525.Az

Vaşinqton-Moskva qarşıdurması dərinləşir - Xaqani Cəfərlinin şərhi


 

Vaşinqton-Moskva qarşıdurması dərinləşir - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Onlayn formatda keçirilmiş Münxen Təhlükəsizlik Konfransına qatılan ABŞ prezidenti Co Baydenin çıxışında ən diqqətçəkən məqam Rusiyanı NATO-nu zəiflətməyə çalışmaqda ittiham etməsi və Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsinə ölkəsinin sadiqliyini açıqlaması oldu.

Məlum olduğu kimi, Alyansın Nizamnaməsinin 5-ci maddəsi təşkilata üzv ölkələrin silahlı hücuma məruz qalan üzv ölkəyə kömək etməsi öhdəliyini nəzərdə tutur. Sabiq prezident Donald Tramp dəfələrlə bu öhdəliyə ciddi yanaşmadığını nümayiş etdirmiş və bununla da Alyansın mövcudluğunun zəruriliyini şübhə altına almışdı. ABŞ-ın NATO Nizamnaməsinin 5-ci maddəsinə riayət etməyəcəyi halda Alyansa üzv ölkələrin təhlükəsizliklə bağlı ciddi qayğıları yaranmışdı. Sələfindən fərqli siyasət yürüdəcəyini dəfələrlə bəyan edən Co Baydenin Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsinə ölkəsinin sadiqliyini bəyan etməsi müttəfiqlərinin narahatlıqlarını aradan qaldırmaqla yanaşı, Rusiyaya yönəlmiş xəbərdarlıq kimi də qəbul olunur. Təsadüfi deyil ki, Co Baydenin bu çıxışından dərhal sonra NATO-nun baş katibi Yens Stoltenberq bəyan etdi ki, əgər Rusiya toqquşma istəyirsə, biz buna hazırıq. Bu, Rusiyaya verilmiş çox açıq mesaj olmaqla yanaşı, NATO rəhbərliyinin Co Baydenin çıxışından sonra daha qətiyyətli mövqe tutmağa başladığını da göstərir. Ümumiyyətlə, Co Baydenin Münxen Təhlükəsizlik Konfransındakı çıxışının ana xəttini Moskva ilə münasibətlər, daha doğrusu, Rusiyadan gələn təhlükə təşkil edib. Bu isə o deməkdir ki, Ağ ev sahibinin xarici siyasətinin əsas hədəfi Rusiya olacaq.

Co Bayden Moskvanı NATO-nu zəiflətməyə çalışmaqda ittiham etdiyi gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Rusiyanın ətrafındakı ölkələri zəiflətməyə çalışdığına görə Qərbi ittiham etdi.  Nazir bildirdi ki, ABŞ başda olmaqla Qərb ölkələri Belarusla yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini də zəiflətmək istiqamətində siyasət yürüdürlər.

Lavrovun bu açıqlama ilə nə demək istədiyi tam məlum deyil. Cənubi Qafqazın üç ölkəsindən ikisinin, Azərbaycanla Gürcüstanın iqtisadi inkişafında Qərbin siyasi və iqtisadi dəstəyinin böyük rolu var. Qərbin dəstəyi olmadan regionun simasını dəyişən, Azərbaycanla Gürcüstanı siyasi və iqtisadi cəhətdən gücləndirən transmilli neft-qaz layihələri həyata keçirilə bilməzdi. Bu məqam Lavrovun fikirlərinin arxasında başqa məqamların dayandığını göstərir. Çox böyük ehtimalla, Lavrov "Qərb Rusiyanın ətrafındakı ölkələri zəiflətməyə çalışır" dedikdə, həmin ölkələrdə iqtidar dəyişikliyindən bəhs edir. Belarus, Gürcüstan, Ermənistanla yanaşı, Mərkəzi Asiya respublikalarının bəzilərində də siyasi gərginliklərin mövcudluğunu nəzərə alanda, Rusiya xarici işlər nazirinin məhz bu məqama işarə etdiyi aydın olur. Rusiyada belə bir fikir mövcuddur ki, Qərb Rusiyanın ətrafındakı ölkələrdə iqtidar dəyişikliyi etməklə bu ölkələrin xarici siyasət kursunun istiqamətini də Qərbə doğru dəyişir. 

Rusiya ilə Qərb arasında münasibətlər tezliklə qarşılıqlı ittihamlardan yeni mərhələyə, bir-birinə zərbə endirmə mərhələsinə keçəcək. Bunu Vaşinqtonun xarici siyasətini müəyyənləşdirən şəxslərdən biri - ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın açıqlaması da göstərir. Sallivan rus hakerlərin kiber hücumuna görə yaxın həftələrdə Rusiyaya qarşı tədbirlər görüləcəyini bəyan edib. Sallivanın sözlərinə görə, Rusiyaya qarşı tətbiq ediləcək qadağalar yalnız sanksiyalardan ibarət olmayacaq. Bu zaman görünən və görünməyən tədbirlərdən istifadə ediləcəyi haqqında Sallivanın bəyanatı isə çox tezliklə Vaşinqtonun Moskvaya hansısa zərbələr endirəcəyini təxmin etməyə imkan verir. Sallivan Rusiyaya qarşı görəcəkləri tədbirlərin nədən ibarət olduğunu açıqlamaqdan imtina edib, ancaq bu tədbirlərin geniş və əhatəli olacağını açıqlayıb.

Dəqiq söyləmək mümkün olmasa da, ABŞ-ın Rusiyaya endirəcəyi zərbələrin nədən ibarət olduğunu təxmin etmək olar. Bu plana fərdi və sahəvi sanksiyaların, Rusiyanın müttəfiqlərinə təhdid və texnoloji zərbələrin daxil olacağını proqnozlaşdırmaq mümkündür. Bu qadağa və zərbələrdən sonra isə Rusiya ilə ABŞ arasındakı münasibətlərin daha da gəriləcəyini müəyyən etmək olar. Amma yəqin ABŞ bununla da kifayətlənməyəcək. Rusiya ilə ABŞ arasında münasibətlərin son həddə qədər gərginləşməsi, NATO-nun baş katibi Yens Stoltenberqin bəyan etdiyi kimi, Rusiya ilə toqquşmaya belə hazır olmaları dünyadakı siyasi, iqtisadi və texnoloji proseslərə də təsir göstərəcək. Vəziyyət elə bir həddə çata bilər ki, "soyuq müharibə" zamanında olduğu kimi, cəbhələşmə yaranar. Bu zaman bu günə kimi hər iki dövlətlə eyni məsafədə dayanmağı bacaran ölkələr seçim qarşısında qala bilərlər. Təbii ki, bu zaman seçimdən asılı olaraq digər tərəfin təzyiqlərinə məruz qalmaq təhlükəsi də var. Ən təhlükəlisi isə Qərbin Rusiyaya endirə biləcəyi texnoloji zərbənin doğuracağı reaksiyadır. Çünki Rusiya bu zərbənin nəticələrini azaltmaq üçün qlobal internetdən ayrıla bilər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev artıq bunun anonsunu da verib. Bu isə Rusiya ilə çox sıx münasibətləri olan ölkələrə də təsir göstərəcək.

 





24.02.2021    çap et  çap et