525.Az

Xocalı faciəsi ADMİU rəssamlarının gözüylə - Yazı


 

Xocalı faciəsi ADMİU rəssamlarının gözüylə - <b style="color:red">Yazı</b>

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"- demişdi Ümummilli liderimiz Heydər Əliyev.

Bəli, tarix boyu başına çox müsibətlər gətirilmiş Azərbaycan xalqının yaxın keçmişində "Xocalı" adlı bir yarası, ağrısı da var. O yara ki, ilin təkcə bir günü deyil, hər dəfə xatırlananda damarlarında azərbaycanlı qanı axan hər kəsin dünyası qaralır, o əzabı, o utancı iliklərinə qədər hiss edir. Yüzlərlə günahsız, əliyalın insanın yalnız türk, azərbaycanlı olduqları üçün şaxtalı qış gecəsində yerindən-yurdundan didərgin düşməsi, başına olmazın əzablar gətirilməsi təkcə bir millətin, bir dövlətin deyil, bütün dünyanın ayıbı idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı 30 ildir bu boyda faciəyə susan, göz yuman dünyanın üzünə endirilmiş tərs sillə idi. Nə yazıq ki, o sillə belə oyatmadı ölüm yuxusuna qərq olmuşları...

Xocalı - tarixin sağalmaz yarası...

Xocalı - unudulmaz ağrı...

Xocalı - itkin həyatlar...

Xocalı - yarımçıq talelər...

***

 

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmağa məcbur olmuşdu. Bu dəhşətli soyqırımda 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

 

Xocalı soyqırımını bu qədər dəhşətli edən əsas səbəblərdən biri də bütün bu qətllərin mənfur erməni qaniçənləri tərəfindən xüsusi amansızlıq və ağlasığmaz vəhşiliklə həyata keçirilməsidir. Gözü dönən düşmən bu xalqın kökünü kəsməyə o qədər qərarlı olub ki, insanların yurdlarından qaçıb getməsi bəs eləməyib, onları məhz zorakılıqla qətlə yetirmək üçün öncədən pusqular hazırlayıblar. Onlarla, yüzlərlə şəhər əhalisi məhz bu pusqularda zorakılığa məruz qalaraq öldürülüb.

***

 

Xocalı soyqırımı 30 ilə yaxındır ki, Azərbaycan və bütün türk incəsənətinin, ədəbiyyatının əsas mövzularından biridir. Tarixi həqiqətlərin dünyaya çatdırılmasının ən əlverişli yollarından biri kimi incəsənət, ədəbiyyat azərbaycanlı sənətkarın haqq səsinin əsas ifadəçisinə çevrildi. Bu mövzuda şeirlər yazıldı, filmlər çəkildi, kitablar çap olundu, rəsm əsərləri sərgi salonlarında nümayiş edildi. Bu, təkcə Azərbaycan sərhədləri daxilində deyil, xarici ölkələrdə də illər boyunca dilə gətirildi, təbliğ edildi, tanıdıldı. Bu sayədə dünya az da olsa, həqiqətlərə gözünü açdı, gerçəkləri öyrəndi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də bütün tarixi hadisələr, önəmli günlər kimi Xocalı soyqırımını da heç zaman diqqətdən kənarda qoymayıb. İstər həmin tarixi günlərin universitet daxilində yad edilməsi, istərsə də müəllim və tələbələrin yaradıcılıqlarındakı əksi baxımından ADMİU təbliğat işində hər zaman fərqlənib.

 

ADMİU-nun Rəssamlıq fakültəsinin müəllim-tələbə kollektivi də bu məşum hadisəyə qarşı heç zaman biganə qalmayıb, öz yaradıcılıqlarında zaman-zaman Xocalı faciəsinə müraciət edib, rənglərin, fırçanın diliylə xalqımızın bu ağrılı səhifəsini dünyanın diqqətinə çatdırıb. Ağ kətan üzərində cilvələnən rənglər təkcə bir faciənin kiçik epizodu deyil, böyük bir xalqın XX əsrin sonlarında dünyanın gözü qarşısında uğradığı haqsızlığın silinməz ifadəsidir.

Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllim və tələbə kollektivi də bu gün 29-cu ildönümü olan tarixi hadisəyə öz töhfələrini veriblər. Həmin kafedranın müəllimlərindən Samir Qafarov, Asim Babayev, Elçin Cabarov, Şəhla Abbasova, Rəvanə Atakişizadə, tələbələrdən Fidan Abidova, Zəminə Qəmbərova, Ayan Xanlarova, Nadir Kərimov, Fidan Həsənova, Pərvanə Qarayusubova, Gülşən Əliyeva, Nigar Qurbanova yaratdıqları sənət əsərləriylə "Xocalı soyqırımı"nın ən dəhşətli gerçəklərini kətan üzərinə həkk ediblər. Bəzilərinin "Yaddaş", "Fəryad", "Çarəsiz" və sair adlandırdıqları əsərlərində faciədən ən böyük ağrıları almış uşaqların qanla çirkləndirilmiş məsum dünyası, günahsız insanların sonsuz iztirabları boylanır. Bu əsərlər təkcə bir rəssamın əl işi deyil, həm də yaxın keçmişdə xalqı böyük ədalətsizliklə üzləşmiş sənətkarın hayqırışları, ədalət axtarışlarıdır. Bu rəsmlərin hər zərrəsində, hər nöqtəsində bir azərbaycanlının ürək çırpıntıları, üsyanı yer alıb. O üsyan ki, əsərə baxan hər kəsin damarında qanını dondurur.

 

Balası gözləri önündə öldürülən ananın naləsi, gözlərini yumsa, heç nə görməsə, sanki qurtulacağını zənn edən körpənin tükürpədici qorxusu, qarın, çovğunun içərisində başıaçıq, ayağıyalın hara getdiyini bilmədən yollara düşən insanların çarəsizliyi, qarın tərtəmiz bəyazına ləkə kimi hopmuş qanın alqırmızısı bu rəsm əsərlərindən dil açıb danışır, "bizi görün", "bizi anlayın", "bizi unutmayın" deyir sanki...

Lakin bu xalq və bu xalqın sənət nümayəndələri nə o məşum günü, nə də o günün günahsız qurbanlarını unutdu. Onları şeirlərinə qəhrəman, əsərlərinə mövzu seçdi, dərdlərinə ağladı, intiqamına and içdi... Və nəhayət, ayağa qalxdı, 2020-ci ilin sentyabrından noyabrına kimi 44 gün davam edən Vətən müharibəsində keçmişin intiqamını, şəhidlərinin qanını aldı. Tarixi zəfərlə təkcə Qarabağı azad etmədi, bir xalqın ölmüş ruhunu dirçəltdi. Sübut etdi ki, Xocalı və onun kimi faciələr unudulmur, unudulmayacaq!

 

Yaxın gələcəkdə o torpaqlarda ADMİU rəssamlarının, sənət nümayəndələrinin əsərlərinin sərgisinin keçirilməsi, bu faciələrin Azərbaycan tarixinin keçmişdəki qanlı səhifəsi olaraq qalması ümidilə...

 

 

 

 

 

 

 

 





26.02.2021    çap et  çap et