525.Az

"Minalanmış ərazilərin xəritəsinin verilməməsi hərbi cinayətdir"


 

"Minalanmış ərazilərin xəritəsinin verilməməsi hərbi cinayətdir" <b style="color:red"></b>

Ermənistan ötən 30 il ərzində saysız-hesabsız müharibə cinayətləri törədib. Bu cinayətlər nəticəsində çox sayda dinc insanlarımız zərər çəkib, həyatlarını itirib. Amma münaqişə bitdikdən sonra da insanlarımız Ermənistanın bu cinayət əməllərinin qurbanı olmaqdadır.

Qarşı tərəf məqsədli şəkildə işğalda saxladığı bütün əraziləri, hətta hərbi təyinatı olmayan əraziləri belə minalayıb. Nəticədə bu minalar həm hərbçilərimiz, həm də mülki insanlarımız üçün  təhlükə olaraq qalmaqdadır. Ərazilərimiz işğaldan azad  edildikdən sonra minaların qurbanına çevrilmiş həm mülki vətəndaşlarımız, həm də hərbçilərimiz oldu. Əlbəttə ki, postmüharibə dövründə qarşı tərəf minalanmış sahələrlə bağlı xəritələri Azərbaycana təhvil verməli idi. Lakin bu, baş vermədi. Ermənistan tərəfi belə bir niyyətini nümayiş etdirməyib. Bununla da normal qonşuluq münasibətlərinə, sülh içində yaşamağa hazır olmadığını göstərib.

Vəziyyəti şərh edən ekspertlər də hesab edirlər ki, xəritələr mütləq verilməlidir.

Politoloq Qabil Hüseynliyə görə, əslində, beynəlxalq ictimaiyyət məğlubiyyətdən sonra Ermənistanın hansısa humanist jest edəcəyini gözləmirdi. Çünki bu illər ərzində erməni tərəfi çoxlu sayda mülki şəxsin həlak olmasına çalışıb. Buna dair atəşkəs dövründə dinc əhalinin öldürülməsindən tutmuş, 44 günlük Vətən savaşında Gəncə, Bərdə və digər şəhərlərin məqsədli şəkildə bombalanmasına qədər yüzlərlə nümunə göstərmək olar.

Onun fikrincə, İrəvan Azərbaycanın işğaldan azad etdiyi ərazilərə yerli sakinlərin qayıdışını maksimum uzatmaqda maraqlıdır. Burada bir əngəl ərazinin tamamilə dağıdılmasıdırsa, digər mühüm əngəl minalı sahələrin həddən artıq çoxluğudur ki, bu cür işlər xeyli vaxt aparır.

"Beynəlxalq təcrübə də onu göstərir ki, münaqişələr zamanı tank və ya piyada əleyhinə minalar basdırılarkən mütləq onun xəritəsi hazırlanır. Bu, adi dəmir parçası deyil ki, erməni onu hara gəldi basdırıb, getsin. Hətta mənə elə gəlir ki, qarşı tərəf minaların əksərini elə son dövrlərdə basdırdı. Çünki 25 il əvvəl torpağa yerləşdirilən Sovet minalarının çoxunun artıq müəyyən təbiət hadisələrindən salamat qalması inandırıcı görünmürdü. Onlar nəinki ötən ilki döyüşlər zamanı, sonrakı mərhələdə belə əraziləri tərk edərkən bu cür hərbi cinayətlərə əl ata bilərdilər".

Q.Hüseynli onu da vurğulayıb ki, bu gizli təhlükələr hələ uzun müddət, bir neçə il bizimlə birlikdə olacaq: "Ərazilərin tam təmizlənməsi prosesi bir neçə il çəkə bilər. Minalı torpaqların çoxluğu təbii ki, geriyə dönüş, torpaqlardan səmərəli istifadə, kənd və qəsəbələrin abadlaşdırılması kimi məsələlərin effektiv şəkildə qurulmasını ləngidir".

Politoloq Şəbnəm Həsənova isə hesab edir ki, düşmən minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə yenə də hərbi cinayət törədir: "Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin apardığı tədqiqata görə 350 milyon kv. metrdən 830 milyon kv. metrə qədər ərazidə 50 mindən 100 minədək minaların yerləşdirildiyi hesablanıb. Məlumata görə, minalar müharibə təsirinə məruz qalan atəşkəs xətti boyunca sərhədyanı bölgələrdə və Ermənistanla sərhəd rayonlarda yerləşdirilib. Məlum məsələdir ki, ərazilərə minalar yerləşdirilərkən təlimə uyğun olaraq xəritələr tərtib olunur, bir nüsxəsi də həmin dövlətin Silahlı Qüvvələrinin Baş Qərargahında olur. Ermənistanın bu reallığı inkar etməsi absurd məsələdir. Ermənistan xəritələri Rusiya sülhməramlılarına da verə bilər. Lakin yenə də qeyri-konstruktiv siyasət yürüdərək rəsmi İrəvan xəritənin mövcud olmadığını iddia edir, beləliklə də, sanki məğlubiyyətin acığını çıxır. Bərpa-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir və bu istiqamətdə ilkin iş ərazilərin minalardan təmizlənməsidirsə, xəritə olmadan təmizlənmə işinin aparılması çətinlik yaradır, hərbi və mülki şəxslər arasında itkiyə səbəb olur. Ermənistanın niyyəti bərpa quruculuq işlərinə mane olmaq, insanlarımızın öz dədə-baba yurdlarına dönmə işini ləngitməkdir. İlk iş minalardan təmizlənmə prosesidirsə, bunu Azərbaycana vermək də əsas məsələ olmalıdır. Kapitulyasiyadan üç aydan artıq zaman keçib, bu müddət ərzində biz eşitməmişik ki, Ermənistanın hər hansı bir hərbçisi və ya vətəndaşı minaya düşərək həlak olub, deməli, minaların koordinatları onlarda mövcuddur. Bu xəritələrin üzə çıxmaması üçün isə Ermənistan min oyun oynayır".

Ekspert deyib ki, bu, təkcə Azərbaycan hərbçilərinin və mülki vətəndaşlarının deyil, eyni zamanda, Türkiyə və Rusiya sülhməramlılarının da həyatına təhdiddir, o zaman minaların xəritəsini tələb edən tərəf təkcə Azərbaycan deyil, beynəlxalq ictimaiyyət də olmalıdır: "Xəritələrin verilməsi ərazilərin daha asan və tez bir zamanda təmizlənməsi üçün vacibdir. Bu, uzun müddətli qüvvə və vəsait tələb edən prosesdir".

PƏRVANƏ

 





26.02.2021    çap et  çap et