525.Az

Miqren, xatirə, qayınana - Məhsəti Musadan yeni yazı


 

Miqren, xatirə, qayınana - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Axşamdan miqrenin əlamətlərini hiss etsəm də, yenə səhlənkarlıq edib qabaqlayıcı tədbir görmədim.

Həmin gün işdən elə yorğun gəlmişdim ki, gözümün önündə gündüz oxuduğum yazıların hərfləri uçuşurdu. Sadəcə bir fincan çay içib yatmaq istəyirdim. Amma həm də mətbəxin idarəçisi olduğumu unutmamışdım. Könülsüz qolumu çırmayıb xörək "yazdım", çayı "redaktə" etdim. Şam yeməyi bitəndən sonra mətbəxin ümumi "korrektəsi" ilə məşğul olub çıxdım ki, oxucuların (uşaqların) gözündən yayınıb arxa otağa qaçım. Amma onların gözündən oğurlansam da, qaynanamın gözündən qaça bilmədim, məni çağırıb yanında oturtdu. Bir-iki yerdən danışıb həmişəki kimi keçmişə, gəncliyinə tərəf yol aldı. Aman allahım, yenə xatirə? İllərdir bu xatirələri hərfinə, vergül-nöqtəsinə qədər əzbər bilsəm də, hər dəfə yenidən başlayanda sonadək dinləyir, onun qəlbini qırmaq  istəmirdim. Hər zaman yeni məlumat dinləyirmiş kimi reaksiya verir, mənim dincəlməyə ehtiyacım olduğu qədər, onun da danışmağa ehtiyacı olduğunu anlayırdım. Getdikcə yaddaşını itirən qadının keçmiş xatirələri daha da artırdı. Bəzən digər otaqda görməli olduğum işin ardıyca getməyib sonadək onun tanımadığım insanlardan, tanımadığım yerlərdən bəhs edən xatirələrinə qulaq asırdım. Hər zaman dinləyici olmağı bir məsuliyyət kimi hiss edirdim. Bu dəfə isə... Bu dəfə həqiqətən bir kəlmə, hətta, övladımın "anacan" deməsini belə istəmirdim. Lakin bunu izah edə bilmirdim. Xatirələr çözələnir, çoxalırdı. Mənim əzabım da eləcə... Tanrıdan bu qadına insaf verməsini, söhbəti bir az qısaltmasını diləyirdim.

Lakin saatdan çox vaxt keçdi... Artıq bundan sonra yatsam da, xeyri olmayacaqdı. Qorxduğum ağrının əlamətləri getdikcə daha da artır, başımın sol tərəfi, sol gözüm sızıldamağa başlayırdı. Qəzet üçün yazıları adətən gecələr hazırlayıram. İlk dəfə idi ki, bu işi "sabaha" saxlayaraq  "xatirələr"  bitən  kimi yatmağa qaçdım.

Səhər tezdən güc-bəla ilə  durub çaydanı qazın üstünə qoydum. Amma bundan artıq heç nə edə bilmədim. Dəhşətli ağrı artıq məni ağuşuna almışdı. Ürəyim bulanırdı. Özümü ümumi otaqdakı divana atdım. Nələr yaşadığımı isə artıq miqrenlə tanış olanlar bilər.

Bir azdan cocuqların atasının səsini eşitdim:

- Booy, yenə nə oldu?

Təbii ki, cavab verəcək halda deyildim. Və heç o da cavab eşitməyə macal tapmadı:

- Alo, bəli müəllim, salam.  Nəə?...  Oldu, bu dəqiqə gəldim...

Az keçməmiş uşaqlar hoppana-hoppana yerlərindən durub gəldilər. Taqətim olmasa da, əlimlə sakit olmalarını işarə etdim. Hərəsi bir öpüş alıb, bir sığal çəkib bununla da övladlıq "borclarını" yerinə yetirdilər. Bundan sonra süpürləşmə, qəhqəhə, çığırtı səsləri başıma çəkic kimi dəyməyə başladı. Baba paytaxtda idi, nənələri yatmışdı, ata da işə getmişdi. Onları başa salacaq kimsə yox idi. İniltiylə oğlumdan xahiş etdim ki, digər otaqda oynasınlar. Onlar getdilər. Ağrının şiddətindən özümü unutmuşdum artıq. Ayağım, qolum, başım harada idi bilmirdim. Həmişəki kimi ağrıkəsici vurulmayınca özümə gəlməyəcəkdim. Anamı arzuladım. "Ananın övladına yandığı qədər heç kim yana bilməz" deyə düşündüm. Bu vaxt kürəyimin istiləndiyini, həmin istiliyin ayağımadək davam etdiyini hiss etdim. Anladım ki, kimsə üstümə qalın adyal sərdi, ayaqlarımı bükdü. Hətta başıma da nə isə salındı, boynumun arxası örtüldü. Ağrıdan keyləşdiyim üçün bunun realda baş verib-vermədiyini aydınlaşdıra bilmirdim. "Bəlkə qızımdır, ürəyi dözməyib körpə balamın" deyə kövrəldim də... Lakin bu vaxt qaynanamın həyəcanlı səsini eşitdim:

İlahi, o körpələri anaya həsrət qoyma, ona gələn bəlanı mənə ver. Pərvərdigara, sən özün məni it elə, onu da küt elə, atım ağzıma (Bu, onun tez-tez işlətdiyi deyimdir. Əvvəllər yaxşı ifadə kimi qəbul etməsəm də, mənasını izah edəndən sonra əksinə, nə qədər böyük ürəkdən xəbər verdiyini anlamışdım). İlahi, ona bir şey olacaqsa, əvəzinə mənim canımı al.

Bu dəfə o, xatirə danışmırdı. Özü də bilmədən dediklərini xatirəyə çevirirdi.

Nəfəsimi kəsən ağrı hönkürtüyə çevrildi bir anda...

Qadın ağrının şiddətindən ağladığımı düşünüb dərhal ağrıkəsicini hazırlamağa  başladı...

 





24.02.2021    çap et  çap et