525.Az

SS-in məhv düşərgəsi - Maydanek


 

SS-in məhv düşərgəsi - <b style="color:red">Maydanek </b>

Maydanek həbs düşərgəsi II Dünya müharibəsi ərəfəsində Avropa yəhudilərinin soyqırımı - Holokostun icra olunduğu yerlərdən biridir.

Nasist Almaniyası dönəmində sənədlərdə adı "Lublin toplama düşərgəsi" (almanca: Konzentrationslager Lublin) və ya sadəcə "KL Lublin" olan bu yeri insanlar Maydanek ölüm düşərgəsi adlandırmağa başlayıb. Çünki buraya daxil olan 150 min nəfər məhkumdan təqribən 80 mini bir daha buradan çıxmayıb. Lublin toplama düşərgəsi II Dünya müharibəsində Almaniyanın Polşanı işğalı dövründə Mühafizə dəstəsi (SS) tərəfindən Polşanın Lublin şəhərinin kənarında inşa edilmiş nasist toplama və məhv düşərgəsi olub. Düşərgə Hitler Almaniyası tərəfindən rəsmən heç vaxt Maydanek adlandırılmayıb. Bura əvvəlcə Mühafizə dəstələri qüvvələrinin müharibə əsirləri üçün Lublin düşərgəsi (almanca: Kriegsgefangenenlager der Waffen SS Lublin), 1943-cü ilin fevralından isə Lublin toplama düşərgəsi adlandırılıb.

Bəs nə üçün bu düşərgə Maydanek adını alıb?  

Həbs düşərgəsi Avropada və xüsusilə Polşada o dövrdə mövcud olan digər düşərgələrdən fərqli olaraq əhalinin yaşadığı yerdən uzaqda deyil, böyük bir şəhər olan Lublinin sərhədləri içərisində salınmışdı. Düşərgənin 1941-ci ildə şəhərin mərkəzindən 5.2 km. məsafədə yerləşən "Majdan Tatarski" qəsəbəsində salınması buranın yerli insanlar tərəfindən qəsəbənin ibri dilində deyilişinə uyğun olaraq Maydanek (Majdanek) adlandırılmasına səbəb olub.

Maydanek Faşist Almaniyasının Polşada qurduğu 6 böyük məhv düşərgəsindən biridir. Bu düşərgələr ətrafındakı təqdiqatlar bu gün də davam edir. Maydanekdən əlavə, Polşada "Auşvitz", "Treblinka I-II", "Beljets", "Sobibor", "Xelmno" və bir neçə daha kiçik həbs və ya ölüm düşərgələri mövcud olub. Bu düşərgələr Holokost zamanı Nasist Almaniyasının Polşada yaratdığı və əsasən yəhudilər olmaqla digər millətlərin nümayəndələrinin də ölümə məhkum edildiyi mərkəzlər olub.

Maydanek həbs düşərgəsi: keçmiş və bu gün 

Düşərgə III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, Mühafizə dəstəsinin reyxsfüreri Henrix Himmlerin qərarı ilə yaradılıb. 1941-ci ilin iyul ayında Lublini ziyarət edən Himmler Lublin rayonun Mühafizə dəstəsinin komandiri və polis rəisi Odilo Globocnikə inşaat sahələrində işləmək üçün istifadə ediləcək 25.000-50.000 arası məhbus tutumlu şəhərcik inşa etməyi tapşırır. Düşərgə Almaniya imperiyasının qurulmasına aid planların icrası üçün pulsuz işçi qüvvəsi rolunu oynamalı idi. 1941-ci ilin payızından inşa edilməyə başlanan düşərgənin ölçüsü ilə əlaqədar ilkin plan bir neçə dəfə dəyişdirilib. Hər dəfə düşərgənin sahəsi və məhbus tutumunun sayı artırılıb. Maydanekin inşasında  "ümumi plan" adlandırılan yekun sənəd 23 mart 1942-ci ildə təsdiqlənib. Yekun qərara əsasən düşərgə 150.000 məhbus üçün nəzərdə tutulmuşdu. Bununla da Maydanek işğal altındakı Avropanın ən böyük düşərgəsinə çevrilməli idi. Lakin şərq cəbhəsindəki uğursuzluqlar və iqtisadi çətinliklər bu planın tam həyata keçirilməsinə mane olub.

Düşərgə Konsentrasiya Düşərgələri Müfəttişliyinə (almanca: İnspektion der Konzentrationslager) tabe idi və 1200 nəfərlik qarnizon və komendant tərəfindən idarə olunurdu. Maydanekin mövcud olduğu müddətdə beş komendantı olub (Karl Koch, Max Koegel, Hermann Florstedt, Martin Wei?, və Arthur Liebehenschel). Əsir düşərgəsinin işi alman səlahiyyətliləri tərəfindən qurulan zaman nəzərdə tutulan rəsmi tapşırıqlarla tükənməyib. Bura həm də "Yəhudi məsələsində son həll" planının tərkib hissəsi olub. Həmçinin, Polşa kənd əhalisi üçün islah düşərgəsi kimi də istifadə edilib. Burada eyni zamanda, Sovet İttifaqı və Çexoslovakiyadan məhkumlar da var idi. Polyaklar və yəhudilər xaricində ən böyük məhbus qruplarını ruslar, belaruslar və ukraynalılar təşkil edirdi. Digər millətlərin nümayəndələri, məsələn, fransızlar və almanlar ümumi məhbus sayının çox az bir hissəsini təşkil edirdi. Ümumiyyətlə, Polşada polyaklar və yəhudilər xaricində ən böyük məhbus qruplarını ruslar, belaruslar və ukraynalılar təşkil edib.

İnsanlar burada necə və nə üçün ölürdülər?

Bütün həqiqi və uydurma cinayətlərə görə Maydanekə daxil olan təxminən 150,000 məhkum arasında 80,000-i öldürülüb və ya ölümə məhkum olunub. Bunların arasında ən çox ölən və ya öldürülən yəhudilər (təxminən 60,000), digər qismi isə əsasən polyaklar, belaruslar, ukraynalılar və ruslar olub. Cinayətlərin izlərini aradan qaldırmaq üçün ölən və öldürülənlərin cəsədləri odda və ya krematoriyada yandırılıb. Məhkumların ölümünə həm də barakların çox primitiv tikilişi, heç bir gigiyena qaydasına əməl olunmaması və həddindən artıq dustaqla doldurulması da səbəb olub. Ərzaq və dərman çatışmamazlığı vəziyyəti daha da acınacaqlı edib. Xüsusilə qış aylarında ölüm saylarının daha çox olduğu müxtəlif mənbələrdə qeyd olunur. Qlobal istiləşmənin getdiyi bir dönəmdə belə Lublin şəhərində qış aylarında temperaturun -25 dərəcəyə enə bilməsi və bu gün belə gözlə görünən barakların çox primitiv tikilişi qeyd olunanların doğruluğunu şübhə altına almır.

Maydanek 1941-ci ilin oktyabrından, demək olar ki, hamısı aclıqdan və soyuqdan ölən ilk "sakinlərini" - Sovet hərbi əsirləri olan məhkumlarını qəbul edib. Bu məhkumlar 1941-ci ilin iyul-sentyabr ayları arasında Kiyev əməliyyatı zamanı ələ keçirilən Sovet hərbi əsirləri idilər. Ümumilikdə Maydanek düşərgəsinə məhkumlar təxminən 30 ölkədən gətirilib. Burada ölən və öldürülən insanların arasında Polşa vətəndaşları üstünlük təşkil edib ki, onlarda əsasən polyaklar və yəhudilər olub.

Maydanek düşərgəsinin ən dəhşətli tarixi buranın zamanla, əvvəlcə Bohemya ve Moraviyadan (indi Çex Respublikası), daha sonra Polşa, Hollandiya və Yunanıstandan daşınan yəhudilər üçün məhv düşərgəsinə çevrilməsi olub. Düşərgənin tikilişi 1943-cü ilə kimi buraya gətirilən əsirlərdən işçi qüvvəsi kimi istifadə etməklə davam edib.

"Məhsul Festivalı" əməliyyatı 

Maydanek hadisələrinin ən dramatik hissəsi 1943-cü ildən başlayıb. 1942-ci ilin iyulunda Henrix Himmler Polşa yəhudilərini məhv etmək üçün nəzərdə tutulan Reinhard əməliyyatının icrası üçün üç gizli ölüm düşərgəsi olan və çox qısa müddət ərzində qurulan Beljets, Sobibor və Treblinkanı ziyarət edir. Bu düşərgələr gizliliyi və məhbusların buraya daxil olan kimi öldürülməsi ilə fərqlənirdi. Auşvitz və Maydanek isə bu üç düşərgədən fərqli olaraq ilk illərində rəsmi şəkildə həps və ya toplama düşərgəsi kimi qurulmuşdular. Reinhard əməliyyatının (oktyabr 1941 - noyabr 1943) icrası zamanı Maydanek daha çox toplama düşərgəsi kimi istifadə olunub. Lakin Maydanekdə 3-4 noyabr 1943-cü ildə, bir çox tədqiqatçıların Reinhard əməliyyatının davamı və ya tərkib hissəsi hesab etdiyi gizli Erntefest əməliyyatı həyata keçirilib. Erntefest alman dilindən hərfi tərcümədə "Məhsul Festivalı" deməkdir. Henrix Himmlerin əmri ilə 2 noyabrda 1943-cü ildə Mühafizə dəstələrinin əməkdaşı bu əməliyyatın rəhbəri Jakob Sporrenberg Lublinə, Maydanekə gəlib düşərgə əməkdaşları ilə görüş keçirib və Erntefest əməliyyatını planlaşıdırıb. Növbəti gün, noyabr ayının 3 də başlayan əməliyyat nəticəsində 2 gün ərzində Maydanek həbs düşərgəsində 18 min nəfər yəhudi güllələnib. Erntefest əməliyyatı təkcə Maydanekdə deyil, Lublin yaxınlığında yerləşən Maydanekə bağlı Travniki və Poniatova düşərgələrində də eyni vaxtda həyata keçirilib. Poniatovada 14 min 500, Travnikidə isə 6 min yəhudi öldürülüb. Əksəriyyəti yəhudi olmaqla ümumilikdə 40 minə yaxın insanın ölümü ilə nəticələnən "Məhsul Festivalı" əməliyyatı Holokost zamanı yəhudilərin ən kütləvi qətliamlarındadır.

"Məhsul Festivalı" əməliyyatına rəhbərlik edən Mühafizə dəstələrinin yüksək çinli polis rəisi Jakob Sporrenberg 1950-ci ildə Varşava məhkəməsinin qərarı ilə "Məhsul Festivalı" planlaşdırdığı və icra etdiyi üçün ölüm hökmünə məhkum olunub və 6 dekabr 1952-ci ildə asılaraq edam edilib.

Maydanekdə qadınlar və uşaqlar olub?  

1942-ci ilin oktyabrından barakların yalnız biri qadınlar üçün düşərgə kimi istifadə olunmağa başlanıb. Maydanekdə uşaqlar üçün düşərgə yaratmaq planı heç vaxt həyata keçirilməsə də yəhudi, belarus və polyak uşaqlar düşərgənin əsirləri ilə ümumi baraklarda yerləşdirilib və faciə qurbanları içərisində onlar da yer alıblar.

Maydanek faciəsinin sonu 

Lublin həbs düşərgəsinin faciəli tarixi 22 iyul 1944-cü ildə sona çatıb. Tezliklə, Polşa Gizli Dövlətinin (polyakca: Polskie Pa?stwo Podziemne) üzvləri üçün Maydanek ərazisində Sovet NKVD düşərgəsi təşkil edilib və alman əsgərləri keçmiş düşərgənin kazarmalarında bir müddət həbsdə saxlanılıb.

Bu gün burada Maydanek Dövlət Muzeyi fəaliyyət göstərir

Maydanek Dövlət Muzeyi 1944-cü ilin noyabrında keçmiş Alman toplama düşərgəsi əsasında qurulub. Polşa Mədəniyyət və Milli İrs Nazirliyinə tabe olan bir qurumdur. Muzey daimi sərgilərdən əlavə, müxtəlif müvəqqəti sərgilər təşkil etməklə yanaşı, həm təhsil, həm də akademik fəaliyyət göstərir. Muzeyin missiyası, II Dünya müharibəsi dövründə Lublin bölgəsindəki Alman işğalı ilə əlaqədar xatirələri inkişaf etdirmək və tarixi təbliğ etməkdir. Xüsusən qurbanların xatirəsini yad etmək, xatirələri qorumaq və tarixini sənədləşdirməklə məşğul olur. Rəsmi statistikaya görə, muzey 70 illik mövcudluğu dönənimdə 10 milyondan çox adam tərəfindən ziyarət olunub. Bu məqalənin yazılmasında Maydanek Dövlət Muzeyinin təqdim etdiyi məlumatlardan istifadə olunub.

Muzeyin rəsmi saytında "məhkumlar" bölməsində ad, soyad, doğum tarixi və yeri yazmaqla axtarış verib Maydanek qurbanları olan kəsləri tapmaq olar. Və daha az məlumatla belə muzeyə bu tip araşdırma üçün müraciət etmək olar. 270 ha ərazidə salınan düşərgənin baraklarının bir çoxunun bu gün yalnız izləri qalsa belə, ərazi ümumilikdə Maydanek Dövlət Muzeyinə daxildir və qorunur. Düşərgə nə qədər ağrı və acılara ev sahibliyi etsə də və burada baş verənləri düşünüb nə qədər dəhşətə gəlib üzülsək də, Maydanek həbs düşərgəsinin yerində yaradılan Maydanek Dövlət Muzeyi Lublində və eləcə də Polşada gediləcək ən vacib yerlərdən biridir.

Cavid ƏSƏDOV

 





25.02.2021    çap et  çap et