525.Az

"Kişi kimi qadın" və məhkumluq sindromu - Natəvan Abdulla yazır


 

"Kişi kimi qadın" və məhkumluq sindromu - <b style="color:red">Natəvan Abdulla yazır</b>

Fransız yazıçı feminist Simona de Bovuarın "İkinci cins" adlı kitabında bir cümlə var: "Qadın olaraq doğulmaq olmur, amma qadın olunur". Qız uşaqları qadın olmağı həyat boyu öyrənirlər. Hətta bəziləri qadın ola bilməmiş ana olur, bəziləri qadınlığından bixəbər olduğu halda bu rolu oynamağa çalışır, bəziləri də bunun necə bir hiss olduğunu bilmədən yaşayırlar.

Bəs qadın olmaq necə bir hissdir? Kişilər əsrlərdir qadınları anlamağın mümkün olmadığından gileylənirlər. Halbuki qadınlar özləri də bu rolun öhdəsindən gəlməkdə acizlik çəkirlər.

Dünyanın ən cazibədar qadını Monika Belluççi bir müsahibəsində ailəsindəki qadınlar haqqında danışarkən demişdi ki: "Ailəmizdəki bütün qadınların, xalalarımın, anamın, nənəmin və tanıdığım bütün həqiqi qadınların dikdaban geyindiyini və makiyajsız gəzmədiyini görmüşəm".

Bu gün dünyada gender bərabərliyi məsələsində aktiv iştirak edən insanların bəzilərinin fikirlərində qadının iş dünyasında da, məişətdə də cinsi obyekt olmaq rolundan çıxıb, rahat və sərbəst olması, öz potensialına fokslanması təbliğ olunur. Bu təbliğatın içində makiyaj, həddən artıq diqqət çəkən geyimlər, dikdabanlar qadınların bəzilərinin könüllü yox, məcburən girdikləri don kimi qəbul edilir və bunlardan azad olacaq təfəkkürə sahiblənmək üçün qadınların ilk növbədə təhsil almalarına böyük ehtiyac olduğu vurğulanır.

Mən isə Monika Belluççinin - özünü reallaşdırmış dünya şöhrətli qadının "həqiqi qadın" ifadəsinə daha çox diqqət çəkmək istəyirəm.

Bu gün bizim cəmiyyətimizin ən böyük məişət, sosial və psixoloji yaralarından biri məhz bu "həqiqi qadın" ola bilməmək sindromudur. Mən öz cinsi mənliyinə sahib ola bilməyən qadınların böyük əksəriyyətinin hər zaman bir az xəstə, əzinik göründüklərini və bədbəxt olduqlarını müşahidə etmişəm. Onlar həmişə mənə dilsiz pianinoları xatırladıblar.

Görəsən, bir çox qadınlar həqiqi qadın ola bilməyi bacardıqları halda, digərləri niyə bunu bacarmırlar?

Öz ətrafıma, xüsusilə ailəmə nəzər salıram. Bizim ailəmiz -  anamız, xalalarımız, bibilərimiz, nənələrimiz həqiqi qadın kimliyinə, yəni cinsi kimliklərinə sahib çıxa bilmişdilərmi?

Bəzi insanlar gender bərabərliyi ifadəsindən o qədər qorxurlar ki, bu düşüncənin Qərbdən idxal olunan və uşaqlarımızı cinsiyyətsizləşdirəcək, onların cinsi kimliklərini əllərindən alacaq bir ideologiya olduğunu düşünürlər. Əsrlərdir qadınlarına ucalıq rəmzi olan "kişi kimi qadın" statusu verərək onları öz cinsi kimliyindən addım-addım uzaqlaşdıran bir cəmiyyətin bu qorxusu nə qədər də gülünc görünür.

Bütün mədəniyyətlərdə qadın və kişi rollarının formalaşmasına təsir göstərən bioloji, psixoloji, sosial, hətta iqtisadi amillər olur. Bu uzun yolda qızlar və oğlanlar öz cinsi mənliklərini kəşf etməyə və özlərinə "yaraşan" bir kimlik formalaşdırmağa səy göstərirlər. Bu nöqteyi-nəzərdən baxdıqda cəmiyyətimizdəki kişilər özlərini təqdim edərkən, "mən kişiyəm" ifadəsini ağızdolusu deyə bilirlər və bunun haqqını vermək üçün də əllərindən gələni edirlər. Amma gəlin bir də qadınların öz cinsiyyətini təqdim etmə şəklini görün: "Anayam, filankəsin həyat yoldaşı, arvadıyam, bu kişinin qızı, onun bacısıyam, mən kişi qeyrətli, kişi kimi qadınam".

 

Hər bir insan mən, şəxsiyyət kimi yaşadığı cəmiyyətdə davamlı məruz qaldığı təsirlər, əhatəsində olduğu fikir və düşüncələr sayəsində formalaşır. İnsanın mənliyi formalaşarkən başqaları tərəfindən qəbul edilməyən, ayıb sayılan davranışlar, duyğular ya dəfn olunur, ya da tamamilə yox edilir. Əgər qadın kimi qadın olmaq anlayışı - gülüş, qəhqəhə çəkən, dəli-dolu, çılğınlıq cəmiyyət üçün qəbuledilməz, ayıb hesab edilirsə, qız uşağı da daxilindən gələn bu hissləri yavaş-yavaş öldürməyə başlayır. Cinsəlliklə bağlı duyğular ayıb sayılırsa, qadağan olunursa, danışılmasına, ifadə edilməsinə icazə verilmirsə, bu duyğularımız, həyəcanlarımız yoxmuş kimi davranmağa məcbur qalırıq. Beləcə, milyonlarla gənc qız, qadın cinsi kimlik, qadın mənliyi formalaşdırmağa çalışarkən tərəzinin bir gözünə "yüngül qadın"ı, digərinə "kişi kimi qadın"ı qoyur və ona öyrədilən doğru və yanlış qəliblərə uyğun olaraq bunlardan ən ağır gələnini seçir. Bir çoxları üçün isə bu seçim qaçılmazdır: "Yüngül qadın olmayacağıma görə, kişi kimi qadın olmalıyam".  Beləliklə, onun həyatını və daxili ailəmini də cəmiyyət tərəfindən qəbul olunmaq arzusundan irəli gələn bu qeyri-iradi seçim formalaşdırır. Bu, cəmiyyət tərəfindən ali bir mərtəbə olaraq qəbul olunsa da, əslində, qadın psixologiyasını, xasiyyətini parçalayan, yox edən bir təhlükəyə zəmin yaradır. Axı, qadın genetikası, qadın ruhu onun arzu və istəkləri cəmiyyətin qəliblərinə ziddir. Qadın mümkün qədər az diqqət çəkməli, başıaşağı olmalı, qəhqəhə çəkməməli, gülümsəməli, qətiyyən seks haqqında danışmamalı, cinsi istəklərini və bu haqda fikirlərini özünə saxlamalı, belə fikirləri mümkün qədər ağlına belə gətirməməlidir. Yalnız bu halda o qadın yaxşı qadın hesab edilə bilər. Qadınlar da şəxsiyyətlərini qəbul etdirmək üçün başqalarının təsdiqinə ehtiyac duyaraq öz təbii duyğularından uzaqlaşır, başqalarına hörmətsizlik olmasın deyə ən böyük hörmətsizliyi özlərinə edir, beləcə, əsl mənliklərindən, qadınlıqlarından uzaqlaşırlar.

Bu uzaqlaşma zamanla bəzi qadınların xarici görünüşündə, imicində də aydın şəkildə görünür. Onlar sanki qadın olduqlarına üsyan edirmişcəsinə kişi cildinə girirlər. Bəziləri hətta qadın kimi geyinsə, bəzənsə də, daxili ailəmlərində qadın kimliklərini itirmiş olurlar. Onlar yetkinlik yaşına çatdıqdan sonra cazibədar görünsələr də, artıq heç bir cinsi istəkləri qalmır.

Bunun bariz sübutu günümüzdə mühafizəkar cəmiyyətlərdəki qadınların vaginizm problemindən əziyyət çəkməsidir. Danılmaz, qaçılmaz reallıq olan bu psixoloji sarsıntının təməlində dayanan səbəblərdən biri də elə "kişi kimi qadın" olmaq sindromudur. Bu qatı mühafizəkarlığın qadınlarda yaratdığı patoloji problemin əsasında nevroloji xarakterli pozğunluqlar dayanır. Qadınlar sevərək evləndiyi halda belə, yataqda istədikləri intim həyatı yaşaya bilmirlər. Çünki o yatağa girən təkcə iki nəfər olmur. O yataq otağında qadını izləyən cəmiyyətin əxlaq stereotipləri, qardaşı, atası, əmiləri, anasından, nənəsindən illərlə eşitdiyi ismətli qadın fikirləri, namus-qeyrət və bu kimi icma dəyərləri də olur. Məhz bu problemin yüzlərlə gənc ailənin dağılmasına, kişi xəyanətlərinə, qadının özünü əskik, yarımçıq, xəstə, halsız, depressiv hiss etməsinə səbəb olduğu fakt və reallıqdır. Son illərdə ginekoloqların, seksoloqların bu mövzuda maarifləndirmə işləri aparmasıyla birlikdə bir çox gənc qadın məhz bu problemdən əziyyət çəkdiyini anlaya, uyğun psixoloji müalicə ilə ailəsini dağılmaqdan xilas edə, özünü həqiqi qadın kimi hiss edə bilib. Yaxın iyirmi ilə nəzər salsaq, Şərq kişilərinin Qərb qadınlarına bu qədər meyl etməsinin də səbəblərindən birinə beləcə aydınlıq gətirmiş olarıq.

No description available.

Mən bu yazılarda ölkəmizdə gender bərabərsizliyinin ailədə, məişətdə, sosial həyatda, hətta sosial-iqtisadi sferada necə böyük mənfi təsirlərə səbəb olduğunu tək-tək araşdırmağa, mövcud durumun daha dərindən anlaşılması məqsədilə məsələyə ayrı-ayrı mövzular kontekstində diqqət yönəltməyə çalışıram. Və qətiyyən istəməzdim ki, bu araşdırmalardan çıxarılan nəticələr degenerasiya, əxlaqsızlıq və özbaşınalığın təlqini kimi anlaşılsın. Yəqin razılaşarsınız ki, hər şeydə insan həyatını asanlaşdıracaq qızıl orta prinsipini gözləmək qarşılıqlı münasibətlərdə ən məqbul variantdır. Əgər valideyn qız övladlarına kişi kimi qız olmağı təbliğ edirsə, bu, həmin qız uşağının psixoloji olaraq sünnət olunması deməkdir. Qeyd edim ki, bəzi Afrika və Yaxın Şərq ölkələrində hələ də qız uşaqlarını heç bir cinsi istək hiss etməmələri və "pak qalmaları" üçün sünnət edən insanlar var. Bu paklıq isə onların fiziki və psixoloji sağlamlıqlarını itirməsi bahasına başa gəlir. Anlamalıyıq ki, xüsusilə bəzi bölgələrdəki ailələrdə illərdən bəri hələ də davam edən qatı mühafizəkarlıq və onun səbəb olduğu deformasiyalar, bitməyən ailədaxili münaqişələr, psixoloji sarsıntılar, isterikalar, danışılan yalanlar, gizli eşqlər, qadınların əxlaq simvoluna çevrilməsi məsələləri - bunlar hamısı lokal icma dəyərləridir. Biz isə yeni nəsil olaraq o qədər maariflənməli, özümüzü elə yetişdirməliyik ki, övladlarımızın ruhu bu qatı icma dəyərlərinin qaranlıqlarında boğulmasın. Buna görə də, gender bərabərliyindən qorxmaq lazım deyil. Bu, insan hüquqlarına yüksək ehtiram ifadəsidir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





22.02.2021    çap et  çap et