525.Az

Rənglərin səsi - Aytac Sahədin essesi


 

Rənglərin səsi - <b style="color:red">Aytac Sahədin essesi</b>

Rənglərin elə bir sehri var ki, onu duymaq üçün baxmaq kifayət eləmir, gərək bütün varlığınla bu sehri hiss edəsən. Bunu hiss etmək üçün mütləq rəssam olmağa ehtiyac yoxdur. Maraqlısı budur ki, hələ qədim dövrlərdən insanlar rəngləri hisslərlə assosiasiya edərək mənalandırıb. Məsələn, qara rəngi matəm, qırmızı rəngi güclə əlaqələndiriblər.
Hər xalqın rənglərə öz yanaşması var. Rənglərə yanaşma tərzi həmin xalqın ədəbiyyatından tutmuş məişətinə qədər müxtəlif mövzularda özünü göstərir. Rənglərin mənaları və tarix boyu insanların rənglərə yanaşmaları ilə bağlı öyrəndiklərimi sizlərlə bölüşmək istəyirəm.

Qırmızı

Qədim zamanlardan bəri insanlar qırmızı rəngə xüsusi maraq göstəriblər. Arxeoloji qazıntılar və aparılan araşdırmalar da bunu təsdiq edir. Bir çox dillərdə eyni bir söz həm qırmızı rəng, həm də gözəl mənasını verir. Məsələn, polineziyalılarda "qırmızı" sözü "sevgili" sözünün sinonimidir. Çində isə səmimi bir insan haqqında "qırmızı ürək" ifadəsi işlədilir.

Qırmızı rəng həm də mübarizənin simvoludur. Onun simvolik mənaları o qədər çoxdur ki, bəzən bu mənalar bir-birinə zidd olur. Sevginin rəngi olduğu kimi, savaşın da rəngi olan qırmızı ta qədimlərdən savaşın xəbərçisi olub. Məsələn, Afrika, Amerika və Avstraliyanın bir çox qəbilələri döyüşə hazırlaşarkən bədənlərini və üzlərini qırmızı rənglə boyayardılar. Karfagenlilər və spartalılar müharibə vaxtı qırmızı geyim geyinərdilər. Qədim Çində isə üsyançılar özlərini "qırmızı döyüşçülər", "qırmızı ləpirlilər" adlandırırdılar.
Qırmızı rəng həm də gücün rəngidir. Bizans imperiyasında yalnız imperator və ya imperatriçanın qırmızı çəkmə geyinmək hüququ var idi. İmperator  (qırmızı-bənövşəyi) rəngli mürəkkəblə imza atar, purpur rəngli taxtda oturarmış.

Ağ rəng təmizliyi, məsumluğu, xeyiri, sevinci simvolizə edir.
Antik dövrdə ağ rəng həm də dünyəvi olan hər şeydən imtina etmək, mənəvi rahatlığa can atmaq mənasına malik idi. Xristian ənənələrinə görə, ağ rəng ilahi işıqla birlik, bərabərlik, qohumluq bildirir. Mələklər və müqəddəslər ağ rənglə təsvir edilir. Bəzi xalqlarda isə ağ rəngli geyimi yalnız hökmdarlar və kahinlər geyinərdilər. Bu, aliliyin göstəricisi hesab olunurdu. Bu rəngi həm də ölümün rəngi hesab edirlər. Bəzi Afrika və Avstraliya qəbilələri yaxınlarının ölümündən sonra bədənlərini ağ boya ilə rəngləyirlər. Yəni bu qəbilələrdə ağ rəng matəm rəngidir. Qədim zamanlarda slavyan xalqlarında da ağ rəng matəm rəmzi hesab olunurdu.

Qara

Qara rəng bir çox xalqlarda bədbəxtlik, kədər, matəm və ölümü simvolizə edir. Məsələn, qədim Meksikada insanın qurban verilməsi ayini zamanı kahinlərin üzləri və əlləri qara rəngə boyanardı. Qara gözlər təhlükəli, pis niyyətli hesab edilirdi. Ölümün gəlişini təcəssüm etdirən bütün personajlar qara rənglə təsvir olunur.

Sarı

Sarı bir çox hallarda xəstəlik, ölüm, nifrət rəngi olaraq qəbul edilir. Bəzi xalqlarda zənginliyin göstəricisi də hesab olunurdu. Çox vaxt sarı rəngdən zadəgan nəsil nümayəndələri fərqləndirici nişan kimi istifadə edirdilər. Məsələn, monqol din xadimləri - lamalar qırmızı kəmərlə sarı geyim geyinirlər. Bəzi Asiya xalqlarında isə sarı rəng matəm, kədər, qəm rəngi hesab edilir. Slavyan xalqlarında bu rəng qısqanclıq, xəyanət rəngi sayılır, Tibetdə qısqanclığı "sarı göz" adlandırırlar.

Çəhrayı

Çəhrayı optimizm rəngidir. Bu rəng məhəbbəti, incəliyi, zəifliyi, cəsarətsizliyi, sentimentallığı və cazibədarlığı təcəssüm etdirir. Çəhrayı rəng insanın daxili gərginliyini azaldır. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrin həbsxanalarında daha temperamentli məhbusları çəhrayı rəngə boyanmış kameralarda yerləşdirməyə çalışırlar.

Göy

Göy rəng bir çox xalqlarda səma və sonsuzluq rəmzi hesab olunur. Bu rəng həm də mərhəmət, sədaqət, daimilik rəmzidir. "Mavi (açıq göy) qan" əsilzadəlikdən xəbər verir.

Qədim Misirdə və bəzi Cənubi Afrika xalqlarında göy rəng matəm rəngi hesab edilirdi. Fransızlar dəhşəti "göy qorxu" adlandırırlar. Slavyan xalqlarında isə göy kədər, qəm mənasını verirdi. Bu xalqların nağıl və dastanlarında qara və göy cinlərdən bəhs edilir.

Rənglərin ümumi qəbul edilmiş psixoloji təsirləri və mənaları olsa da, hər xalqın mədəniyyətində  rənglərə verilən mənalar müxtəlifdir. Azərbaycan xalqının təfəkkür sistemində hər rəngə özünəməxsus yanaşma var. Bu mənalandırma və assiosasiya ən gözəl halı ilə Rəsul Rzanın "Rənglər" silsilə şeirlərində öz əksini tapır. Bu səbəbdən də yazımı bu şeirlərdən bir hissə ilə  bitirmək istəyirəm.

Ağ, qara, sarı, yaşıl, qırmızı;
Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
Biri dərdimizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb,
Bir səbəb görən var.
Kim bilir, kim sınamış,
Kim bunu ilk dəfə demiş.
Qara - matəm,
Qırmızı - bayram,
Sarı nifrət rəmzi imiş.
Kim bilir keyfinin nə vaxtında,
Kim olmuş, rəngləri belə damğalayıb,
Belə ayıran.

 





24.02.2021    çap et  çap et