525.Az

Ermənistandakı tarixi ərazilərimizin izi necə silinib?


 

Ermənistandakı tarixi ərazilərimizin izi necə silinib? <b style="color:red"></b>

Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində sözün əsl mənasında soyqırım həyata keçirib.

İşğaldan azad edilmiş rayon və kəndlərdə bir tikili, tarixi və dini abidə qalmayıb. Hətta qəbirləri belə dağıdıblar. Bu mənzərəni görən hər kəs, xarici diplomatlar, nümayəndələr, jurnalistlər şok vəziyyətinə düşürlər və etiraf edirlər ki, dünyanın heç bir nöqtəsində bu cür barbarlığa, vəhşiliyə rast gəlməyiblər. Amma bu barbarlıq təkcə Qarabağda həyata keçirilməyib. Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində xalqımıza aid olan tarixi abidələr ya məhv edilib, ya da saxtalaşdırılıb.

Məlumata görə, bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb. Onlardan biri - İrəvan şəhərindəki Göy məscidi "fars məscidi", digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə "türkmən abidəsi" kimi qələmə verməyə çalışırlar. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib. Erməni faşizminin məqsədi bəllidir: xalqımızın izini bu torpaqlardan silmək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyib  ki, işğaldan azad edilən Qarabağda olduğu kimi, ermənilər Qərbi Azərbaycan ərazisi olan indiki Ermənistanda, İrəvan və Zəngəzurdakı tarixi-dini abidələri də ya məhv edib, ya da saxtalaşdırıblar.

G.İsmayılov bildirib ki, ermənilərin məqsədi azərbaycanlıların izlərini qədim Azərbaycan torpaqlarından silmək olub:  "Onlar qədim alban abidələrini erməni qriqoryan kilsəsinə çevirmək məqsədilə saxtakarlığa əl atıblar. İslam dininə aid məbədlərimizi yerlə-yeksan ediblər. Bunların içərisində ziyarətgahları, məscidləri xüsusi qeyd etmək istəyirəm. Hesablamalara əsasən, Ermənistan ərazisində 100-lərlə ziyarətgah olub. Bunların hər biri dağıdılıb. Onlarla məscid olub, həmin məscidlər də dağıdılıb. Yalnız bir məscid - İrəvan şəhərindəki qədim Azərbaycan məscidi olan Göy məscid saxlanılıb. Amma saxtakarlıq edərək onu da İran-fars məscidi kimi qələmə veriblər. Bu gün İrəvanın mərkəzindəki həmin məscid fars mədəniyyətinin nümunəsi kimi təqdim edilir".

G.İsmayılov bildirib ki, ermənilər saxtakarlığa əl ataraq saxladıqları həmin məscidlə özlərini dünyaya "tolerant" ölkə kimi göstərmək istəyirlər:  "Guya onların İslam və müsəlmanlarla problemi yoxdur və buna nümunə olaraq məscid fəaliyyət göstərir. Lakin bu, məkrli münasibətdir. İndiki Ermənistan ərazisindəki alban abidələrinin hamısı qriqoryanlaşdırılıb. Bunların içərisində Zəngəzurda yerləşən Tatev məbədini xüsusi qeyd etmək istəyirəm. Bu məbəd həm tarixi, həm quruluşu, həm əzəmətinə görə alban irsinin ən önəmli məbədlərindən biridir. Təəssüf ki, bu məbəd qriqoyanlaşdırılıb".

Sədr müavini qeyd edib ki, Zəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisindəki müsəlman ziyarətgahının tarixi İslamın ilk dövrlərinə qədər gedib çıxırdı: "Amma ermənilər o ziyarətgahı da yerlə-yeksan ediblər. Qərbi Azərbaycandakı İslam abidələri içərisində təkcə məscidlər deyil, karvansaraylar, hamamlar, qalalar, məscidlər olub. İrəvan şəhərində və kənarında onlarla məscid olub, hamısı dağıdılıb. Sovet dövründə bəzi məscidlər anbar kimi istifadə edilib. Sovet dövründən sonra onlar da yer üzündən silinib. Bizdə məlumat var idi ki, İrəvandakı qədim məscidlərdən biri şərab zavodunun bir hissəsinə çevrilib. Bu cür faktlar kifayət qədərdir".

AMEA Tarix İnstitutunun direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Cəbi Bəhmənov deyir ki, erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin miqyası bilinmir. Bu cinayətlərin miqyası 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Müdafiə Şurasının İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min km ərazinin ermənilərə güzəştə getməsi ilə bağlı qəbul etdiyi qərardan sonra daha da genişləndi: "1920-ci il 28 aprel işğalından sonra Azərbaycanın əlavə olaraq 20.8 min km. ərazisi 1921-1929-cu illərdə keçmiş SSRİ dövlətinin təzyiqi nəticəsində Ermənistan SSR tərkibinə verilib. Qəbul edilən bu cinayətkar qərar nəticəsində Naxçıvan ərazisi Azərbaycan ərazisindən ayrı salınıb. Burada imperiyanın əsas məqsədi Azərbaycanı öz caynağında saxlamaq idi. Bundan sonra erməni faşizmi 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri soyqırım cinayətlərindən sonra Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında tarixi abidələri dağıtmağa, toponimləri dəyişdirməyə başladı. 1935-ci ildən başlayaraq başda İrəvan şəhəri olmaqla bütün toponimlər dəyişdirildi. Bu, Azərbaycan xalqının tarixinə və mədəniyyətinə qarşı törədilmiş soyqırım cinayəti və vandalizmi aktı idi. Bu cinayətləri törətməkdə erməni faşizminin əsas məqsədi Azərbaycan xalqının izini bu torpaqlardan tamamilə silib məhv etmək idi. Aparılan tədqiqatlar deməyə əsas verir ki, erməni faşizmi bunun üçün ən ağır cinayətlərə əl atıb".

PƏRVANƏ

 





24.02.2021    çap et  çap et