525.Az

BDU beynəlxalq elmi toplantıda


 

BDU beynəlxalq elmi toplantıda<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Beynəlxalq Kosmik Hava Təşəbbüsü"nün (The International Space Weather Initiative (ISWI) rəhbər komitəsinin (Steering Committee) illik yığıncağında iştirak edib.

ISWI kosmik hava tədqiqatlarında istifadə olunan cihaz və qurğuların yaradılması,  inkişaf etdirilməsi, kosmik və yerüstü eksperimentlərin, ölçmələrin təkmilləşdirilməsi, kosmik hava üzrə məlumatların digər rəqəmsal bazalarla birlikdə analizi, alınan nəticələrin kosmik hava elmi istiqamətinin inkişaf etdirilməsinə yönləndirilməsini, həmçinin, nəzəri tədqiqatları nəzərdə tutan beynəlxalq əməkdaşlıq proqramıdır.

ISWI proqramının iştirakçı və koordinatorları Birləşmiş Millətlər Təşkilatının Xarici Kosmos üzrə Ofisi, ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi, Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitə, ABŞ Boston Kolleci, Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Elmi Komitə, Beynəlxalq Geodeziya və Geofizika İttifaqı, Atmosfer Araşdırmaları Mərkəzi,  Milli Kosmos Araşdırmaları və İnkişaf Agentliyi və Avropa Kosmik Agentliyidir.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev "Azərbaycanda ISWI proqramı üzrə fəaliyyət" mövzusunda məruzə edib. Ötən dövr ərzində Günəş və Günəş-Yer əlaqələrinin fizikası, kosmik hava sahələrində alimlərimizin apardığı elmi-tədqiqat işləri və əldə olunan elmi nəticələr rəhbər komitənin diqqətinə çatdırılıb.

Həmçinin, kosmik hava tədqiqatları üzrə cihaz və qurğuların beynəlxalq proqramlar çərçivəsində Azərbaycanda yerləşdirilməsi, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi məsələlərinə və kosmik hava məlumatlarının təhlili üzrə perspektivlərə toxunulub.

Yığıncaqda dünyanın 15-dən çox ölkəsini təmsil edən milli koordinatorlar iştirak edib. Beynəlxalq ekspertlər Günəş və Günəş-Yer əlaqələrinin fizikası, Kosmik hava, Magnitosfer və İonosfer fizikası, Qlobal Naviqasiya Peyk Sistemləri üzrə alınan yeni elmi nəticələri, təhsil və araşdırma imkanları kimi mövzularda müxtəlif məruzələrlə çıxışlar ediblər.

 





24.02.2021    çap et  çap et