525.Az

Kitabxana Beynəlxalq Ana Dili Günü münasibətilə videoçarx hazırladı


 

Kitabxana Beynəlxalq Ana Dili Günü münasibətilə videoçarx hazırladı<b style="color:red"></b>

Ana dili! Bu, o dildir ki, analarımız həzin və məlahətli səslə bizə beşik başında həyatın ən həzin nəğməsi olan laylanı bu dildə demişdir, bu, o dildir ki, Nizami müdrikliyi, Müşfiq sevgisi, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.

Ana dili bizim ən qiymətli, müqəddəs sərvətimizdir, əsrlər boyunca öz tərkibini, ifadəliyini qoruyaraq bizə gəlib çatan doğma anamızın dilidir. Ana dili adicə bir ifadə deyil. Ana dili bizim kökümüz, kimliyimiz, milli mədəniyyətimiz, millı əxlaqımızdır.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Bizim də Azərbaycan xalqının nümayəndələri olaraq başlıca borcumuz, ən şərəfli vəzifəmiz Ana dilimizi qorumaq, onun zənginliyini hər bir sahədə tərənnüm etmək və gələcək nəsillərə ötürülməsinə yardımçı olmaqdır.

Respublika Gənclər Kitabxanası 21 fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə bu günün tarixindən, əhəmiyyətindən bəhs edən videomaterial hazırlayıb.

525.az xəbər verir ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalı fikri rəhbər tutularaq, dilin dövlət dili statusuna yüksəlməsinin millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutu olması faktı diqqətə çatdırılır. Videoçarxda Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir. Materialda bu sahədə ümummilli liderimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar öz əksini tapıb.

Bundam əlavə kitabxananın sosial şəbəkələrində Beynəlxalq Ana Dili Günü münasibətilə bu mövzuda çoxlu sayda maraqlı paylaşımlar istifadəçilərin diqqətinə çatdırılıb.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxa link vasitəsilə baxa bilərlər.

 





21.02.2021    çap et  çap et