525.Az

“Laçın və Zəngilanda da aeroport tikəcəyik” - Prezident


 

“Laçın və Zəngilanda da aeroport tikəcəyik” - <b style="color:red">Prezident </b>

“Füzuli aeroportunun tikintisinə başlanıb”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, ərazinin operativ şəkildə minadan təmizlənməsinə başlanılıb:

“Çünki, ilk növbədə, ərazini minalardan təmizləmək lazım idi. Bu proses başa çatmaq üzrədir. Operativ qaydada aeroportun uçuş-eniş zolağı və naviqasiya sistemi istifadəyə veriləcək. Füzuli aeroportu beynəlxalq aeroport olacaq. Uçuş zolağı ən ağır yük təyyarələri daxil olmaqla, bütün tip təyyarələri qəbul edə biləcək. Aeroportun tikintisinin nə zaman başa çatacağını söyləmək çətindir, çünki ərazinin minalardan təmizlənməsi məsələsi var. Biz aeroportun bu il istifadəyə verilməsini nəzərdə tutmuşuq. Əgər bütün işlər plan üzrə gedərsə, Füzuli aeroportu bu il payızın əvvəlində istifadəyə veriləcək. Bu aeroport həm ərazinin bərpa edilməsi üçün xaricdən gətirilən yüklərin qəbul edilməsinə, həm də Azərbaycan və qonşu ölkələrin vətəndaşların Şuşaya getməsinə imkan yaradacaq. Aeroportla bərabər Şuşaya iki avtomobil yolu inşa olunur. Bu yollardan biri “Zəfər yolu” adlanır. Həmin yolla Azərbaycanın xüsusi təyinatlı birləşmələri meşə və dərələrlə Şuşaya hərəkət edib. Digər yol isə aeroportdan Şuşaya birbaşa əlaqəni təmin edəcək. Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, o cümlədən digər ölkələrin vətəndaşları bu imkandan yararlana biləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, bizim aeroportların tikintisi üzrə planlarımız Füzuli ilə məhdudlaşmır:

“Biz, həmçinin, Laçın və Zəngilanda da aeroport tikəcəyik. Təbii bunlar həmin ərazilərin abadlaşdırılması və bərpası planları çərçivəsində həyata keçiriləcək. Zəngilan biz gözləyirik ki, çox vacib logistika mərkəzə çevriləcək. Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərindən biri Ermənistan ərazisi vasitəsilə Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutur. Bu dəhliz təbii ki, Türkiyənin Rusiya ilə əlaqəsini də yaradacaq. Buna görə bizim planlarımız böyükdür. Bu il ərzində biz onları həyata keçirəcəyik”.

Dövlət başçısı nəzərə çatdırıb ki, xüsusi investisiya proqramı təsdiqlənib:

“Hansı ki, həmin ərazilərin bərpasını nəzərdə tutur. Çox geniş plandır. Biz artıq bağlanmış müqavilələr üzrə ilk ödənişləri də həyata keçirmişik”.

“Biz zəmanət verə bilmərik ki, digər diversiya qrupları ora daxil olmağa cəhd etməyəcək. Biz həmin ərazilərin təhlükəsizliyini təmin edirik, mütəmadi reydlər keçiririk, ərazilərdə monitorinqlər aparırıq. Həm pilotsuz uçuş aparatları həm də digər vasitəsilə bunu edirik”.

Dövlət başçısı bildirib ki, əsas çətinlik ərazilərin minalardan təmizlənməsidir:

“Çünki Ermənistan tərəfi bizə minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu da cinayət hesab oluna bilər. Çünki hərbi əməliyyatlar bitəndən sonra artıq bir neçə hal olub ki, həm hərbçilərimiz, həm də dinc əhali o ərazilərdə həlak olub. Çünki bizə o ərazilərin, mina sahələrinin xəritələri təqdim edilməyib. Biz əlimizdə olan vasitələrlə tam sürətlə minalardan təmizlənməni təbii ki, həyata keçirə bilmirik. Biz Ermənistan tərəfinin qeyri-səmimi davranışlarını görürük. Çünki onlar bir şeyi deyirlər, digər şeyi edirlər. Biz onlara həlak olan hərbçilərinin cəsədlərini vermişik. Ermənistan tərəfinin minlərlə cəsədi sülhməramlılarla birgə işğalda azad olunmuş ərazilərdə tapılıb və Ermənistan tərəfinə verilib. Biz özümüzü mənəviyyat və insaniyyət prinsipləri əsasında aparırıq. Lakin minalanmış ərazilərin xəritələrini verməmək və insanları bilərəkdən bu təhlükəyə atmaq təbii ki, hansısa əməkdaşlığı şübhə altına qoyur. Çünki əməkdaşlıq birtərəfli ola bilməz”.

“Döyüş əməliyyatları dayandırıldıqdan sonra bizdə olan məlumata görə, noyabrın 20-si tarixləri ətrafında Ermənistanın Gümrü şəhəri ərazisindən 60 nəfərdən çox diversiya qrupu göndərilmişdi. Hansı ki, biz hələ də başa düşə bilmirik ki, Laçın dəhlizi ərazisi vasitəsilə Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə necə keçiblər? Bildiyiniz kimi, 10 noyabrdan sonra Rusiya Federasiyasının sülhməramlı missiyası məsuliyyət zonası xəritəsini dərc etmişdi, bölüşmüşdü. O xəritə daim saytdadır, yenilənir”.

Dövlət başçısı bildirib ki, döyüş əməliyyatları bitdikdən sonra biz aşkarladıq ki, erməni silahlı birləşmələri bəzi ərazilərdə qalmaqdadır:

“Bizə əvvəl elə məlumat verdilər ki, onlar sadəcə yollarını azıblar, mühasirədən çıxa bilməyiblər. Müəyyən müddət sülhməramlı missiya ilə birgə Azərbaycan hərbçiləri bunların azmış əsgərlər olduğunu düşünərək, onlara kömək etməyə cəhd göstərdilər, onları geri qaytarılması üzrə işlər apardılar. Amma sonra biz aşkarladıq ki, bunlar diversiya qrupudur və orada həm hərbçilərə, həm də dinc əhaliyə, vətəndaşlara hücumlar edirlər. Nəticədə 4 nəfər bizim hərbçilərimiz arasında şəhid oldu və dinc əhali arasında da 1 nəfər həlak oldu. Bu, mobil operatorun nümayəndəsi idi. Hansı ki, Şuşa şəhərinə gedirdi və mühasirəyə düşdü, bir neçə nəfər yaralandı. Təbii ki, biz əks-terror əməliyyatı keçirdik və nəticədə bir neçə terrorçu məhv edildi, 60-dan çox terrorçu bizim tərəfimizdən tutuldu. Və onları indi hərbi əsir adlandırırlar, biz düşünürük ki, bu, məsələnin təhrifidir. Çünki müharibə bitəndən 20 gün sonra hərbi əsir yarana bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Biz onları bizə qaytarılan əsirlərdən əvvəl hətta qaytarmışdıq. Bu insanlar isə hərbi əsir deyil, bunlar terrorçulardır, diversantlardır. Ermənistan və digər ölkələr tərəfindən istənilən spekulyasiyalar yersizdir”.

“Keçmiş köçkünlərin həmin ərazilərə qayıtması məsələsi də var. Burada bir çətinlik də ondan ibarətdir ki, minalanmış sahələrdən savayı, bütün struktur dağıdılıb, şəhərlər məhv edilib, kəndlər dağıdılıb”.

Dövlət başçısı bildirib ki, qayıtmağa yer yoxdur:

“Mən o ərazilərdə dəfələrlə olmuşam. Dəfələrlə səfər etmişəm. Yüzlərlə kilometr qət etmişəm maşında. Gördüyüm odur ki, bir dənə də bina yoxdur. Ağdamda bir dənə də sağ qalan bina mövcud deyil. Cəmi bir məscid qalıb, o da yarı dağıdılmış halda. Ondan da artilleriya atəşinin tuşlanması üçün istifadə olunurdu. Füzulidə bir dənə də salamat bina qalmayıb. Bayrağı sancmaq üçün bir yer tapmaq olmurdu. Cəbrayılda da eyni mənzərədir, eyni vəziyyətdir. Qubadlıda, Zəngilanda ayrı-ayrı bir neçə ev sağ qalıb. Biz indi minalardan təmizləmə işlərini aparırıq. Paralel olaraq dəymiş ziyanın qiymətləndirilməsini aparırıq. Bütün əlimizdə olan imkanlardan yararlanırıq. Dronlarla çəkiliş aparırıq. Bizə lazımdır ki, beynəlxalq strukturlar vasitəsilə əsaslandırılmış iradlarımızı çatdıraq. Bununla paralel olaraq, həmin şəhərlərin və kəndlərin inkişafının master planlarının tərtibatı üzrə işlər aparılır. Və bizim vətəndaşlarımızın o ərazilərə qayıtması üçün bu, əsas məsələlərdir.

Biz, həmçinin, pilot layihələrinə də start vermişik. Artıq bu layihələrdən biri “ağıllı kənd” layihəsio artıq başlayıb. Biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə maksimum rahat imkanlar və şərait yaradaq. O insanlar ki, illərlə, on illərlə öz evlərindən, ərazilərindən məhrum olublar, onlar layiqdirlər ki, müasir dövrün bütün imkanlarından yararlansınlar və bizdə siyasi iradə də var, maliyyə vəsaitləri də var. Və biz bunu edəcəyik”.

“Biz dayanıqlı sülhə nail olmaq istəyirik” .

Dövlət başçısı bildirib ki, çünki bu, nifrət dolu kitabın səhifəsini çevirə bilmək üçün yeganə yoldur:

“Biz bunu göstərmək üçün noyabrın 10-da imzalanmış bəyanata qayıtmaq istərdim. Hansı ki, müharibəni dayandırdı və Ermənistan tərəfi bizə öz qoşunlarının çıxarılmasının cədvəlini verən kimi biz dərhal əməliyyatları durdurduq. Münaqişənin ilk günündən mən öz müsahibələrimdə dəfələrlə qeyd etmişdim ki, o gün ki, Ermənistan baş naziri özü şəxsən bizə Ermənistan qoşunlarının Füzulidən, Cəbrayıldan və digər rayonlardan çıxarılma tarixini verəcək, biz dayanacağıq. Bunu sülh yolu ilə etmək olarsa, biz istəmirik ki, müharibə davam etsin. 30 il ərzində davam edən münaqişə dövründə bizim istəklərimiz və niyyətlərimiz açıq idi. Çünki biz danışıqlar prosesində idik. Bizim ümidlərimiz var idi. Mən sizə deyim ki, Ermənistan hətta görüntü olaraq belə, danışıqlarda iştirak edirdisə, bizim də ümidimiz qalırdı. Lakin biz Ermənistan hökumətinin bəyanatlarından sonra anladıq ki, onların bizə ərazi qaytarmaq niyyəti yoxdur və onlar keçən ilin iyulunda, sonra sentyabr ayında bir neçə hərbi təxribat həyata keçirdikdə, təbii ki, bizim cavabımız adekvat idi. Digər göstərici isə bizim noyabrın 10-u imzalanmış sənəddə üzərimizə götürdüyümüz öhdəliklərdir. Orada açıq-aydın göstərilib ki, dekabrın 1-nə kimi Laçın və Ağdam rayonları ərazisi işğaldan azad olunacaq və biz dayandıq. Hamı anlayırdı ki, biz davam etsəydik, fəsadlar Ermənistan üçün daha ağır və daha ciddi ola bilərdi. Təbii ki, bizdə də itkilər ola bilərdi. Biz öz məramımızı göstərdik. İndi isə müzakirə etdiyimiz dayanıqlı sülhün və sabitliyin bərqərar olmasıdır. Və buna nail olmağın yeganə yolu əməkdaşlıqdır.

İndi Azərbaycan, Ermənistan və Rusiyada  müzakirə etdiyimiz layihələrdən biri logistika sahəsində əlaqələrin açılmasıdır, nəqliyyat dəhlizlərinin yaradılmasıdır və bütün məhdudiyyətlərin aradan qaldırılmasıdır .

Bu layihə həyata keçirilsə, o zaman Ermənistan təbii ki, bundan yararlanacaq. Onlar sülhün üstünlüklərini görəcək. Digər layihə isə Ermənistanda açıq-aydın anlamanın yaranmasıdır ki, istənilən revanşizm cəhdləri ciddi şəkildə Azərbaycan tərəfindən cəzalandırılacaq. Heç bir şübhə olmasın ki, biz bu məsələdə tərəddüd etməyəcəyik. Biz hər hansısa bir addımı özümüz üçün substantiv təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Digər tərəfdən revanşizm cəhdləri olmasa, 10 noyabr bəyanatına uyğun olaraq Ermənistan hərəkət etsə, öhdəliklərini yerinə yetirsə, təbii ki, addım-addım sülh bərqərar olacaq”.

 





26.02.2021    çap et  çap et