525.Az

Torpağın altındakı təhlükə


 

ERMƏNİSTAN MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏSİNİ VERMƏKDƏN NİYƏ İMTİNA EDİR?

Torpağın altındakı təhlükə<b style="color:red"></b>

Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərindəki təkcə tarixi, dini abidələri, infrastrukturu, yaşayış məkanlarını məhv etməyib, həm də hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb.

Ərazilərin kütləvi şəkildə minalanması müharibə cinayətidir. Bu günə qədər həmin ərazilərdə həm hərbçilərimiz, həm də mülki şəxslər minaya düşərək həyatlarını itiriblər. Bundan sonra da düşmənin basdırdığı minaların qurbanları olacaq. Çünki qarşı tərəf minalı sahələrin xəritələrini verməkdən imtina edir. Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra gələcəkdə mülki əhali bundan zərər görməsin deyə əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir. Ermənistan isə bunu etmək niyyətində deyil. Məqsəd aydındır: mümkün qədər çox sayda mülki şəxslərin həlak olması, ərazilərə sakinlərin qayıdışını çətinləşdirmək, vaxtı uzatmaq. Bu, bir daha Ermənistan tərəfinin heç bir konvensiya və beynəlxalq sənədlərə məhəl qoymadan hərbi cinayətlərini davam etdirdiyini göstərir.

Yerli və xarici ekspertlər, nüfuzlu siyasətçilər, analitiklər İrəvanın xəritələri verməli olduğunu bəyan edirlər.

Rusiyalı politoloq Serqey Markov hesab edir ki, bu gün Ermənistan qarşısında qoyulmalı olan əsas tələb minalanmış ərazilərin xəritələrini verməkdir. Onların olmaması ilə bağlı bəhanələr qeyri-ciddi söhbətdir.

Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko da Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməli olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələdə Avropa, xüsusən də Moskva nüfuzundan istifadə edərək İrəvana təsir etməlidir. Korotçenko qeyd edir ki, işğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: "Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi, qeyri-konstruktivlik nümayiş etdirir".

Azərbaycanlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hesab edir ki, beynəlxalq konvensiyalarda bu məsələ ilə bağlı müəyyən boşluqlar var. Minalanmış sahələrlə əlaqəli təzyiq mexanizmi olmadığı üçün qarşı tərəf arxayın davranaraq humanist addım atmır: "1997-ci ildə "Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması" haqqında Konvensiya qəbul edilib. 2017-ci ilə kimi bu konvensiyaya 163 dövlət qoşuldu. Lakin burada postmüharibə dövründə minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi və ya hansısa cəza mexanizmləri nəzərdə tutulmayıb. Konkret olaraq bizimlə hələ də düşmənçilik aparan Ermənistan hərbi təyinatı olmayan əraziləri də minalayıb. Ümumiyyətlə, bu ölkə Birinci Qarabağ müharibəsi və atəşkəs dövründə bütün hərbi cinayətləri törətməyi bacarmışdı. Müharibə edən, münaqişədə olan dövlətlər arasında sonda sülh müqaviləsi bağlanır. Beləcə, hər iki tərəf öz minalanmış sahəsini təmizləyir. Bu, bir beynəlxalq yanaşmadır, konvensiya da bunu tələb edir. Amma bizim düşmənlərimiz fərqlidir. 30 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərlikləri törətmədiyi vəhşilik, vandalizm aktları qalmadı. Soyqırıma qədər əl atdılar. Onlardan indi hansısa humanist yanaşma gözləmək də düzgün deyil".

Ş.Ramaldanov bildirib ki, kapitulyasiya aktına imza ataraq biabırçı məğlubiyyətlə barışan İrəvan çətin ki, bizə hansısa normal xəritəni təqdim etsin: "Onlar həmişə istəyiblər ki, azərbaycanlılardan çoxlu sayda itki olsun. İstər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğalçılar bizə qarşı kin-küdurətindən geri qalmadılar. Elə bilirsiniz ki, İrəvanda rəsmi Bakının dağılmış infrastrukturu tez bir zamanda bərpa etməsini istəyirlər? Təbii ki, ermənilər yüz minlərlə yerli azərbaycanlının dədə-baba yurduna asan şəkildə qayıtmasında maraqlı deyillər. Yəni onlar əvvəlki 30 ildə necə qatı düşmənçilik mövqeyi sərgiləyirdilərsə, indi də o mövqelərini davam etdirirlər. Ona görə də, faşist düşüncəsində olan düşməndən nəyisə gözləmək sadəlövhlük olar. Digər tərəfdən, məsələyə peşəkarcasına yanaşsaq, qarşı tərəfdən hansısa xəritə bizə təqdim edilsə belə, buna inanmaq olmaz. Çünki 90-cı illərdə xeyli minalanmış sahələr oldu, atəşkəs dövründə isə bu işlər daha da genişləndirildi. İndi o xəritələrin nə qədər real olması, onların işlənməsi zamanı bu sənədləri hazırlayanların nə qədər peşəkar olması da şübhə altındadır. Yəni belə məsələlər də sual doğurur. Nəhayət, onlar hazır sənədlər versələr belə, bizdən buna kimsə etibar edərmi? Heç kim. Çünki belə bir xəritə tapılıb verilsə də, orada bütün minalanmış ərazilər göstərilməyəcək. Biz deyilən əraziləri təmizləyəcəyik. Başqa minalı sahə kimi göstərilməyən istiqamətlərdə isə təhlükənin olub-olmamasına heç kim zəmanət verə bilməyəcək.

Bizə düşmən kimi baxan yaralı, ordusunun 90 faizi məhv edilmiş bir dövlət Azərbaycanın qələbəsini hələ də həzm edə bilmir. Revanşizm ideyaları isə yüksəlməkdədir. Yəni revanşizm ideyalar ilə yaşayanlar bu mövzuda humanist addım atmayacaqlar".

PƏRVANƏ

 





23.02.2021    çap et  çap et