525.Az

Məktəb direktorları ilə onlayn görüş


 

Məktəb direktorları ilə onlayn görüş<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb direktorlarına təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu söyləyib, qarşıda duran vəzifələr barədə məlumat verib.

BŞTİ-nin müdiri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas məqsədinin ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, idarəetmənin qabaqcıl təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun qurulmasından ibarət olduğunu diqqətə çatdırıb. Həmçinin, təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsinin məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılı olduğunu bildirərək onları yenilikçi olmağa, daim araşdırmalar aparmağa səsləyib.

Daha sonra məktəb direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti və görülən işlər barədə məlumat verib, müvafiq təkliflər və onları maraqlandıran suallar səsləndiriblər.

Görüşdə IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin elektron yerdəyişməsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün formalaşdırılması, rəqəmsal bacarıqlar, STEAM layihəsi, texnologiya dərslərinin təşkili, peşə təmayüllü siniflər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

BŞTİ-nin sektor müdirləri və Təlimə Dəstək Mərkəzinin direktoru tərəfindən məktəb rəhbərlərinə tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, informasiya mübadiləsi və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

 





24.02.2021    çap et  çap et