525.Az

"Məqsədimiz odur ki, bu qanlı cinayət heç vaxt təkrarlanmasın"


 

"Məqsədimiz odur ki, bu qanlı cinayət heç vaxt təkrarlanmasın"<b style="color:red"></b>

“Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə bu qanlı hadisəyə öz münasibətini bildirib və bu istiqamətdə işlər davam etdiriləcək”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi:

“O vaxt müasir imkanlar da yox idi. Ona görə bir çoxları üçün bu məsələ o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər böyük imkanları da yox idi. Bunun müqabilində erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, bu fikirləri təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik. Son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. Dövlət olaraq, qeyd etdiyim kimi ictimai təşkilatlar olaraq. İctimai təşkilatlar arasında əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya Ədalət” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib. Bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz ondan ibarədir ki, bu qanlı cinayət heç vaxt unudulmasın. Nə Azərbaycanda, nə də dünyada bu, heç vaxt təkrarlanmasın. Heç vaxt Azərbaycan 90-cı illərin əvvəlində olan o aciz duruma düşməsin. Hər zaman Azərbaycan özünü, öz vətəndaşlarını qoruya bilsin”.

“Bu gün Xocalı soyqırımı ilə bağlı hesab edirəm ki, dünyada artıq geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir”.

Dövlət başçısı bildirib ki, bu addımların təkrarı İkinci Qarabağ müharibəsində də müşahidə edilib:

“Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir. Böyük dövlətlər, ilk növbədə, Minsk Qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdi. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır. Gəncə şəhərinə, Tərtər, Bərdə və digər şəhərlərə. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var. Tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq”.

 





26.02.2021    çap et  çap et