525.Az

Əsgər Əhməd: "Bu yazarlar yaşına yaraşmayan ifadələr işlədirlər"


 

Əsgər Əhməd: "Bu yazarlar yaşına yaraşmayan ifadələr işlədirlər"<b style="color:red"></b>

"BU ŞƏXSLƏRİN O ZİYALILARA ÇAMUR ATMAĞA HAQQI BELƏ ÇATMIR"

Son dövrlər vətənpərvərliklə bağlı cəmiyyətdə sanki bir qədər durğunluq müşahidə edilir. Qarabağ müharibəsi dövrü ilə müqayisə apardığımız zaman hazırda vətənpərvərlik təbliğatının daha aşağı səviyyədə olduğunu tərəddüdsüz söyləyə bilərik. Müharibə şəraitində yaşadığımızı nəzərə alsaq, bu, heç xoşagələn məqam kimi diqqəti cəlb etmir. Düzdür, bu sahədə dövlət üzərinə düşən işi həyata keçirir, lakin ziyalıların bu hərəkata qoşulmasında bir axsama olmamış deyil. O dövrü xatırlayanların yaddaşında ziyalılarımızın müntəzəm olaraq döyüş bölgəsinə səfəri, eləcə vətənpərvərliklə bağlı müxtəlif addımlar atması yaxşı qalar. Məhz bütün bu digər məsələlərlə bağlı tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhmədlə söhbətləşdik. Ə.Əhməd Qarabağ müharibəsi zamanı dəfələrlə döyüş bölgəsinə səfər edən vətənpərvərliklə bağlı geniş təbliğat aparan ziyalılarımızdandır.

 - Əsgər müəllim, ölkədə vətənpərvərliklə bağlı təbliğatın istənilən səviyyədə olmadığı müşahidə edilir. Qarabağ müharibəsi dövrü ilə müqayisə apardığımız zaman bunu aşkar şəkildə görürük. Xüsusilə ziyalıların bu sahədə bir passivliyi var...

- Hazırda vətənpərvərlik təbliğatı ilə bağlı sıxıntıların olduğunu çəkinmədən söyləyə bilərik. Bu sahədə dövlətin apardığı siyasət təqdirəlayiqdir biz bunu qınaya bilmərik. Lakin bu təkcə dövlətlə bitmir, buna ziyalılar, ictimaiyyət nümayəndələri dəstək olmalıdırlar. Başqa sözlə desək, vətənpərvərliklə bağlı geniş təbliğatın aparılmasında ziyalıların üzərinə böyük düşür. Həqiqətən müharibə illəri ilə müqayisədə hazırda sözügedən məsələdə ciddi sıxıntılar var. Sanki bir çox ziyalılarımızda bu məsələdə ruh düşkünlüyü, durğunluq müşahidə edilir. Bunun nədən qaynaqlandığını söyləmək bir qədər çətindir. Amma nəzərə alsaq ki, müharibə şəraitində yaşayırıq, o zaman belə yanaşmanın xoşagələn olmadığını söyləyə bilərik.

- Bunun əksinə müharibə dövründə, ziyalılarımızın döyüş bölgəsinə müntəzəm olaraq səfərləri olurdu. Sizin, eləcə digər ziyalılarımızın bu səfərlərdə iştirak etdiyini bilirik...

- Həqiqətən o vaxt Mədəniyyət İncəsənət Fondu Kamal Abdullanın rəhbərliyində qabaqcıl Azərbaycan ziyalılarını bir araya toplaya bilmişdi. O dövrdə mədəniyyətə, incəsənətə bir o qədər diqqət ayrılmırdı. Məhz bu fond o dövrkü mədəniyyət incəsənət xadimlərinə xüsusən bu sahənin yaşlı nümayəndələrinə təqaüdlər təyin edirdi. O dövrdə Kamal müəllim bir komissiya yaratmışdı mən həmin komissiyanın üzvü idim. Biz bu komissiya ilə vətənpərvərlik baxımından bir çox işlər həyata keçirirdik. O zaman Almaniyadan xeyli sayda dərman gətirilmişdi. Xəstəxanalar bu dərmanları dağıtdığı üçün biz onları birbaşa cəbhə zonasına aparırdıq. Qarabağa səfərlərimiz zamanı biz bu dərmanlarla yanaşı, vətənpərvərlik marşlarını, himnimizi kasetlərə yazaraq yerlərdə insanlara, habelə döyüş batalyonlarına təqdim edirdik. O zaman müntəzəm olaraq döyüş bölgəsinə səfər edən dəyərli ziyalılardan ibarət qrup yaratmışdıq. Mədəniyyət İncəsənət Fondunun rəhbəri  Kamal Abdullanın təşkilatçılığı ilə yaradılan bu qrupa məşhur Xalq artisti, mərhum Həsən Turabov, fəlsəfə elmləri doktoru Niyazi Mehdi, bəstəkar Cavanşir Quliyev, yazıçı İsa İsmayılzadə, habelə mən digər ziyalılar daxil idi. Biz Kamal müəllimin rəhbərliyi altında birgə tez-tez döyüş bölgələrinə səfər edir, orada müxtəlif tədbirlər həyata keçirirdik. Vətənə əməlli-başlı can yandırırdıq, heç nədən çəkinmirdik. Sözün həqiqi mənasında o zaman Azərbaycanın dəyərli ziyalısı intellektualı Kamal Abdullanın bu məsələdə xüsusi rolu var idi. 

-Hazırda bəzi yazarlar məhz bu ziyalıları ləkələməyə çalışırlar. Sizlərin cəbhə bölgəsində olmadığınızı, bundan reklam kimi istifadə etdiyinizi qeyd edirlər. Hətta bu şəxslər o zaman cəbhə bölgəsində olmayan şəxslər belə orada olduqlarını iddia edərək, özlərini reklam edirlər. Bu barədə fikirləriniz necədir?

- Bu, məqam çox təəssüf doğurur. Onlar lazımsız ifadələrlə Kamal müəllimi, bizləri gözdən salmağa çalışırlar. Heç onların bir çoxu o dövrlə bağlı təsəvvürə belə malik deyil. Bu şəxslər sadəcə özlərini reklam etməklə məşğuldurlar. O yazarlar yaşına başına yaraşmayan ifadələr işlədirlər. Hesab edirəm ki, bu şəxslərin o ziyalılara çamur atmağa haqqı belə çatmır. Fikrimcə, hər şeyi qara rəngdə görmək lazım deyil. Həqiqətən , Kamal müəllim başda olmaqla o dövrkü ziyalılarda Vətən sevgisi hədsiz dərəcədə çox idi. O zaman bu ziyalılar öz təbliğatları ilə bağlı heç fikirləşmirdilər. Bu, heç onların yadlarına belə düşmürdü. Onlar döyüş bölgələrinə səfəri özlərinin vicdan işi hesab edirdilər. Bunu özlərini reklam ya kimdənsə "sağ ol almaq" üçün etmirdilər. Biz birbaşa səngərlərdə olurduq. Hətta bu ziyalılarmız canlarını riskə atırdılar. Fikrimcə, bunlar heç xırda məsələlər deyil buna görə həmin şəxslər, habelə müharibə dövrü ilə bağlı danışanlar daha diqqətli olmalı, fikirlərini redaktə edib sonra səsləndirməlidirlər.

- Əsgər müəllim, sizcə hazırda vətənpərvərlik ideyalarının təbliği üçün hansı addımlar atılmalıdır?

- Hesab edirəm ki, yenidən vətənpərvərlik təbliğatını gücləndirməliyik. Çünki bu, vacib məqamlardan biridir. Müharibə şəraitində olduğumuzu nəzərə aldıqda bu daha zəruri məqama çevrilir. Dövlətimiz bu məsələdə lazımi addımları həyata keçirir. Eyni zamanda bu məsələdə ziyalıların üzərinə böyük düşür. Çünki ictimai rəyi formalaşdıran məhz ziyalılardır. Elə ziyalıların dəstəyi ilə cəmiyyətə vətənpərvərlik ideyalarının aşılanmasına böyük ehtiyac var.

- Sözügedən şəxslərin döyüş bölgələrinə səfərləri ilə bağlı sualımızı o zaman Ağdərə rayon polis idarəsinin rəisi işləmiş, hüquq elmləri namizədi Sadir Məmmədova da ünvanladıq. Ə.Əhmədin bizə təqdim etdiyi şəkillərin əksəriyyətində S.Məmmədovun fotosu olduğuna görə bu sualı ona ünvanlamaq o zamankı həqiqətləri onun dilindən dinləmək qərarına gəldik.

- Mən 1992-ci ildə Ağdərə rayon polis idarəsinə rəis təyin olundum. Bir gün Tərtərə gələndə gördüm ki, şəhərin mərkəzində bir neçə ziyalı dayanıb. Bunlar Kamal Abdulla, Həsən Turabov, Əsgər Əhməd, Cavanşir Quliyev idi. Soruşdum ki, sizin burada işiniz var? Dedilər ki, biz vəziyyətin yerdə olduğunu müəyyənləşdirmək üçün döyüş bölgələrinə səfərlər edirik. Düzdür, o zaman döyüş vəziyyəti olduğu üçün sərhəd zonasına getməyə icazə verilmirdi. Mən öz maşınımı onlara verdim ki, istədikləri əraziyə getsinlər. Özüm isə başqa maşınla onları müşayiət etdim. Bu hal bir neçə dəfə təkrar olundu. Yəni bu şəxslər canlarının bahasına olsa da döyüş bölgəsinə səfərləri tez-tez davam etdirirdilər. Mən hətta onlara silah-sursat da vermişdim ki, birdən xoşagəlməz vəziyyətlə qarşılaşa bilərlər. Onların vətənpərvərliyinə mən canlı şahidi olmuşam. Mən onlara deyirdim ki, bu çox təhlükəlidir bu səfərlərinizi dayandırın. Amma onlar buna əhəmiyyət vermirdilər. Məhz elə vətənpərvərliyinə görə mən Kamal müəllimlə dostluq etdim. Təəssüf ki, indi bir çoxları döyüş bölgəsində olmasa da vaxtilə oraya getdiyini iddia edir. Bundan öz reklamları üçün istifadə edirlər. Hətta bu azmış kimi, bu şəxsləri ləkələməyə çalışırlar. Amma mən o dövrün canlı şahidi kimi bütün bu həqiqətləri gözümlə görmüşəm. Hesab edirəm ki, bu şəxslərin vətənpərvərliklə bağlı zamanında atdığı bu addımlara hörmətlə yanaşmaq lazımdır.

Aqil LƏTİFOV

 





04.03.2014    çap et  çap et