525.Az

İtaliya mətbuatı: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”


 

İtaliya mətbuatı: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”<b style="color:red"></b>

İtaliyanın “Lo Spessore” onlayn qəzetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifliyi ilə “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara” başlıqlı məqalə  dərc edilib.

525.az xəbər verir ki, məqalədə hər il fevral ayında yaxın keçmişin amansız hadisələri ilə yadda qalan Xocalı faciəsi qurbanlarının anıldığı bildirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağır və faciəvi hadisəsinin meydanına çevrildiyini xatırladan müəllif təəssüf hissi ilə ağırlığına və amansızlığına baxmayaraq münaqişələrin tarixin qaranlıq səhifələrində qaldığını diqqətə  çatdırıb.

Faciənin təfərrüatlarına gəldikdə isə D.Letisiya 1992-ci il 25 fevral gecəsində Ermənistan ordusunun keçmiş sovet qoşunlarının köməyi ilə əhalisi azərbaycanlılardan ibarət olan Xocalıya hücuma başladığını, bu addımın məhz azərbaycanlılara qarşı qırğın törətmək məqsədi daşıdığını,  Xocalının talan və yerlə yeksan edildiyini xatırladıb. O bildirib ki,  qırğın nəticəsində 106 qadın, 83 uşaq və 70 qoca olmaqla 613 nəfər qətlə yetirilmiş, onlardan 56 nəfəri isə xüsusi amansızlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. 487 sakinin cəsədləri amansız şəkilə salınmış, digər 1000 nəfər yaralanmış, qadınlar və uşaqlar da daxil olmaqla 1275 mülki şəxs girov götürüldükdən sonra zorakılıqlara məruz qalmış və ağır fiziki xəsarətlər almışdır. Bundan əlavə, 150 nəfərin taleyi naməlumdur.

Məqalədə 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın” 2-ci maddəsinə istinad edilərək soyqırımının milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş xüsusilə ağır əməllər olduğu diqqətə çatdırılıb və bu xüsusda, Azərbaycanın illərdir ki, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb etdiyi bildirilib.

Müəllif həmçinin Xocalıdakı vəhşiliklərin xüsusi amansızlıqla törədilməsinin məhkəmələr və beynəlxalq təşkilatlar tərəfindən tanındığını diqqətə çatdıraraq faciədən bir müddət sonra 11 Mart 1992-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin bəyannaməsində “insanların fərq qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan” dərindən narahatlıq keçirildiyini, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki əhaliyə qarşı zorakılıq və hücumların kəskin şəkildə pislənildiyini diqqətə çatdırıb.
Məqalədə Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarına istinadən Xocalıda törədilən cinayətlərə və onlardan irəli gələn məsuliyyətə dair heç bir şübhənin olmadığı vurğulanaraq bildirilib ki, “müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur”. Avropa İnsan Hüquqları Məhkəməsi qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir”.     

Məqalədə 44 günlük Vətən müharibəsi zamanı Xocalı hadisələri kimi faciəli hadisələrin baş verdiyi diqqətə çatdırılıb. Belə ki, jurnalist qeyd edib ki, Azərbaycan mülki əhalisi bir daha Ermənistan ordusunun hədəfinə çevrilmiş, hərbi əməliyyatlardan uzaq bölgələrə raket və ağır artilleriya hücumları nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 100-dən çox mülki şəxs öldürülmüş, 423 mülki isə yaralanmışdır. Müəllifin fikrincə bütün bu hadisələr Xocalı qətliamının günahkarlarının cəzasız qalması səbəbindən baş verib, çünki cəzasızlıq yeni cinayətlərə səbəb olur.  

D.Letisiya məqaləsində Xocalı soyqırımının dünyanın bir çox yerində anılan və yaddaş gününə çevrilən tarixi bir faciə olduğunu qeyd edərək bildirib ki, indiyə qədər Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Şotlandiya və Amerika Birləşmiş Ştatlarının 19 əyalətinin qanunverici orqanları Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə sənədlər qəbul etmişdir ki, o sənədlərdə azərbaycanlılara qarşı erməni ermənilər tərəfindən törədilmiş vəhşiliklər qeyd olunur. Məqalədə həmçinin bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən bu qətliamın insan ləyaqəti üçün fəlakətli bir hadisə kimi tanındığı bildirilib.

Sonda müəllif torpaqlarından didərgin salınmış bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin ailəsində kədər və davamlı nostalqiyanın hökm sürdüyünü və bunun onların qəlblərində dərin sağalmaz izlər buraxdığını bildirib. Onun fikrincə Xocalı müasir tariximizin ağrılı səhifəsi və Azərbaycan xalqının qəlbində açıq bir yara olsa da bəlkə də ədalətin təntənəsi və günahkarların cəzalandırılması ilə bu yaraya məlhəm tapıla bilər.
Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür:

https://www.lospessore.com/24/02/2021/khojaly-la-ferita-aperta-nel-cuore-del-popolo-dellazerbaigian/

 





25.02.2021    çap et  çap et