525.Az

"Troll" kimlərdir və nə deməkdir? - Sosial şəbəkədə yazılanlar


 

"Troll" kimlərdir və nə deməkdir? - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Elçin Mirzəbəyli, Əməkdar jurnalist:

- Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində "troll" sözünün ən müxtəlif interpretasiyalarda təqdim olunduğunu nəzərə alıb, dünya internet şəbəkəsində kifayət qədər geniş yayılmış bu təzahürlə bağlı bəzi mətləblərə aydınlıq gətirməyi qərara aldım.

"Troll" Skandinaviya xalqları arasında yayılmış çoxsaylı əfsanələrin personajlarından biridir. Təxminən "bizim" TƏPƏGÖZ kimi... Əfsanələrə görə, "trollar" da vampirlər kimi qaranlıq qəsrlərdə yaşayır, gün işığına çıxmırlar. Onların bəziləri nəhəng, bəziləri isə həddindən artıq alçaqboylu olur və insan əti ilə qidalanırlar.

Skandinaviya əfsanələrində bir də körpü altında yaşayan, yaxud körpülərə keşik çəkən "trollar" var. Bu "trollar" bəzən özlərinin, bəzən isə başqalarının inşa etdiyi körpülərin altında yaşayır, körpüdən keçənlərdən haqq alırlar. Körpü altında yaşayan "trolların" digər "trollar"dan fərqi, onların gün işığına çıxa bilmələri və bir də pulu çox sevmələridir. Çox güman ki, trollinqin internetdəki təzahürünün terminləşməsində sonuncu "keyfiyyət" əsas rol oynayıb.

Müasir anlamda isə "troll" ayrı-ayrı saytların, sosial şəbəkələrdəki səhifələrin işini sabotaj edən internet istifadəçisidir. "O", ən müxtəlif adlar altında sosial şəbəkələrdə aparılan müzakirələr qatılaraq mövzunu dəyişməyə çalışır, əlindən gələni edir ki, onu söysünlər, aşağılasınlar və son nəticədə diqqət mərkəzində cəmiyyət üçün faydalı olan məsələlər deyil, onun üyütdüyü yalan və böhtanlar dayansın... Qeyd edim ki, son illər bu mövzuda çoxsaylı elmi işlər yazılıb və internet resurslarında, ingilis və rus dillərində ödənişli və ödənişsiz əsaslarla bu materiallarla tanış olmaq mümkündür.

Azərbaycanda isə "troll" fərqli mövqeyi olan, yaxud konkret internet istifadəçisinə, yazara, siyasətçiyə və yaxud bu və ya digər peşənin, siyasi qütbün təmsilçisinə əks qütbdə dayanan şəxslərə qarşı istifadə edilən aşağılayıcı ifadə kimi qəbul olunur.

Məsələn, dünənə qədər premodern və modern anlamda şantajla, reketlə məşğul olanlar, çağdaş dövrün qeyri-müəyyən informasiya mühitindən faydalanaraq, postmodern cinayət taktikasıyla bir üzü, bir imzası və bir sifəti olan peşəkarlara "troll" damğası vurmaqdan xoşlanır və dünənə qədər törətdikləri qanunsuz əməlləri unutdurmağa çalışırlar. Təbii ki, bu kontekstdə bir sıra çirkli oyunların iştirakçısı olanlara alibi qazandırmaq niyyətində deyiləm. Belələri "troll"dan daha dəhşətli varlıqlardır.

Bütün bunları yazmaqda məqsədim, diqqəti əslində, trollinqə heç bir aidiyyatı olmayan iki təzahürə çəkməkdən ibarətdir. Bunlardan birincisi qeyri-müəyyənlik çərçivəsində, hansısa mübhəm məqsədlərlə, yaxud elə gündəmi "çevir tatı, vur tatı" elementləri ilə daşanadək doldurmaq üçün ictimai rəyə ötürülən qeyri-müəyyən mesajlar, ikincisi isə örkənda anlaşa bilməyənlərin doğanaqdakı "vur çatlasın, çal oynasın" elementləridir. Əslində isə meydan bomboşdur və heç kim heç kimin əl-qolunu bağlamayıb. Bu qəbildən olan problemlərin aradan qaldırılmasının yolu isə qanunvericilikdəki boşluqları aradan qaldırmaqdan və onların icrasına nəzarəti gücləndirməkdən, həmçinin, yalnız və yalnız hüquqi sərhədlər çərçivəsində, heç bir kənar təsir və yaxud stimullaşdırma olmadan, tam ədalətli rəqabət mühiti formalaşdırmaqdan ibarətdir. Belə olduğu halda, körpülərin altında kimsənin dayanmağına da ehtiyac qalmayacaq.

Asif Nərimanlı, jurnalist:

- Qarabağda rus dili üzərindən təhlükəli oyun...

Qarabağda separatçılar rus dilini ikinci "əsas dil" etməyə hazırlaşır: olmayan dövlətin olmayan dili.

Məsələnin mahiyyətinin bundan ibarət olduğunu düşünsək, dəyişən bir şey olmayacaq. Lakin belə bir addımın təhlükəli tərəflərinin olduğunu da qəbul etməliyik, xüsusilə bölgədə rus sülhməramlılarının fəaliyyəti fonunda.

Rus dilinin separatçılar tərəfindən siyasi manipulyasiya alətinə çevrilməsi Bakı-Moskva münasibətləri üçün xoşagəlməz vəziyyət yarada bilər, bu baxımdan, separatçıların başından böyük oyun qurduğu fikri önə çıxır:

- Qarabağdakı separatçı-terrorçuların qalıqları Rusiyanın dəstəyini qazanmaq, bölgədə Bakının idarəetmə mexanizmləri işə düşəndə "sağ qalmaq" üçün bu addımı atır;

- Baş separatçı Araik bununla rusların gözünə girməyə çalışır, Balasanyanı ona alternativ kimi oynadan Moskvaya "qərarları verən mənəm" mesajı verir;

- Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir: erməni silahlıların Qarabağda mümkün qədər qalması və Xankəndidə Azərbaycan idarəetmə mexanizminin qurulmasının gecikməsi Paşinyan hakimiyyətinə daxili siyasi mübarizə üçün lazımdır;

Rus dilinin separatçıların ikinci dili olması layihəsinin hələ müharibədən öncə mövcud olduğunu da nəzərə alsaq, oyunun Rusiyanın iradəsindən kənar oynandığı fikri güclənir, amma inandırıcılıq dərəcəsi nə qədərdir?

Moskva separatçıların onun Bakı, həm də Ankara ilə üz-üzə qoyacaq oyununa imkan verərmi?!

Rus dili üzərindən belə manipulyasiyaların edilməsinə göz yumarmı?!

Çətin, hər şey bu qədər sadə deyil və hadisələrin inkişafı ssenari müəlliflərinin Moskvada olduğunu istisna etmir:

1. Qarabağdakı ermənilərə rus pasportlarının verilməsi ideyası Moskvanın "yatırım" etdiyi Balasanyanın dilindən gündəmə gətirildi;

2. Rus dili Qarabağdakı ermənilərin "ikinci dili" kimi qəbul olunur və bununla Moskvanın onlar üzərindəki "himayəsi" gücləndirilir;

Hədəf maraqlarına təhlükə yaranacağı təqdirdə - bölgədə mövcudluğu sual altına düşərsə - Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaqdır.

Təhlükəli oyundur və bu, 10 noyabr razılaşmasının icrasını, Xankəndidə Azərbaycan idarəçiliyinin qurulmasını sürətləndirməyi zəruri edir.

Sahib Məmmədov, hüquqşünas:

"Xəzər" TV piyada keçidlərinin əlilliyi olan şəxslər üçün münasib olmamasını əyani surətdə göstərən sujet verdi. Göstərdikləri keçidlərin heç birində təkərli kreslonun hərəkəti üçün imkan yoxdur. Bu heç, bunu hamı bilir. Sadəcə "Azəravtoyol"un mətbuat katibi, hörmətli Anar Nəcəfli efirdə yumşaq desək, həqiqətə uyğun olmayan fikirlər səsləndirdi. Dedi ki, bunu əvvəllər başqa şirkətlər tikib. Yəni "Azəravtoyola"a dəxli yoxdur. O zaman hörmətli Anar Nəcəfli "Azəravtoyol"un tikdiyi bir piyada keçidi göstərsin ki, orda müyəssərlik tam təmin olunub. Özü də bunu əyani göstərsin. "Azəravtoyol"un hörmətli rəhbəri Saleh Məmmədovla hərəsi bir təkərli kresloya oturub həmin piyada keçidinə, çox demirəm, 30 metr məsafədən yaxınlaşsınlar və o biri tərəfə kənar kömək olmadan keçsinlər və sonra desinlər ki, buyurun. Tam maneəsiz bir keçid tikmişik.

***

- Dünyanın başı qarışıb COVİD-lə mübarizəyə. Bu arada daha patogen olan H5N1virusu dünyanın 45 ölkəsində yayılıb, o cümlədən, Rusiyanın Azərbaycanla həmsərhəd olan regionlarında. Rusiyanın cənubunda quş fermalarının birində 7 işçi quşlardan H5N1 virusuna yoluxub. ÜST yoluxmanın pandemiyaya çevriləcəyini istisna etmir.

Xaqani Səfəroğlu, jurnalist:

- Ermənistanda müxalifətin mitinqi gözlənidliyi effekti vermədi.

Adamlar Sərkisyanın və Koçaryanın dəstək verdiyi aksiyaya kütləvi şəkildə gəlmədilər.

Müxalifət bu günü "həlledici" sayırdı.

İbrahim Nəbioğlu, jurnalist:

- Garo Palyan Türkiyə parlamentində təmsil olunan HDP-nin 9 millətvəkilinin  toxunulmazlıqlarının qaldırılması tələbi ilə Məclisə müraciət göndərildi. Onlardan biri erməni əsilli Garo Palyandır.

Garo Qarabağ məsələsində radikal mövqeyi ilə tanınır. 44 gün davam edən müharibə zamanı media və sosial şəbəkələrdə yalan, qərəzli məlumatlar yaymaqla məşğul idi. O, PKK-nı terror təşkilatı olaraq tanımır.

HDP yeganə siyasi partiyadır ki, 2-ci Qarabağ müharibəsində Azərbaycanın haqq davasını dəstəkləmədi, Qarabağ erməniləri lehinə çıxışlar etdi.

 





23.02.2021    çap et  çap et