525.Az

1905-1906 erməni-müsəlman davası - Məqalə


 

1905-1906 erməni-müsəlman davası - <b style="color:red">Məqalə</b>

Mənim Qarabağım və ya Qarabağ düyünü

(beşinci hissə)

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib.

Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

1905-1906 erməni-müsəlman davası 

2 fevral 1905-ci il Bakıda Ağarza adlı bir azərbaycanlı bir daşnakın atəşi nəticəsində öldü. Fevralın 6-da azərbaycanlı bir məhbus erməni əsgərləri tərəfindən vurulub öldürüldü. Həmin gün bir varlı azərbaycanlı da öldürüldü. Qan töküldü. Ermənilərin silahlanması müsəlmanların da silahlanmasına səbəb oldu. Qafqazda erməni və müsəlmanların yanaşı yaşadığı hər yerdə iki icma arasında etibar pozuldu, qarşılıqlı hücumlar baş verdi. Ermənilər və azərbaycanlılar hər biri Çar hökumətinin, ayrı-ayrı məmurların əks tərəfə kömək etdiyini düşünürdü, şayiələr baş alıb gedirdi.

1906-cı il fevralın 20-də Tiflis şəhərində erməni və Azərbaycan ictimaiyyəti nümayəndələri və hökumət təmsilçiləri arasında sülh danışıqları başlandı. Bu və ümumiyyətlə, 1905-1906-cı illərdə baş vermiş və "erməni-müsəlman davası" adı alan qırğınlar barədə M.S.Ordubadinin (1872-1950) "Qanlı sənələr" (Qanlı illər) adlı oçerklər küllisində ətraflı məlumat verilmişdir.

Qeyd. Bu əsər Sovet dövründə M.S.Ordubaninin heç bir kitabında yer almamışdı.

M.S.Ordubadinin, demək olar ki, stenoqram şəklində qələmə almış olduğu Tiflis danışıqları erməni-müsəlman davasının mahiyyətini anlamaq baxımından çox şey deyir. Azərbaycanlıların arandan yaylağa, yaylaqdan arana köç etməsinə etiraz edən erməni iştirakçılara azərbaycanlılar bu köçlərin mal-qara ilə dolanan xalq üçün həyati vacib olması ilə cavab verdilər; nəticədə "Köç məsələsini pozmaq əsla mümkün deyil" qərarı qəbul olundu - ən azı hələlik. Ən qızğın mübahisə fevralın 28-də keçirilən görüşdə baş verdi; azərbaycanlılar erməni terroruna son qoyulmasını tələb etdilər. "Axı biz terrorla məşğul olmuruq" deyən azərbaycanlılar dövlət məmurlarının terrordan qorxaraq ermənilərin tərəfini tutduqlarını ortaya qoydular.

Müzakirənin ən fəal iştirakçısı olan Əhməd bəy Ağayev bu məsələ barədə maraqlı fikirlər söyləmişdi. "Bir adamı, bir qulluqçunu öz millətinə xidmət etməyə və ya insafına görə iş görməkdən qorxudub vicdansızlığa, ədalətsizliyə dəvət edən terror davam edərsə, bizim vilayətdə nə azadlıq, nə hürriyyət, nə ədalət, nə də bərabərlik əmələ gələ bilər"... "Biz deyirik ki, əgər doğrudan doğruya sülh istəyirsiniz, başqa təşəbbüslərlə bərabər, gərək terroru da götürəsiniz. Buna cavabında bizə deyirlər ki, siz Daşnaksütyundan danışırsınız. Bizim əsla fikrimizdə Daşnaksütyun yox idi. Biz deyirik ki, terror götürülsün. Lakin ermənilərin xəyalına Daşnaksütyun gəlir. Görünür ki, Daşnaksütyunun bu terrorla əlaqəsi vardır"... "Cənab Xatisov öz bəlağətli və fəsahətli çıxışında aşkar dedi ki, bu Daşnaksütyun Rusiyanın böyük şəxslərinin, generallarının və hətta Qafqaz canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki, təşkil olunub və onun qoşunu, xəzinəsi, soldatı da vardır. Biz müsəlman vəkilləri bunu eşidəndə təəccüb və heyrət barmağımızı dişimizə tutub öz-özümüzə fikir etdik: İndi ki, belədir, indi ki, bir müsəlləh (silahlı - H.İ.) partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib də, nəinki əlac etməyir, bəlkə onunla həməqidədirlər, bizim istər hökumətdən, istər ermənilərdən belə partiyanın götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı edək. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun. Bizim də gərək daşnaksütyunlarımız olsun". Nəhayət, səs çoxluğu ilə qətnamə qəbul edildi: "Hökumət ciddi təşəbbüs edib terroru aradan götürsün və müsəlləh partiyaları dağıtsın".

Qeyd. Tiflis görüşündə Daşnaksütyun partiyası haqqında deyilən "onun qoşunu, xəzinəsi, soldatı da vardır" sözləri həqiqəti əks etdirirdi. Jerar Libaridyanın sözləri bu partiyanın dövlət içində terrorçu dövlət olduğunu göstərir: Qafqazdakı ümumi anarxiyadan yararlanan partiya öz ordusu, polisi, məhkəməsi, arsenalı və savaş xəzinəsi olan müəyyən növ "milli dövlət"ə çevrildi.

Firuz Kazımzadə azərbaycanlıların kütləvi məhvində Daşnaksütyunun baş təşkilatçı rol oynadığını, xüsusi quldur dəstələri düzəltdiyini vurğulayır, azərbaycanlıları səfərbər edə biləcək təşkilatın yoxluğunu qeyd edirdi: "Bir partiya olaraq məsuliyyətin əsas hissəsini Daşnaktsütyun daşıyır, çünki qırğınları həyata keçirməkdə çox zaman aparıcı qüvvə idi. Daşnaklar, Türkiyədə fəaliyyət göstərən dəstələrə bənzər quldur dəstələri təşkil edir və onlara əsasən həmin ölkədən gələn erməni qaçqınları cəlb edirdilər. Bu cür dəstələr müsəlmanlara hücum edər və çox vaxt bütün kəndlərin əhalisini tam məhv edərdi. Digər tərəfdən, azərbaycanlıların Daşnaksütyunla müqayisə oluna biləcək heç bir təşkilatı yox idi. Onlar əlaqələndirmə və plan olmadan mübarizə apardılar".

1906-cı il avqust ayı Şuşada Əhməd bəyin təşəbbüsü ilə Difai (Müdafiə) partiyası yaradıldı; partiya müsəlmanların xilasını iki vasitədən - maarifçilik və gücdən istifadədə görürdü. Partiyanın proqram sənədində Daşnaksütyuna işarə ilə qeyd edilmişdi ki, "biz ermənilərin bizim millətin xarabalıqları və külü üzərində öz rifahını qurmasına heç vaxt razı olmarıq". Bu partiya əslində, əsas günahı rus idarəçiliyində görürdü. Əhməd bəy: "Türklər və ermənilər unutmasınlar ki, rusların Qafqazda görünməsindən əvvəl onlar əsrlərlə dostcasına və xoş qonşuluq şəraitində yaşamışlar və onların qarşılıqlı münasibəti tarixində indiki hadisələrə bənzər heç nə olmayıb".

1906-cı ilin payızına kimi Qafqaz erməni və azərbaycanlıların münaqişə ocağına çevrildi. Sentyabrın 14-də sülh elan edildi. Sovet dövründə 1905-1906-cı illər erməni-müsəlman davasını "zəhmətkeşləri sinfi mübarizədən yayındırmaq məqsədi güdən Çar hökumətinin təşkil etdiyi" deyilirdi.

Müstəqillik, qırğınlar və ərazi davası. 1917-1921

22 oktyabr 1917-ci il Bakı Sovetinə seçkilərdə Müsavat partiyasının böyük üstünlüklə birinci olması bolşevikləri və daşnakları, həmçinin, menşevik və eser, rus və erməniləri qorxutdu. 18 dekabr 1917-ci il Rusiya Sovet hökumətinin başçısı V.İ.Lenin Stepan Şaumyanı Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin etdi. Bolşevik ordusunda və rəhbərliyində ermənilər üstünlükdə idi. Şaumyanın başçılıq etdiyi və böyük hissəsi ermənilərdən ibarət bolşevik ordusu və silahlı daşnak ordusu birləşib, yalnız azərbaycanlı olmaq əlamətini əsas götürüb 31 mart-1 aprel günlərində Bakıda dəhşətli qırğın törətdilər.

18 aprel 1918-ci ildə S.Şaumyan Xalq Komissarları Sovetinə yazdığı hesabatda qəsdən milli qırğın törətdiyini etiraf edirdi: "Bizim 6 min silahlımız vardı, 3-4 min də Daşnaksütyunun, hansı ki, bizim sərəncamımızda idi. Bu, savaşa milli xarakter verdi, amma bundan qaçınmaq mümkün deyildi. Biz bilə-bilə buna getdik". Bakı və ətrafını Sovet Rusiyasının bir hissəsi sayan Şaumyan müsavatçıların Bakını "Azərbaycan xanlığının paytaxtı" elan etmək istədiklərini deyirdi. Daşnak liderlərindən biri, Ermənistan Respublikasının baş naziri olmuş, bir zaman Bakıda yaşamış və çalışmış Kaçaznuni də Bakıda daşnaklarla bolşeviklərin əlbir olduqlarını deyir. "Bakıda Erməni İnqilabi Daşnaksütyun Partiyası tatarların hökmranlığından ehtiyatlanaraq, yerli bolşeviklərlə sıx əlaqələrə malik idi və hətta onlara kömək edirdi".

Daşnak gücləri qırğını Bakıdan bölgələrə keçirdilər, Şamaxı batan kimi ifadəsi adətən, Şamaxını alt-üst edən zəlzələ ilə bağlı işlədilirdı, amma bu dəfə Şamaxı ermənilər üzündən batmış oldu; 1918-ci ildə Şamaxının əhalisi 15 min idi, 1921-ci ildə orada ancaq 1700 adam yaşayırdı. Quba, Qarabağ, Zəngəzur, Nuxa, Gəncə, Xaçmaz, Lənkəran, Salyan kimi yerlərdə də qırğınlar oldu. Zəngəzurda ermənilərin hücumuna məruz qalan müsəlman əhali şərqə, Azərbaycanın nəzarətində olan yerlərə qaçdı. 

Birinci Dünya savaşı nəticəsində Rus imperiyası dağıldı, bolşeviklər hakimiyyəti ələ keçirdilər. Ucqarlarda müstəqillik mübarizəsi gücləndi, qonşu xalqların başbilənləri hökumət qurmağa, ərazilərə nəzarət etməyə çalışdılar. Osmanlı savaşı uduzan tərəfdə idi; böyük güclər və kiçik xalqlar onun torpaqlarını bölüşdürməyə girişdilər. Qafqazda elan edilən Daşnaksütyun Ermənistan hökuməti Qars və İrəvanı Ermənistan elan etdi. Gürcüstan və Azərbaycanla ərazi iddiaları uğrunda savaş başladı - Gürcüstanla qısa, Azərbaycanla uzun... Ermənilər Şərqi Anadolu, Qafqaz, eləcə də İranın şimal-qərbində çaxnaşma yaratdılar... "Daşnak hökuməti iki il yarımda üç müharibə etdi. 1918-ci ilin dekabrında Gürcüstanla müharibə cəmi üç həftə davam etdi, lakin Ermənistana saysız-hesabsız bəlalar gətirdi. Azərbaycanla Qarabağ uğrunda müharibə ermənilər üçün fəlakətli şəkildə sona çatdı. Nəhayət, 1920-ci ilin payızında Türkiyə ilə müharibə başladı, hansı ki, respublikaya, demək olar, son qoydu və Ermənistandan nə qalıbsa, onun məhvi təhlükəsini yaratdı". Qeyd. 1920-ci il sentyabrın 24-də Ermənistan ordusu "Qərbi Ermənistan"a, yəni Türkiyənin Şərq bölgəsinə hücum etdi. Əks-hücuma keçən türk ordusu Sarıkamış, Ardahan, Karsı almaqla kifayətlənməyib, Ermənistan Respublikası ərazisinə daxil oldu və Gümrünü tutdu. Noyabrın 8-də sülh şərtləri razılaşdırıldı. Türk ordusu Naxçıvana da daxil oldu.

Maraqlıdır ki, Ermənistan sovetləşdikdən sonra mühacirət həyatı keçirən daşnaklar yola getmədikləri və iddia etdikləri ərazilərdə yaşayan kürdlərin üsyan fəaliyyətindən bəhrələnmək fikrinə düşmüşdülər. Onlara elə gəlirdi ki, kürdlər uğur qazansa, ermənilərin Türkiyəyə torpaq tələbini haqlı sayacaqlar...

***

Rusiyada baş verən inqilab rus ordusunun Türkiyədən çəkilməsinə səbəb oldu. Türklər itirdikləri torpaqları geri almağa başladılar. Bu dəfə onlar qarşılarında rusları deyil, erməniləri gördülər. Bu qeyri-bərabər savaşda ermənilərin qalib gəlmək şansı yoxdu. 1918-ci ilin yanvar ayı türk ordusu Qafqaza doğru irəliləməyə başladı.

Türk İslam ordusu adı ilə birləşmiş türk və nisbətən az sayda azərbaycanlıdan ibarət nizami ordu Gəncədən Bakıya doğru irəlilədi. Bakı bolşevik və daşnak qüvvələrdən azad edildi (15 sentyabr 1918-ci il), Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Gəncədən Bakıya, ölkənin paytaxtına köçdü.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyulun 15-də Gəncədə "Avropa savaşı başlanandan bütün Zaqafqaziya hüdudlarında müsəlmanlar və onların əmlakı üzərində zorakılıqların təhqiqi üçün" Fövqəladə Təhqiqat Komissiyası yaradılması haqqında qərar qəbul etdi. Komissiya rus, alman, polyak, Litva və Azərbaycan əsilli hüquqçu və ictimai-fəal şəxslərdən təşkil olunmuşdu. Komissiyanın topladığı 3600 səhifə ətrafında materiallar 36 cild üzrə sistemləşdirilmişdi. Martın 31-də başlanan qırğın qurbanlarının dəqiq sayı məlum deyil, FTC Bakıda 11 min, sonra dəqiqləşdirib 12 min ətrafında ölüm hadisəsi olduğunu bildirdi, bölgələr üzrə sabit rəqəmlər yoxdur, Şamaxı qəzasında 10 min ətrafında, Quba qəzasında isə 2580-3280 kimi rəqəmlər göstərilir. Digər bölgələr barədə etibarlı məlumat azdır...

1917-1918-ci il hadisələri, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda Sovet hakimiyyətinin ilk addımları və ümumiyyətlə, Sovet ideologiyasından azad Azərbaycan tarixinin diqqətlə və əhatəli şəkildə öyrənilməsi və yazılması Azərbaycanda yalnız SSRİ-nin dağılma prosesi zamanı başlandı.

Daşnak liderindən böyük dərs

1918-ci ildə elan edilən Ermənistan Respublikasının ilk baş naziri və Daşnak partiyasının liderlərindən biri olan Hovanes Kaçaznuni (1867-1938) 1923-cü ildə Buxarestdə Daşnak partiyasının baş toplantısında hesabatla çıxış etdi; bu hesabat "Daşnaksütyunun görüləsi heç bir işi qalmayıb" adlı kitab şəklində dərc olundu  Bu kiçik, amma məzmunlu kitabın ruscaya tərcüməsi 1927-ci ildə Tiflisdə nəşr olundu. Bu qiymətli əsər müəllifin birbaşa iştirak etdiyi və ya yaxşı xəbərdar olduğu məsələlərin - Daşnak partiyasının Türkiyə və Qafqazda həyata keçirdiyi cürbəcür və qarışıq işlərin, Ermənistanın müstəqillik yolunun, Daşnakların buraxdığı həlledici səhvlərin təhlilinə həsr olunmuşdur. Müəllifin Ermənistan və Zaqafqaziyanın vəziyyəti və gələcəyi haqqında düşüncələri günümüzlə çox səsləşir; bu səbəbdən, onun dərsinə diqqət yetirmək faydalıdır. 

Qeyd. Kaçaznuninin əsl adı Hovanes Hovanesyan olub. O, babasının soyadı olan İgitxanyanın ermənicə mənasını - Kaçaznunini soyad kimi qəbul edib. İxtisasca memar olan H.Kaçaznuni 1893-1895-ci illərdə Bakıda mühəndis-memar vəzifəsində çalışmış, sonra yenidən Bakıya qayıtmış və 1899-1906-cı illərdə bir çox memarlıq layihələri üzərində işləmişdi. 1907-1910-cu illərdə Bakıda inşa olunan erməni apostol kilsəsinin memarı olmuşdu. İşi maliyyələşdirən zəngin şəxsin (Budaqov) adı ilə "Budaqovski kilsəsi" kimi tanınan bu məbəd SSRİ-də dini məbədlərin sökülməsi siyasətinə məruz qalanlardan biri oldu (1930). Boşalan yerdə Azərbaycan Dövlət Konservatoriyasının binası tikildi.

Keçmişə tənqidi baxış, Ermənistanın qonşuları ilə münasibətləri, gələcəyə gedən yolun doğru seçilməsi kimi vacib problemlər Kaçaznuninin 1923-cü ildə etdiyi məruzə və uyğun kitabda dərindən təhlil olunmuşdur; bu klassik əsərdən yan keçmək mümkün deyil, onun, demək olar ki, hər cümləsi diqqətəlayiqdir. Bu əsərdən alıntılar etməyi və onları, uzun-uzadı şərhlərə ehtiyac duymadan oxucu ilə bölüşmək fikrindəyəm; müəllif mətninin özü şərh və lazımi vurğularla zəngindir.

Qeyd. Kursivdən istifadə edərkən az qala bütün mətni kursivləmək istədiyimi görüb kursiv fikrindən əl çəkdim.

Kaçaznuni Ermənistanın Türkiyə ilə savaşa girməsinin böyük xəta olduğuna diqqət çəkir. "1914-cü ilin payızında, Türkiyənin hələ savaşan dövlətlər ailəsinə daxil olmadığı, amma buna hazırlaşdığı bir zamanda Zaqafqaziyada böyük hay-küy və səylə erməni könüllü drujinaları yaradılmağa başlanıldı. Erməni İnqilabi Daşnaksütyun Partiyası cəmi bir neçə həftə əvvəl Erzurumda könüllülərdən ibarət drujinalara mənfi münasibət barədə qərar çıxarmış öz qurultayının qətnaməsinin əleyhinə olaraq, həm drujinaların təşkilində, həm də onların Türkiyəyə qarşı hərbi əməliyyatlarında fəal iştirak etdi". "1914-cü ilin payızında erməni könüllü dəstələri formalaşdı və türklərə qarşı çıxış etdi, çünki başqa cür mümkün deyildi. Bu, erməni xalqına, demək olar ki, 25 il ərzində, bütöv bir nəsil boyu aşılanan psixologiyanın təbii və qaçılmaz nəticəsi idi. Bu psixologiya öz təcəssümünü tapmalı idi və tapdı".

Arzularla imkanın düz gəlməməsi, ermənilərin gücü haqqında illüziyalar, hər şeyin, o cümlədən, savaşın mərkəzində erməni maraqlarının durması, günahı ancaq kənarda, başqalarında axtarmaq, ümumiyyətlə, psixoloji tarazlığın pozulması yaxşı nəticə verə bilməzdi... "Əsasımız olmadan biz qələbəyə aludə olduq, əmin idik ki, sədaqətimizə, səylərimizə və yardımımıza görə Çar hökuməti bizə Türkiyədəki azad edilmiş vilayətlərdən və Zaqafqaziya Ermənistanından ibarət olan Ermənistanın muxtariyyətini bəxş edəcəkdir. Beynimiz dumanlanmışdı. Öz istəklərimizi zorla başqalarının boynuna qoyurduq. Məsuliyyətsiz şəxslərin məzmunsuz sözlərinə böyük önəm verirdik, özünühipnozun təsiri altında artıq gerçəkliyi dərk etmədik və xəyallara qapıldıq". "Erməni xalqının gücünü, onun siyasi və hərbi əhəmiyyətini, həmçinin, ruslara göstərdiyimiz köməyi həddən artıq yüksək qiymətləndirdik. Kifayət qədər kiçik məziyyətlərimizi dəyərindən artıq qiymətləndirərək, təbii olaraq, arzularımızı və gözləntilərimizi də şişirdirdik".

"Siyasi baxımdan yetkin olmayan və müvazinətsiz insanlara xas olan məntiqsizliklə biz bir ifratdan digərinə qapılırdıq... Çox vaxt sadəlövhcəsinə bütün müharibənin erməni məsələsinə görə aparıldığını düşünürdük. Ruslar hücum edəndə əmin idik ki, onlar erməniləri xilas etməyə gedirlər, geri çəkiləndə isə deyirdik ki, türklərə bizi qırmaq imkanı vermək üçün geri çəkilirlər. Ağır taledən acı-acı şikayətlənmək və bədbəxtliyimizin səbəbini özümüzdən kənarda axtarmaq - milli psixologiyamızın Daşnaksütyun partiyasından da yan keçmədiyi səciyyəvi cizgilərindən biridir. Ruslar bizimlə alçaqcasına rəftar etdilər inamında sanki xüsusi bir təskinlik vardı (sonralar fransızlar, amerikalılar, ingilislər, gürcülər, bolşeviklər, bir sözlə, bütün dünyanın növbəsi gələcəkdi).

Kaçaznuni 1920-ci ilin payızında Türkiyə ilə başlanan savaşa xüsusi diqqət yetirir, bu savaşa aparan siyasi, hərbi, psixoloji səhvlərdən söhbət açır. "Biz Türkiyənin hansı gücə malik olmasından məlumatsız idik və öz gücümüzə kifayət qədər əmin idik. Əsas səhv də bundadır..." "Sərhəddə artıq hərbi əməliyyatlar başladıqda türklər bizə görüşməyi və danışıqlara başlamağı təklif etdilər. Biz onların təklifini rədd etdik. Bu, böyük cinayət idi". "Sevr müqaviləsi hamını azdırmışdı". "Hökumət... qoşunların sayını artırmaq məqsədilə aramsız olaraq yeni adamları çağırır, ahıl, yorğun, ailə və iqtisadi qayğıları olanları səfərbər edir, onları tələsik silahlandırır və cəbhəyə göndərirdi. Bu insanlar hazır fərarilər idi və əsgərlərin sıralarında ruh düşkünlüyünü gücləndirirdilər".

Kaçaznuni Böyük Ermənistan arzusunun gerçəklikdən uzaq olduğunu, Türkiyə Ermənistanının artıq yox olduğunu vurğulayır, türklərlə danışıq məsələsinə toxunur, bu işi ancaq yeni adamların görə biləcəyini deyir.

"1919-cu ilin yazında Parisdə... bizim tələblərimiz təqdim edildi: ...Geniş dövlət tələb edilirdi, Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından ərəb səhralarına qədər Böyük Ermənistan". "... Erməni Parisi bu tələbi irəli sürdü..." "Artıq Türkiyə Ermənistanı yoxdur...". "Nə vaxtsa türklərlə razılaşma zərurəti yaranarsa, səhnəyə başqa təfəkkürə, başqa psixologiyaya və xüsusən də başqa keçmişə malik olan (yaxud keçmişi olmayan) başqa adamlar çıxmalıdırlar". "...Yeni şərait yeni tələblər irəli sürəcək".

Müəllif Azərbaycan və Ermənistan arasında dinc yanaşı yaşamaq məsələsinin öhdəsindən gələ bilmədiklərini, ermənilər üçün daşnakların həll edə bilmədiyi təhlükəsizlik və inkişafa görə bolşeviklərə minnətdar olmaq lazımdır - daşnaklar üçün qəribə görünən bu fikri ortaya atır.

"Azərbaycanla bu və ya digər dərəcədə məqbul modus vivendi tapa bilməyib, müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilməyib, silaha əl atmalı, qoşun çəkməli, dağıntı və qırğın törətməli olduq, hətta bunda da uğursuzluqla üzləşdik ki, bu da, şübhəsiz, hakimiyyətin nüfuzuna xələl gətirir".

Qeyd. Latınca "həyat tərzi" mənası verən Modus vivendi adətən münaqişədə olan tərəflərin, müvəqqəti də olsa, yanaşı varlığını təmin edən razılaşma əldə etməklə bağlıdır.

"Biz bolşeviklərə minnətdar olmalıyıq. Bizi devirməklə onlar bizi, deməzdim ki, xilas etdilər, amma hər halda, miras qalmış işi daha etibarlı yola qoydular". Müəllif Qafqaza təsir gücü olan iki ölkə olduğunu və Ermənistanın onlardan biri - Rusiya ilə bağlılığa çağırır. "Bu gün iki gerçək güc var və biz onlarla hesablaşmalıyıq - Rusiya və Türkiyə... başqa seçimimiz yoxdur... Əlbəttə, Türkiyə yox, Rusiya".

Kaçaznuni toplantıdakı çıxış - hesabatdan sonra bir dostundan narazılıq bildirən məktub almış, etirazlara və qoyulan suallara münasibətini cavab məktubunda bildirmiş, tənqidini erməniləri, bu bədnam milləti məhz bütün nöqsanları ilə, olduğu kimi sevdiyini vurğulamışdı. "Mən erməni vətənimi və erməni xalqını sevirəm - bu kasıb sərt ölkəni və bu cahil, kirli, niyyətini gizləyən, özünə vurğun və tamahkar xalqı. Məziyyətlərinə görə deyil, bütün eyibləri və yara-xoraları ilə birlikdə sevirəm".

Müəllif dostunun bəs nə üçün bu işə girişdik və qurbanlar verdik sualına da münasibət bildirir, səbəbi Türklər əleyhinə mahnı və romanlar yazıb xalqı mübarizəyə səsləyənlərdə və erməniləri silahlı mübarizəyə, terrora çağıran və bunun təşkilatçısına çevrilən Daşnaksütunun yaradılmasında görür. "Bu barədə biz könüllü dəstələr yaratdığımız 1914-cü ildə, ondan da əvvəl Daşnaksütyunun təməlini qoyarkən, bir az da əvvəl - Raffinin povestləri və Qamar Katipin "azad nəğmələrindən" ruhlanarkən düşünməli idik".

Qeyd. Raffi İranda, Səlmas yaxınlığında doğulmuş qatı millətçi erməni yazıçısı Hakop Melik-Hakopyanın (1835-1888) təxəllüsüdür. Samvel əsasən tarixi romanları ilə tanınmış bu yazıçının ən populyar əsəri sayılır. Qarabağ məliklərinin tarixi varlığını sürdürmələrinə həsr olunmuş Xəmsə məlikliyi əsəri vardır (1882). 1877-78-ci illər Rus-Türk savaşı erməni millətçiliyini qızışdırdı; Raffi və Qamar Katipa kimi düşmənə nifrəti artıran və hər vəchlə mübarizə apamağa çağıran şair, yazıçı və jurnalistlər meydana çıxdılar.

Dostunun böyük, güclü Ermənistan vəd etmişdiniz, o, hanı sualına cavabında artıq Türkiyə Ermənistanı və ya İki Ermənistan deyilən şeyin mövcud olmadığını, ciddi dövlət adamının artıq Birləşmiş Böyük Ermənistan fikrindən əl çəkməli olduğunu deyir. "...Sənin hələ də yarıtmaz, təmin olunmamış tələblərin var... Soruşursan ki, "vəd edilmiş" Ermənistan hanı?.. Bu tələbin indi - 1923-cü ilin yanvarında məhv edilmiş Türkiyə Ermənistanı və qalib Türkiyə üçün nə mənası var? O hansı "iki" Ermənistandır ki, birləşdirilməlidir? Heç olmasa, bir az ciddi olmağa çalışaq, axı bu, dövlət adamının birinci vəzifəsidir. "İkinci" Ermənistan artıq mövcud deyil. Bu, dəhşətli sözdür, lakin sözü deməməklə məzmunu dəyişdirmək mümkündürmü? Artıq bir erməninin də olmadığı erməni vilayətlərini türklərdən kim alacaq? Oradan türk ordularını və kürd "aşirətlərini" kim qovmalıdır?.. Gerçəklik budur - "birləşmiş Ermənistan" məzmunsuz sözdən başqa bir şey deyil".

Kaçaznuni üç Cənubi Qafqaz dövlətinin istəklərindən, onları gözləyən təhlükələrdən danışır, onların mübahisəli məsələni heç bir vasitəçi olmadan öz aralarında həll edə bilməmələrinə görə təəssüfünü bildirir. Gürcüstanın ciddi təhlükəsizlik problemi olmadığını, Azərbaycanın Qarabağ və Naxçıvandan imtina etməyəcəyini, Ermənistanın əsas vəzifəsinin isə xəyallardan əl çəkib varlığını qorumaqdan ibarət olduğunu deyir.

 





22.02.2021    çap et  çap et