525.Az

Feysbuk yaradıcılığına fəal münasibətin vacibliyi - Günel Mehdizadə


 

Feysbuk yaradıcılığına fəal münasibətin vacibliyi - <b style="color:red">Günel Mehdizadə </b>

Dünyanı cənginə alan koronavirusla bağlı bütün ölkələrdə karantin şəraiti elan olundu. Azərbaycan da istisna olmadı.

Ötən ilin martında tətbiq olunan karantin dövründən bir il ötür. Karantin şəraiti bütün dünyada bütün sahələrin inkişafını ləngitdi və ləngitməkdədir. Bu, elə bir şəraitdir ki, hətta ədəbi yaradıcılığın da texniki istiqamətlərini, məzmun, mövzu kontentini fərqli bir yönə salmaqdadır. İnternet aləmi bu dövr ərzində insanların münasibət sistemində birinci sıraya keçdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkə, xüsusilə Feysbuk fəalları ənənəvi media sistemindən xeyli irəli getdi. İrəli getdi, amma bir sıra hallarda həm də saxta, yalan xəbərlərlə ictimaiyyətin qınağına səbəb oldu. Üzə çıxdı ki, Feysbuk fəallarının bir qismi yazıları ilə qələbəmizə, uğurumuza xidmət etdisə, digər bir qismi - daha dəqiq desək, savadsız qismi isə bilərəkdən-bilməyərəkdən bu qələbəyə kölgə salan statuslarla fəallıq göstərdilər. Belə "fəalların"  qarşısını almaq çox çətindir. Söz azadlığının ideal vasitəsi olan  internetin bu imkanlarından sui-istifadənin qarşısını almaq  çətindir. Amma faktlar göstərir ki, hər sahədə olduğu kimi, bu sahədə də maarifləndirmə işi çox vacibdir. Feysbuk fəallarının dəqiq, obyektiv, azərbaycançılıq, milli maraqlar sisteminə söykənən , Vətən sevgisini heç nəyə qurban verməyən qisminin status və komentləri bu sahədə həm də maarifçiliyin ən yüksək göstəricisidir. Filosof Səlahəddin Xəlilovun həyata bağlı yığcam, amma müqəddəs məzmun dolu statusları, özünün cəmiyyətə gərəkli statuslarını hətta "Qələmsiz yazılanlar" adlı kitabında toplayıb nəşr etdirən yazıçı-publisist Rəşad Məcidin fikirləri, "Şərq" qəzetinin  redaktoru Akif Aşırlının klassik dövlətçiliyimiz, tariximizdə iz qoymuş şəxsiyyətlərimizlə bağlı  yazıları, Elçin Mirzəbəyli, Rafael  Tağızadə kimi şairlərin duyğulu, Vətənə bağlı şeirləri, Yunus Oğuzun Vətən müharibəsi ilə bağlı publisistik görüşləri, APA kimi dəyərli və populyar bir Agentliyin rəhbəri Vüsalə Mahirqızının saxta xəbərçilərə birbaşa təsir edən publisitikası, "Olaylar"ın istedadlı rəhbəri Fatma Abbasquliyevanın saxta xəbərçilərə cavabları və s. Feysbuk yaradıcılığı artıq internet şəbəkəsində bir dərs rolu oynamaqdadır. İnternet fəallarımızın bu qisminə diqqətlə yanaşdıqda onların maarifçilik fəaliyyətinin əhəmiyyətini dərhal hiss etmək olur. Çox arzu edərdik ki, onların Feysbuk yaradıcılığı ilə bağlı ən azı ayrıca bir tədqiqat aparılsın, yeni yaranan Medianın İnkişafı Agentliyi onları qiymətləndirilməsi işinə ayrıca bir dəyər formatını həyata keçirsin. İnanırıq ki, Feysbukun özündə keçiriləcək bir sorğu həm şəffaflığı təmin edər, həm də ədəbi yaradıcılığın yeni və qaçılmaz forması olan "Qələmsiz yazılanlar"ın obyektiv, etik, peşəkarlıq nümunələrinin sambalını artırar, səviyyəsiz , savadsız xəbər "müəllifləri"ni doğru yola çəkmək işinə kömək edər.

 





20.02.2021    çap et  çap et