525.Az

Ad günü hədiyyəsi


 

Ad günü hədiyyəsi<b style="color:red"></b> "...Sülhə gəlin, ey insanlar! Yoxsa dünya məhv olar!"                                 

Epiloq əvəzi:

 “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

Heydər Əliyev

Qarlı-şaxtalı qış gecəsi idi. Ailə odun sobasının ətrafına yığışıb isinə-isinə çay içir, söhbətləşirdi. Sakitliyi daha çox Azər pozurdu, -sevincinin həddi hüdudu yox idi. Sabah yeddi yaşı tamam olacaqdı. Bu il məktəbə gedəcək, böyük arzusuna qovuşacaq-şagird olacaqdı. Babası Cahandar kişi də ad gününə aldığı hədiyyəni bükülü vəziyyətdə qoymuşdu dolaba ki, sabah sürpriz edəcəkdi. Ancaq nənəsi Gülpəri dözə bilməyib Azərin qulağına pıçıldamışdı ki, baban sənə isti, qəşəng çəkmə alıb, özü də bir-iki ölçü böyük ki, gələn il də geyinə biləsən. Ancaq, bu sirr aramızda qalsın, -demişdi.

Azərin gözü dolabda qalmışdı, sabahın açılmasını səbirsizliklə gözləyirdi. Sevinirdi ki, sabahdan cırıq-sökük ayaqqabısından canı qurtaracaq, onun da ayağı qızınacaq, uşaqlarla daha çox qartopu oynaya biləcək. Yoxsa hər gün ayaqqabısının söküklərindən dolan palçıq-su ayaqlarını dondururdu.

Hər şeylə maraqlanan idi Azər.  Böyüyəndə kosmonavt olmaq istəyirdi. Gah özündən iki yaş böyük olan bacısı Aytaca, gah da babası Cahandar kişiyə suallar yağdırırdı: -Niyə məktəbdə ilk olaraq “ana”, “ata”, “vətən”, “sülh” sözlərini yazmağı öyrədirlər, qəsəbəmizin adı niyə “Xocalı”dır?.. Cahandar kişi də sualları öz bildiyi kimi cavablandırırdı: -“Ana”, “ata”, “vətən” müqəddəs sözlərdir, “sülh” – mehribançılıq olmasa o müqəddəsliklərə xələl gələr. “Xoca” – “müəllim”, “çoxbilən”, “ağıllı”, “əxlaqlı”...deməkdir. Əsrlərdir yaşayış məskəni olan torpağımızda belələri çox olduğundan Xocalı adlanıb qəsəbəmiz...

Bayırda əsən qarlı küləyin vıyıltısı həzin bir musiqini xatırladır, sobanın istisi adamı xumarlandırırdı. Ancaq ailə hələ ki yatmırdı, uzaqlardan gələn güllə səsləri onları narahat edirdi. Bir neçə gün əvvəl uçaqlıq dostu erməni Allahverdi də Cahandar kişiyə pıçıldamışdı ki, ehtiyatlı olun, qəsəbənizə hücum olacaq.

...Cahandar kişi Alman faşizminə qarşı Böyük Vətən müharibəsində iştirak etmiş, 466-cı Sovet diviziyasının tərkibində Taqanroqdan Berlinə qədər vuruşmuşdu. Müharibənin son günlərində qəlpə yarasından bir gözünü də itirmişdi. Müharibədən qayıtdıqdan sonra qonşuları Gülpəri ilə ailə həyatı qurmuş, xeyli illər uşaqları olmasa da, nəhayət tale onlara bir oğul payı vermişdi. Adını da “Murad” qoymuşdu. Ciyərparası Murad da böyüyüb boya-başa çatdıqdan sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, daha sonra texnikumda oxuyub zootexnik kimi fermada işləməyə başlamışdı. Murad qonşu kənddən olan, özünün sevib-seçdiyi Nurtac adlı bir qızla ailə həyatı qurmuşdu. İki övladı olmuşdu – qızı Aytac və oğlu Azər. Azərin heç iki yaşı olmamışdan qışa hazırlıq üçün meşəyə odun yığmağa gedən Murad bir daha geri dönməmişdi. İki gün sonra meşədən meyidi tapılmışdı. Aldığı güllə yarasından ölmüşdü. Qonşu erməni kəndindən iki nəfəri tutmuşdular. İl yarım istintaq gedəndən sonra Qarabağ Daxili İşlər orqanından Cahandar kişiyə məktub gəlmişdi ki, Vazgenlə Balayanın təqsirləri sübut olunmadığı üçün onlar barəsində olan cinayət işinə xitam verilmişdir. Məktubun sonunda da, sanki təsəlli üçün yazılmışdı ki, oğlunuzun qatilinin axtarışı üzrə əməliyyat tədbirləri davam etdirilir, sizin də şübhələndiyiniz şəxslər olarsa bizə məlumat verməyinizi xahiş edirik.

O vaxtdan Cahandar da, Gülpəri də Muradın ətirini nəvələrindən alırdılar. Gəlinləri Nurtacın və nəvələrinin sıxıntı keçirməmələri üçün əllərindən gələni edirdilər.

-Artıq gecdir, yatağın, -deyə, Cahandar kişi ayağa qalxdı. –Sabah tezdən Azərlə mən bazarlıq üçün mağazaya gedərik, siz də yemək tədarükü görərsiniz. Yəqin ad gününə gəlin gillərdən də gələn olacaq.

Cahandar kişi ilə Gülpəri nənə yatmaq üçün bir otağa, gəlin də uşaqları ilə digər otağa getdilər. Yerlərinə uzanandan sonra Nurtac balaları Aytacı, Azəri ac gözlüklə öpməyə başladı. Gah onları qoxuyur, tumarlayır, gah da duz kimi yalayırdı. –Ana, sənə nə olub? –deyə Aytac soruşanda, -heç özüm də bilmirəm, sizin ətriniz üçün ciyərim od tutub yanır, sizi öpmək üçün dodaqlarım göynəyir. Bəlkə də Azərin ad günü olduğu üçün sevincimdən belə olmuşam.
Qollarının üstündə mışıl-mışıl yatan balaları ilə birlikdə Nurtac hövlang yuxudan ayıldı. Sanki yer-göy od tutub yanırdı. Güllə, partlayış səsləri evin divarlarını silkələyirdi. Bayırda insanların, heyvanların səs-küyü güllə səsinə qarışıb qulaqları batırırdı. Sanki dünyanın sonu idi.
İşıqlar sönmüşdü. Pəncərədən bayıra baxan Cahandar kişi kənddə bir çox evlərin od-alov içində olduğunu, özlərinin isə evlərinə yaxın tövlənin yandığını görüb qışqırdı, -tez yığışıb meşəyə tərəf qaçmaq lazımdır. –Hərə əlinə keçəni əyninə geyindikdən sonra qapının ağzına yığışdı. Ancaq Cahandar kişi qapıdan çıxmağın təhlükəli olduğunu başa düşüb onları evin arxa pəncərəsinin yanına çağırdı. Pəncərədən düşən kimi gözləmədən meşəyə tərəf qaçmağı, orada birləşəcəklərini tapşırıb birinci Gülpəri nənəni, sonra isə gəlini, ardınca Aytacı çıxartdı. Və hər dəfə də qışqırırdı ki, gözləmədən meşəyə tərəf qaçın. Arxaya çevriləndə Azəri görməyib onu səslədi. O biri otağa keçəndə axşamdan sürpriz kimi saxladığı hədiyyəni – çəkmələri Azərin geyinməyə çalışdığını gördü. –Geyinmək vaxtı deyil, götür meşədə geyinərsən, –deyib Azəri qucaqlayıb pəncərə tərəfə apardı. Pəncərədən düşüb ayaqyalın Azəri də qucağına alıb meşəyə tərəf qaçmağa başladı. Azər bir əli ilə çəkmələrini sinəsinə sıxmış, bir əli ilə  də babasından bərk-bərk yapışmışdı. Qorxusundan gözlərini də möhkəm yummuşdu ki, dəhşətli aləmi görməsin. Təşvişlə meşəyə qaçan insanlar vahimə içində qışqıraraq imdad diləyir, bir-birilərini, yaxınlarını-əzizlərini səsləyirdilər. Getdikcə səslər öləziyir, ormanlar içində eşidilməz olurdu. Kəskin şaxtanın, qaranlığın, arxalarınca atılan güllələrin vahiməsi, yorğunluq hamını əldan salmışdı, hər kəs canını qurtarmağa çalışırdı. Azər anasını bir neçə dəfə çağırandan sonra babası Cahandar qoymadı səsini çıxartsın. Çünki onların arxasınca meşəyə daxil olmuş erməni qatilləri hər səs gələn tərəfi güllə atəşinə tuturdular.

Meşəyə daxil olan insanlar özlərindən asılı olmayaraq qruplaşır, meşənin dərinliklərinə doğru , həm də Ağdam rayonu istiqamətində qaçırdılar. Altımış kilometrlikdə yerləşən Ağdama çatmaq onların son ümüdü, nicat yolu idi. Aytacın  bir əlindən nənəsi Gülpəri, digər əlindən anası Nurtac tutaraq qaçırdılar. İnsanların harayı , qışqırığı, güllə-partlayış səsləri meşədəki heyvanları da vahimələndirmişdi. Canavar, çaqqal ulaması, qış yuxusuna haram qatılan ayıların nəriltisi,yuvası dağılmış quşlarınqağıltısı-civiltisi sanki dünyanın sonundan xəbər verirdi. Əslində elə Xocalı dünyasının, xocalıların , Xocalıda olan nə varsa – canlı-cansız –hamısının sonu idi. Saniyələr ,dəqiqələr,saatlar ötdükcə erməni silahlılarının və ermənilərə dəstək verən başqa dövlətin ordusunun təcavüzü Xocalı dünyasını əridirdi.

Soyuq, vahimə getdikcə insanların beyinlərını, ruhlarını dondurur, onları robotlaşdırırdı sanki. Əvvəl-əvvəl yaxınlarını ,əzizlərini haraylayan,onlara kömək etməyə çalişan insanların ancaq özlərinə gücü çatırdı. Sonsuzluğun ucunda işıldayan ümidə doğru dartırdılar özlərini. Yol boyu güllə yarasından, donvurmadan yıxılıb qalan qocaların , uşaqların ümüdsiz zarıltısı , bağırtısı ölmək qorxusunu boğmaqdan başqa bir şey deyildi.
Heç bir-iki kilometr qaçmamış Gülpəri nənəyə sol dabanından güllə dəymişdi. Əvvəl yara isti olduğundan yoluna davam etmiş, ancaq bir az sonra ağrı və qanitirmədən halsızlaşıb yıxılmışdı. Nurtac başının yaylıöını açaraq qaynanasının yarasını sarımışdı.Artıq yerıyə bilməyəcini dərk edən Gülpəri nənə Aytacla Nurtaca—məni o böyrtikan kolunun arasında gizlədib özünüz qaçıb canınızı qurtarın.Ağdama çatan kimi mənə də kömək göndərərsiniz. Burda qalsanız hamımız ölərik.- Elə də etdilər. Nənəni kolluqda yerləşdirib rahatladıqdan sonra qaçmağa üz tutdular. Beş-on metrə getməmiş Aytac dayanaraq anasının əlini buraxıb geriyə, nənəsinın yanına qaçdı. Yerə uzanıb nənəsinin əlindən, üz-gözündən öpdü, hönkürüb ağlamağı gəldi, ancaq ağlaya bilmədi.Ayağa qalxıb başından çiyninə doğru atdığıyun yaylığını açıb nənəsinin üstünə örtdü. Və dönüb anası ilə qaçmağa başladı. Bir az getmişdilər ki, bayaqdan içində donmuş hönkürtü ,ağlamaq onu tutdu. Elə ağlaya-ağlaya, hönkürə-hönkürə də ümüdə, sönməkdə olan həyat işıltısına doğru uztutdu...

Bir əli ilə babasının əlindən tutmuş, o biri əlində ayaqqabılarını qucaqlamış Azər də artıq haldan düşmüşdü, ayaqlarını, burun-qulağını şaxta kəsirdi. İnildəyə-inildəyə -baba, ayaqlarım donur, dayan ayaqqabılarmı geyinim, –dedi. Cahandar kişi –bir azda döz, meşədən çıxaq, gizlin yerdə ayaqlarını təmizləyib geyindirəcəm, -deyərək istiqaməti meşənin kənarina tərəf yönəltdi.

Meşədən bir az aralıdakı təpəcikləri gözdən keçirən Cahandar kişi yaxınlıqdakı qaya parçasını göstərib –meşədən çıxıb o tərəfə qaçaq, onun dibində gizlənmək bir az təhlükəsiz olar. Bu yaxınlıqdakı ordunun çoxu rusların 366-cı batalyonunun əsgərləridir. Yəqin kömək edərlər bizə, -dedi. Onlar demək olar ki, son güclərini toplayıb özlərini qaya parçasına çatdırdılar. Ora çatanda qayanın altının buz bağladığını gördülər. Ancaq həm erməni vəhşilərinin qorxusu, həm də taqətsiz olduqlarına görə bir az burada dincəlmək qərarını verdilər.
Cahandar kişi nəvəsinə -gəl ayaqlarını təmizləyib ayaqqabılarını geyindirim, –dedi. Ancaq qarın üstündə islanıb donaraq Azərin ayaqlarına yapışmış corabları qoparandan sonra Cahandar kişi onun ayaqlarını don vurmasından şübhələndi. Tez şarfını açıb Azərin ayaqlarına doladı ki, bir az donu açılandan sonra ayaqqabılarını geyindirər. Azərin sifəti, əlləri də ayaqları kimi soyuqdan gömgöy göyərmişdi. Azər də deyirdi ki, -baba, kürəyim buz kimi suyun içindədi eləbil. Cahandar kişi kürkünü çıxarıb büzüşərək üzüaşağı dizləri üstündə çökmüş Azərin kürəyinə atdı və özü də onun kürəyini bərk-bərk qucaqladı ki, şaxtadan qoruya bilsin.

Bir-neçə dəqiqə sonra elə bil bir az özlərinə gəlmişdilər. –Baba, bəs anam, nənəm, Aytac hardadı görəsən, onları tapa biləcəyikmi? –deyə, Azər sükutu pozdu. Cahandar kişi də -bir az keçsin həm özümüzə gələk, ayaqqabılarınıda geyinərsən gedib onları taparıq. Bəlkə o vaxtacan köməyimizə gələn də olacaq –deyib, Azəri bir az ümidləndirdi. Azər sol əlini altından çıxarıb bərk-bərk babasının əlindən tutdu, sağ əli ilə isə hələ də sevimli çəkmələrini qucağına sıxmışdı. Keçən hər dəqiqə onları şaxtaya təslim edirdi, artıq hər ikisi taqətsiz-taqətsiz zarıyırdı. Bir az sonra Azər sanki yuxudan ayıldı, harda olduğunu kəsdirə bilmədi, nəsə demək istədi, dil-dodağı tərpənmədi. Və yenidən sanki yuxu onu hər şeyi, hər yeri ağappaq rəngdə olan bir aləmə apardı...
Kömək gələndə artıq gec idi. Xocalı yanıb dağılmış, əhalisindən ölən ölmüş, oğurlanan oğurlanmış, itkin düşən itkin düşmüş, yaralanan yaralanmışdı. Azərnaycan əsgərləri tələm-tələsik əvvəlcə yaralıları, sağ qalanları, sonra da meyidləri vertolyotlara toplayıb getmək istərkən, meşədən kənarda qaya parçasının yanında bir qaraltı gördülər. Yaxınlaşanda yaşlı bir kişinin bir bükülünü qucaqlayaraq donub öldüyünü görən komandir: -yəqin qucağındakı ev əşyasıdır, onu atıb özünü götürün, tez gedək, -deyə əmr verdi. Qucağındakını kişidən ayırmaq istəyən əsgərlər gördüklərindən dəhşətə gəldilər. Bir əl qocanın əlinə elə sıx vəziyyətdə yapışıb donmuşdu ki, onları ayırmaq yalnız kəsməklə mümkün idi. Odur ki, hər iki meyidi birgə götürməli oldular.
Xocalıları yerbəyer edən həmvətənlərinin naləsi, ağlaşma səsləri təbiətə hakim olmuşdu. Əvvəlcə yaralıları, soyuqdan don vuranları təcili hospitallara, xəstəxanalara daşıdılar, sonra isə ölüləri dəfnə hazırlanmaları üçün məscidlərə daşımağa başladılar. Hələ də vertolyotda qalmış, bir-birinə yapışıqlı meyidləri ayırmaq üçün yaxınlaşan bir kişi uşağın ölmədiyini hiss edib qışqıraraq tez kömək çağırdı...

Azər gözlərini açanda ağ yataqda uzandığını, ətrafında ağ xalatlı, ağ kolpaklı adamları gördü, bunu yuxu bilib gözlərini yumdu. Kiminsə onunla danışdığını hiss edib yenə gözlərini açdı. Ağ paltarlı qadın onunla danışır, gülümsəyirdi. Azər indi başa düşdü ki, bu yuxu deyil...

-Çox aylar sonra müalicə-reablitasiya mərkəzindən əlil uşaqlar evinə köçürüldü. Ona görə əlil uşaqlar evinə ki, don vurduğuna görə sol əli biləkdən aşağı, hər iki qıçı isə dizdən bir qarış yuxarı ambutasiya olunmuşdu.
Özünə gələndə ilk soruşduğu şey babası, anası, nənəsi, bacısı olmuşdu. Ona demişdilər ki, baban donub ölüb, nənən erməni gülləsindən. Anan və bacının öldü-qaldısından xəbər yoxdur.

Özünə gələndə ilk istədiyi şey çəkmələri olmuşdu. Çəkmələrinin ona aid dolabda qoyulduğunu söyləmişdilər. Əlil arabasında gəzən Azər xeyli illər sonra xahiş etmişdi ki, ona görüntü üçün düzəldilmiş protes ayaqlara geyindirsinlər həmin çəkmələri. Xahişi yerinə yetirilmişdi...

Gözləri qapıda qalmışdı - qulağı səsdə .Hər qapı açılanda ürəyi yerindən oynayırdı sanki. Elə bilirdi elə bu saat baba-nənəsi , anası ,bacısı girib içəri onu qucaqlayacaqlar, ayaqlarının , əlinin kəsilməsını görüb nalə çəkəcəklər. Oda özünü onlara təsəlli verməyə hazırlayırdı. Deyəkcəkdi ki, gözəl anam, ağlama, tezliklə sağalacam, birlikdə qəsəbəmizə gedərik , bir də sənin sözlərindən çıxmayacam. Azərin ağlı tam kəsmirdi ki, bir də o, yeriyə bilməyəcək, ayaqları olmayacaq ki, həsrətində olduğu təzə çəkmələrini geyinib ayaqlarını isitsin.Elə istəyirdi ki, babasi onun başına sığal çəksin, nənəsi alnından öpsün, bacısını bağrına basıb—qorxma, mən səninləyəm—desin, anasını qucaqlayıb onu duz kimi yalasın, öpə-öpə qucağındaca yuxuya getsin.
               

Demək olar ki, hər gecə yuxularında görürdü əzizlərini.- Hamısını da ağappaq qarın üstündə, hamısını da ağappaq libasda. Ancaq hərdəfə də yuxusunda anası onun ayaqlarını qucaqlayıb yararalarını yalayırdı və həmişə də anasının ağ libası da, qar da al qana bulaşırdı. Azər isə həmişə çalışırdı ki, anası onun ayaqlarından yox, yanaqlarından öpsün,-igidim mənim,- desin. İstəyirdi desin ki,- ana, qucağıma gəl, üstünü bulama. Ancaq həmişə də , taqətsiz, dilsiz olurdu. Babası Cahandar kişini isə ağ mərmərdən ucalmış heykəl kimi görürdü yuxusunda. Nənəsi Gülpərini də əlləri qoynunda, boynu bükük, büzülmüş vəziyyətdə görürdü. Bacısı Aytacı isə həmişə bir az kənarda—qaya dibinə qısılmış durna quşuna bənzər şəkildə görürdü. O da dinib danışmır, sakitcə ona baxır, sanki—məni tək qoyma, gəl yanıma qaqaş,-deyirdi buzlu baxışlarıyla.

Ancaq hamısı yuxu idi, üzücü yuxular. Gerçəklidə olan isə o idi ki, qapını açanlar ağ xalatlılar idi, özü isə ağ yorğan –döşəkdə uzanıb gah qapıya, gah da dolabın üstündə qoydurduğu çəkmələrinə baxırdı. Gerçəkliyi dərk etməyən , anlamayan bu məsum (günahsız ) uşağın İlahi arzusu o idi ki , tezliklə sağalsın, əzizləri oqapıdan içəri girib sevimli çəkmələrini geyindirib onu da götürüb qəsəbələrinə-evlərinə getsinlər. Xəyalında ağ saqqallı, ağ libaslı, çox böyük, ancaq yaxşılıqlar, köməkliklər edən möcüzəli , xeyirxah kişi kimi dərk etdiyi ALLAHa yalvarışları, ondan istədikləri yalnız bunlar idi. 

 


Qüsurlu , valideyinsiz uşaqlar evində Azərdən başqa hər kəsə baş çəkən bir qohumu-əqrabasi var idi.Azərə isə rəsmi adamlardan , qonaqlardan  başqa heç kim. Sanki doğuşdan kimsəsiz olmuşdu .-Bir çəkməsi,bir də özü idi . Başqa xüsusi heç nəyi yox idi.-Dövlət ---babası, insanlar isə ümumi qohum-əqrabası olmuşdu .
        

Yaşadığı müəssisədə tərbiyəçi Pəri xanıma mehri qonmuşdu . Bəlkə də bir az anası Nurtaca bənzədiyinə , bəlkə də ona ana nəvazişi göstərdiyinə  görə idi.

Hətta onu ‘‘Pəri ana‘‘ deyə çağırırdı. Bu məhəbbət qarşılıqlı idi. Pəri da ana ona ‘‘Azərim‘‘ deyə müraciət edirdi .Doğmalarının nəvazişindən məhrum olan Azəri Pəri ana qucaqlayanda gizlincə onun ətrini ciyərlərinə çəkirdi . Gözlərini yumub həmin anları özünü anası Nurtacın ağuşunda hiss edirdi . Atasız Azərin anasının ətrinə ilahi ehtiyacı var idi . Bu istəyinə yetməsəydi ruhu cismindən ayrılardı bəlkə də .    
             

Bir yerdə  yaşayıb təhsil aldıqları uşaqların hərəsi bir cür əlil , zəlil oldsa da, Azər kimi iki qıçsız , bir əlsizi  Azər qədər məhdud hərəkətlisi yox idi . Ancaq əvzində şüuru , zəkası o biri uşaqlarınkından da güclü idi .Bunu müəllimlər hər dərsdə söyləyir , uşaqlar da etiraf edirdilər . Elə biliyinə, əxlaqına görə hər kəs sevir , hörmət bəsləyirdi Azərə. Məsləhətə ehtiyacı olan böyüklü-kiçikli  yoldaşları ona müraciət edirdilər. 

İnsan zülmə tabedir, -deyirlər. Həyat istədiyini diqtə edir , Azər də böyüdükcə gerçəklikləri qəbul edirdi . Bircə anasını , bacısını nə vaxtsa tapmaq ,görmək ümidi onun yaşamaq eşqini artırırdı. Bir də özünün də hələ ki dərk etmədiyi bir hiss onu tez böyüyüb savadlı, yaxşı adam olmağa sövq edirdi,-özündən bir yaş kiçik olan Nazəninə qarşı olan duyğuları. 
             

Nazənin də atasız-anasız, yetim idi. Rusiyanın Rastov şəhərində doğulmuşdu. Atası-anası Rastovda yaşamış, çalışmışdı. Günlərin birində-Nazəninin 8 yaşı olanda  Rastovda yaşayan yaxın tanışlarının toyunda olarkən ‘‘Şadlıq evi‘‘ndə güclü partlayış baş vermişdi. Ermənilərin ‘‘Asala‘‘ terror təşkilatı rəsmi etiraf etmişdi həmin partlayışı törətmələrini. Anası yerindəcə dünyasın dəyişmişdi, atası isə üç gün sonra ağır yanıq xəsarətlərindən xəstəxanada. Nazənin özü isə ağır kəllə-beyin xəsarətləri almış, nəticədə xeyli müalicədən sonra görmə qabiliyyətini tam itirməklə həyatda qalmışdı. Qohumlari tərəfindən Bakıya gətirilən Nazənin bir il sonra məhdud qabiliyyətli, valideyinsiz uşaqlar evinə verilmişdi. Qohumları imkansızlıqdan etmişdilər bunu. Arabir Nazənınə baş çəkirdilər. Qohumları Nazəninə nə isə gətirəndə o da dostu Azərə pay ayırırdı. Beləcə Azərlə Nazənin bir-birinə isinişə-isinişə böyüyür , böyüdükcə də sanki onların yaxınlığı dərdlərini azaldır, qayğılarını artırırdı.
             

Yetkinlik yaşına çatandan sonra əvvəlcə Azəri, bir il sonra isə Nazənini böyüklər üçün əlillər evinə köçürdülər. Hər ikisi müvəffəqiyyətlə dövlət test imtahanlarından yüksək bal toplayaraq universitetə qəbul olundular.Azərin balı yüksək olduğuna görə ‘‘Prezident  təqaüdü‘‘nə layiq görüldü. Azər təhsilini uğurla başa vurub  ‘‘Qırmızı diplom‘‘ almışdı. Bu münasibətlə əlillər evində rəhbərlik və orada yaşayanlar tərəfindən qonaqlıq təşkil olunmuşdu. Elə həmin qonaqlıqda sürpriz olaraq müəssisənin rəhbərliyi və yaşlı sakinləri hər iki gəncin barmağına üzük taxaraq onları nişanlamışdılar... Bu izdivac bəxtsizlərin taleyinin uğuruna təməl oldu...

Otuz yaşlı, ali təhsilli komputer proqramçısı, ailəli, Cahandar kimi oğul, Gülpəri kimi qız atası olan Azərin qəlbində hələ də anası Nurtacı, bacısı Aytacı tapacağına, onların erməni girovluğundan xilas olunacaqlarına, Azərbaycanın dilbər guşəsi olan Xocalıya köçüb birgə yaşayacaqlarına ümidi var. Ümidləri gerçək olanda babasının və onunla birlikdə olan öz parçasının, –(“öz parçası” deyəndə -axı Azərin biləkdən aşağı sol əli də babasının məzarında basdırılıb) –nənəsinin məzarlarını da Xocalı qəbirstanlığına köçürəcəyinə inanır.
Bu hekayəni oxuyanlardan da xahişimiz budur ki, Nurtacdan, Aytacdan xəbəri olanlar Azəri də sevindirsinlər. Azərin ünvanı: -Azərbaycan, Məcburi köçkünlər şəhərciyi!

Proloq əvəzi

Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

Heydər Əliyev: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.  Xocalı yarası qəlbimizi həmişə sızladacaq. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir”.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini  həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi ki: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.

2003-cü il 15 fevralda  Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi  dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.
Azərbaycan Respublikasının Prezidenti, 2004-cü ildə Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə "Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin etiraf edilməsinə dair" deklarasiya hazırlanıb. Sənəddə ermənilərin tarixən Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə xronoloji ardıcıllıqla diqqət yetirilir. Xocalı faciəsi ilə bağlı sənəddə yazılır:

"26 fevral 1992-ci il tarixində ermənilər Xocalı şəhərinin bütün əhalisini vəhşicəsinə qırdı və şəhəri bütövlükdə darmadağın etdi". Deklarasiya Böyük Britaniya, Lüksemburq, Polşa, Türkiyə, Bolqarıstan, Albaniya, Norveç və Makedoniyadan olan deputatlar tərəfindən təsdiq edilib.

Azərbaycandan başqa Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə 6 ölkədə 9-dan çox abidə ucaldılıb.

Məhəmməd Ağamirzəyev
Azərbaycan Jurnalistlər Birliyi-nin üzvü

 





24.02.2021    çap et  çap et