"Kitabi-Dədə Qorqud" adı altında yazılı mətn şəklində bizə gəlib çatmış "Dədə Qorqud" eposu Azərbaycan milli bədii düşüncə tarixinin onurğa sütununu təşkil edir.
Bu epos müasir milli şüurda "Azərbaycan" adı ilə işarələnmiş bədii sistemin "nüvəsi" kimi çıxış edir: ədəbiyyat tariximiz özünün bütün struktur səviyyələrində "Dədə Qorqud" eposuna fokuslanmaqla öz bədii kimliyini onda qorunan milli-identifikativ kodlar sisteminə əsaslanaraq müəyyənləşdirir. "Qorqud" eposu Azərbaycanda ədəbiyyatın tarixi ilə Azərbaycan ədəbiyyatının tarixini vahid ədəbi-bədii düşüncə sistemində qovuşdurmaq, Azərbaycan insanının üzərində gəzdiyi və yaddaşında gəzdirdiyi "ana torpaqda" fasiləsiz şəkildə yaratdığı ədəbiyyatın real kosmoloji kontinuumunu müəyyənləşdirmək üçün müasir ədəbi şüur tarixçisinə milli-bədii identifikasiya modelini verir. Bu, müasir Azərbaycan filoloji-estetik fikrinin patriarxı Yaşar Qarayevin yazdığı kimi, "Kitabi-Dədə Qorqud"un "xalqın qan və gen yaddaşı", "bədii və genetik arxetipi", "mənəvi intibahın simvolu, milli heysiyyətin və özünüdərkin sənədi" olmasının təzahürüdür. Təsadüfi deyildir ki, "Dədə Qorqud" dastanı akademik İsa Həbibbəylinin bu yaxınlarda nəşr olunmuş "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" monoqrafiyasında da (Bakı, "Elm", 2020, 280 s.) Azərbaycan milli-ədəbi şüur tarixi üçün son dərəcə aktual olan bir məsələnin - "anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı" probleminin həlli modeli kimi götürülmüşdür.
Monoqrafiyaya yazdığı ön sözdə onun "qorqudşünaslığın tamamilə yeni və başqa, çox mühüm mərhələsini təşkil etdiyini" göstərən yazıçı Anarın vurğuladığı kimi, "İ.Həbibbəylinin araşdırmasında "Dədə Qorqud"un açılmamış "üç ən əsas sirrinin" cavabı tapılır:
1. Əsərin yaşı, yəni yaranma tarixi;
2. Əsərin yaradıcısı, müəllifi;
3. Əsərin janrı - daha dəqiq desək, "Kitabi-Dədə Qorqud"un yazılımı, şifahimi ədəbiyyata aid olması.
Öz növbəmizdə qeyd edək ki, dörd fəsildən ibarət olan monoqrafiyada bütün bu məsələlərin hamısından geniş şəkildə bəhs olunur, lakin əsərdə müəllifin diqqəti əsas olaraq bir nöqtəyə - "anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı" probleminə yönəlmişdir. Bütün digər məsələlər onların qoyuluşu, yanaşma üsulları, təhlil aparatı, analitik emalı, nəzəri-metodoloji aprobasiyası və sair baxımından "Kitabi-Dədə Qorqud"un anadilli Azərbaycan ədəbiyyatı müstəvisində şifahi bədii düşüncə kodundan yazılı koda keçid (daha dəqiq desək, diferensiasiya) mərhələsini təşkil etməsinin əsaslandırılmasına xidmət edir. İsa Həbibbəylinin bir müəllif kimi bütün diqqəti bu mərhələyə yönəldiyi üçün əsərin bütün məzmunu, strukturu və s. bu əsas ideyanı gerçəkləşdirir.
Azərbaycan humanitar-filoloji fikir tarixində "Kitabi-Dədə Qorqud"un "anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı" olması ideyasının "monoqrafik tarixi" var. Akademik Kamal Abdulla həmin ideyanı 1991-ci ildə çap etdirdiyi "Gizli-Dədə Qorqud" kitabında "mif və yazı" müstəvisinə gətirmiş, onilliklər boyunca təkrar-təkrar aprobasiya etmiş və nəhayət, onu 2009-cu ildə "Mifdən Yazıya..." paradiqması şəklində sabitləşdirmişdi. Akademik Nizami Cəfərov sözü gedən ideyanı 1999-cu ildə çap olunmuş kitabının adında "Eposdan kitaba" şəklində təcəssüm etdirmiş, "Kitabi-Dədə Qorqud" dastanını şifahi eposdan yazılı ədəbiyyata keçidin poetikasını özündə əks etdirən abidə kimi səciyyələndirmişdi.
Qeyd edək ki, "Dədə Qorqud" dastanı üç akademikin hər birinin yaradıcılığında iki bədii özünüifadə kodunun - şifahi və yazılı "ədəbiyyatların" birindən o birinə keçid prosesi, qarşılıqlı təmas (diffuz) sahəsi və diferensiasiya mərhələsində götürülmüşdür.
Kamal Abdulla üçün "Kitabi-Dədə Qorqud" özündə mif və yazı təfəkkür tiplərini qovuşduran abidədir. Müəllifə görə, mifologiya "yaşayış üsulu", "fəlsəfi-etik, hüquqi-normativ sistemdir". Bu halda "yazı" mifdən boy atan, ondan diferensiasiya edən və zamanla müstəqilləşən, "başqalaşan" sistemdir. Kamal Abdulla onilliklər boyunca inkişaf etdirdiyi tədqiqatında ortaq genetik korrelyativ əsasa malik "mif" və "yazı" kodlarının qarşılıqlı münasibətlərini dastanın bədii strukturunun makro və mikro elementləri səviyyəsində funksionallaşmış dinamikasını modelləşdirməyə çalışmışdır.
N.Cəfərov üçün "Kitabi-Dədə Qorqud" epik potensiyanın tarixi-mədəni transformasiyasının sistemlərarası poliqonudur. Eposu, "sadəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan - potensiya" hesab edən müəllif yazılı "Kitabi-Dədə Qorqud" ilə şifahi "Dədə Qorqud"a epos potensiyasının diferensial təkamülü, transformativ hərəkəti kimi yanaşmışdır.
Göründüyü kimi, K.Abdullanın yanaşmasında "çıxış" nöqtəsi mif, N.Cəfərovun çıxış nöqtəsi "epos potensiyası" olduğu halda, İsa Həbibbəylinin yanaşmasında bu çıxış nöqtəsi, baxış mövqeyi "yazılı ədəbiyyat" konseptidir.
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud" buna qədər İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasında da (2019) anadilli ədəbiyyatın inkişaf dinamikasının modelləşdirilməsində mühüm yer tutur. Bu cəhətdən, müəllifin bu yeni monoqrafiyası da, əslində, sözü gedən konsepsiyanın reallaşdırılmasına xidmət edir.
Monoqrafiyanın bütün ideyası onun ""Kitabi-Dədə Qorqud" şifahi və yazılı ədəbiyyat abidəsi kimi" adlanan birinci fəslində konsepsiyalaşdırılmışdır. Eposu dastan-epopeya hesab edən müəllifə görə, şifahi xalq ədəbiyyatı "Kitabi-Dədə Qorqud"un yaranması üçün başlanğıc və mühüm hərəkətverici qüvvə funksiyasını yerinə yetirmişdir.
İ.Həbibbəylinin bu yanaşması eposa "şifahi ədəbiyyat" paradiqmasından baxışdır. Başqa sözlə, şifahi xalq ədəbiyyatı özünün bütün mətn materialı və janr sistemi ilə bu möhtəşəm dastan-epopeyanın yaranmasını şərtləndirir. Bu cəhətdən, müəllifin yanaşmasında "Dədə Qorqud" dastanı bir tərəfdən epik janrın təkamülünün zirvəsi, o biri tərəfdən bütün şifahi bədii düşüncə sistemini özünə konsentrasiya edən epik nüvə statusunda təqdim olunur. Beləliklə, "Dədə Qorqud" epik nüvəsi Azərbaycan şifahi bədii düşüncə sisteminin mərkəzi elementi kimi həmin sistemi təşkil edən digər janrları öz ətrafında düzməklə vahid qalaktik sistem yaratmışdır. İ.Həbibbəyli dastanın bu sistemyaradıcı funksiyasının xalqın ictimai şüurunun müqəddəs dəyərlər ilə müəyyənləşdiyini göstərərək yazır: "Kitabi-Dədə Qorqud"da dini etiqad baxımından üç istiqamət hiss olunur: Totemizm, Tanrıçılıq və İslam".
Müəllifin bu fikri ilk baxışdan sadə bir yanaşma kimi görünsə də, əslində, burada dastanın ictimai şüur kontekstində nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi nəzərə çarpdırılır. Belə ki:
Totemizm - mifoloji düşüncə sistemini,
Tanrıçılıq - mifoloji-dini düşüncə sistemini,
İslam - səmavi dini düşüncə sistemini əks etdirən düşüncə laylarıdır.
Azərbaycan ictimai şüur tarixinin bu inkişaf mərhələlərinin "Kitabi-Dədə Qorqud" dastanının poetik strukturunda düşüncə layları şəklində obrazlaşması sözü gedən eposun milli ictimai şüurun həm bədii proyeksiyası, həm də həmin şüurun funksionallaşdığı düşüncə proqramı (aparatı) olduğunu göstərir. Başqa sözlə, tarixi azərbaycanlının ətraf aləmlə (gerçəkliklə) münasibəti "Dədə Qorqud" düşüncə sistemindən keçməklə reallaşır. Etnosun bütün sakral davranış sxemlərini özündə proyeksiyalandıran dastan dünya modeli kimi bütün sosiumun və onun hər bir fərdinin universal düşüncə sistemi rolunu oynayır. Akademik İsa Həbibəyli də "Kitabi-Dədə Qorqud"u məhz bu paradiqmada götürərək, onu "Azərbaycan yazılı ədəbiyyatının ilk ədəbi abidəsi" statusunda "rekonstruksiya" edir.
Müəllifin abidənin yaranma zamanına münasibəti də həmin statusa əsaslanır. O yazır: "Şifahi və ya yazılı ədəbiyyat nümunəsi hesab edilməsindən asılı olmayaraq, "Kitabi-Dədə Qorqud" VII əsrdə Azərbaycan dilində formalaşmış ədəbi-bədii abidə kimi mühüm əhəmiyyətə malikdir. "Dədə Qorqud" Azərbaycan xalqının bədii təfəkkürünün əfsanəsidir".
Əlbəttə, İsa Həbibbəylinin sözü gedən eposu "əfsanə" adlandırması abidənin ilk növbədə möhtəşəmliyini ifadə edən metaforadır. Lakin bu metafora eyni zamanda, abidənin yaşını müəyyənləşdirməyə imkan verən düşüncə konseptidir. Belə ki, müəllif monoqrafiyada eposun yaranma dövrünün onun müqəddiməsindəki "Rəsul əleyhissəlam zamanına yaxın..." xronometrik vahidində açıq-aydın şəkildə göstərilməsini tez-tez vurğulayır.
Əslində, bir çox tədqiqatçılar "Rəsul əleyhissəlam zamanına yaxın..." formulunu, sadəcə, epik zaman vahidi hesab edib, bunu dastanın real zaman alqoritminin müəyyənləşdirilməsində "dəqiq tarixi" kimi qəbul etmək istəmirlər. Əlbəttə, "Rəsul əleyhissəlam zamanına yaxın..." formulu zaman vahidi kimi "Oğuz kağan" mifik nüvəsindən baş alıb gələn "Dədə Qorqud" eposunun keçdiyi epoxal mərhələlərin yalnız birinin işarəsidir. Və bu mənada, istər "VII əsr" rəqəmi, istərsə də "Rəsul əleyhissəlam zamanına yaxın..." zaman vahidi bütün hallarda epoxal zamanı işarələyir.
Epik-mifoloji düşüncədə epoxal zaman "ilk yaradıcıdan" başlanan "ilk zamandır". Bu cəhətdən, "Dədə Qorqud" eposunun yaddaşında qorunub qalmış "Oğuz zamanında" (X boy) və "Rəsul əleyhissəlam zamanına yaxın..." zaman qəlibləri müvafiq olaraq Oğuzla kağanla və Məhəmməd peyğəmbərlə (ə.) başlanan epoxaları işarələyir. Mifologiyada zaman da məkan kimi tanrı funksiyasını yerinə yetirən ilk əcdad tərəfindən yaradılır və qapalı-təkrarlanan struktura malikdir. Bu baxımdan, "Rəsul əleyhissəlam zamanına yaxın..." vahidinin altında H.İsmayılovun bərpa etdiyi kimi, "Oğuz zamanına yaxın..." arxetipi yatır.
Beləliklə, İsa Həbibbəylinin "Dədə Qorqud" dastanının formalaşma tarixini mütləq şəkildə VII əsrə aid etməsi milli-ədəbi düşüncənin epoxal strukturu baxımından tamamilə məntiqidir: mifoloji-epik mədəniyyətin bütün faktları epoxal zaman mərkəzlərinə konsentrasiya olunmaqla (fokuslanmaqla) həmin vahidlərin zaman ruhuna köklənir (qoşulur). Başqa sözlə, epik-mifoloji düşüncədə bədii fakturanın hansı təqvim zamanında yaranmasından asılı olmayaraq, onun zaman ruhu enerjisini bütün hallarda epoxal zaman başlanğıclarından alır. Bu cəhətdən, "Kitabi-Dədə Qorqud" eposunda hətta VII əsrdən sonrakı dövrlərə aid real tarixi zamanın hadisələrini özündə əks etdirən faktlar, obrazlar bütün hallarda "Rəsul əleyhissəlam zamanına yaxın...", yaxud da "Oğuzun zamanında" epoxal zaman modellərində təqdim olunur.
İsa Həbibbəylinin monoqrafiyada reallaşmış baxışlar sistemində "kitab" konsepti mühüm yer tutur. Müəllif bu konsepti anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı problemi kontekstində həm poetik diferensiasiya elementi, həm də yazılı ədəbiyyatı bütövlükdə universumlaşdıran ədəbi-estetik işarə kimi götürür. Başqa sözlə, müəllifə görə, "kitab" konsepti milli ədəbi düşüncədə, bir tərəfdən, ümumi bədii düşüncə prosesini yazılı və şifahi kodlar şəklində təsnif edən işarə universumu, o biri tərəfdən, həmin kodlar arasında fərqləndirici işarə universumu rolunu oynayır. O yazır:
"Kitabi-Dədə Qorqud"un adındakı "kitab" sözü şifahi xalq ədəbiyyatına deyil, yazılı ədəbiyyata aid əlamətdir. Azərbaycan şifahi xalq ədəbiyyatında tərkibində "kitab" sözü olan heç bir folklor nümunəsi yoxdur".
İsa Həbibbəylinin çox sadə şəkildə ifadə olunmuş bu fikri Azərbaycan filoloji-folklorşünaslıq düşüncəsinin "yaralı yerinə" toxunur. Acınacaqlı və təəssüfedici mənzərədir ki, "Kitabi-Dədə Qorqud" eposunun şifahi, yaxud yazılı ədəbiyyat nümunəsi olması haqqında bu gün də mahiyyəti etibarilə mübahisələr getməkdə davam edir. Bir tərəf "Kitabi-Dədə Qorqud"un folklor hadisəsi olmasını, başqa bir tərəf onun yazılı ədəbiyyat faktı olmasını söyləyir. Və yenə də çox təəssüf ki, nəinki Azərbaycanda, eləcə də Türkiyə filoloji-folklorşünaslıq fikrində bir çox hallarda şifahi "Dədə Qorqud" eposu ilə yazılı "Kitabi-Dədə Qorqud" abidəsi eyniləşdirlir və eposun şifahi və yazılı paradiqmalara malik olması nəzərə alınmır. Məsələnin bütün mahiyyəti, ümumi ədəbi-bədii prosesi uyğun (adekvat) şəkildə dəyərləndirmək və bu "uyğun" dəyərləndirmə əsasında fikir paradiqmaları qurmaq üçün zəruri olan mövcud nəzəri-kateqorial sistemin və analitik-terminoloji təhlil bazasının, etiraf edək ki, çox aşağı səviyyədə olması ilə bağlıdır. Ona görə də eyni bir mətnin eyni zamanda, fərqli kontekstlərdə yaratdığı paradiqmalar fərqləndirilə bilmir. Məsələn, eyni bir əfsanə mətni yanaşı yaşayan iki qəbilədən birində sakral-ezoterik mətn, yəni mif, o biri qəbilədə əyləndirici-ekzoterik mətn hesab olunur. Burada məsələnin bütün mahiyyəti "inam" konsepti ilə müəyyənləşir. Bir qəbilə həmin əfsanə mətnindəki hadisələrə inanaraq onları həqiqət, o birisi isə inanmayaraq uydurma hesab edir. K.Levi-Strosun yazdığı kimi: "Mif nə qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır". Yaxud M.İ.Steblin-Kamenski də yazır ki, "mif nə dərəcədə qeyri-həqiqət olmasından asılı olmayaraq, yarandığı və yaşadığı yerdə həqiqət kimi qəbul olunan hekayədir".
İsa Həbibəyli "kitab" universumunu şifahi "Dədə Qorqud"la yazılı "Kitabi-Dədə Qorqud" arasında təsnifləndirici işarə kimi götürərək, dastanın kitab//əlyazma variantını məhz yazılı ədəbiyyatın başlanğıcı hesab edir. Ancaq müəllif yazılı abidəyə canlı mətn paradiqmasında yanaşaraq, onda şifahi və yazılı ədəbiyyat başlanğıclarının qarşılıqlı dinamikada olduğunu göstərir. O yazır: "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyata aid olması haqqındakı fikirlər epizodik xarakter daşımış, xüsusi bir araşdırmaya çevrilməmişdir. Abidənin tam olaraq yazılı bədii əsər olduğuna dair qəti hökm çıxarılmamışdır. Lakin diqqətlə nəzər yetirdikdə "Kitabi-Dədə Qorqud"da şifahi başlanğıcla yanaşı, yazılı ədəbiyyata aid xüsusiyyətlərin daha çox olduğu aşkar görünür".
Müəllif monoqrafiyada ədəbi-mədəni prosesə və onu təşkil edən faktlara öz dövrünün düşüncə konseptləri səviyyəsində yanaşaraq, "kitab", "namə", "qissə", "risalə", boy", "soy" və s. terminlərin məna sahələrindən ibarət vahid semantik sahə yaradır və bu sahə ona mifdən baş alıb gələn, "kitab" paradiqmasında "Kitabi-Dədə Qorqud" epopeyasına diferensiyasiya edən, lakin şifahi olaraq da öz yaşamını davam etdirən, epoxalar dəyişdikcə qəhrəmanlıq və məhəbbət dastanlarına transformasiya olunan şifahi "Dədə Qorqud" eposunun epik böyümə, təkamül, inkişaf mənəzərəsini təsəvvür və təsvir etməyə imkan verir.
Diqqətəlayiqdir ki, İsa Həbibbəyli istər şifahi "Dədə Qorqud", istərsə də yazılı "Kitabi-Dədə Qorqud" dastanlarına bütövlükdə "oğuznamə" paradiqmasında yanaşır. Burada məsələnin mahiyyəti oğuzların nəyi "oğuznamə" adlandırması ilə bağlı deyildir. Oğuzlara aid dastanların da, tarix əsərlərinin də "Oğuznamə" adı altında bizə gəlib çatması məlum məsələdir. İsa Həbibbəyli məsələyə başqa istiqamətdən, yəni şifahi kodla funksionallaşan Oğuz bədii təfəkkürünün (oğuznaməçilik ənənəsinin) müəyyən tarixi şəraitdə özünü yazılı kodla ifadə etmək zərurətinin meydana çıxması baxımından yanaşır. Bu zərurətin hansı tarixi amillərlə müəyyənləşməsindən asılı olmayaraq, "Oğuznamə" eposu "Kitabi-Dədə Qorqud" fakturasında anadilli yazılı ədəbiyyatın başlanğıcına çevrilir.
İsa Həbibbəylinin monoqrafiyada "kitab" konseptini ardıcıl şəkildə, hətta deyərdik ki, inadla aktuallaşdırması (qabartması, vurğulaması) məsələyə konseptual yanaşmanın ifadəsidir. Çünki o, həm də bir ədəbiyyatşünas kimi ədəbiyyat tarixçiliyinin məlum klassik prinsipinə əsaslanır: Yazılı ədəbiyyat faktla müəyyənləşir: yazılı mətn varsa - ədəbiyyat var, yoxdursa - yoxdur. Bu baxımdan, "Kitabi-Dədə Qorqud" anadilli Azərbaycan yazılı ədəbiyyatının mövcud, var olmaqda davam edən faktıdır. Ancaq İ.Həbibbəyli "Oğuznamə"nin şifahi kodunun yazılı koda keçidinin daha əvvəllər baş verdiyini də bilir. Tarixi, ən azı, VI əsrə aid olan "Ulu Xan Ata Bitikçi" dastanında yazılı "Oğuznamə" bitiyinin mövcudluğu haqqında məlumat verilir.
"Bitik" elə "yazı" mənasında olan qədim türk sözüdür. "Kitab" termini orta əsrlərdə şifahı və yazılı ədəbiyyatları bir-birindən ayıran ədəbi-estetik düşüncə konsepti olduğu kimi, "bitik" də qədim dövrlərin eyni funksiyalı terminidir. Lakin VI əsrdə haqqında danışılan yazılı "Oğuznamə" əldə olmadığı üçün İsa Həbibbəyli anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı konsepsiyasını yazılı bədii abidə olan "Kitabi-Dədə Qorqud"un üzərində qurur.
Qeyd edək ki, monoqrafiyada "Kitabi-Dədə Qorqud" abidəsinə anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı kontekstində ən müxtəlif istiqamətlərdən yanaşılmışdır. Burada onların hamısından bəhs etmək imkansız olsa da, indiki halda daha iki məsələni vurğulamaq istərdik. Bunlardan biri "Dədə Qorqud"un "kitab" kimi necə yaranması məsələsi, ikincisi yenə də "kitab" kimi janrı məsələsidir.
İ.Həbibbəyli birinci məsələ haqqında yazır: "Belə bir nəticəyə gəlmək olar ki, "Kitabi-Dədə Qorqud" oğuznamələri xalq arasında şifahi şəkildə dolaşan Dədə Qorqud boyları və rəvayətləri əsasında yaradıcı şəkildə işlənərək Qorqud Ata tərəfindən "Kitab" şəklində yaradılmış və gələcək nəsillər üçün tövsiyə olunmuşdur. Biz burada "yaradılmışdır" sözünü "yazmışdır" mənasında ona görə işlətmirik ki, "Kitab"ın məhz Dədə Qorquda aid bir müəllifə məxsus olan əlyazmasının real mövcudluğu barədə bu vaxtadək heç bir məlumat yoxdur".
Müəllifin bu fikrində şifahi "Dədə Qorqud" eposunun "Kitab"a çevrilməsinin mənzərəsi əks olunmuşdur. Bu fikirdə iki əsas məqam diqqəti cəlb edir:
1. Yazılı "Kitabi-Dədə Qorqud" epopeyası şifahi "Dədə Qorqud" eposunun bazasında yaranmışdır. Bunun əsasında yazılı ədəbiyyatın şifahi ədəbiyyatdan diferensiasiya etməsi sxemi durur.
2. Qorqud Ata obrazı istər mifik-əfsanəvi, istərsə də real-tarixi planda "müəllif"dir. "Kitabi-Dədə Qorqud" bütün poetik struktur elementləri ilə Qorqud Ata obrazına konsentrasiya olunur. Epos bütöv bir poetik orqanizm kimi onu təşkil edən hər bir makro və mikro elementləri səviyyəsində Qorqudu yalnız müəllif kimi təqdim edir.
3. Qorqud Ata bir müəllif olaraq "yaradıcı" arxetipini təcəssüm etdirir. Mifik düşüncə modelində nə varsa - hamısı: yer, göy, insan, maddi, mənəvi əşyalar və s. "Yaradıcı Ata" tərəfindən yaradılır. Bu cəhətdən, mifoloji-epik şüura görə, canlı orqanizm, magik sözdən yaranmış varlıq kimi təsəvvür olunan "Dədə Qorqud" dastanı da "ilk yaradıcı ata" arxetipini təcəssüm etdirən Qorqud Ata tərəfindən yaradılmışdır. Bu halda onun dastanı şifahi olaraq "düzüb-qoşması", yaxud da "yazması" müəlliflik planında heç bir fərq etmir. Çünki mifoloji-epik şüurda hər yaradılanın "yaradıcı" müəllifi var.
Göründüyü kimi, İsa Həbibbəyli Qorqud Atanın istər şifahi "Dədə Qorqud" dastanının yaradıcısı, istərsə də yazılı "Kitabi-Dədə Qorqud" epopeyasının yaradıcısı kimi müəllifliyini epik-mifoloji düşüncənin dalektik mahiyyətinə uyğun şəkildə təsəvvür və təqdim edir. Bu baxımdan, müəllifin yekun qənaətinə görə: "Kitabi-Dədə Qorqud"un, yəni "Dədə Qorqud" boylarının kitab şəklində meydana çıxması iki mənada başa düşülür:
1. Dastanın yazıya alınması, yaxud əlyazmanın üzünün köçürülməsi;
2. Mövcud dastan süjetləri əsasında "Dədə Qorqud kitabı"nın yaradılması.
"Kitabi-Dədə Qorqud"un taleyində bu proseslərin hər ikisi ilə əlaqədar hallar yaşanmışdır".
Monoqrafiyada anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı kontekstində diqqəti cəlb edən ikinci ən mühüm məsələ eposun şifahi və yazılı variantlarının janrı problemidir. Şifahi "Dədə Qorqud" dastanını epos statusunda qəbul edən İsa Həbibəyli yazılı "Kitabi-Dədə Qorqud"u roman-epopeya adlandırır. O yazır: "İndiyədək "Kitabi-Dədə Qorqud"dan şifahi xalq ədəbiyyatı nümunəsi kimi bəhs olunsa da, artıq bu ədəbi abidəmizdən Aszərbaycan yazılı ədəbiyyatının roman-epopey janrında yaradılmış möhtəşəm bədii əsər nümunəsi qismində daha çox danışmaq olar və lazımdır".
"Roman-epoeya" janrı müasir ədəbiyyat termini kimi oxucuda müəyyən çaşqınlıq, yaxud etiraz yarada bilər. Ancaq unutmaq lazım deyil ki, "roman" da, "epopeya" da mənşəyi baxımından mifoloji-epik düşüncə arxetipləridir. Başqa sözlə, bədii növün ən nəhəng janrı olan "roman" öz kökləri səviyyəsində dastandan başqa bir şey deyildir. Mir Cəlalın yazdığı kimi, "orta əsrlərdə, ümumiyyətlə, roman dillərində yazılan əsərlərə belə ad ("roman" - S.R.) verirdilər. Sonralar bu ad ancaq bədii əsərlərin böyük formasına verildi. Orta əsrlərdə şöhrət tapan romanlar əsasən cəngavərlərə həsr olunurdu (Rıtsar romanları). Bu romanlarda igid, müstəsna cəngavərin sərgüzəşti və şöhrəti təsvir olunurdu".
Vurğulamaq istərdik ki, İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" monoqrafiyasının istər birinci, istərsə də digər fəsillərində çoxsaylı məsələlərə toxunulmuşdur. Bu cəhətdən monoqrafiyanın ikinci fəslində "Kitabi-Dədə Qorqud"un əlyazma nüsxələrindən, üçüncü fəslində boyların ideya-məzmun xüsusiyyətlərindən, dördüncü fəslində "roman-epopeyanın" poetikasından söhbət açılır.
Qeyd edək ki, monoqrafiyanın ümumi təmayül xətti "Kitabi-Dədə Qorqud"u anadilli yazılı ədəbiyyatın başlanğıc mərhələsi kimi təqdim etmək istiqamətində olsa da, burada dastanın süjeti, obrazlar sistemi, mifopoetikası və s. ilə bağlı çoxlu yeni fikirlər söylənilmişdir. Həmin fikir və mülahizələrin, ehtimal və fərziyyələrin ümumən qorqudşünaslıqda müəyyən fikir canlaması yaradacağına, faydalı müzakirə və mübahisələrə, fikir mübadilələrinə, oxucularda şərh olunmuş məsələlər haqqında yeni ideya və düşüncələrin baş qaldıracağına səbəb olacağına inanırıq. Ən azı, ona görə ki, hər bir elm sahəsinin inkişafı alimlərin qarşılıqlı fikir mübadilsəsi və mübahisələri müstəvisində inkişaf edir. Bu baxımdan, İsa Həbibbəyli monoqrafiyada istər Azərbaycan filoloqlarına, istərsə də folklorşünaslarına onların düşüncələrini uzun müddət məşğul edəcək tezisləri kifayət qədər təqdim edib. Ancaq belə hesab edirik ki, İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlanan bu yeni monoqrafiyası fikirləşmək, düşünmək, söz demək, öz möqelərini yenidən nəzərdən keçirmək və s. növbəsini daha çox folklorşünaslara təqdim edib. Ona görə ki, məhz folklorşünaslar "kitab" qrifi ilə birmənalı şəkildə yazılı ədəbiyyat koduna oturmuş "Kitabi-Dədə Qorqud" abidəsini ağına-bozuna baxmadan ancaq folklor abidəsi kimi təqdim etmiş, şifahi şəkildə ozanların dilində yaşayan, hər dəfə ifa olunduqca öz auditoriyasının epoxal poetik mizanlarına uyğun şəkildə dəyişən şifahi "Dədə Qorqud" dastanı ilə yazıya alınaraq "Dədə Qorqudun kitabı"na çevrilmiş və bununla da folklor nümunələrinə xas olan aramsız dəyişmə xüsusiyyətindən birdəfəlik məhrum olmuş yazılı mətn arasında fərq qoymamışlar.
Bu cəhətdən, İsa Həbibbəylinin aşağıdakı fikri Azərbaycan filoloqları ilə folklorşünaslarının qarşısında fərqli vəzifələr qoyur.
Müəllif yazır:
"Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyata aid olmasına dair xüsusiyyətləri onun şifahi xalq ədəbiyyatı abidəsi olmasına aid əlamətləri üstələyir. Dastanla müqayisədə bədii forma baxımından "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyatdakı roman-epopeya janrında yaradılmış bədii əsər olması ağır gəlir".
Bu fikir bir metodoloji tezis kimi qəbul etmək olar. Çünki əlimizdə olan mətn birmənalı şəkildə "yazılı ədəbiyyat" faktıdır: o, artıq canlı dastan yox, öz dövrünün yazılı ədəbiyyatının poetik norma və qəliblərinə salınmış yazılı mətndir. Ona görə də əlyazmada İsa Həbibbəylinin müləqləşdirdiyi kimi, yazılı ədəbiyyata aid xüsusiyyətlərin şifahi xalq ədəbiyyatına aid əlamətləri üstələməsi tamamilə təbiidir. Məhz bu cəhət filoloqlar və folklorşünasların abidə ilə bağlı bundan sonra görə biləcəkləri işi bir-birindən fərqləndirir:
~ Filoloqlar uzun onilliklər boyunca həyata keçirmədikləri vəzifəni yerinə yetirməli olacaq, yəni folklor mətninin yazılı ədəbiyyat "statusunda" ana dilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıc mərhələsi kimi necə funksionallamasını öyrənməli olacaqlar.
~ Folklorşünaslar isə artıq yazı formatına oturmuş mətndən onun şifahi formatını bərpa etməli olacaqlar.
~ Filoloqlar "Kitabi-Dədə Qorqud"u perspektiv zaman, folklorşünaslar isə retrospektiv zaman boyunca öyrənəcəklər. Epik-bədii zamanın bu şəkildə əks istiqamətlərdən öyrənilməsi isə bizi bütün yolların, zamanların, cığırların başlandığı və bitdiyi məqama - ümumbəşəri xaosdan milli kosmosun söz şəklində yarandığı Qorqud ocağına aparacaq.
Seyfəddin RZASOY
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, Filologiya elmləri doktoru, professor