525.Az

Sadə sualların mürəkkəb cavabları işığında - Yazı


 

Sadə sualların mürəkkəb cavabları işığında - <b style="color:red">Yazı</b>

Sadə sualların mürəkkəb cavabları işığında: "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud"

Ötən ilin sonu ömrünün yetmişinci zirvə məqamına qədəm qoyan görkəmli filoloq-alim və yazıçı, pedaqoq, elm təşkilatçısı, fəal ictimai xadim Kamal Abdullanın elə yubiley tədbirləri ərəfəsində növbəti kitabı - "Azərbaycançılıq və Kitabi-Dədə Qorqud" işıq üzü gördü. Bununla da, Kamal Abdullanın ömür yolunun yetmiş yaş üzərindən başlanan yeni mərhələsinin onun çoxşaxəli yaradıcılığının da növbəti yeni mərhələsi olaraq davam etməsinin ilk mesajı verilmiş oldu.

Kitabın ərsəyə gəlməsinin kiçik bir "tarixçəsi" var: müasir Azərbaycan təhsil sistemində beynəlxalq standartların tətbiqi baxımından xüsusi dəsti-xətti ilə seçilən "ADA" Universitetində 2014-cü ildə bakalavr pilləsi üçün "Azərbaycanşünaslıq" xüsusi kursu təşkil olunur. Aydındır ki, kursun məhz həmin təhsil müəssisəsində təşkili milli dövlətçilik baxımından xüsusi strateji əhəmiyyət daşıyan bir məsələdir. Çünki söhbət gələcəkdə, əsasən, diplomatik fəaliyyət sahəsində çalışacaq gənc tələbələrin yenicə formalaşmaqda olan dünyagörüşündə tarixi keçmişi və bu günü, milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, müasir siyasi idarəçilik ənənələri ilə "Azərbaycan" obrazının yaradılmasından gedir. Universitet rəhbərliyi tərəfindən bu fənnin tədrisi üçün, professor Hafiz Paşayevin öz ifadələri ilə desək, "milli-mənəvi dəyərlərimizin toplusu və ədəbi fikrimizin zirvəsi hesab edilən "Kitabi-Dədə Qorqud" dastanının aparıcı mütəxəssisi kimi" məhz akademik Kamal Abdulla dəvət edilir. Alim zəngin araşdırmalarına, bilik və təcrübəsinə, pedaqoji peşə vərdişlərinə, hətta yazıçı təxəyyülünə əsaslanaraq, ən əsası isə dünyaya, insana, vətənə, gəncliyə qarşı aşıb-daşan daxili sevgi enerjisinin işığında bir neçə il ardıcıl olaraq azərbaycanşünaslığın aktual anlayışları üzrə tələbələrlə səmimi və maraqlı söhbətlər aparır. Nəticədə, Azərbaycançılığın müxtəlif kateqorial anlayışlarını özündə ehtiva edən, bəzən də bu kateqoriyaları yaradan, sadə suallardan mürəkkəb cavablara, o cavablardan doğan yeni mürəkkəb suallara və növbəti sadə cavablara doğru yön alan, getdkcə konseptuallaşan və sistemləşən mühazirələr toplusu yaranır. "ADA" Universitetinin rəhbərliyi mühazirələrin istər elmi, istər pedaqoji, istərsə də ictimai əhəmiyyətini nəzərə alaraq, xüsusən bu təcrübənin digər ali təhsil müəssisələrində də yayılmasını təmin etmək məqsədilə onları kitab halında nəşr etmək qərarına gəlir. Beləliklə, "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" kitabı işıq üzü görür.

Olduqca sadə bir dildə qələmə alınmış, tədrisi diktə intonasiyasından daha çox, tələbələrlə səmimi söhbət üslubunda qurulmuş bu mühazirələrlə tanış olarkən əmin olursan ki, Azərbaycançılıq ideologiyası haqqında nə qədər çox tədqiqat aparılsa da, müzakirələr təşkil edilsə də, tədbirlər keçirilsə də, bu məfkurənin Kamal Abdulla interpretasiyasında yenidən nəzərdən keçirilməsi tamamilə fərqli mənəvi-intellektual effekt doğurur. Çünki Kamal Abdulla orijinal və məhsuldar elmi, bədii və publisistik yaradıcılığı, o cümlədən, yorulmaz elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti ilə son əlli illik milli mədəni-ictimai düşüncəmizin, bir az fəlsəfi ifadə etsək, "struktur özünütəşkilində tənzimləyici parametr funksiyasını və missiyasını" yerinə yetirən, bununla da sağlığında "klassikləşmə potensialı" ilə boy verən ziyalılarımızdandır. Başqa sözlə desək, əgər o, bir tərəfdən Azərbaycançılıq adlanan elmi problemin tədqiqatçı-subyektidirsə, digər tərəfdən həm də tədqiqatın əsas predmet-obyektlərindən biridir.

Məlumdur ki, Azərbaycançılıq milli-ictimai düşüncənin ayrıca bir problemi olaraq XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Azərbaycanda milli ziyalı elitasının gərgin ideya axtarışlarının, onların timsalında milli özünüdərk aktının təbii nəticəsi olaraq meydana gəlmişdir. O da məlumdur ki, ötən əsrin əvvəllərində milli-ideoloji müstəvidə ifrat qərbçilik, ifrat türkçülük və ifrat islamçılıq bir neçə dəfə Azərbaycançılığa ciddi alternativ olaraq çıxış etmişdir. Lakin bütün zahiri cazibədarlığına baxmayaraq, nə ifrat qərbçilik, nə də dərin tarixi ənənəsinə və arxetip köklərinə baxmayaraq, ifrat türkçülük və islamçılıq ayrılıqda olaraq milli ideologiya səviyyəsinə qalxa bilməmişdir. Bütün keşməkeşlərə baxmayaraq, ötən əsrin əvvəllərinin olduqca mürəkkəb, çoxqütblü geosiyasi durumunda qeyd olunan istiqamətləri öz içinə alan "kövrək" Azərbaycan ideyası və adı önə çıxmağa müyəssər olmuşdur.

 

Belə təbii formalaşmanın nəticəsidir ki, milli ideyanın bu modelində siyasi konyukturaya xidmət edən yapma və qurama heç nə yoxdur. Və belə təbii formalaşmanın nəticəsidir ki, Azərbaycançılıq ideyasından son yüzildə bir-birinin ideya-mənəvi varisi olan üç dövlət doğulmuşdur:

- Azərbaycan Xalq Cümhuriyyəti;

- Azərbaycan Sovet Sosialist Respublikası;

- Müstəqil Azərbaycan Respublikası.

Kitabda müəllif yuxarıda qeyd olunan sosial-ictimai prosesləri bir az da yazıçı təxəyyülü işığında metaforalaşdıraraq Azərbaycançılığı Azərbaycan xalqının "tale yolu" adlandırır. Müəllif bu metaforanı Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindəki Ana kitabla və Ana yolla eyniləşdirir. O, dəqiq olaraq modelləşdirir ki, indi Azərbaycançılıq kimi qavranılan məfkurənin ideya əsasında Cəlil Məmmədquluzadənin vaxtilə İran, Türkiyə və Rusiya yoluna alternativ kimi təqdim etdiyi Anamın Ana kitabında əks olunan Ana yol dayanır.

Kamal Abdullanın təqdimatında Azərbaycançılıq təliminin əsas cəhəti universalizmdir. Kitabdan oxuyuruq:

"Azərbaycançılıq fəlsəfədir. Amma ancaq fəlsəfə deyil.

Azərbaycançılıq doğma coğrafi məkan üzərində qurulur. Amma təkcə coğrafi məkan deyil.

Azərbaycançılıq siyasətdir, amma təkcə siyasət deyil.

Azərbaycançılıq psixologiyadır. Amma təkcə psixologiya deyil.

Azərbaycançılıq diplomatiyadır, ancaq ona təkcə diplomatiya da demək olmaz.

Bəs o zaman Azərbaycançılıq nədir?

Azərbaycançılıq bütün yuxarıda sadaladıqlarımızın cəmidir".

Müəllifin bu qənaətindən aydın olur ki, ideologiyanın milli ideya statusuna tam oturması üçün onun bir qrupun, firqənin dünyagörüşü olmaqdan çıxıb ümummilliləşməsi əsas şərtdir. Bu mənada Azərbaycançılıq ideologiyası universal xarakterə malikdir. Bu ideoloji kontekstdə Azərbaycanla bağlı hər şey (Kamal Abdullanın təqdimatında dil, tarix, coğrafiya, mədəniyyət, siyasət, diplomatiya) vahid bir tamın komponentləri kimi çıxış edə bilir.

Əksər tədqiqatlarda ideologiyanın gücünü daha çox etnik mütəşəkkilliyə nə dərəcədə nail olunma ilə izah edirlər. Kamal Abdulla isə qeyd edir ki, Azərbaycançılıq ideyasının ənginliyi nəinki etnik türk avanqardı ilə digər etnik azlıqları, həmçinin, müxtəlif dinləri, məzhəbləri, sosial təbəqələri də özündə birləşdirir. Müəllifin multikulturalizm və Azərbaycançılıq paralelləri dediklərimizin əyani sübutudur. Müəllif yazır: "Multikulturalizm - müxtəlif mədəniyyətlərin, mədəniyyət daşıyıcılarının bir-birinin yanında qardaş kimi yaşamasıdır. Bir-birini sevməsidir. Bir-birinə müsbət enerji verməsidir". Bütün bu qeyd olunanlardan sonra müəllif tərəfindən bütün fərqli etnik mədəniyyətləri içinə alan "Azərbaycan adlı möhtəşəm bir qəsr" metaforası faktlaşdırılır.

Kamal Abdullanın bu yanaşmalarından çıxan əsas nəticə budur ki, Azərbaycançılıq mahiyyəti etibarilə həm də multikultural bir ideologiyadır. Bu məfkurə Azərbaycanın bütün etnik qruplarını, sosial təbəqələrini, siyasi dünyagörüşündən, dinindən, asılı olmayaraq bütün zümrələrini birləşdirən, vahid mənəvi enerji sahəsi yaratmağa qadir milli ideyadır. Vahid mənəvi sahənin yaranması isə müxtəliftərəflər arasında harmonik münasibətlərin, ümummilli mənafe anlayışının yaranması deməkdir. Hər kəsə bəllidir ki, ümummilli mənafe anlayışının dərki və ictimai şüurumuzda normativləşməsi strateji xarakterli məsələlərdəndir. Buradaca Kamal Abdullanın öz yaradıcılıq üslubuna xas bir şəkildə ricətə çıxmaq istərdik.

Ricət. Qırx dörd günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, heç şübhəsiz, yalnız işğal edilmiş ərazilərimizin düşmən tapdağından azad edilməsi ilə məhdudlaşmır. Qələbə müstəqil Azərbaycanın milli kimliyini, ləyaqətini, heysiyyətini özünə qaytardı. Biz əminik ki, yaşından, peşəsindən, sosial mənşəyindən, dünyagörüşü səviyyəsindən asılı olaraq hər bir kəs Vətən müharibəsindən özü üçün bir dərs götürdü. Səmimi etiraf edək ki, Vətən müharibəsi bizimdə dünyagörüşümüzdə kardinal dəyişiklik etdi. Müharibə bizdə anidən Hegelin işlətdiyi fəlsəfi anlamında İdeyaya güclü bir inam yarandı. İlk baxışdan paradoksal görünə bilər ki, reallıqdan da qatı reallıq, materiallıqdan da qatı materiallıq olan müharibə ilə ideya arasında nə əlaqə var? Məsələ ondadır ki, biz Vətən müharibəsi timsalında İdeyanın sosial müstəvidə necə funksionallaşmasının şahidi olduq. Məsələ ondadır ki, biz İdeyanın səmada raketi, dronu, torpağın üstündə tankı, zirehli texnikanı necə hərəkətə gətirdiyinin şahidi olduq. Məsələ ondadır ki, biz İdeyanın müxtəlif etnik qruplara məxsus insanları bir yumruq kimi necə bir yerə cəm etdiyinin şahidi olduq.

Biz on ilə yaxındır ki, folklorun funksional semantikası mövzusunda sosial-antropoloji aspektdən müəyyən yazı-pozu ilə məşğuluq."Folklor milli mədəniyyət sistemində necə işləyir, nə ilə işləyir və niyə işləyir" kimi suallar bu istiqamətdə tədqiqatların əsas elmi predmetini təşkil edir. Ola bilsin ki, Vətən müharibəsinin həm də ideya funksionallaşması kimi müşahidəmiz bir az da peşə marağımızın nəticəsidir?

Bəli, bu Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan ordusu ilə bərabər, həm də Azərbaycançılıq ideologiyası (İdeya!) idi. Qələbə qazanan da Azərbaycan ordusu ilə bərabər, həm də Azərbaycançılıq ideologiyası (İdeya!) idi.

Səmimi etiraf edək ki, biz humanitarlar Azərbaycançılıq ideologiyasının elmi-nəzəri aspektlərindən nə qədər çox danışsaq da, onun funksional olaraq cəmiyyətdə necə oturuşduğunu aydın təsəvvür edə bilmirdik. Müharibə bizə belə bir həqiqəti anlatdı ki, sən demə, uzun illər ərzindəki Azərbaycançılıq ideologiyasının ictimai şüur səviyyəsində normativləşdirilməsi istiqamətində görülən işlər əbəs deyilmiş, sən demə, bu mövzunun elmi-nəzəri aspektlərinin öyrənilməsinin nə qədər böyük ictimai və praktiki əhəmiyyəti var imiş. Sən demə, fəlsəfi terminologiya ilə ifadə etsək, cəmiyyətdə"kollektiv sosial sahə effekti" çoxdan yaranıbmış, sadəcə bizim xəbərimiz yox imiş. Sən demə, doğurdan da, "Azərbaycan möhtəşəm bir qəsr" imiş... Ricətin sonu.

Kamal Abdullanın bu kitabını digərlərindən fəqləndirən özəl bir cəhəti də xüsusi qeyd etmək istərdik: adətən Kamal Abdulla bədii əsərlərində yazıçı olmaqla yanaşı, həmişə bir az da filoloq-alim stixiyası ilə iştirak edir, elmi yaradıcılığında bəzən bədii-emosional ricətlərlə boy verir. Yüksək dövlət vəzifəsini təmsil edə-edə jestləri və davranışları ilə adi bir müəllimi xatırladır, auditoriyada qəflətən mövzu sərhədlərini aşaraq ictimai problematikaya keçərək görkəmli bir ictimai xadimə çevrilir. Əgər Kamal Abdulla yaradıcılığının müxtəlif sahələrində və fəaliyyət istiqamətlərində yalnız bir fərqli keyfiyyət hesabına sintez effekti yaradırsa, bu kitabda onun yaradıcılıq və fəaliyyət istiqamətlərinin, demək olar ki, hamısı birlikdə iştirak edir.

Bu kitabda:

- "Mənim doğulduğum ev Bakıda xeyli dar, kiçik bir küçədə yerləşirdi... Bizim üçün o küçə bir dünyaya çevrilirdi. Bax o küçə də, əslində Vətən idi" - deyən Kamal Adbulla nostalji emosiyaları ilə daha çox yazıçıdır.

- "Komparativistika tarixi-müqayisəli metodun başqa bir adıdır. Bu metod vasitəsilə qohum dillər müəyyənləşdirilir və bu, onların müqayisəsini tarixi istiqamətdə, yəni qədim mənzərəsini bərpa etməklə həyata keçirir" -linqivistik informasiyanı lakonik və anlaşıqlı bir şəkildə ümumiləşdirən Kamal Abdulla peşəkarfiloloq-alimdir.

- "Heydər Əliyev Azərbaycanın canını bürümüş alovları təmkin və cəsarətlə söndürməyə başlayır. Nəhayət, buna nail olur və güclü, unitar Azərbaycan dövlətini qurmağa başlayır" - yazaraq yaxın tarixi keçmişimizin ictimai proseslərini qələmə alan Kamal Abdulla daha çox ictimai xadimdir.

- "Azərbaycan xalqının mənəvi həyatının işıqlandırılmasında böyük rolu olmuş "Kitabi-Dədə Qorqud" dastanının ən büyük məziyyəti ondan ibarətdir ki, o müxtəlif qatlarda - süjet qatında, dil qatında, bədii qatda təkcə Azərbaycan xalqının deyil, insanlıq tarixində baş vermiş möhtəşəm bir keçidin - təbiətdən mədəniyyətə keçidin körpüsü rolunu oynamışdır" - qənaətinə gələn Kamal Abdulla peşəkar eposşünas olmaqla yanaşı, həm dəsosial-antropoloji yönlü bir kulturoloqdur.

- "İnsan Vətən ola bilər, sizcə? Məncə, ola bilər. Bizim üçün əziz, doğma olan insanlar da Vətən kimidir, məsələn, ata, ana, bacı, qardaş, dostlar, müəllimlər..." - xitabı ilə tələbələrlə səmimi söhbət edən Kamal Abdulla daha çox peşəkar pedaqoqdur.

Bu silsiləni xeyli artırmaq da mümkündür. Əsas ifadə etmək istədiyimiz fikir ondan ibarətdir ki, bu kitabda Kamal Abdulla universal yaradıcılıq və fəaliyyət bütövlüyü ilə tam olaraq iştirak edir.

Adından da göründüyü kimi, Azərbaycançılıq məfkurəsinə həsr olunmuş bu kitabda "Kitabi-Dədə Qorqud" eposu əsas ağırlıq mərkəzlərindən birini təşkil edir. Niyə məhz "Kitabi-Dədə Qorqud"?

Məlumdur ki, şərti olaraq "mentalkosmos" adlandırıla bilən xalqın milli özünü təşkilində daim təkrarlanan, müxtəlif kombinasiyalarda ritmləşən dəyişməz struktur unuversumlar mövcuddur. Etnik davranışın elə qəlib-strukturları vardır ki, milli ideologiyanın elmi əsaslarla hazırlanması üçün o strukturlar geniş tədqiq olunmalıdır. Və həmin qəlib-modellər heç bir digər təsisatda olmadığı kimi, yalnız xalqın folklorunda qorunub saxlanılmışdır. Bu günün özündə belə folklor funksional imkanlarını reallaşdırma effektivliyinə görə qeyri-adi bir intensivliyə və miqyaslılığa malikdir. Folklorun funksionallıq imkanları ilk növbədə onunla şərtlənir ki, o yazı mədəniyyətindən fərqli olaraq özünü kollektiv yaddaşın hazır qəlibləri əsasında reallaşdırır, buna görə də informativ siqnalların göndərilməsi ilə sosial inteqrativ sahənin yaranmasına daha çevik nail olur. Kollektiv yaddaş mexanizmlərinə əsaslanan folklor, onun müvafiq janrları bütün digər xüsusiyyətlərlə yanaşı, xalqın dövlətçilik təfəkkürünün həm yaranma və formalaşma arealı, həm də yaranmış təcrübənin qorunduğu fonddur. Buna görə də, Azərbaycan folklor nümunələri, epik folklor mətnləri və unikal epos nümunəsi olan "Kitabi-Dədə Qorqud" xalqımızın milli-mənəvi dəyərlər sistemini, dövlətçilik ənənələrini özündə mükəmməl şəkildə ehtiva edir. Bu mənada Kamal Abdullanın Azərbaycançılıq ideologiyasının izahı kontekstinə məhz "Kitabi-Dədə Qorqud" abidəsini cəlb etməsi tamamilə təbiidir.

Digər bir təbiilik isə Kamal Abdullanın özünün elmi və bədii yaradıcılığında "Kitabi-Dədə Qorqud" dastanının tutduğu mühüm yerlə bağlıdır. Türk xalqlarının qədim eposu, möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud"un tədqiqi Kamal Abdullanın elmi yaradıcılığının əsas ana xəttini təşkil edir. O, bu əsərə qədər qorqudşünaslığa dair "Gizli Dədə Qorqud" (Azərbaycan dilində 1991, türk dilində 1995, rus dilində 2006), "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud-2" (1999), "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" (Azərbaycan dilində 2009; türk dilində 2013), "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş" (Azərbaycan dilində 2017, rus dilində 2018), "Kitabi-Dədə Qorqud-dan sökülən variant" adlı sanballı araşdırmaların və onlarla elmi məqalənin müəllifidir.

Mərhum professor Yaşar Qarayev yazırdı ki, oğuznamələrdə törə təfəkkürü, dastan şüuru, türk dövlətçilik və hüquq təlimləri (etnik "mən"in və psixologiyanın kodları və arxetipləri), bütün bunların təşəkkül, intibah və böhran məqamları geniş əksini tapmışdır.

Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"a həsr olunmuş əvvəlki əsərlərindən fərqli olaraq bu kitabda dastan daha çox professor tərəfindən yuxarıda qeyd olunan rakurslar üzrə nəzərdən keçirilmiş, bu abidənin Azərbaycançılıq məfkurəsinin əsas arxetip sütunlarından olduğu əsaslandırılmışdır. Kitabın "Hər xalqın ana kitabı", "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycanşünaslığın əsas qaynağı", "Dədə Qorqud dastanı və Yunan mifoloji motivləri" kimi fəsillərində abidə Azərbaycançılıq məfkurəsi işığında geniş təhlil edilmişdir.

Yekun olaraq qeyd etmək istərdik ki, Azərbaycanımızı tarixi və bu günü, zəngin mədəniyyəti, milli-mənəvi dəyərlər sistemi ilə mükəmməl bir universium kimi təqdim edən "Azərbaycançılıq və Kitabi-Dədə Qorqud" əsəri tarixi o qədər də qədim olmayan azərbaycanşünaslığa olduqca dəyərli bir töhfədir. Kitabda müxtəlif humanitar elm sahələrinin - dilçiliyin, ədəbiyyatşünaslığın, mədəniyyətşünaslığın, tarixşünaslığın, faktları, nəticələri, ümumi müddəaları vahid azərbaycanşünaslıq kontekstində cəm olaraq Azərbaycanın mükəmməl obrazını yaratmağa nail olmuşdur. Hesab edirik ki, belə mükəmməl obrazda elmi-intellektual və ədəbi-bədii təqdimat Azərbaycanı həm özümüzə, həm də dünyaya daha yaxından tanıdacaqdır.

Sərxan XAVƏRİ

 





22.02.2021    çap et  çap et