525.Az

Cahad - Paşa Qəlbinurun essesi


 

Cahad - <b style="color:red">Paşa Qəlbinurun essesi </b>

Qoz ləpəsi, üstündəki qırışlarıyla insan beyninin yarımkürəsini xatırladır. İki qoz ləpəsi (ceviz içi) insan beyninin kiçik modelidir - yeməli!..

Yadıma vaxtilə, məni heyrətə gətirən bir yazı düşdü: hansısa inkişaf etmiş Qərb ölkəsində tutiya (delikates) sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək (təam) var - "Diri meymun beyni". Canlı meymun xüsusi bir qurğuya fiksə olunur. Başının qapağı kəsilib götürülür. Meymun bağırır və adam qaşıqla diri meymunun beynini yeyir...

Xocalı faciəsi, XX əsrin ən böyük cinayəti! Həmin gün mən özüm öz beynimi yeyirdim. Xocalı qırğınının 11 dəqiqəlik kino-xronikasına baxmamaq üçün 45 dəqiqə mübahisə edən millət vəkilləri, sizə nə deyim?..

Xocalı... Gecənin qaranlığında qaçaqaçda üç aylıq Salatını öz əlləriylə boğan ANA (Uşaq ağlayırmış, uşağın səsini düşmənlər eşitməsin deyə) və dörd saat sonra möcüzəylə yenidən dirilən uşaq. Xəstəxanada Salatının (jurnalist Salatın Əsgərovanın adı ilə adlandırılan - red.) mənə baxan gözləri... Qaçaqaçda yaralı bacısını düşmən əlinə keçməsin deyə, onun öz təkidiylə güllələyən qardaş. Ürəyinə, üz-gözünə süngü sancılmış bir uşaq... Donmuş, ayaqları kəsilmiş 18 yaşında qız. Üzünün dərisi soyulmuş meyit... Gözləri çıxarılmış oğlan... Respublika Xəstəxanasının qadın şöbəsi həkiminin tükürpədən söhbətləri... Ölmüş anasının döşünü əmən uşaq... Ağıla sığmayan vəhşiliyə, işgəncəyə tuş olan körpə, qadın, kişi, qoca meyitləri...

Şahidlərdən biri deyirdi ki, saqqallılar tutulan əsir qızların səsini səsgücləndiricilərlə uzaqlara verirdilər ki, eşidin, çox qeyrət, qeyrət deyirdiniz...

Kimlərsə, qaşıqla diri meymun beyni yeyibsə də, mən o gün öz beynimi yeyirdim...

Qeyrətsiz rəhbərlərimizin xəyanəti, amansız düşmənlərimizin murdarlığı önündə əyilmə, Azərbaycan.

Cahad, fışqırır damarlarımız, Cahad!!!

Heç nəyimiz olmasa da, dilimizi dişləyib əlli milyon ət kimi tüpürək düşmən gözünə!

Dədə Ələsgərin çəkdiyi ah - zəlzələdən güclü ruhum, Şah babam İsmayılın, Babəkimin qeyrətinə sığınan torpağım, Təbrizin (Təbriz Xəlil Rza oğlu Xəlilbəyli - red.) qanı tökülən torpağım, daşım, göylərim, siz də mənə kömək olun!

Yüz min insan bəbəyinə toxunan əllərim, Tanrımın töhfəsi - qanadlarım, siz də mənə kömək olun!

"Daşa varlığınla inansan, daş göyərər", - deyən, atamın ruhu, sən də mənə kömək ol!

Ey gözəgörünməz, darda qalanların arxası, köməksizlərin pənahı, bir zərrəlik hüceyrəyə dünyanı sığışdıran kamil sənətkar, müqəddəs ruh, sən də mənə kömək ol!

Kömək olaq, arxa olaq, çəpər olaq bir-birimizə, Azərbaycan oğulları, qızları!

Cahad, fışqırır Vətən, Cahad!

Müqəddəs müharibəyə, son döyüşə hazır olun, el oğulları, el qızları!

Olum, ya ölüm!

1992

 





26.02.2021    çap et  çap et