525.Az

Ermənistanda pat vəziyyəti davam edir


 

Ermənistanda pat vəziyyəti davam edir<b style="color:red"></b>

Ermənistan müxalifətinin üç ay əvvəl başlatdığı etirazların heç bir nəticə verməməsi erməni cəmiyyətində ruh düşkünlüyünü daha da artırır. Bu ruh düşkünlüyünə səbəb kimi isə müxalifətin baş nazir Nikol Paşinyanı istefaya sövq edə bilməməsindən daha çox erməni cəmiyyətinin heç nəyə qadir olmaması göstərilir. Hətta sabiq prezidentlər Robert Köçəryanla Serj Sarkisyanın hakimiyyəti ələ keçirməsinin qatı əleyhdarları belə, etiraz aksiyalarının effektsizliyindən şikayət edirlər.

Sabiq baş nazir Vazgen Mankyanın lideri olduğu "Vətəni xilas hərəkatı"nın düzənlədiyi mitinqlərin iştirakçılarının sayının paytaxt əhalisinin ümumi sayının bir faizini keçməməsi acı reallıq kimi etiraf olunur. Paytaxt əhalisinin 99 faizinin passiv münasibəti Nikol Paşinyana hakimiyyətini qoruyub saxlamaq imkanı verdiyi kimi, müxalifətin hətta ən kiçik uğur qazanmasına da imkan vermir. Ermənistan cəmiyyətinin çox böyük əksəriyyətinin ictimai-siyasi proseslərdə passiv mövqeyindən narahatlıq keçirən erməni liderlər cəmiyyəti daha fəal mövqe tutmağa səsləyirlər. "Vətəni xilas hərəkatı"nın lideri Vazgen Manukyan cəmiyyəti birləşməyə və öz taleyinə sahib çıxmağa çağırıb. Sabiq baş nazir bildirib ki, Qarabağda baş verənlər fəlakətli olsa da, daha qorxuncu hələ qarşıdadır. Müxalifətin paytaxt İrəvanda düzənlədiyi mitinqlərə cəmiyyətin geniş dəstəyini təmin etməyə xidmət göstərən bu bəyanat bir yandan da cəmiyyətdəki passivlikdən narahatlığın etirafı kimi qəbul oluna bilər.

Erməni sosioloqlar üç il əvvəl Nikol Paşinyanın hakimiyyətə gəlməsinə səbəb olan mitinqlərlə müqayisədə indi etiraz aksiyalarına aşkar hiss olunacaq dərəcədə daha az adamın qoşulmasından narahatlıqlarını bildirirlər. Həqiqətən də üç il əvvəl - 2018-ci il aprelin 22-də Respublika meydanına 250 min insan toplaşmışdısa, indi həmin meydanda keçirilən mitinq iştirakçılarının sayı 15-20 mini keçmir. Əgər üç il əvvəl Nikol Paşinyanın başçılıq etdiyi hərəkat cəmi 23 gün ərzində hakimiyyət dəyişikliyinə nail olmuşdusa, hazırda aksiyaların üç aydan artıq bir müddətdə davam etməsinə baxmayaraq, heç bir nəticə verməyib. Sosioloqlar bunu erməni cəmiyyətinin apatiyada olması kimi xarakterizə edir, bunun hətta Qarabağdakı məğlubiyyətdən də təhlükəli olduğunu vurğulayırlar. 

Bəzi erməni siyasətçilər isə erməni cəmiyyətinin artıq mövcud olmadığı, Ermənistanın ümumi maraq və mənafeləri olmayan insanlardan ibarət bir topluma çevrildiyi qənaətindədirlər. Aydın görünür ki, bu vəziyyət uzun müddət davam edəcək. Ümumiyyətlə, kənar müşahidəçilər Ermənistanın üzləşdiyi vəziyyətdən asanlıqla çıxa biləcəyini güman etmirlər. Əksər müşahidəçilər Ermənistanda siyasi, iqtisadi və mənəvi böhranın uzun müddət davam edəcəyini düşünürlər. Hətta hakimiyyət dəyişikliyinin də vəziyyəti dəyişməyəcəyi aydın görünür. Əksinə, hakimiyyət dəyişikliyi nəticəsində keçmiş korrupsioner elitanın yenidən iqtidara gəlməsinin vəziyyətin daha pisləşməsinə səbəb ola biləcəyi ehtimalını daha gücləndirir.

Aydın görünür ki, Ermənistanda pat vəziyyəti davam edir. Ermənistan cəmiyyəti Nikol Paşinyanla uğur əldə edə bilməyəcəyinə əmin olduğu kimi, onun alternativlərinə də etimad göstərmirlər. Müstəqil rəy sorğularının nəticələri də bunu təsdiqləyir.

Digər tərəfdən, Ermənistanın əsas sərmayə və maliyyə qaynağı hesab olunan, bütün dünyaya səpələnmiş erməni diasporu da "vətən"lərinə daha əvvəlki kimi diqqətlə yanaşmırlar. Bunu son üç ayda Ermənistana köçürülən pulların kəskin azalması da təsdiqləyir. Ermənistanın əsas sərmayəçiləri olan Rusiyadakı erməni əsilli oliqarxlar artıq heç bir layihə həyata keçirmirlər.

Politoqlar hesab edirlər ki, Ermənistan ətrafında yaranmış vəziyyət daha da pisləşə bilər. Bunun səbəbi isə Rusiya ilə Qərb arasında yaranmış gərginlik hesab olunur. Rusiya ilə Qərb birlikdə uzun müddət Ermənistanın mövqeyini müdafiə edib. Rusiya və Qərbdəki erməni diasporu da güc mərkəzləri arasındakı normal münasibətdən daha çox faydalana bilib. İndi isə vəziyyət dəyişir və Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistan Qərbin açıq dəstəyini itirmək təhlükəsi ilə üzə-üzədir.

 





24.02.2021    çap et  çap et