525.Az

“Beynəlxalq səviyyədə Xocalı soyqırımına qiymət verilməyib”


 

“Beynəlxalq səviyyədə Xocalı soyqırımına qiymət verilməyib”<b style="color:red"></b>

“Bu gün Ermənistanın Azərbaycana təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümünü yad edirik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, bu etnik cinayətin üzərindən uzun illər keçməsinə baxmayaraq, yaralar hələ də tam sağalmır:

“Burada soyqırımı aktının qəddarlıqla törədilməsi, kütləvi insan ölümünə səbəb olması ilə yanaşı, bu soyqırımı törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməməsi də əhəmiyyətli rol oynayır. İnsanları yalnız azərbaycanlı olduğu üçün öldürüblər. Dünyanın 17 ölkəsinin ali qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatında bu qətliam kəskin şəkildə pislənib, hərbi cinayət kimi səciyyələndirilib.

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası tərəfindən Xocalı soyqırımını kəskin pisləyən qətnamə və qərarlar qəbul edilib”.

Bununla belə, C. Bayramov qeyd edib ki, beynəlxalq səviyyədə Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi, siyasi qiymət verilməyib.

“Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində insanların dinc, birgə yaşayışının tərəfdarıdır. Bu mövqe birmənalıdır”.

Xarici işlər naziri deyib ki, beynəlxalq hüquq cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edir:

“Davamlı sülhün təmini üçün Xocalı soyqırımı kimi cinayətləri törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir. Xocalı soyqırımı bizdən ədalət tələb edir. Azərbaycan dövləti Xocalı soyqırımı və digər cinayətləri törədənlərin beynəlxalq səviyyədə ədalət mühakiməsinə cəlb edilməsi üçün lazımı addımları atacaq. Bu, sülhün tərəfdarı olan hər kəsin mövqeyi olmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə səssiz qalmamalı, kənar müşahidəçi kimi çıxış etməməli, prinsipial mövqe sərgiləməlidir”.

“Biz ötən il də Ermənistan tərəfindən eyni taktikanın şahidi olduq. 1992 və 2020-ci illər arasında paralellər aparsaq, görərik ki, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Tərtər və Bərdə şəhərləri hədəf alınıb, eyni terror taktikasından istifadə olunub, gecə vaxtı qəfil zərbələr endirilib”.

Xarici işlər naziri deyib ki, 1992-ci ildə erməni silahlı  birləşmələri adi odlu silahlardan istifadə edirdisə, 2020-ci ildə kasetli bombalardan, raketlərdən istifadə edib:

“Nəticədə yüzlərlə insan həyatını itirdi, yaralandı. Bu, o deməkdir ki, Ermənistanda hakimiyyətdə olanlar yenə eyni terrorçu düşüncə tərzinə malik olan insanlardır. Bu cəmiyyətdə cəzasızlıq sindromu hökm sürür və bu da onları eyni cinayətlər törətməyə şirnikləndirir”.

C. Bayramov qeyd edib ki, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar regionda yeni imkanlar yaradır:

“Bu, insanların təhlükəsiz şəraitdə yaşamasına şərait yarada bilər. Amma təəssüf ki, biz yenə düşmənçilik ritorikası və hərbi cinayətlərə əl atılmasının şahidi oluruq. 10 noyabr 2020-ci il tarixli bəyanat imzalanandan sonra Ermənistan Azərbaycanın işğaldan azad olunan ərazilərinə terrorçu-diversant qrupu göndərib. Bu qrup ağır cinayətlər törədib və zərərsizləşdirilib. Digər tərəfdən, Ermənistan işğaldan azad edilmiş ərazilər üzrə mina xəritəsini hələ də gizlədir, Azərbaycana təqdim etməkdən imtina edir. Bu kimi hallara dünya dövlətləri sükutla yanaşmamalıdır”.

 

 





26.02.2021    çap et  çap et