525.Az

İsi Məlikzadə küçəsi, Xırdalan şəhidi və Yaşarın "yalanı"... - Yazı


 

İsi Məlikzadə küçəsi, Xırdalan şəhidi və Yaşarın "yalanı"... - <b style="color:red">Yazı</b>

Əvvəlcə öz bəxtimə düşən "yollar" barədə (Bu sətirlərin hamısının rəhmətlik İsi müəllimlə bağlı yazıya dəxli var). Ötən əsrin yetmişinci illərində Bakıya gələndə Bayılda - 20-ci sahədəki Neftçilər yataqxanasına pasport qeydiyyatına alınmışdım. Ünvan belə idi: "Patamdartskoe şosse -198". Xatırladım ki, həmin eybəcər ad Badamdar sözünün dəyişilmiş formasıdır.

On ildən sonra Şamaxı yolundakı  yeni qəsəbədə ev aldım. Pasportdakı qeydiyyat belə oldu: "Şamaxı sossesi, 25-ci kilometr qəsəbəsi". Həmin qəsəbəyə  sonralar Müşfiqabad adı verilsə də, pasportdakı ünvanımız dəyişmədi.  2013-cü ildə isə bizə Jurnalistlər şəhərciyində ev verdilər. İndi də ünvanım Yeni Salyan yolu oldu. Bu nədir, a kişi? Əlli ilə yaxın paytaxtda yaşayıb şossedən, yoldan yığışa bilməyəcəyəmmi? - deyə düşünürdüm.  Üstəlik, "Ömrüm təkər üstdə keçdi" adlı bir yazımı oxuyan dostum Valeh Məhərrəmli sərlövhədə düzəliş etməyi məsləhət görmüşdü: "Təkər üstdə yox, şosse və yollarda..."

İş elə gətirdi ki, evimizin sonbeşiyini də evləndirmək üçün yeni variant düşündük və mən ötən payızdan Xırdalanda yaşamalı oldum. Ünvanım isə belə oldu: "İsi Məlikzadə küçəsi - 5 C".

Ünvanımla bağlı olan bu yeniliyi Pedaqoji Universitetin müəllimi, tanınmış dilçi İlham Abbasova danışanda ondan heç zaman inana bilməyəcəyim bir fakt eşitdim: "O boyda yazıçı, əsərləri dillər əzbəri olan İsi Məlikzadə heç bir dərsliyə salınmayıb. Ancaq gör yeni dərsliklərdə kimlər var..." Hələ bu, harasıdır, paytaxtda İsi Məlikzadə küçəsi də yox imiş. Qərəz...

... Radioda işlədiyim illər idi.  "Poeziya dəqiqələri" adlı verilişdə mənim şeirlərimin səsləndirilməsini proqrama salmışdılar. Şeirləri aparıb Ədəbiyyat şöbəsinin müdiri İbrahim Göyçaylıya verməli idim. İbrahim müəllimin otağında hardansa tanıdığım, hətta özümə doğma bildiyim bir adam oturmuşdu. Mənə elə gəldi ki, onun yorğun, üzgün, soluxmuş sifəti gözlərindəki işığı, nikbinliyi, xeyirxahlığı azalda bilmirdi. Ay Allah, mən bu kişini haradan tanıyıram, deyə düşünürdüm ki, "Ekran-Efir" qəzetinin məsul katibi (bəlkə də, redaktorun müavini idi) Şəfi müəllİm otağa girdi. Onun otaq sahibindən əvvəl həmin "yorğun kişi" ilə salamlaşıb görüşməsi məndə ümid yaratdı ki, indi onun adını öyrənəcəm: "İsi müəllim, olmasın azar, niyə xəstələnmişdin? Özünə yaxşı bax. Ədəbiyyatçılara, rejissorlara, aktyorlara sənin əsərlərin lazımdır, bizə isə söhbətlərin, nikbinliyin, hazırcavablığın".

İsi Məlikzadə. Povest və hekayələr

Özümü necə qınadım, İlahi! Mən İsi Məlikzadənin sifətini xatırlaya bilmirəm? (Ertəsi gün İbrahim Göyçaylı dedi ki, tək sən deyilsən, İsi elə sısqalaşıb ki, axır vaxtlar onu çox adam kiminləsə qarışıq salır.)

Şəfi müəllim sonra mənə tərəf çevrildi:

- Mirzəbəyli, necəsən? Verilişinə qulaq asdım.

Bayaqdan doğma bildiyim adamın mehribanlığı bir az da artdı:

- İttifaq Mirzəbəyli?

- Bəli - dedim.

Soruşdu:

 - Yaşar Nuriyevlə "Qatarda" filmi barədə danışan sən idin?

- Bəli.

- Yaşarla bir də görüşəndə, de ki, yalan danışmasın.

- O hansı yalanı danışıb ki?

- Səninlə söhbətdə dedi ki, Dadaşov obrazı mənim yox, İsi Məlikzadənin yaradıcılığıdır.

... Özüm üçün Yaşar Nuriyevlə söhbətimizi xatırlamağa çalışdım. Mən ondan soruşmuşdum ki, "Qatarda" filmində xarakterini açdığınız Dadaşovu həyatda görmüşdünüzmü? Demişdi, yox, yəqin ki, İsi Məlikzadə görüb.

- İsi Məlikzadə sadəcə əsəri yazıb, siz isə Dadaşovu... yaratmısınız.

- Mən inanıram ki, həmin obrazın prototipini İsi müəllim görüb.

... İlahi, insanlarda ürəyə bax. Yaşar deyir ki, Dadaşovu İsi yaradıb, İsi də deyir ki, Yaşarın hünəridir. Allah hər ikisinə rəhmət eləsin!

... Xırdalandakı yeni həyətimizin darvazasına ünvan göstəricisi vururduq. Yaşlı bir kişi yaxınlaşdı və mübarəkbadlıqdan sonra soruşdu ki, bu küçəyə adı verilən adam Xırdalan şəhididir?

Dedim, yox, görkəmli yazıçıdır. "Qatarda", "Ağ atlı oğlan", "Alma almaya bənzər", "Evlənmək istəyirəm", "Güllələnmə təxirə salınır", "Gümüşgöl əfsanəsi", "Qanlı zəmi", "Kişi sözü" filmləri onun əsərləri əsasında çəkilib.

Qonşu bir az duruxdu və soruşdu:

- Bizim rayondakı Dadaşovu o, rüsvay eləmişdi?

Dedim, hə.

- Kaş sağlığında onu görə biləydim. Yüz dəfə minnətdar olardım. Kaş...

... Qonşum belə təəssüfləndi. Mənim isə təəssüflənməyə əsasım yoxdur. Çünki sağlığında az görüşdüyüm İsi Məlikzadənin adını hər səhər işə gedəndə də salamlayıram, hər axşam evə qayıdanda da.

Allah rəhmət eləsin!

 





23.02.2021    çap et  çap et