525.Az

Rus dilində danışanlar cəzalandırılacaq - Xaqani Cəfərlinin yazısı


 

UKRAYNADA RUSİYA TƏSİRİNƏ QARŞI MÜQAVİMƏT GÜCLƏNİR

Rus dilində danışanlar cəzalandırılacaq - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Rusiyayönümlü təbliğatı ilə fərqlənən üç televiziya kanalının bağlanmasından sonra, Ukraynada növbə rus dilinin təsir dairəsinin azaldılmasına çatıb. Hələ 2019-cu ildə qəbul olunmuş, lakin bu günə kimi təxirə salınan "Ukrayna dilinin dövlət dili kimi işləməsinin təmin edilməsi haqqında" qanuna görə, xidmət sahələrində rus dilinin işlədilməsi bundan sonra cəzaya səbəb olacaq.

Ötən ay qüvvəyə minən qanuna görə, iyul ayından başlayaraq həyatın bütün sahələrində, təhsil, idman, səhiyyə, mədəniyyət, ticarət obyektlərində rus dilində danışan şəxslərə pul cəzası kəsiləcək. Məsələn, supermarketdə və ya aptekdə rus dilində müraciət edən şəxs 5100 qrivna (354 manat) ilə  6800 qrivna (415 manat) arası cərimələnəcək.

Ukrayna dünyada çox azsaylı ölkələrdən biridir ki, rəsmi dövlət dilinin işlənməsinin tətbiqi ilə bağlı qanun qəbul olunub. Eyni zamanda, ölkədə dövlət dilinin fəaliyyətini tənzimləyən "Dövlət dilinin qorunması üzrə müvəkkil" vəzifəsi mövcuddur. Hazırda dövlət dilinin qorunması üzrə müvəkkil vəzifəsini yerinə yetirən Taras Kremin qanunun tətbiqində ciddi problemlərin olmayacağını desə də, ekspertlər narahatlıqlar üçün ciddi əsasların olduğunu bildirirlər. Məsələ ondan ibarətdir ki, 1992-ci ildən ötən 28 ildə cəmiyyətdə Ukrayna dilində danışanların sayı cəmi 10 faiz artıb. Böyük şəhərlərdə isə vəziyyət daha da pisdir. Ukraynanın elə böyük şəhərləri var ki, rus dili dövlət dilini ciddi şəkildə üstələyir. Böyük şəhərlərdəki xidmət sahələrində rus dili Ukrayna dili qarşısında əzici üstünlüyə malikdir. Dövlət dilinin qorunması üzrə müvəkkil Taras Kremin bu vəziyyətin "Ukrayna dilinin dövlət dili kimi işləməsinin təmin edilməsi haqqında" qanunun tam şəkildə tətbiqilə dəyişəcəyini bildirir. Ukraynanın hakim dairələrində hesab edirlər ki, dövlət dili məsələsi artıq milli təhlükəsizlik məsələsidir. Bu məsələ Rusiya ilə müharibədən sonra daha da aktuallaşıb. Doğrudur, Rusiya ilə müharibə rus dilində danışanların sayını azaldıb. Amma yenə də rus dili Ukrayna cəmiyyətində hələ də çox yayğındır. Məsələn, sosial şəbəkə istifadəçilərinin yalnız 16 faizi Ukrayna dilindən istifadə edir. Rus dilinin əzici üstünlüyü ictimai rəyə təsir etməklə yanaşı, milli kimliyin formalaşmasına da mənfi təsir göstərir. Milli kimliyin formalaşmaması isə milli təhlükəsizliyin təmin edilməsi yolunda ən böyük problem hesab olunur.

Sovet İttifaqı dağılan zaman Ukrayna kimi rus dilinin yerli dildən üstün olduğu Qazaxıstanda bu problem qismən öz həllini tapıb. Bu, bir tərəfdən rusdillilərin Qazaxıstanı tərk etməsi, digər tərəfdən kəndlərdən şəhərlərə böyük köçün gerçəkləşməsi nəticəsində baş verib.

 

Ukraynada isə oxşar proses baş vermədiyi üçün rusdillilər cəmiyyətdə öz üstünlüyünü saxlayırlar. Bunun nəticəsidir ki, Ukraynada rəyi soruşulanların 35 faizi "Ukrayna dilinin dövlət dili kimi işləməsinin təmin edilməsi haqqında" qanun tətbiqinin əleyhinədir.

Rəsmi Kiyevin Rusiya təsirinə qarşı mübarizəsi son bir neçə ayda xeyli güclənib. Rusiyayönümlü təbliğatı ilə seçilən televizya kanallarının bağlanması, iş adamının bank hesablarının dondurulması və iqtisadi fəaliyyətinin qadağan edilməsi, dövlət dilinin tətbiqinin genişləndirilməsi və ordunun gücləndirilməsi Rusiya təsirinə qarşı mübarizənin elementlərindəndir.

Eyni zamanda, Ukrayna rəsmilərinin Rusiyaya yönəlik ritorikasında da dəyişiklik baş verib. Donbasdakı münaqişənin həlli üzrə qrupda Ukrayna nümayəndə heyətinin başçısı olan sabiq prezident Leonid Kravçuk bəyan etmişdi ki, münaqişə zonasındakı bütün təxribatlara cavab verilməlidir. Eyni zamanda, rəsmi Kiyev Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın Rusiyaya qarşı təzyiqlərini gücləndirməsinə çalışır. Kiyevin son iki ayda atdığı addımlardan belə qənaət yaranır ki, Ukrayna Rusiya ilə qarşıdurmadan çəkinmir. Əksinə, sanki Ukrayna Rusiyaya meydan oxumaq yolunu tutub. Rəsmi Kiyev Rusiyanın nəzarətində olduğu ərazilərini geri qaytaracağı ilə bağlı açıq bəyanatlar verməyə başlayıb. Rusiya prezidenti Vladimir Putinin ölkəsinin aparıcı media orqanlarının rəhbərləri ilə görüşündə Donbasdakı insanlara sahib çıxacaqlarını açıqlaması, bu açıqlamnın ictimailəşdirilməsi Moskvanın Kiyevə cavabı kimi qəbul olunmalıdır. Məsələ ondan ibarətdir ki, prezident Putinin baş redaktorlarla görüşündə səslənən fikirlər ancaq Kremlin razılığı ilə yayıla bilər. Kremlin razılığı olmayan heç bir məlumat ictimailəşdirilə bilməz.

Aydın görünür ki, Ukraynanın Rusiya təsirlərinə qarşı mübarizəsi gücləndikcə bu iki ölkə arasında yeni hərbi münaqişə ehtimalı daha da artır. Hətta ciddi diplomatik addımların atılmayacağı halda yeni münaqişə qaçılmaz görünür. Rus dilində danışanlara böyük pul cəzalarının kəsilməsi Rusiya ilə Ukrayna arasında hərbi münaqişəni alovlandıracaq qığılcım ola bilər. Ancaq belə görünür ki, Ukrayna bundan çəkinmir. Hətta rəsmi Kiyevin şüurlu şəkildə bu istiqamətdə addım atdığı qənaəti yaranır. Bu isə qarşıdakı aylarda Ukrayna-Rusiya münasibətlərində gərginləşmənin yüksələcəyini proqnozlşdırmağa imkan verir.

 





22.02.2021    çap et  çap et