525.Az

Dini konfessiyaların rəhbərləri dünya ictimaiyyətinə müraciət ediblər


 

Dini konfessiyaların rəhbərləri dünya ictimaiyyətinə müraciət ediblər<b style="color:red"></b>

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.

525.az həmin müraciəti təqdim edir:

"Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri XX əsrin ən qanlı faciələrindən biri olan və insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinə müraciət edirik.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib. Xocalıda insanlıq əleyhinə yönələn ən ağır cinayətlərdən sayılan məqsədyönlü soyqırımı aktı Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklərinin kulminasiya nöqtəsi idi. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, fiziki və mənəvi terror, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi - Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın təcavüzkar siyasətinin nəticələri idi.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Ermənistan silahlı qüvvələri azərbaycanlı hərbçilər, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan silahlı qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi, 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsi gedişində Ermənistan ordusu Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirdi. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar Ermənistan Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan atəşə tutdu. 11 nəfəri uşaq olmaqla 94 mülki şəxsin qətlə yetirilməsi, 414 dinc sakinin yaralanması, 2465 yaşayış evinin, 97 çoxmənzilli binanın, 495 mülki obyektin dağıdılması, mahiyyət etibarilə, soyqırım siyasətinin davamı oldu. Ermənistanın atəşkəs imzalanmasından sonra minalanmış ərazilərin xəritəsini təqdim etməməsi insan tələfatında maraqlı olan Ermənistanın aqressiv xislətini səciyyələndirən daha bir nümunədir. Ermənistan tərəfinin 30 il ərzində torpağa basdırdığı minalar səbəbindən yüzlərlə mülki şəxs qurbana çevrilir - həyatını itirir, ömürlük əlil olur.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan Azərbaycana qarşı işğal, etnik təmizləmə, soyqırımı ilə yanaşı, mənəvi təcavüz və mədəni irsə qarşı genosid həyata keçirib. Xarici müşahidəçilərin qeyd etdikləri kimi, vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərləri işğal dövründə ruhlar məkanına çevrilmiş, yandırılmış torpaq siyasətinə məruz qalmış ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələr yerlə yeksan edilib. Qəsbkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 tarixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılmış və talan edilmiş, əsarətdə qalan xristian kilsələri qriqoryanlaşdırılmış, məscidlər tövləyə çevrilərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərinə məruz qalıb. Qəsbkarlar işğal etdikləri ərazilərdə erməni izi yaratmaq məqsədilə Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirib, qriqoryanlaşdırıblar. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Təəssüflər olsun ki, hazırda Ermənistanın siyasi, ictimai və dini dairələri yenə də erməni terrorçuları və ekstremistlərinin faşizm xislətli əməllərinə dəstək verməklə öz xalqını yeni savaşlara təhrik edirlər.

Otuz ilə yaxın müddət ərzində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Lakin təəssüf ki, bəziləri Ermənistanın yalançı təbliğatına uyaraq, bu dəhşətli cinayətə etinasız yanaşırlar. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin hüquqi-siyasi qiymət almamasında bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terrorizm və ekstremizm üçün zəmin yaranır. Erməni terrorçuları törətdikləri hərbi cinayətlərə görə hələ də beynəlxalq məhkəmələrdə mühakimə olunmamış, layiqli cəzalarını almayıblar. Xocalı soyqırımında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur. Bu soyqırımını törədən, öz xalqını işğalçı müharibəyə sürükləyən, erməni irqçi-faşist ideologiyasının banisi Njde Qareginə abidə ucaldan irqçilərin ədalət qarşısında cavab vermək zamanı gəlib çatıb!

Azərbaycan dindarları və din xadimləri ölkəmizin ərazi bütövlüyünün bərpası, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirlər. Biz bütün dünya xalqlarına sülh, əmin-amanlıq və rifah arzulayırıq. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, BMT və digər beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə müraciət edərək Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi təcavüzü və vəhşiliklərə hüquqi-siyasi qiymət verməyə, Holokost, Ruanda, Srebrenitsa kimi, Xocalı faciəsini də bəşəri cinayət - soyqırımı aktı kimi tanımağa çağırırıq.

Eyni zamanda, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın nəhayət bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni apostol kilsəsi bu istiqamətdə fəal çalışmalı, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir.

Qoy, Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili və Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski imzalayıblar.

 





23.02.2021    çap et  çap et