525.Az

"İstərdim, hər kəsin mahnı siyahısında retro musiqilər olsun" - Müsahibə


 

ALİYƏ TƏHMƏZOVA: "ŞƏXSİ İNKİŞAF KİTABLARI İNSANLARI BOŞ-BOŞ DANIŞMAĞA VADAR EDİR"

"İstərdim, hər kəsin mahnı siyahısında retro musiqilər olsun" - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Bu gün yaşlı nəslin musiqi zövqünü oxşamaq nə qədər çətindirsə, əksər gənclərin diqqətini çəkmək də bir o qədər asandır.

Gənclərin böyük əksəriyyəti retro musiqilərdən bixəbər olduqları üçün yaxşını pisdən ayırmaqda da çətinlik çəkirlər. Belə olduqda isə bəsit, məzmunsuz ara mahnılarına aldanırlar. Onların bədii zövqünü tərbiyə etmək bəzən çətin olsa da, səy göstərmək, çalışmaq lazımdır. Elə budəfəki müsahibimiz Aliyə Təhməzova da idarəçisi olduğu "Bizim retro" səhifəsi vasitəsilə gənclərin musiqi zövqünü təzələməyə çalışır.

Aliyə Təhməzova ilə müsahibəni təqdim edirik.

***

- Aliyə xanım, sosial şəbəkələrin imkanlarından nə dərəcə razısınız?

- Sosial şəbəkələr hazırkı vəziyyətdə hansısa bir işin öhdəsindən gəlmək və həmin işi tanıtmaq üçün çox effektlidir. Mən bu mənada sosial medianın imkanlarından çox razıyam.

- İzləyicilərinizdən gələn rəylər sizi qane edirmi?

- İzləyicilərimizdən gələn xoş rəylər bizi daha da həvəsləndirir. Sonuncu dəfə ünvanlanan bir mesajı xüsusilə qeyd etmək istəyirəm. İzləyicilərimizdən biri yazmışdı ki, sayənizdə heç vaxt dinləmədiyim retro mahnıları dinləyirəm. Ətrafımdakı yaxınlarım mahnı siyahımı görüb təəccübləniblər. Çox xahiş edirəm, heç vaxt bu səhifəni silməyin. Həmin izləyici səhifədəki passivliyi görüb bu mesajı motivasiya üçün yazmışdı.

- "Bizim retro" səhifəsi bir çox gəncləri öz ətrafına toplamağı bacarıb. Bəs bu səhifəni açmağa necə qərar verdiniz?

- Təxminən mart ayının son günləri idi. Yaxınlarımdan birinə retro mahnılarımızı və filmləri paylaşa biləcəyim bir səhifə açmaq istədiyimi dedim. O da mənə "Bizim retro" adını təklif etdi. Bu ad çox xoşuma gəldi. Çünki minimal və hər kəs tərəfindən anlaşılacaq bir addır. Beləliklə, səhifəmiz aprel ayının 1-dən fəaliyyətə başladı.

- Gündəlik paylaşımlara necə qərar verirsiniz? Dostlarınızdan bununla bağlı yardım alırsınız, yoxsa öz içinizdən gələn musiqilərdir hər biri?

- Əvvəl özüm axtarırdım. Amma indi izləyicilər arasında sorğu keçirirəm. Hər dəfə gözəl mahnı istəkləri gəlir.

- Başqa hansı fəaliyyətiniz var?
- Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Hazırda həmin universitetdə magistratura üzrə təhsilimi davam etdirirəm.

- Gündəlik vaxtınızın nə qədərini səhifəyə ayırırsınız?

- Adətən hər gün paylaşım etməyə çalışıram. Sadəcə son zamanlar Vətən müharibəsi ilə əlaqədar paylaşımlarda passivlik yarandı. Bu ərəfədə ətrafımdan şəhid xəbərləri çox gəlirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Beləcə, ruh halımda yaranan durğunluq səhifəyə də təsir edirdi. Bu yaxında səhifənin aktivliyini artırmaq üçün hər gün kafedən çəkilən bir şəkil ilə retro mahnıları birləşdirib paylaşmaq istəyirik.

- Bir çox gənclər səhifənizi izləsə də, bayağı mahnılar olan səhifələri izləyənlər də çoxdur. Siz bu barədə nə düşünürsünüz?

- Düzdür, zövqlər fərqlidir. Mənə təsir edən odur ki, bizim milli dəyərlərə tələbat azdır. Çox istəyərdim, hər kəsin mahnı siyahısında belə dəyərli mahnılar yer alsın, ifaçılarımız öz repertuarında retro mahnılardan istifadə etsinlər. Ümid edirəm, zamanla bunu bacara bilərik.

- Necə düşünürsünüz, bugünkü gənclik sosial mediadan doğru şəkildə istifadə edə bilirmi?

- Bu cavabım hər kəsə aid deyil, amma bu gün gənclərimizin əksəriyyəti sosial şəbəkələrdən düzgün istifadə etmir. Buna Tik-tok tətbiqini misal göstərə bilərəm. İstəyirəm, orada da "Bizim retro"nun səhifəsi olsun. Bəlkə kimlərinsə zövqünə təsirimiz olar.

- İlk paylaşımınızı xatırlayırsınızmı?

- Dünənki kimi yadımdadır, ilk paylaşımımız Rəşid Behbudovun "Alagöz" mahnısı olmuşdu.

- Mütaliə etməklə aranız necədir, kimlərin yaradıcılığını izləyirsiniz?

- İllərdir, mütaliə edirəm. Kitab qurdu olmasam da, çalışıram, hər gün kitab oxuyam. Şəxsi inkişaf kitablarını sevmirəm. Şəxsi inkişaf kitabları, məncə, insanları boş-boş danışmağa vadar edir. Adətən romanlara, klassiklərə, psixoloji kitablara üstünlük verirəm. Yazar olaraq siyahıda ad çoxdur, amma hər kəsə Tolstoyun kitablarını tövsiyə edirəm.

- Gələcəkdə bu işinizlə bağlı hansı planlarınız var?

- Hazırda bu konseptimizə uyğun olaraq "Book Mall" adlı kafemiz fəaliyyətdədir. Kafe əsasən retro əşyalar, kitablar ilə dizayn edilib. Evsayağı bir məkandır, rahat üslubu var. Bununla bağlı başqa planlarımız da var, onları da zamanla həyata keçirəcəyik.

Günel ABBAS

 





24.02.2021    çap et  çap et