525.Az

“Xocalı soyqırımı törədiləndə dünya susmuşdu”


 

“Xocalı soyqırımı törədiləndə dünya susmuşdu”<b style="color:red"></b>

“Xocalı soyqırımı törədiləndə dünya susmuşdu”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında dünyanın Xocalı soyqırımına biganə yaşamasına münasibət bildirərkən söyləyib.

Dövlət başçısı deyib ki, yəqin ki, bunun səbəblərindən biri o vaxt məlumat qıtlığı olub:

“Müharibə ilə bağlı məlumat birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz bir durumda idi. Çünki bizim o vaxt dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxt Azərbaycan bax, indiki Ermənistanı xatırladır. Bacarıqsız hakimiyyət, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması… Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Bütün eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Bu, bir səbəb idi. Digər səbəb isə odur ki, dünya bunu görmək istəmirdi. Biz onu sonra anladıq. Bu, müəyyən dərəcədə mövcud olan stereotiplərin əleyhinə olan bir mənzərə idi. Çünki Birinci Qarabağ müharibəsi başlayanda demək olar ki, əksər ölkələrdə belə təsəvvür var idi ki, Ermənistan haqlı, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu, ancaq xalqların öz müqəddəratını təyinetmə məsələsi ön plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddəratını həll edib, onların müstəqil Ermənistan dövləti var, nə üçün ikinci erməni dövləti tarixi Azərbaycan torpağında yaradılmalıdır? Heç kim buna cavab verə bilmədi. Ona görə də bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə ədalətsizlik tətbiq olunurdu. Baxın, sovetlər birliyi dağılandan sonra ABŞ Konqresi “Azadlığa dəstək” aktı qəbul etmişdi. Bütün keçmiş müttəfiq respublikalara yardım məqsədi ilə bu qanun qəbul edilmişdi. Azərbaycanı oradan çıxardılar. Kim çıxardı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifədədir. Səbəb nə idi? Azərbaycan Ermənistanı blokadaya, yəni mühasirəyə alıb. Necə mühasirəyə almışıq ki, torpaqlarımız işğal altına düşmüşdü? Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu və bu günə qədər o sanksiya hələ də qüvvədədir. Onun nömrəsi də var, “Azadlığa dəstək” aktına 907-ci düzəliş. Deməli, bizə sanksiya tətbiq edirlər, bu qədər ədalətsizlik ola bilərmi? Bizdə isə sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan haqlıdır, nə etsə də, yenə də onlara haqq qazandırırdılar. Hətta baxın, son 1-2 il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi, nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”.

“Soydaşlarımızın nə vaxt işğaldan azad edilmiş torpaqlarımıza qayıda biləcəyi ilə bağlı bəlkə də mən hər gün özüm-özümə eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkündürsə, qısa müddət ərzində biz buna nail olaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, bunun üçün kompleks tədbirlər görülməlidir:

“Mən bu haqda artıq demişəm. İndi minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “Ağıllı kənd” layihəsi gerçəkləşməyə başlanıb. Zəngilan rayonunun üç kəndi - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada 1000-ə yaxın insan yerləşəcək, lazımı infrastruktur inşa ediləcək, əkin sahələri olacaq və insanlar ora qayıda biləcəklər. Belə pilot layihələr çox ola bilər, biz indi onun üzərində işləyirik”.

Böyük şəhərlərə qayıdışa gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, şəhərlərin baş planları tərtib edilməlidir:

“Məsələn, Ağdam şəhəri. Müharibədən əvvəl Ağdamda haradasa 40 minə yaxın insan yaşayıb. İndi əhali artıq artıb, 50 mindən çox. Biz indi 50 min, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq. Biz bu şəhərin baş planını, infrastrukturunu inşa etməliyik, ondan sonra binalar inşa edilməlidir. O cümədən məktəblər, xəstəxanalar tikilməlidir. Bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm ki, bizim əsas yarışacağımız tərəfmüqabili zamandır. Çünki vəsait də var, bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim ağlımda tarixlər var ki, vaxtından əvvəl insanları həm sevindirməyim, həm də bəzilərini bəlkə də həyəcanlandırmayım. Amma inanın ki, ən qısa müddətdə mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda hazırda bütün azad edilmiş ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı hazırlanır, bu məsələ üzərində də biz fəal çalışırıq”.

 





26.02.2021    çap et  çap et