525.Az

Şəmsi Bədəlbəylinin 110 illiyi tamam oldu


 

Şəmsi Bədəlbəylinin 110 illiyi tamam oldu<b style="color:red"></b>

Bu ilin 23 fevralı mədəniyyət tariximizdə mühüm yer tutan görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin 110 illliyinin tamamlanması ilə də əlamətdar oldu. 

Azərbaycan Dövlət Musiqili Teatrının qurucusu kimi tanınan Şəmsi Bədəlbəylinin teatr sənətimizin inkişafı naminə gördüyü işlər bu gün də böyük hörmət və ehtiram hissi ilə anılır. O, 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərmiş.

1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək “Malıy Teatr”da Şillerin "Don Karlos" əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. O, sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib. Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyası olub. Sənətkarın 1939-cu ildə quruluş verdiyi "Ölülər" komediyası da ona olduqca şöhrət gətirib. Eyni zamanda, sənətkarın Sabit Rəhmanın "Xoşbəxtlər" əsərinə verdiyi quruluş da uğurlu alınıb. Sənətkar bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir edir. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin "Kral Lir" pyesi olub.

İkinci Dünya müharibəsinin başlanması ilə bir çox məsələləri yarımçıq qoyan Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edilib. Sənətkar burada öz həmkarları ilə birlikdə "Vətən uğrunda" qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin "Əlli yaşında cavan", "Evli ikən subay" əsərlərini tamaşaya qoyub. 1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Teatrın yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə, teatrın repertuar məsələsinə, seçiminə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışır.

Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu səbəbdən də onun işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

 





24.02.2021    çap et  çap et