525.Az

Kölgəsiz dostluqlar - Türkan Turan yazır


 

Kölgəsiz dostluqlar - <b style="color:red">Türkan Turan yazır</b>

Dünən neçə vaxtdan bəri əlaqə saxlamadığım bir dostumla telefonla danışdıq. Söhbəti bitirdikdən sonra kişi ilə qadın dostluğunun nə qədər maraqlı olduğunu düşünməyə başladım.

Təbii ki, kişi-qadın dostluğu deyən kimi ilk olaraq ağıla ədəbiyyatın iki nəhəngi gəlir: Ernest Hemenquey və Gertrude Stein. Möhkəm dost idilər. Doğrudur, sonradan gedişat dəyişib qanlı-bıçaqlı düşmən olublar, amma hələ də aralarındakı münasibət savaşla deyil, dostluqları ilə xatırlanırlar. Münasibətləri uzun müddət davam edib. Birlikdə yeyib, birlikdə içib, hamıdan gizlədiklərini bir-birilərinə deyib, dərddaş, sirdaş, yaxşı yoldaş olublar. Yeri gələndə dedi-qodu eləməkdən də çəkinməyiblər. Bu dostluq o qədər möhkəm olub ki, Hemenquey özlərini "biz iki qardaşıq" deyə təqdim etməyə başlayıb. Sonra dostluqları pozulub, Stein kitablarından birində Hemenqueyi sərt şəkildə yerdən-yerə vurub. O da eləməyib tənbəllik, intiqam almaq üçün hərəkətə keçib və "Paris Həyat üçün bayramdır" adlı kitabında cavab olaraq Steinə "hücum" çəkib. Qüsursuz, əzəmətli görünən dostluqları sevgi ucbatından deyil, aralarındakı "yazılı müharibə" ilə sonlanıb.

Sonradan eşqə calanması belə münasibətləri adətən məhv edir. Əksəriyyət dostluqla başlayan münasibətlərin eşqlə bitdiyini düşünür. Hətta çoxumuzun beyninə uşaqlıqdan bu fikirləri doldurmağa çalışırlar. İnanan elə o vaxtdan oğlanlardan uzaq gəzməyə başlayır. Amma əhəmiyyət verməyən inadçı, höcət qızcığazlar "qadağan edilən" oğlan uşaqlarını evciklərinin, oyunlarının, əyləncələrinin yuxarı başına keçirdirlər. Əks cinslə dostluq həmişə daha sadə, daha rahat görünür. Çünki kaprizləri, "mız-mız" davranışları, dodaq bükmələri, ağız əymələri olmur. Gerçək üzlərini içərilərində gizlətmirlər. Dərdini danışdırıb içdən-içə zövq almırlar. Sevinmirlər əzab içində qıvranmağına. Demək istəmədiklərinizə hörmət edir, danışdıqlarınızı diqqətlə dinləyirlər. "Deməli, mənə demirsən, hə, etibar etmirsən hə?" deyib manipulyasiya ilə söz almağa çalışmırlar. Məsələn, yuxarıda bəhs etdiyim dostumla ən son altı ay öncə danışmışdıq. Heç görüşdüyümüz günü xatırlamıram. Amma zəng edəndə səsi ilə insanı qucaqladı və aylardır yığılıb qalan nə var, nə yoxsa elə telefondaca danışıb bitirdi. Sonra da "bax, uzun müddət yoxa çıxmağın cəzası belə çəkilir" dedi. "Səndən küsmüşəm, niyə zəng etmirsən, niyə yazmırsan" kimi məzəmmət edən bir kəlmə də demədi. Açığı, utandım. Amma sonra onun yerinə bir rəfiqəmin olduğunu təsəvvür elədim, görəsən, o da eyni reaksiyanı verərdimi? Yox!

Əks cinslə dostluq həmişə daha möhkəm olur və uzun illər davam edə bilir. Qadınlarla söhbət bir nöqtədən sonra yorucu gəlir. Aradakı çəkişmələr, gizli intriqalar, üstü örtülü üsyanlar həmişə adamı sıxır. Ona görə də, heç bir qadınla dostluğum uzun ömürlü olmur. Qaçıram arxama dönüb baxmadan. Kəsirəm aradakı bütün telləri.

Bəzi rəfiqələrə baxırsan, bir-birinin yaxasından düşmürlər, di gəl ki, bir-birini rəqib kimi görürlər. Aralarında gizli çəkişmə olduğunu yüz metrdən sezirsən. Qadınların xurcunları həmişə söz-söhbətlə dolu olur. Birdə görürsən boşaldıb süfrəyə, yenə qurub bir məclis, sıralayır tikanlı, məftilli fikirlərini.

Kişilərlə dostluq belə deyil. Onların dolambacları, ziqzaqları olmur, birbaşa, dümdüzdürlər. Onlarla sadəcə bir qadın, bir münasibət deyil, lazım olanda ədəbiyyatdan, iqtisadiyyatdan, siyasətdən də danışmaq olur.

Qadınla kişi dostluğuna dair şəffaflıq həmişə şübhə yaradıb. Ona görə də, əzəldən bəri mübahisə və müzakirə mövzusu olub. Hətta bununla bağlı xeyli elmi araşdırmalar da aparılıb. Məsələn, İngiltərə universitetlərindən birində yüzə yaxın cütlük seçilib. Onlar uzun müddət bir-biri ilə dostluq edən tələbələr olub. Aralarında dostluqdan başqa heç bir münasibət olmayıb. Araşdırmaçılar seçilən şəxslərin hər birinə ayrı-ayrılıqda sual veriblər. Qadınlardan aldıqları cavablara görə, onların kişilərlə dostluğuna daha çox inandıqlarını və bunun mümkün olduğunu müəyyən ediblər. Kişilər də təxmini eyni cavabı verib, sağlam dost ola biləcəklərini, xüsusi bir gözləntiləri olmadığını iddia ediblər, amma hər an məsələnin sevgiyə keçməyinin mümkünlüyünü də xüsusi vurğulayıblar. Başqa araşdırmalarda da bənzər nəticələr əldə edilib. Yəni qadın və kişi dostluğu mümkündür, amma bu dostluğun möhkəm olmağına və pozulmağına imkan verməyənlər yenə qadınlardır.

Bütün hallarda dostluqlar gözəldir. Yetər ki, həndəvərinə intriqa yaxınlaşmasın. Onda vəziyyət saray çəkişməsinə dönür.

 





20.02.2021    çap et  çap et