525.Az

"Əjdər Olun vətənpərvərliyi, Azərbaycan sevgisi misilsizdir" - Müsahibə


 

ƏMƏKDAR ARTİST AĞALAR BAYRAMOV: "BUNU YARADICILIĞINDA XÜSUSİ YER TUTAN GÖZƏL VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ DƏ SÜBUT EDİR"

"Əjdər Olun vətənpərvərliyi, Azərbaycan sevgisi misilsizdir" - <b style="color:red">Müsahibə</b>

Dəyərli bədii qiraət ustası, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramov müasir ədəbiyyatımızın tanınmış nümayəndəsi, dəyərli şair və nasir Əjdər Olun şəxsiyyətinə və yaradıcılığına yaxından bələd olan sənətkarımızdır. O, uzun illərdən bəri mədəni tədbirlərdə, poeziya gecələrində Əjdər Olun şeirlərini ürəklə, hərarətlə səsləndirməklə həm öz ifasına, həm də şairin yaradıcılığına böyük rəğbət qazandırıb. A.Bayramov bizimlə söhbətində sənətkar dostu ilə tanışlığından, onun insani məziyyətlərindən və yaradıcılığının özəlliklərindən söz açdı.

 

- 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin dekan müavini vəzifəsində çalışırdım. Demək olar ki, hər gün də efirlərdə idim. Bir gün zəng gəldi, danışan Əjdər Ol idi. Onun imzasıyla, publisistik yazılarıyla qiyabi şəkildə tanış idim. Onda Əjdər müəllim Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləyirdi. İş yerlərimiz bir-birinə çox yaxın idi. İş yerinə dəvət etdi, getdim. Çox səmimi görüşdük, söhbət elədik, imzalı kitabını verdi və əlyazma şəklində şeirini çıxartdı. Dedi ki, mən sizi çoxdan izləyirəm, sizin bədii qiraət sənətində öz üslubunuz var. Sizin repertuarınız üçün bir şeir yazmışam. Şeirin adı "Hamı sənə can deyir". İlk tanışlığımız bununla başladı və həmin şeir çox sevildi, dillər əzbərinə çevrildi. Bundan sonra biz Əjdər müəllimlə dostlaşdıq, bu gün də dostuq, ölənə qədər də dost qalacağıq. O şeirlə mən 2004-cü ildə Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlılarının Konqresində də çıxış etmişəm. 2005-ci ildə yenidən Kölndə, 2007-ci ildə İsveçin paytaxtı Stolkholm şəhərində, 2008-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən tədbirdə ifa etdim. Bunlar rəsmi dövlət tədbirləri idi. Ondan başqa da hara getsəm, hamı məndən o şeiri istəyirdi. O şeir dalğa-dalğa yayıldı.

- Onun daha hansı şeirlərini səsləndirmisiniz?

- Azərbaycan müstəqilliyini elan edəndən sonra sırf mənim repertuarım üçün "Gözaydınlığı", yaxud da "Azərbaycanım!" şeirini yazdı:

Ölmədim ağ gününü gördüm, Azərbaycanım!
Olsa da, "yox,- deyəcəm, - dərdim", Azərbaycanım!

Çatdıq azadlığa, biz arzulayan çağlardı,
Can fəda eylədilər, can əvəzi sağlardı,
Mənim arxam boyaboy cərgələnən dağlardı,
Çinarınla yanaşı durdum, Azərbaycanım!
Ölmədim ağ gününü gördüm, Azərbaycanım!

Bu şeir repertuarımda çox sevilib. Amma 1992-1994-cü illərdə görürdüm ki, bu şeiri deyəndə bəziləri dodaq büzürlər. Çünki onlar şeirin mahiyyətini başa düşmürdülər. Fikirləşirdilər ki, nə ağ gün görmüşük ki, torpaqlarımız işğal altındadır. Baxışlardan onu sezirdim. Amma hər şeyin zamanı varmış. Elə ki, Vətən müharibəmiz başladı, hər kəs məndən o şeiri gözlədi.

- 44 günlük Vətən müharibəsi zamanı da çıxışlarınızda Əjdər Olun şeirlərinə yer verirdiniz?

- Əlbəttə, onun şeirlərinin yenə də xüsusi yeri vardı. Vətən müharibəmizin qızğın zamanlarında Beyləqanda, Milabad qəsəbəsindəki yaralı döyüşçülərimizin görüşünə getmişdik. Bir qrup ziyalı, eləcə də mən və Əjdər Ol oradaydıq. Həmin görüşdə yaralı döyüşçülərimiz üçün o şeiri dedim. Əjdər Olun da gözləri dolmuşdu. İnanın, həmin an onların imkanı olsaydı, yaralı-yaralıb döyüşə gedərdilər. Keçən il noyabrın 8-də Şuşaya Bayrağımız sancılan gün məni bir hərbi hissəyə dəvət eləmişdilər. 2-3 min əsgərin, zabitin arasında bu şeiri dedim. Elə böyük coşquyla qarşıladılar ki. Şeirdən sonra deyirdim ki, Ali Baş Komandanımız, cənab İlham Əliyevin döyüş tapşırıqlarını yerinə yetirməyə hazırsınızmı? Dinləyənlər dəfələrlə qışqırırdılar: "Hazırıq!" Bu, Əjdər Olun həmin "Gözaydınlığı" şeirinin vüsətindən yaranmışdı.

Əjdər Olun qüdrəti, vüsəti bundan ibarətdir. O, sözün ətəyindən tutub qaldırandı, İlahi sözə qiymət verəndi. Əjdər Ol yazdığı hər sözü, hər misranı zərrə-zərrə içərisindən keçirib. Onun "Bizim zamanımızda" şeiri var. Son 10-15 ildə dəfərlərlə efirlərdə demişəm:

Bizim zamanımızda Qarabağ əldən gedib,
Bizim vaxtımızda da geri qayıtmalıdır.
Namərdin nə vecinə, nə gedib, eldən gedib,
Onun bir azarı var: işi soyutmalıdır.

Əjdər Olun poeziyası Məmməd Araz, Ramiz Qusarçaylı və bir çox şairlərlə bərabər, mənim yaradıcılığımda son 25 il ərzində çox böyük yer tutub.

"İstiqlal" şeirini də mənim repertuarım üçün yazıb Əjdər müəllim. Hər il İstiqlal günümüzdə bütün tədbirlərdə o şeir səslənir. Eyni zamanda, o şeiri Londonda, Kanadının paytaxtı Ottavada, Sankt-Peterburqda, Almatada, Moskvada ifa etmişəm:

Ey, salam tək hamıya söylədiyim, İstiqlal!
Rəngini yaxşı ayırd eylədiyim, İstiqlal!
Tən gəlir qan çeşidim bayrağımın al qanına,
Nə yapar cansız ölüm məsləkinin qəltanına,
Döşümü qalxan edib girdim onun meydanına,
Öz içimdən doğulub etdi zühur İstiqlal!
Sözdə iş, işdə qürur, məncə, budur İstiqlal!

Bu şeirləri neçə-neçə xarici ölkələrdə mötəbər tədbirlərdə səsləndirmişəm. Təxminən 7-8 il öncə məni Yaroslavla dəvət etmişdilər. Orda bu şeiri ifa etdim. Təxminən 400 nəfərlik zalın 150 nəfəri ruslar idi. Oranın millət vəkili Tereşkova da tədbirdəydi. Tədbirdən sonra o, mənə yaxınlaşdı. Məni ona təqdim etdilər. Dedi ki, mən sizin o şeirdə nə dediyinizi anlamırdım, amma ifanızdan, emosiyanızdan anladım ki, şeir də çox təsirlidir. Əjdər Olun vətənpərvərliyi, Azərbaycan sevgisi misilsizdir. Bunu onun yaradıcılığında xüsusi yer tutan vətənpərvərlik şeirləri də sübut edir. "Qeyrət məsələsi", "Soyadım, adım vətən" şeirləri mükəmməldir. Əjdər müəllimdə olan vətən qeyrəti, təəssübkeşlik, yurd sevgisi, Azərbaycanın bütövlük arzusu kaş çox insanlarımızda olaydı. Eləcə də Əjdər Olun məhəbbət şeirləri də tam fərqlidir, çox böyük təsir qüvvəsi daşıyır:

Sevən ki eşqi yolunda
Ölmürsə, neynirsən onu?!
Gedib o dünyanı görüb
gəlmirsə, neynirsən onu?!                

Ürəyini al əlinə,
Qoy düşməsin kal əlinə,
Toxunanda gül əlinə,
bilmirsə, neynirsən onu?!

Düşsən şərə, qalmaqala,
Xəbər göndər Əjdər Ola.
Əjdər gərək Əjdər ola,
Olmursa, neynirsən onu?!

Əjdər böyük ziyalıdır, dəyərli qələm sahibidir. Onun publisistik yazıları da ən incə tellərə toxuna bilən yazılardır. Ötən il çıxan "Lo" romanının ilk əlyazmasını mənə vermişdi. Çox təsirləndim. Orada insanların, ölkəmizin, dünyanın taleyini çox gözəl şəkildə qəlmə alıb. XX əsrin son 20-30 ilini özünün həyat yolu ilə elə məharətlə cilalayıb, elə gözəl araya-ərsəyə gətirib ki, söz tapmaq mümkün deyil.

- Bilirik ki, Əjdər Olun təşkilatçılığı ilə keçirilən, onun aparıcılıq etdiyi poeziya tədbirlərində də müntəzəm çıxışlarınız olub...

- 1962-ci ildən etibarən hər il Şamaxıda Sabir poeziya günləri keçirilir. O dövrdən bu vaxta kimi həmin poeziya günlərinə böyük şairimiz Rəsul Rza, görkəmli alim Abbas Zamanov, Xalq şairi Qabil rəhbərlik ediblər. Sonrakı dövrlərdə rəhmətlik şairimiz Fikrət Sadıqın adı getsə də, xəstə olduğu üçün tədbirləri Əjdər müəllim aparırdı. Fikrət müəllim də rəhmətə gedəndən sonra neçə illərdir ki, Əjdər müəllim özü çox ləyaqətlə o tədbirləri təşkil edir. Yəni o, həm də Sabir Poeziya Günlərinin rəhbəridir. Mən də artıq 16-17 ildir, həmin tədbirlərdə çıxış edirəm. İndi həsrətlə mayın 30-nu gözləyirəm ki, gözəl şairimiz, dəyərli qardaşım yenidən o tədbiri davam etdirsin. İnşallah, belə də olar. Əlbəttə, biz dövlətin işinə qarışa bilmərik. Amma Ağalar Bayramov kimi bircə şeyi inamla deyə bilərəm: bu yaşıma kimi heç vaxt şəxsi və ya digər məsələlərə görə bu cür müraciət etməmişəm. Bu gün 67 yaşımda ilk dəfə ölkə rəhbərliyinə, həmişə humanist addımlar atan, insanpərvərlik və mərhəmət nümunələri ilə yadımızda qalan dövlət başçımıza üz tutaraq xahiş edirəm ki, hər şey araşdırılana qədər Əjdər Ol orada qalmasın. Heç olmasa, zaminə götürülüb, ev dustaqlığına buraxılsın. İnanıram ki, bütün qələm sahibləri mənim bu xahişimə dəstəkdirlər. Günlərdir, Xalq şairimiz Musa Yaqub xəstə halıyla hər gün mənə zəng edir, narahatlığını bildirir. Əjdər Ol Azərbaycan dövlətçiliyinin, ədəbiyyatının keşiyində duran fədakar vətəndaş və istedadlı qələm sahibidir. Onun indiki vəziyyəti bizi çox üzür.

Şahanə MÜŞFİQ

 





24.02.2021    çap et  çap et