525.Az

Şəhiddən anasına məktub - Aydın Tağıyevin şeirləri


 

Şəhiddən anasına məktub - <b style="color:red">Aydın Tağıyevin şeirləri </b>

ŞƏHİDDƏN ANASINA MƏKTUB

Ağlama, anam, ağlama,
Bir mehriban qucaqdayam.
Elə bil ki, evimizdə,
Doğma, isti ocaqdayam.

Tələsib, gəlmə yanıma,
Səndən ötrü darıxsam da.
Burda gül taxırlar yaxama,
Vətən gülü -
Adı da ki, Xarıbülbül...
Nə var boyanıb qanıma...

Məktubu çatdırar sənə,
Məni oxşayan mələklər,
Döyülsə qapı, diksinmə,
Axşam olsun, ya da səhər...

SAĞ OLSUN

Belə ki, başlayıb
bu qəfil külək,
çətin ki, tablaşıb
dözsün bu ürək...
Dar gündə əlbəəl kömək
uzadanlar sağ olsun...

Qarşıda dağ, həm də, yoxuş.
Ayaq saxla, yolu soruş...
Bu yolları qarış-qarış
Yoranlar sağ olsun...

Gözlər nəmli, kirpiklər yaş,
Əllər bumbuz, ürəksə daş,
Ömür yolu yavaş-yavaş
Bitənlər sağ olsun...

NƏ BİLİM

Deyəcəyim qalıb hələ,
Nə sən soruş, nə mən dinim.
Çaylar, sular döndü selə,
Kim çəkəcək bəndini, kim?
Mən nə bilim...

Damcı deyil, göz yaşıdır
Axıb gedir gilə-gilə...
O yaşları kim quruda, kim silə...
Ürəyim də köklənmiş sim.
Mizrabım yox,
toxunduram, inildəyə...
Mən nə bilim...

Qəsd edirsən, nədir bu qəsd?
Nədir səndə belə həvəs?
Kim soruşa, kim bilə...
Yaman düşdüm dildən-dilə...
Bəs dərdimi bölüm kimlə?
Mən başıboş...
Hardan bilim...

***

Nələr fikirləşirdim, nələr,
Ömür-günsə keçdi hədər...
Ötən günlər, ötən çağlar...
... Daş da dözməz,
qan-yaş ağlar...
Dəli küləklər bir yana
Əsən meh də ürək dağlar

***

Ürək nazik telsə əgər,
Qəm yükünü necə çəkər?
Eh, nə bilim,
Eh, nə bilim...
Bəlkə itim ilim-ilim...

ŞAİRİN MÜRDƏŞİRDƏN XAHİŞİ...

Salam, mürdəşirim,
Şiroğlu, şirim!
Bədənimə yad əl dəyəndə çimçəşirəm,
(Əlbəttə, qadın əllərini demirəm...)
Qismətim olacaqmı meyitimi yuyasan?
Qoy deyim bəri başdan:
Barmağımdakı qaşlı üzüyü çıxarmasalar,
yumamışdan əvvəl çıxararsan...
Olsun halal xoşun...
Mürdəşir!
Nəşimdən ürpəşməyən şiroğlu şir!
Bağışla ki, yerimdən qalxıb,
sıxa bilməyəcəyəm əlini...
Qınama məni,
demə ki, mürdəşir yusun üzünü...
Qarğışlar axır ki, tutdu məni.
Tanrımın haqqı nahaqqa vermədiyi dünyada...
Mürdəşir yusun üzünü, mürdəşir!
İndi təkcə üzümü yumayacaqsan...
Çəkilsin dostlar bir qırağa,
Mən adam arasında xahiş etməkdən utanmışam,
utanmağın yeri deyil daha...
Aha...
Ölülərdən sirr çıxmaz,
mürdəşirlər də, yəqin, sirr saxlayan olur...
Eləsə, əfəndim mürdəşir,
aramızda qalsın qoy bu sirr:
Sudan qorxmuşam mən,
istər soyuq olsun, istər isti,
Məni elə yu ki,
su nə isti olsun, nə də soyuq...
Ehtiyatlı ol, qulaqlarıma su dolmasın,
Onsuz da qulaqdan yarımamışam,
əvvəl-əvvəl deyiləni eşitməyib söz yiyəsinin
key-key ağzına baxmışam.
Həə, bax, beləcə...
Qulaqlarıma su dolmasın,
qəbir evi rahatca yorğan-döşək deyil ki,
o üz-bu üzə çevriləsən,
qulaqlarındakı su da boşalsın...
O ki, qaldı torpaq altı ola -
qoyma qulaqlarıma su dola...
hay vermədiyimə görə goruma söyən ola...
Səbrini bas, ardına qulaq as...
Nəşimi yuyan zaman
sinəmdə gəzdirəndə əlini
gör keçibmi göynərtisi, ağrısı ürəyimin?
Çimçəşməsən əlimi əlinə al,
say nəbzimi...
Heyif, təzyiqölçənlə ölçə bilməyəcəksən
təzyiqimi...
Yanında sudur, bir də sabun,
təzyiqölçən yox.
Məndə dəyişkən təzyiqdir,
yəqin aşağı düşmüş olar indi...
Ayaqlarımla bir elə olmasın işin,
Onlar vaxtında irəli getməyi,
ya da geri dönməyi bacarmadılar,
yerində durub da mıxlanmadılar...
Ona görə də yerində saydılar.
...Həə, o ki, qaldı gözlərimə...
Onu səndən qabaq qapadılar...
Onlarla sənin işin olmasın...
Oyaq olan vaxtlarda da,
yarımürgülü, yarı yuxulu,
yarıaçıq, yarıqapalı olardılar...
Amma...
Gördüklərini görüblər...
İstər oyaq, istər yuxulu...
Yoxsa yumulmaz, açılı qalardılar...
Kim bilir...
Bəlkə də elə qapalı olublar...
O ki, qaldı
uzun-uzun qollarıma...
Həə, ömrüm boyu qol açdım çoxuna...
...Heyhat,
qol salan olmadı boynuma...
Su qurtardı, əlin yoruldu, mürdəşirim,
Ehsan süfrəsi də quruldu, mürdəşirim...

***

Boğular adam, boğular,
Boğular qəm-kədərindən.
Sularda batmağa nə var,
Boğular öz qəhərindən...

Görüşər dost ilə, gülər,
Əhvallaşar, halın bilər,
"Yada düşər xatirələr...",
Danışmaz öz dərd-sərindən...

Gün keçirər, ufla-ahla,
Sinəsini sən də dağla.
Sonra yarasını bağla,
Qurtarsın bu get-gəllərdən.

***

Gedir əldən din-imanım,
Halıma da yox yananım,
Canım qızmır, qızmır canım,
Bəlkə cəhənnəmdə qızar.

Üşüyənlər çoxdur hələ,
Ömrü-günü verdik yelə.
Yaşayırıq belə-belə,
Yel vurub yengələr oynar.

Üstümdə qat-qat yorğanım,
Başımda çənim, dumanım.
Yoxdu gülüb-oynayanım,
Bəs mənimlə kimlər oynar...

 





23.02.2021    çap et  çap et