525.Az

Azərbaycanda çəkilən məşhur xarici filmlər - Araşdırma


 

Azərbaycanda çəkilən məşhur xarici filmlər - <b style="color:red">Araşdırma</b>

Xarici filmlər günümüzün sevərək izlənilən ekran işlərindən hesab olunur. Özünəməxsus süjet xəttinə malik filmlərin çəkilişləri bəzən müxtəlif ölkələrdə aparılır. Bu çəkilişlər zamanı müəyyən olunmuş ölkələrin və şəhərlərin adları filmlərdə də qeyd edilir.

Film çəkilişləri həmin ölkələrin turizm potensialına və illik gəlirinə də xüsusi təsir göstərir. Sayı az olsa da, müstəqillik qazandıqdan sonra Azərbaycanda çəkilən məşhur filmlər də var. Bu filmlərin auditoriyasının geniş olması, tanınmış kinostudiyaların kollektivi tərəfindən hazırlanması faktları ilə yanaşı, ölkəmizdə çəkilən hissələrin də əlavə olunması həmin kino əsərlərinə yerli izləyicilər arasında marağı artırır.

Azərbaycanda çəkilən bu məşhur filmlərdən bəziləri haqqında kiçik araşdırmanı sizə təqdim edirik.

1. FURİOUS 7 (FORSAJ 7)

 

Rejissor Ceyms Vanın 2015-ci ildə lentə aldığı məşhur film "Forsaj" silsiləsinin yeddinci hissəsidir. Ancaq bu seriyanı digərlərindən fərqləndirən cəhət tanınmış filmin bir hissəsinin Azərbaycanda çəkilməsidir. Filmdə əsas mənfi obraz hesab olunan Cakandenin dəstəsini pusquya salmaq məqsədilə Dominikin komandası avtomobillərlə təyyarədən Qafqaz dağları üzərinə düşür və buradakı yolla Cakandeylə mübarizə aparıb Ramzini xilas edirlər. Bir müddət Qafqaz dağları ərazisində qalan Dominik və komandası daha sonra Əbu-Dabiyə yollanır.

2. WORLD İS NOT ENOUGH (DÜNYA KİFAYƏT DEYİL)

 

Məşhur ingilis detektiv Ceyms Bond film seriyasının 1999-cu ildə çəkilmiş seriyası belə adlanır. Maykl Aptedin rejissorluq etdiyi filmdə Ceyms Bond kralın qızı Elektranı qorumaq üçün təyinat alır. Amma qız KQB agenti Renard tərəfindən oğurlanır və Azərbaycana gətirilir. Bond girov götürülən qızı xilas etmək üçün Bakıda yerləşən neft buruqlarına gəlir. Filmdəki həmin kadrların Azərbaycanda lentə alınması ölkəmizdə də maraqla qarşılanıb və Bond filmlər seriyasının arxivində Azərbaycanın, Bakının adı həkk olunub. Bond rolunun ifaçısı Pirs Brosnan və digər baş rolda olan aktrisa Sofi Marso çəkilişlər üçün Bakıya şəxsi təyyarələri ilə gəliblər. Hər iki baş rol ifaçısının ölkədə az adamın tanımasına baxmayaraq, mühafizəçilər onları çox yaxşı mühafizə edirdi. Maraqlı hadisələrdən biri mühafizənin çox güclü həyata keçirilməsi olub. Aktyor və aktrisa üçün üç müxtəlif oteldə otaq rezerv olunub, amma onlar yalnız birində qalıblar. Səhnələrin birində Zukovski obrazı kazinoda Bondla görüşür. Amma həmin dövrdə Bakıda kazinolar artıq bağlanmışdı. Mətbuat konfransında rejissor Maykl Apted Bakı çəkilişləri haqqında bu sözləri deyib: "Biz gəldik və Bakıya, Neft daşlarına, Xəzər dənizindəki neft buruqlarına aşiq olduq".

3. ABSURDİSTAN

 

2008-ci il Almaniya istehsalı olan film Asiya ilə Avropanın arasında yerləşən sehrli bir kənd haqqındadır. Filmin çəkilişləri Almaniya, Azərbaycan və Gürcüstanda aparılıb. Sehrli kəndi göstərmək üçün Lahıc və Şəki şəhəri filmin hadisələrinin cərəyan etdiyi əsas ərazilər hesab olunur.

4. ALİ AND NİNO (ƏLİ VƏ NİNO)

 

Yazıçı Qurban Səidin eyniadlı əsəri əsasında lentə alınan filmin layihə və kastinqi xarici mütəxəssislər tərəfindən aparılıb. 2016-cı ildə çəkilən filmdə baş rolları tanınmış xarici aktyorlar ifa ediblər. Yalnız bəzi epizodik rollarda azərbaycanlı aktyor və aktrisalara üstünlük verilib. Film müxtəlif mədəniyyətlərə sahib iki fərqli millətin nümayəndəsi olan gəncin - azərbaycanlı Əli və gürcü qızı Ninonun bir-birinə məhəbbətindən bəhs edir. Əsərin süjet xəttinə uyğun olaraq filmin əksər hissəsi Azərbaycanda, Bakıda lentə alınıb. Bununla yanaşı, Əli və Ninonun ailəsindən qaçaraq molla vasitəsilə nikaha daxil olduğu səhnələr regionda çəkilib. "Əli və Nino" filminin rejissoru Asif Kapadiyadır. Ssenari müəllifi Kristofer Hemptondur.

5. OBJECTİVE BAKU: HİTLER'S WAR ON OİL (HƏDƏF BAKIDIR: HİTLERİN NEFT UĞRUNDA MÜHARİBƏSİ)

 

İkinci Dünya müharibəsində Hitler Almaniyasının Bakıya hücum planını əks etdirən film 2015-ci ildə tamaşaçılara təqdim olunub. Sənədli filmin çəkilişləri 14 ay davam edib. Filmdəki fərqli məqam çəkiliş zamanı arxiv materiallarından daha çox istifadə olunmasıdır. Ümumən, Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya və Rusiya arxivlərində 200 saatlıq videomaterial və digər sənədlər araşdırılıb. Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilib. Rejissor Rubert Muqnerotdur.

6. THE SİX (ALTI)

 

Premyerası 2017-ci il yanvarın 18-də baş tutan bu ekran işi döyüş janrındadır. Rejissor Lesli Linka Qlatterin çəkdiyi "The Six" əslində, televiziya serialıdır. 2 mövsümdən ibarət bu layihə ümumilikdə 18 seriyadan ibarətdir. Serialın 2-ci mövsümünün 9-cu bölümündə Co Qreyvs Azərbaycana getməyi təklif edir. Nəsri isə Azərbaycanın Amerika hərbçilərilə dolu olduğunu deyib etiraz edir. Co isə cavabında "Mən şimal-şərqdə İtitala adlı (Balakən rayonu) kənddə böyümüşəm" deyir. Serial az tanınsa da, Azərbaycan adının hallanması və qeyd olunan hissələrin burada çəkilməsi cəlbedici amildir.

7. MAHMUT VE MERYEM (MAHMUD VƏ MƏRYƏM)

 

Film Azərbaycanın Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında Azərbaycan və Türk kinematoqrafçıları tərəfindən hazırlanıb. 2013-cü ildə rejissor Mehmet Ada Öztekinin çəkdiyi filmin premyerası hər iki ölkənin mərkəzi kinoteatrlarında baş tutub. Film müsəlman Mahmudun və xristian Məryəmin mümkünsüz sevgisini əks etdirir. Baş rollarıni türk aktyor Aras Bulut İynemli və rus aktrisa Eva Dedovanın ifa etdiyi filmin ilk on bir günü Şəki, Qax və Bakıda çəkilib. Filmin büdcəsi 15 milyon türk lirəsi təşkil edir.

 





24.02.2021    çap et  çap et