrlarını artıq özü yetişdirə bilir. Müəllimlərimizin əksəriyyəti həm ərəbcə, həm də ingiliscə mühazirələr keçir".

Rektorun sözlərinə görə, rəhbəri olduğu institutda iki istiqamət - Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə tədris həyata keçirilir. Dinşünaslıq ixtisasında İslamla yanaşı, dünyada mövcud olan digər böyük dinlər haqqında, xüsusilə Yəhudilik və Xristianlıq barədə deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur. İslamşünaslıq istiqamətində isə daha çox İslamı müxtəlif aspektlərdən öyrənən fənlər tədris olunur və bu ixtisası bitirənlər din xadimi kimi fəaliyyət göstərməyə hazır olacaqlar. Eyni zamanda, İnstitutda hər iki istiqamət üzrə kifayət qədər dünyəvi elmlər tədris edilir. Tələbələrə dinləri teoloji aspektlə yanaşı, fəlsəfi, tarixi, sosio-psixoloji istiqamətlərdən də öyrətməyə çalışırıq və beləcə, dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran, həmçinin, milli köklərimizə bağlı olan mütəxəssislər hazırlamağa səy göstəririk".

Rektorun sözlərinə görə, müstəqilliyimizin ilk illərində dini sahədə mütəxəssis baxımından boşluq mövcud idi. Bu boşluğu aradan qaldırmaq üçün müxtəlif ölkələrə dini təhsil almaq üçün gedənlər də oldu. Bəzən cəmiyyətdə xaricdə dini təhsil alanların, sanki hamısını destruktiv fəaliyyət göstərən insanlar kimi təqdim etməyə çalışanlara da rast gəlirik: "Mən belə ümumiləşdirmə ilə razı deyiləm. Danılmaz faktdır ki, xarici ölkələrdə dini təhsil almış şəxslərin arasında savadı az olan və xüsusilə də dini siyasiləşdirənlər və radikallığa yönələnlərlə yanaşı, kifayət qədər bilikli, eyni zamanda, milli-mənəvi dəyərlərimizə bağlı olan insanlarımız da var. Din sahəsində savadlı mütəxəssis hazırlamaq, məncə, kifayət deyil. Savadla yanaşı, milli köklərə bağlı mütəxəssis də hazırlamalıyıq ki, destruktiv qüvvələrin qarşısında sipər ola bilək, yəni bizə savadlı milli kadrlar lazımdır. İnstitutumuz da məhz bu istiqamətdə fəaliyyət göstərir.

Aİİ-də kifayət qədər savadlı elm adamları tədrislə məşğul olur. Bizim əksər müəllimlərimiz ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilirlər. "Web of science" və "Scopus" bazaları da daxil olmaqla, müəllimlərimizin bir çox beynəlxalq akademik bazalarda indeksləşən elmi jurnallarda məqalələri dərc olunur. Bu da bizə imkan verir ki, dini təhsil sahəsində dünyanın başqa ölkələrində təhsil alanlarla müsbət mənada rəqabət aparmağı bacaran kadrlar hazırlayaq".

No description available. 

A.Şirinov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan dövlətinin qayğısı sayəsində tədris tamamilə ödənişsiz əsaslarla həyata keçirilir. Nazirlər Kabinetinin "Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında" qərarına əsasən, tələbələrə normal təqaüddən əlavə yeməkpulu da verilir: "Bəzən cəmiyyətdə az da olsa, İlahiyyat İnstitutunun tələbələrinə dövlətin bu qayğısına birmənalı yanaşmayan insanlara rast gəlinir. Əslində, dünya təcrübəsinə baxdıqda görürük ki, xaricdəki dini mərkəzlərdə bu ənənə mövcuddur. Dini təhsil alan tələbənin xərclərini ödəmək lazımdır ki, destruktiv qüvvələrə qarşı sığortalanmış olsun. Bir az əvvəl qeyd etdiyim kimi, din təkcə inanc məsələsi deyil, eyni zamanda, təhlükəsizlik məsələsidir və bu sahə xüsusi qayğı tələb edir".

A.Şirinov vurğulayıb ki, 2020-ci ilin mart ayından əyani tədris distant təhsillə əvəzləndi. İnstitut dərsləri video formatda keçməyə başladı. Daha sonra Təhsil Nazirliyi "Microsoft Teams" proqramı təqdim etdi, dərslər bu platformadan keçilməyə başlandı: "Ali təhsil müəssisələri sırasında həmin proqramı tez mənimsəyib tətbiq edənlərdən biri məhz İlahiyyat İnstitutu oldu. Dərslər cədvəllərə uyğun onlayn formada davam etdirildi. İnstitutun müəllim kollektivi əsasən gənclərdən ibarətdir və onların texnologiyaya hakimliyi prosesi ləngitmədi. Əlbəttə ki, üz-üzə təhsil daha avantajlıdır, lakin mövcud vəziyyətə uyğunlaşmaq lazımdır. İnstitut tərəfindən onlayn dərslərə nəzarət mexanizmi də yaradılıb. Bunun  üçün kafedra müdirləri dərslərə qoşulur. Həmçinin, tələbələrin təhsil problemləri ilə mütəmadi maraqlandıq, görüşlər keçirdik, təkliflərini dinlədik. İlahiyyat İnstitutu bu semestri də uğurla başa vurdu".

Rektorun sözlərinə əsasən, ölkədə din təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan İlahiyyat İnstitutu qısa zamanda bir sıra nailiyyətlər də əldə edib: "İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirmək əsas məqsədimizdir və bütün imkanlarımızla bu istiqamətdə çalışırıq. Bu istiqamətdə müəyyən işlər görülüb və proses davam etdirilir. Bir çox xarici universitetlərlə tələbə-müəllim mübadiləsi ilə bağlı müqavilələrimiz mövcuddur. Pandemiya bitdikdən sonra həmin mübadilələri birbaşa həyata keçirməyi düşünürük. Bunun əsas məqsədi qabaqcıl universitetlərin təcrübəsini öyrənmək, həmçinin, tətbiq etməkdir. Eyni zamanda, bizim instituta gələcək xarici mütəxəssislərə də yeniliklərimizi, praktiki fəaliyyətimizi göstərəcəyik. Müəllimlərimizin bir neçə dildə danışa bilməsi bu prosesin aparılmasında bizə köməklik edəcək".

Millət vəkili Ceyhun Məmmmədov deyir ki, Azərbaycan İlahiyyat İnstitutu qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkənin ali təhsilində özünəməxsus yer tutub: "İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini dövlətimizin diqqət və qayğısı ilə uğurla davam etdirir. Tarix boyu Azərbaycan xalqı İslam mədəniyyətinə mühüm töhfələr verib, bu bölgədən böyük din alimləri yetişib. Bu gün qarşımızda bu ənənənin uğurla davam etdirilməsi kimi mühüm vəzifə durur. Müasir dövrdə ölkəmizdə din sahəsinə böyük diqqət və qayğı var.  Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan din siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı göstərilir.

Din mənəviyyatla yanaşı, həm də təhlükəsizlik məsələsidir. Bu da reallıqdır ki, bu gün əksər müsəlman ölkələrində sabitliyi pozmaq üçün xarici qüvvələr din amilindən məharətlə istifadə edirlər. Bu baxımdan hər bir müsəlman ölkəsinin dini təhlükəsizliyini təmin etməsi, öz dini təhsil sistemini qurması xüsusi önəm daşıyır. O ölkələr ki, milli və dini təhlükəsizliyini təmin edirlər, onlar uğurla gələcəyə və inkişafa doğru addımlayırlar".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





19.02.2021    çap et  çap et