525.Az

Sənətdə yalçın qaya kimi ucalan... - Nadir Rzalı Yalçın Rzazadəni anır


 

GÖRKƏMLİ MÜĞƏNNİ YALÇIN RZAZADƏ DÜNYASINI DƏYİŞDİ

Sənətdə yalçın qaya kimi ucalan... - <b style="color:red">Nadir Rzalı Yalçın Rzazadəni anır</b>

Ölüm hər dəqiqə qapımızın sadiq keşikçisidir, sadiq olsa da, arzuolunmaz qonaqdır. Xüsusilə, bu qonaq bizə əziz olan insanların hüzuruna gələndə sarsılırıq və bir gün bizim də bu qarşılaşmada baş rolda olacağımızı xatırlayırıq. Əgər bir insanın ölümü milyonları sarsıdırsa, milyonların qəlbinə kədər ələyirsə, deməli, həmin kəs bir evin, bir nəslin deyil, bir xalqın sevimlisidir, əzizidir. İllər keçir, amma həmin insan xalqın qəlbində yaşayır, hətta yada düşəndə bir yanıqlı ah da çəkilir. İki gün əvvəl axşam saatlarında ölkəyə yayılan bir xəbər də beləcə xalqımız üçün çox ağır qarşılandı və uşaqdan-böyüyə hamı heyifsiləndi. Çünki həmin şəxs heç kimə bənzəməyən, məlahətli səsi, ifa üslubu ilə musiqi duyumu olan hər bir insanın qəlbinə yol tapa bilmişdi.

Mahnı ifaçılığı sənətimizin çağdaş korifeylərindən biri - Xalq artisti Yalçın Rzazadə bu dünya ilə vidalaşdı...
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladi kəndində, ziyalı ailəsində doğulub. 1963-1967-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsində, 1968-1973-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Yalçın Rzazadənin səhnəyə gəlişi də bu həzin gedişi kimi səs-küy doğurmuşdu. O, musiqi sənətində parlamağa başlayanda necə böyük sevgi ilə qarşılanmışdısa, həyatdan köçəndə də həmin sevgi ilə son mənzilə yola salındı. Yalçın Rzazadə öz üslubunu formalaşdıran və estrada sənətində məktəb yaradan sənətkarlardan idi. Estrada tərzi ilə yanaşı, onun ifasında xalq üslubu da var idi. Təsadüfi deyil ki, bəstəkar mahnıları ilə yanaşı, neçə-neçə xalq mahnısı ifa etmişdi. Yalçın Rzazadə sənətinə vurğunluğum "Etməzmidim" mahnısını dinləyərək başlamışdı. Dahi Məhəmməd Füzuli sözlərinə Cahangir Cahangirovun bəstəsi, ustad tarzən Əhsən Dadaşovun və ansamblının bənzərsiz müşayiəti, Yalçın müəllimin həzin səsi ilə möhtəşəm bir əsər yaranmışdı. Xüsusən onun səsində mahnının bu hissəsini emosiyasız dinləmək mümkün deyil:

"Dərdimi aləmdə pünhan tutduğum
naçardır,
Uğrasaydım bir təbibə aşikar
etməzmidi?!"

Yalçın Rzazadəni dinləyiciyə daha çox sevdirən kollektivlər sırasında unudulmaz sənətkarımız Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" ansamblı olub. Sanki bu ansambl Hüseynağa Hadıyev, Yalçın Rzazadə, Flora Kərimova və digər bu qəbildən olan sənətkarların səsinə, avazına  uyğun yaradılmışdı. Onların səsi ilə ansamblın ifa üslubu arasında əsrarəngiz uzlaşma vardı. Deyərdim ki, Yalçın Rzazadənin ən uğurlu ifaları bu ansambl ilə lentə yazılmışdı.

Yalçın Rzazadə olduqca məhsuldar sənətkar olub. Onun "Qızıl fond"da yüzlərlə lent yazısı var. Dövrünün ən məşhur bəstəkarlarının mahnılarını ifa edib. Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov, Firəngiz Babayeva və digər görkəmli sənətkarların yaradıcılıqlarına müraciət edib. Amma Oqtay Kazımi, Cabir Novruz və Yalçın Rzazadə üçlüyü elə bir xariqələr yaradırdı ki, insan dinlədikcə bu vəhdətə heyrətlənir:

"Dünya bir nəğmə idi..."

Bir neçə ay əvvəl Yalçın Rzazadəni Yasamalda - redaksiyamızın yerləşdiyi binanın yaxınında gördüm. Düz yanından keçdim. İlk dəfə idi ki, Yalçın müəllimi belə yaxından görürdüm. İstədim ki, yaxınlaşım, görüşüm, heyranlığımı bildirim, amma çəkindim. Fikirləşdim ki, bir dəfə müsahibə almağa gedərəm, yaxından tanış olaram. Təəssüf ki, fələyin çarxı bizim istəyimizə uyğun fırlanmır...

Bakının bugünkü sabahı da günəşin şəfəqlərinə bürünüb xeyirli açılacaq, nəinki bu sabah, hələ neçə sabahlar... Amma Yalçın Rzazadə bu sabahları torpağın üzərində yox, göyün üzündən seyr edəcək. Onun "Bakı, sabahın xeyir" ifasıyla neçə-neçə nəsillər yeni günü qarşılayıb, qarşılayacaq da. Sənətkar ömrü belədir, əbədi, ölməz. Bu gün Yalçın Rzazadə cismən aramızda yoxdur artıq. Amma onun ifa etdiyi nəğmələr hələ çox uzun zaman saysız könüllər oxşayacaq. Yalçın Rzazadənin sənətkar obrazı Azərbaycan mədəniyyətinin kəhkəşanında ən möhtəşəm ulduzlardan biri kimi hər zaman parlayacaq!

Allah rəhmət eləsin!

 





24.02.2021    çap et  çap et