525.Az

Bolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır


 

Bolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır<b style="color:red"></b>

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstanın informasiya məkanında da işıqlandırılıb.

525.az xəbər verir ki, “Cross” xəbər portalında Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Xocalıda sağ qalmaq: Yada salmaq ağrılı, yaddan çıxarmaq mümkünsüzdür” başlıqlı məqaləsi, “Fokus” xəbər portalında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqrımları tarixi şöbəsinin müdiri Natiq Məmmədzadənin “Xocalı soyqrımı: tarixi ədalət faciənin ədalətli qiymətləndirilməsini tələb edir” başlıqlı məqaləsi, www.bgnesagency.com xəbər portalında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın “Davamlı sülhün ilkin şərti ədalətdir!” başlıqlı məqaləsi çap olunub.

Sözügedən məqalələrdə Xocalı soyqırımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə günahsız insanların bir gündə baş vermiş ən böyük qətliamı adlandırılaraq 28 il bundan öncə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin SSRİ ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücüm etdiyi və dinc sakinlərin qəddarcasına qətlə yetirildiyi barədə məlumat verilmişdir. Məqalələrdə qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində soyuq fevral gecəsində yerlə yeksan olunmuş Xocalı şəhərindən xilas olmağa çalışan günahsız sakinlər 16 kilometr məsafədə yerləşən Azərbaycanın nəzarətindəki ən yaxın yaşayış məntəqəsi olan Ağdam şəhərinə üz tütmüş, lakin onların çox az hissəsi həyatlarını qurtara bilmişdir. Bir çox qadın və uşaq donaraq yolda həlak olmuşdur. 

Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla 613 günahsız və silahsız Azərbaycanlının oldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın 1 valideyni, 25 uşağın isə hər iki valideynini itirdiyi oxucuların diqqətinə çatdırılmışdır. Öldürülənlərdən 56 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyi bildirilmişdir.   

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən amansız qətliamı təsvir edən qanlı hadisələrin şahidləri Xocalıda baş verən hadisələrin hərbi tələbdən irəli gəlmədiyini və məhz azərbaycanlı olduqları üçün silhasız və günahsız mülki şəxslərə qarşı açıq-aşkar soyqırım aktı olduğunu diqqətə çatdırmışlar. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu ölkənin müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda sındırıldığını etiraf etdiyi də məqalələrdə öz əksini tapıb.

Məqalələrdə 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanmış, Xocalıda olduğu kimi, Vətən müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılmış, həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunub.

Məqalələrdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində Xocalıda kütləvi soyqırımının insan haqları və beynəlxalq humanitar hüququn kobud pozuntusu olması barədə dünya ictimaiyyəti arasında məlumatlılığı artırdığı və bir sıra beynəlxalq təşkilatlar tərəfindən pisləndiyi də qeyd olunub.   

 





26.02.2021    çap et  çap et