525.Az

Azərbaycanın BMT-dəki nümayəndəliyi baş katibə müraciət edib


 

Azərbaycanın BMT-dəki nümayəndəliyi baş katibə müraciət edib<b style="color:red"></b>

Azərbaycan BMT-dəki nümayəndəliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar BMT baş katibinə məktubla müraciət edib.

525.az-ın məlumatına görə, məktubda bildirilib ki, 29 il öncə Azərbaycan və Ermənistan arasında münaqişə dövründə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə və şəhəri müdafiə edənlərə qarşı kütləvi qırğın törədilib.

Sənəddə qeyd edilir ki, hətta ekspertlərdən biri bunu müharibədə ən dəhşətli vəhşilik adlandırıb. Müharibədən öncə Xocalı şəhərində 7 min əhali yaşayıb. 1991-ci ilin oktyabrından etibarən şəhər Ermənistan qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb. 1991-1992-ci illərdə şəhər hər gün atəşə məruz qalıb, mülki obyektlər məqsədli şəkildə hədəfə alınıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə ağır bombardmandan sonra şəhərə müxtəlif istiqamətlərdən hücumlar olub. Bu hücumlar Ermənistan silahlı qüvvələri ilə yanaşı, SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş verib. Bu hücum nəticəsində 613 mülki şəxs öldürülüb. Bunlardan 106-ı qadın, 63-ü uşaq, 70-i isə yaşlıdır. 1000 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Bu günə qədər 150 Xocalı sakini itkindir”. 

Məktubda qeyd olunur ki, bir sıra beynəlxalq agentliklər, KİV-lər bunu ətraflı şəkildə işıqlandırıb: “Beynəlxalq məhkəmələr, təşkilatlar bu qırğının nə qədər ağır olduğunu tanıyıb. Xocalıda törədilən bu faciə sadəcə, ayrıca bir akt deyil, Ermənistanın geniş yayılmış siyasətinin bir tərkib hissəsi idi. Erməni qüvvələri  Azərbaycanın digər şəhər və kəndlərində də mülki əhaliyə qarşı qırğınlar törədib. Bu qırğını törədən insanlar Ermənistanda nəinki cəzalandırılıb, əksinə, onlar qəhrəmanlaşdırılıb”.

Məktubda nəzərə çatdırılıb ki, Ermənistanın növbəti işğalçılıq aktı 2020-ci il sentyabrın 27-də reallaşdırılıb: “Bu, Ermənistanın illər öncə törətdiyi işğalçılıq aktlarının cəzasız qalmasının nəticəsi idi. 1990-cı ilin əvvəlində Ermənistan müharibədə istifadə etdiyi oxşar metodlar vasitəsilə, muzdlular və terrorçuların iştirakıyla Azərbaycanın şəhər və kəndlərində mülki əhaliyə qarşı terror aktları törədib, işğalçı siyasətini həyata keçirməyə cəhd edib. Ermənistan silahlı qüvvələri dəfələrlə qadağan edilmiş kasetli, fosfor bombalardan istifadə edərək Azərbaycanın əhalinin sıx yaşadığı şəhər və kəndlərinə zərbələr endirib. Ermənistan və Ermənistan rəsmiləri bu münaqişə başlayandan bəri müxtəlif müharibə cinayətlərinin törədilməsində məsuliyyət daşıyır. Bu cinayətlərə mülki əhalinin öldürülməsi, yaralanması, mülki obyektlərin məhv edilməsi, əsirlərə qarşı qeyri-insani rəftar, etnik təmizləmə, işğal olunmuş ərazilərdə dağıntılar törədilməsi, təbii resursların vəhşicəsinə istismarı, mədəni irsin dağıdılması və ətraf mühitə ciddi ziyanın vurulması daxildir”.

Sənəddə vurğulanıb ki, Ermənistan Avropa insan haqları konvensiyası və digər beynəlxalq sənədlərə əsasən məsuliyyət daşıyır.

 

 





26.02.2021    çap et  çap et