525.Az

Hava şəraiti ilə bağlı Şəmkir-Gədəbəy avtomobil yoluna diqqət artırılıb


 

ƏLAQƏDAR QURUMLAR BUZBAĞLAMA ƏLEYHİNƏ İŞLƏR APARIRLAR

Hava şəraiti ilə bağlı Şəmkir-Gədəbəy avtomobil yoluna diqqət artırılıb<b style="color:red"></b>

Son günlər hava şəraitinin kəskin dəyişməsi xüsusən dağlıq rayonlarımızda nəqliyyat-kommunikasiya işlərinin xüsusi diqqətdə saxlanılması zərurəti yaradıb.

Qərb bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava dağ yolları ilə gediş-gəlişi də çətinləşdirib. Bu hal Şəmkirdən Gədəbəyə gedən avtomobil yolunda, xüsusən də onun aşırım hissəsində özünü daha qabarıq şəkildə göstərib. Odur ki, yol təsərrüfatı qurumlarının işçiləri üç gündür ki, Şəmkir-Gədəbəy yoluna səfərbər olunub.

Qarın və şaxtanın yarada biləcəyi halların qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə Şəmkirin müvafiq strukturları rayon ərazisində, xüsusilə də aşırımda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirirlər.

Əlbəttə, qarlı yollar ilə hərəkət edən avtomobillərin sayında kəskin azalma hiss olunur. Yol polisi tərəfindən Şəmkirdən Gədəbəyə, eləcə də əks istiqamətə hərəkət edən avtomobil sahiblərinə daha diqqətli olmaq haqda xəbərdarlıq edilir. Həmçinin, yolda çətinliklə üzləşmiş sürücülərə də yol boyu təmizləmə işləri ilə məşğul olan işçilər tərəfindən kömək edildiyinin şahidi olmaq mümkündür.

Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətində xüsusi komissiya yaradılıb, müvafiq qurumlarda işçi heyət, xüsusi texnika, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı hazırlanıb.

"Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən xüsusi növbətçilik yaradılıb. Vətəndaşlar tərəfindən daxil olan müraciətlər operativ şəkildə yerində araşdırılır və dərhal tədbirlər görülür. Şəmkir-Gədəbəy yolunda, xüsusi ilə də aşırımda hal-hazırda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur", - deyə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev bildirib.

Sərt hava şəraiti Şəmkir və Gədəbəyin dağ kəndlərinin elektrik və qaz təsərrüfatlarında heç bir fəsad yaratmayıb.

Zakir MURADOV
Şəmkir

 





20.02.2021    çap et  çap et