525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

 

Atakişiyev Rüstəm Zahid oğlu 2000-ci il dekabrın 24-də Qəbələnin Tüntül kəndində anadan olub. 2007-2018-ci illərdə M.Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. Kiçik yaşlarından çalışmağa başlayan Rüstəm Xüsusi Təyinatlı Qüvvələrdə hərbçi olmaq arzusu ilə yaşayıb. 2019-cu il iyulun 5-də həqiqi hərbi xidmətə çağırılır. Şücaətinə və çevikliyinə görə snayper manqasının baş snayperi seçilir. İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə iştirak edir. Füzuli, Cəbrayıl və Şuşa istiqamətində rayon və kəndlərin alınmasında iştirak edir. Füzuli uğrunda gedən döyüşlərdə yaralanır. Yalnız 3-4 gün hospitalda qalır. Yaralı və şəhid dostlarının qisasını almaq istəyən Rüstəm həkimin təkidlərinə baxmayaraq, yenidən döyüşə qayıdır. Döyüşdə iştirak etməyindən və yaralanmağından ailəsinin xəbəri olmur, çünki onlardan gizlədir. Döyüşlər zamanı Ermənistan ordusunun 10-dan çox hərbçisini məhv edib. 2020-ci il oktyabrın 21-də Şuşa istiqamətindəki döyüşlərdə ürəyindən aldığı güllə yarası ilə qəhrəmancasına şəhid olub. Oktyabrın 23-də doğulduğu Tüntül kəndində dəfn edilib. Evin tək oğlu, iki bacının bir qardaşı olan Rüstəm şəhadətindən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

***

 

Yusifli Azər Nazim oğlu 1994-cü il 28 martda Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində doğulub. O, 2012-ci ilin aprelində hərbi xidmətə yollanıb, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsində xidmət edib. Hərbi xidmətini bitirdikdən sonra sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edir və işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətə Cəlilabad Göytəpə sərhəd dəstəsinin N saylı hərbi hissəsində başlayıb, dəfələrlə xidmətlərinə görə hərbi hissənin komandiri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılıb. Hərbi döyüş və idman hazırlığında xüsusilə fərqləndiyinə görə Azəri Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus xüsusi təyinatlı dəstəyə göndəriblər. Orada keçirilən döyüş təlimlərinə və taktiki, texniki fəaliyyətlərinə görə Azər xüsusilə fərqlənib. Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlayıb, dəfələrlə kəşfiyyatçı kimi düşmən arxasınca 20-30 kilometrlərlə məsafəni, çətin və keçilməz ərazilərə keçiblər. Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində və eləcə də Arazboyu Xudafərin körpüsü əməliyyatında böyük şücaət və qəhrəmanlıq göstərib, azad etdiyi ərazilərə Azərbaycan bayrağını sancıb.

Müharibənin ilk həftəsində Azər yaralanır və hospitalda müalicə almalı olur. Həkimlər deyir ki, biz gecəni növbə çəkdik, amma onu saxlaya bilmədik. Səhər açılanda özü yaralarını sarıyıb döyüşə - cəng meydanına  qayıdır. Azər o qədər cəsur döyüşçü olur ki, döyüşlərin birində təkbaşına düşmənin 4 zirehli texnikasını və 30-dan çox canlı qüvvəsini məhv edir. Son döyüşdə düşmənə qarşı qeyri-bərabər qüvvə ilə döyüşürlər. Kiçik bir kəşfiyyat dəstəsi düşmənin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir. Həmin döyüşdə Azər son nəfəsinə qədər qəhrəmanlıqla vuruşur və şəhadətə yüksəlir. Ona şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

***

 

Məmmədov Zəbiyulla Şahin oğlu 14 aprel 2000-ci ildə Bakıda doğulub. 2006-2015-cı illərdə Nizami rayonu 229 saylı tam orta məktəbdə oxuyub. Həmçinin, 2010-2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb.

12-13 yaşlarında T.İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri alıb, bir çox səhnə fəaliyyəti ilə çıxış edib. 2015-2019-cu ildə Konservatoriya nəzdində A.Zeynallı adına musiqi kollecinin tar ixtasında təhsil alıb. Bu illərdə bir çox tədbirlərdə iştirak edib, bir neçə əsər bəstələyib. O, musiqidən əlavə, şeirlər də yazırdı. Kolleci bitirəndən sonra 2019-cu il 2 oktyabrda hərbi xidmətə gedib. Öz istəyi ilə kəşfiyyatçı olub.

Vətən müharibəsi başlayandan Ağdərə, Talış kəndi, Suqovuşana ezam edilib və orda şücaətlə döyüşüb. Şəhid olmazdan qabaq Zəbiyullanın boynundan ağrısı varmış. Komandiri onun nasaz olduğunu görüb tibb məntəqəsinə aparıb və üç gün orda qalacağı deyilib. Lakin səhəri gün onu əsgərlər üçün ayrılmış otaqda görüb və niyə burda olduğunu soruşub. Zəbiyulla da cavabında, "sizi tək buraxmaram, mən də sizlə gedirəm" - deyib. Bu, onun son gecəsi idi.

Zəbiyulla komandirin şəxsi rabitəçisi idi. Daim komandirinin yanında olub. Səhəri gün - noyabrın 4-də əsgərlərdən 90 nəfər dağa qalxırlar. Komandiri Zəbiyullaya "Mən əsgərləri mövqelərə yerləşdirim, gələcəm" - deyib. Komandirin yanında minamyot partlayır və onu bir neçə metr kənara atır. Ayılandan sonra ürəkbulanma və burnundan qan gəldiyindən aşağıdakı çaya gedir. Ora çatanda Zəbiyulla onu görür və öz mövqeyini atıb onlara köməyə gedir. Elə yoldaca yenidən minamyot atılır. Yaralanan komandir ayılandan sonra Zəbiyullanın şəhid olduğunu eşidir. Deyilənə görə, Zəbiyullanın əsgər yoldaşı onun şəhid olduğunu bilən kimi onu döyüş meydanından çıxarıb, əsgər yoldaşları 12 kilometr çiyinlərində hərbi hissəyə qədər daşıyıblar.

Zəbiyulla hərbi xidmətə gedərkən atası zarafatla ona "2 erməni öldürüb gələrsən" demişdi. Müharibənin ilk günlərində Zəbiyulla atasına zəng vurub "Atam, sən mənə nə demişdin? Yerinə yetirdim onu!" - deyir.

***

 

Əhmədov Yasən Yelmar oğlu 1974-cü il sentyabrın 16-da Ağdamın Kosalı kəndində doğulub. 1980-1991-ci illərdə Ağdamın Eyvazxanbəyli kənd orta məktəbində oxuyub. 1992-1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1992-ci ildə 18 yaşı tamam olmamış könüllü cəbhəyə gedib. 1993-cü il aprelin 6-dan həqiqi hərbi xidmətə çağrılaraq Ağdamda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb, 1994-cü il noyabrın 29-da kiçik gizir hərbi rütbəsi alaraq hərbi hissədə motoatıcı bölüyün baş çavuşu vəzifəsinə təyin edilib. 1995-ci ilin oktyabrından hərbi hissədə inzibati təsərrüfat hissəsi rəisi, 1996-cı ilin noyabrından hərbi hissədə kadrlar və nizami bölmənin məsul icraçısı vəzifələrində xidmət edib. Xidmət müddəti başa çatdığı üçün 2002-ci ilin mart ayında hərbi xidmətdən ehtiyata buraxılıb. 2007-ci il iyunda Müdafiə nazirinin əmrinə əsasən, yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb, döyüş bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə xidmət göstərib. 2007-ci ilin iyun ayından N saylı hərbi hissədə motoatıcı bölüyün baş çavuşu, noyabr ayından hərbi hissə şəxsi heyət bölməsi rəisinin köməkçisi, 2014-cü il fevraldan N saylı hərbi hissənin kargüzarlığının məsul icraçısı, 2015-ci il avqust ayından hərbi hissənin fərdi qərargahının referenti, oktyabr ayından hərbi hissə komandirinin referenti, 2017-ci il apreldən hərbi hissənin kəşfiyyat bölüyünün baş texniki vəzifəsində, iyun ayından hərbi hissənin mühəndis-istehkam bölüyünün baş texniki vəzifəsində xidmət edib. İlk gündən Vətən müharibəsində döyüşən Y.Əhmədov 2020-ci il oktyabrın 9-da Talış ərazisində ağır yaralanıb, 13 gün komada qalıb, oktyabrın 23-də şəhid olub. Ailəlidir, 2 oğul övladı var. Onun şərəfli xidmət yolu müxtəlif dövrlərdə komandirləri tərəfindən müxtəlif medallar və tərifnamələrlə təltif olunub.

***

 

Ailənin tək övladı Dostəli Seymur oğlu Məmmədov 28 iyun 1998-ci ildə Bakının Suraxanı qəsəbəsində doğulub. 2005-ci ildə Əmi Məmmədov adına 101 saylı tam orta məktəbin məzunu olub. 2016-cı ildə həqiqi hərbi xidmətə cağırılıb. Xidmətini Naxçıvan Muxtar Respublikasının Culfa-Ordubad rayonlarında edib. 2017-ci ildə xidməti müddətini başa vuraraq dekabrın 10-da ailəsinin yanına qayıdıb. Daha sonra ailəsinə dəstək olmaq və arzularını gerçəkləşdirmək üçün özəl bir şirkətdə alpinist kimi işə düzəlib. Lakin Dostəlinin də Vətən eşqi arzularının önündə olduğu üçün Vətənin dar günündə könüllü cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edib. II Qarabağ müharibəsi zamanı sentyabrın 30-u hərbi komissarlıq tərəfindən yenidən xidmətə çağırılıb. Füzulidə gedən döyüşlərdə fəal iştirak edən qəhrəmanımız 18 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Cənazəsi xalqın böyük izdihamı ilə qarşılanaraq Yeni Suraxanı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

***

 

Mikayıl Miğfər oğlu Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələnin Mıxlıqovaq kəndində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə F.Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində alıb. Yeniyetmə yaşlarından hərbiyə, idmana maraq göstərən Mikayıl məktəbli vaxtlarında idmanda göstərdiyi fəallıqlara görə fəxri fərmanlar alıb. 2009-cu ildə Mikayılın atası dünyasını dəyişir və ailənin bütün yükü onun çiyinlərinə düşür. Anasının istəyi ilə ali məktəbə hazırlaşsa da, öz istəyi hərbçi olmaq idi. Ali məktəbə hazırlaşa-hazırlaşa hərbçi olmaq üçün müraciət edir.

Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verir, qəbul olunsa da, təhsilini davam etdirmir. Hərbi xidmətini başa vurduqdan üç ay sonra hərbçi kimi işləməyə başlayır.

Bir neçə il Sülhməramlı Qüvvələrdə çavuş, baş çavuş rütbəsində xidmət edir. Xidməti ilə əlaqədar Bolqarıstan, Ukrayna və sair ölkələrdə kurs keçir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayır.

Anası İradə xanımın sözlərinə görə, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib, yaralanır. Lakin müalicəsi bitdikdən sonra yenidən xidmətə geri dönür: "Sentyabrın 27-də başlayan Vətən müharibəsində də ön sıralarda idi Mikayıl. Düzdür, xidməti haqqında heç bir zaman danışmayıb. Hətta aprel döyüşlərində yaralanması barədə də bilmirdim. Həmişə deyirdi ki, "ana, yarım qalan işlərimiz var, onları bitirməliyik. O işlər bitərsə, mən rahat olaram. Balam işinin sirlərini həmişə məndən gizlədib, həmişə".

Sonuncu dəfə anası ilə sentyabrın 25-i danışır. Deyir, "ana, darıxma, işlərimiz bitsin, sənin də arzularını həyata keçirəcəm".

Sentyabrın 29-dan 30-na keçən gecə Mikayıl kəşfiyyat-diversiya qrupunun rəhbəri kimi əməliyyat planı hazırlayır və aparılan əməliyyat uğurlu alınır. Bir neçə yüksək rütbəli zabit olmaqla xeyli sayda erməni məhv edilir. Lakin geri dönərkən düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olur. M.Mikayıllı şəhadətindən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

***

 

Bəhruz Zabit oğlu Abuşov 1983-cü il iyunun 18-də Qəbələnin Nohurqışlaq kəndində anadan olub. 1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Xüsusi Təyinatlı Qüvvələrin mayoru olan B.Abuşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qəbələdə dəfn olunub.

Bəhruz Abuşov şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Səttarov Emin Ramin oğlu 25 may 2001-ci ildə Bakının Balaxanı kəndində anadan olub. Orta təhsilini Balaxanı kənd məktəbində 9-cu sinfə qədər davam etdirib. Sonra Bakıxanov qəsəbəsində yerləşən 12 №li Bakı Peşə Liseyinə qəbul olub. Oranı aşpaz kimi bitirdikdən sonra 2020-ci ilin yayında hərbi xidmətə yollanıb. Hərbi xidmətini Ağcabədi rayonunda davam etdirən Emin Vətən müharibəsi başlanan zaman könüllü şəkildə ön cəbhəyə yollanıb. O, Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı oktyabrın 25-də qəhrəmancasına şəhid olub.

***

 

Əslən Cəbrayılın Soltanlı kəndindən olan Əliyev Ziyadxan İbrahim oğlu 12 yanvar 1997-ci ildə Kürdəmirin Carlı kəndində anadan olub. 2003-cü ildə Carlı kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2012-ci ildə 9-cu sinifi bitirdikdən sonra, 10-11-ci sinifləri Sumqayıtda yerləşən Qubadlı rayon Fərcan kənd tam orta məktəbində oxuyub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Texniki Universitetində Kompüter mühəndisliyi üzrə ali təhsil alıb. Ali təhsil dönəmində Respublikaçı Alternativ Partiyasının (REAl) Cəbrayıl üzrə gənclər təşkilatının sədri olub. 2019-cu il 23 oktyabrda Bərdə korpusunda həqiqi hərbi xidmətə başlayıb və 3 ay sonra Bərdə korpusuna bağlı olan Mingəçevirdə yerləşən N saylı hərbi hissədə xidmətinə davam edib. 2-ci Qarabağ müharibəsi zamanı Ağdərə-Tərtər istiqamətində döyüşlərə qatılıb. Döyüşdə yaralı komandirini təxliyə edən zaman yaralanıb, gecə boyu tibb məntəqəsində yaraların sarıdıqdan sonra növbəti gün könüllü döyüş meydanına qayıdıb və  oktyabrın 1-də şəhadətə yüksəlib.

***

 

Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələdə anadan olub. 2001-2012-ci illərdə N.Apayev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) Hərbi tibb fakültəsində alıb. Subay idi. 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Leytenant A.Ənvərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Döyüşlər vaxtı səngərdə "baş leytenant" rütbəsi alıb. Noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub, Qəbələdə torpağa tapşırılıb. Şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

***

 

Ceyhun Aydın oğlu Həsənov 29 oktyabr 1985-ci ildə Tovuzun Çeşməli kəndində doğulub. Sonra ailəsi ilə Bakı şəhəri Xətai rayonuna köçüb. 1992-ci ildə Ədalət Abbasov adına 257 saylı orta məktəbə gedib. Orta məktəbdə oxuduğu müddətdə basketbol yarışlarında fəal iştirak edib, habelə, fənn olimpiadalarında uğurla iştirak edib. 2001-ci ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olan Ceyhun oxuduğu müddətdə tağım komandiri vəzifəsini icra edib. Müdavimkən güləş yarışlarında yer tutub. 2002-ci ildə hərbi liseydə 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Azərbaycan Əsgəri" bədii qiraət müsabiqəsində uğurlu çıxışına görə "Diplom"la təltif olunub. O, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Orada təhsil aldığı müddətdə manqa komandiri vəzifəsini icra edib. 2008-ci ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib, leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində "Fəxri fərman"la təltif olunub. 2009-cu ildə Müdafiə Nazirinin əmri ilə Naxçıvana göndərilib. 2 iyun 2010-cu ildə "N" saylı hərbi hissəyə tağım komandiri təyin olunub. 27 iyun 2011-ci ildə Baş leytenant hərbi rütbəsi alıb. Əlahiddə Ümumqoşun Ordu komandanının Əmrinə əsasən 4 noyabr 2011-ci ildə "N" saylı hərbi hissədə bölük komandiri təyin olunub.15 sentyabr 2015-ci ildə kapitan hərbi rütbəsi verilib. Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur və Sədərəkdə ön xətdə hərbi vəzifəsini yerinə yetirib. 21 oktyabr 2019-cu ildə Beyləqandakı "N" saylı hərbi hissəyə göndərilib. Cəsur zabitimiz iyulun 1-i 2018-ci ildə ailə həyatı qurub. 2019-cu il avqustun 6-da əkiz oğlan övladları dünyaya gəlib. Vətən müharibəsi başladığı ilk gün kapitan C.Həsənov da ön cəbhədə, döyüşlərdəydi. Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlədə, torpaqlarımızın azad olunması müqəddəs vəzifəsində bir cəsur Bölük komandiri olaraq, iştirak edib, öndə olub, əsgərlərinə örnək olub. Füzulidə şəhidlik zirvəsinə yüksəlib. Şəhid kapitanımız sentyabrın 29-da II Fəxri Xiyabanda dəfn olunub. Şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

***

 

XTQ-nın zabiti, baş leytenant Nəbi Hüseynov Hacıbala oğlu 1992-ci ildə Qazaxın 1-ci Şıxlı kəndində anadan olub. Uşaqlığı elə həmin kənddə keçib. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Aprel döyüşləri zamanı Qusarda N saylı hərbi hissədə topçu komandiri idi və döyüşlərə də elə topçu kimi qatılır. Döyüşlərdə ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak edir. Döyüşlərdən sonra XTQ-ə qatılmaq üçün kurslarda iştirak edir və yüksək dəqiqliklə bitirərək, kəşfiyyatçı kimi xidmətə başlayır. Daha sonra baş kəşfiyyatçı olur. XTQ-nın N saylı hərbi hissəsində qrup komandiri, koordinat üzrə mütəxəssis idi. Bibisi oğlu Vüsal deyir ki, hərbdən çox şey danışmazdı. Nə vaxt sual versək, "az qalıb, bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik" - deyib, mövzunu dəyişirdi.

Vətən müharibəsi başlayanda Nəbi də bütün qəhrəman oğullarımız kimi önə atılır. Əvvəlcə Murovdağ istiqamətində döyüşlərdə iştirak edərək, düşmənə çox sayda itkilər verdirir. Sonra qatıldığı Hadrut istiqamətində döyüşlərdə yüksək əzmkarlıqla savaşır. Oktyabrın 9-da elə Hadrut istiqamətində canından çox sevdiyi Vətəni uğrunda qəhrəmancasına şəhid olur. Yaxınları deyir ki, Vətənə çox bağlı idi. Sözünün əvvəli də, axırı da Vətən kəlməsi ilə başlayar və bitərdi. Ona həmişə ayrı peşə məsləhət görürdük, o isə həmişə deyirdi ki, "bu torpaqları kimsə almalıdır, ya yox?!" Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda göstərdiyi igidliyə və rəşadətə görə şəhadətindən sonra "Qarabağ" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri şəhadətə qovuşduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





25.02.2021    çap et  çap et